Məhkəmə qərarları › İş №2(103)-5768/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5768/2025

03.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5768/2025 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 03 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə tutulmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən iddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyindən təqsirsiz hesab edilərək, ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş və barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək, dərhal məhkəmə iclas zalından azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü, həmin qərar isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 35.500 manat maddi zərər və 50.000 manat mənəvi zərərə görə kompensasiya şəklində 85.500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya tam həcmdə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04 oktyabr 2022-ci il tarixdən 13 fevral 2024-cü ilədək cəmiyyətdən kənar, azadlığı məhdudlaşdırılaraq 3 saylı İstintaq Təcridxanasında saxlanılmışdır. Bu müddət isə 1 il 4 ay 13 günü əhatə edir. Həmin müddət ərzində cəmiyyətlə əlaqəsi kəsilmiş, gündəlik qazandığı gəlirlərdən tam məhrum olmuşdur. Azadlıqdan məhrum edilməmişdən öncə özünə məxsus olan avtomobillə “Bolt” taksi xidmətində çalışaraq təxminən gündəlik 50-70 manat məbləğində qazanc əldə edirdi. Bu isə bir ay ərzində ən azı 1500 manat qazanc mənasına gəlir. Azadlıqdan məhrum edildikdən sonra isə təbii ki, gəlir əldə etməyi mümkünsüz oldu. Buna görə də 16-17 aylıq bir müddətdə qazanc əldə etməyi mümkünsüz oldu. 17 aylıq bir müddətdə aylıq 2100 manat qazancdan məhrum edilməyi isə 35700 manat məbləğində müəyyən olunur. Odur ki, Azərbaycan Respublikası adından təqsirsiz hesab edilən bir şəxs kimi hesab edir ki, həmin müddət ərzində qazanc əldə edə bilmədiyi 35700 manat pul vəsaiti ona ödənilməlidir. Məhz yuxarıda adlarını sadaladığı şəxslərin etdiyi qanunsuzluqlar nəticəsində iddiaçı və ailəsi həm dərin mənəvi, həm də maddi sarsıntı keçirmişdir. Övladları, nəvələri mövcuddur. İddiaçı kimi zəhmətkeş, günlük ailəsinə qazanc gətirən bir şəxs olaraq ağır cinayət sayılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilək həbs edilməyi onun ləyaqətini alçaltmış, həbsdə olduğuna görə ailəsi isə mənəvi baxımdan məhv olmuşdur. İddiaçı bir ailə başçısı olaraq belə bir ağır cinayətdə təqsirləndirilərək 17 aylıq bir müddətdə həbsdə saxlanılmışdır. Buna görə onu tanıyan şəxslər, o cümlədən dostları, yaxınları ondan uzaqlaşdılar. Həmin müddət ərzində həm maddi zərər, həm də mənəvi zərərə məruz qaldı. Həbsdə olduğu müddətdə və sonradan müalicələrlə əlaqədar tez-tez həkim müayinəsindən keçdi, dərmanlar aldı. Eyni zamanda, iddiaçıya hüquqi yardım göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, məhkəmə iclasları zamanı çəkilmiş məhkəmə xərcləri, qanunsuz olaraq həbsdə saxlanıldığı müddət ərzində çəkilmiş digər xərclər ailəni maddi cəhətdən də sarsılmışdır. Belə ki, İbtidai istintaq və məhkəmə istintaqı dövründə ailəmizin maddi vəziyyəti ağır olmuş və ona görə də mərhum hüquqi müdafiəsini təşkil etmək üçün də borc almışdır. Borc alınmış maliyyə vəsaiti hesabına ona hüquqi yardım göstərilməsi üçün vəkillə müqavilə bağlamışdır.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-2710/2025 saylı, 16 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına iddiaçının xeyrinə 32.300 manat məbləğində maddi ziyan və 16.500 manat məbləğində mənəvi zərər olmaqla, ümumilikdə 48.800 manat məbləğində pulun ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı həqiqətən də barəsində cinayət işi başlanmamışdan öncə taksi fəaliyyəti ilə məşğul olmuş, barəsində qanunsuz aparılan cinayət işi üzrə əldə etdiyi aylıq gəlirlərindən məhrum olmuşdur. İş materiallarına əlavə edilən sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçının taksi fəaliyyəti ilə əlaqədar əldə etdiyi orta aylıq gəliri təxminən 1900 manat (2024-cü il üzrə əldə etdiyi aylıq gəlirlər üzrə-ümumi gəlirlər 6 aya bölünməklə) həcmində olmuşdur. Göründüyü kimi iddiaçı, qanunsuz və əsassız olaraq həbsdə saxlanılması nəticəsində isə 17 ay ərzində aylıq gəlirindən məhrum olmuşdur. Məhkəmə bu halda hesab etmişdir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 32.300 (1.900 manat x 17 ay = 32.300) manat məbləğində pul tutulmalıdır. 17 aya yaxın müddət ərzində iddiaçı qanunsuz cinayət məsuliyyətinə cəlb edilməklə, tutulmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilməklə əsassız məhrumiyyətlərə məruz qalmışdır. Mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. İddiaçıya dəymiş mənəvi zərərə görə tələb olunan məbləğdə deyil, 16.500 (on altı min beş yüz) manat həcmində kompensasiya ödənilməsini məhkəmə ağlabatan və ədalətli hesab etmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097,1100, 1101-ci, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

8. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddiaçıya dəymiş maddi ziyanın əvəzi olaraq 32.300 manat məbləğində pul vəsaitinin ödənilməsi ağlabatan və ədalətli deyildir. İddia olunan zərərlə zənn edilən pozuntu arasında aydın səbəb-nəticə əlaqəsinin olması zəruri şərt olmasına baxmayaraq tərəfimizdən mübahisələndirilən qətnamədə iddiaçının izahatına istinad edilərək səthi şəkildə araşdırma aparılmışdır. Məhkəmənin zərərə görə kompensasiya verməsinin məqsədi pozuntu nəticəsində baş vermiş faktiki zərərin əvəzinin iddiaçıya ödənilməsidir. Məhkəmə təcrübəsində adətən maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənir. Məhkəmə iddiaçının aylıq gəlirinin 1900 manat olması qənaətinə gələrkən yalnız ehtimallara əsaslanmışdır. İddiaçı barəsində cinayət işi başlandıqdan sonra taksi fəaliyyətini dayandırmasını və bununla bağlı ona maddi ziyana məruz qalmasını qeyd etsə də, bununla bağlı məhkəməyə əsaslı sübutlar təqdim edilməmiş, habelə məhkəmə tərəfindən şəxsin barəsində cinayət təqibi aparıldığı müddətdə (04.1 0 .2 0 2 2 - c i ildən xx.xx.2024-cü ilədək) şəxsə dəymiş ziyanın müəyyən edilməsi üçün vergi orqanlarına sorğu göndərilməməsi və şəxsin gəlir vergi bəyənnaməsi üzrə xalis mənfəəti müəyyən edilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən irəli sürülmüş tələbin sübutetmə vəzifəsini məhkəmə öz üzərinə götürərək aylıq qazancının hesablanılmasını zəruri hesab etmiş və iddiaçı cinayət məsuliyyətinə cəlb edilməsəydi qeyd edilən məbləğdə gəlir əldə edə biləcəyi qeyri-müəyyən olmasına baxmayaraq məhkəmə dəymiş zərərin müəyyən edilməsində subyektiv ünsürləri müəyyən edilməsində subyektiv ünsürləri rəhbər tutaraq qərar qəbul etmişdir. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği yüz altmış beş manatdır. İddiaçı tərəfindən ona dəymiş mənəvi ziyanla bağlı konkret sübutlar təqdim edilməmişdir. Bu baxımdan mənəvi ziyanın miqdarı ilə bağlı birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir k i , mənəvi zərərə görə kompensasiya müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını xahiş etdi.

11. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, nümayəndələri heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin:

56.0, 56.0.5-ci maddələrinə əsasən qanunsuz həbs olunmuş və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilmiş, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılmış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; 58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir 58.3-cü maddəsinə əsasən bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri müdafiəçiyə ödənilmiş pul məbləği və hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cəriməyə görə kompensasiya verilir.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

14. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı:

“mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.

15. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı:

“mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxudqadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır”.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın təmin edilmiş hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

19. Belə ki, azadlıq hüququ təbiətən insana xas olan xüsusiyyət olmaqla hər kəsin istifadə etməli olduğu başlıca nemətlərdən biridir. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, insanın bir sıra digər hüquqları deklarativ xarakter daşıyır. Bu mühüm hüquq «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 3-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsində, 1966-cı ildə BMT tərəfindən qəbul edilmiş «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 9-cu maddəsində, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində geniş təsbit olunmuşdur.

20. Zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi institutu isə Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

21. «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4-cü maddəsinə müvafiq olaraq qanunda nəzərdə tutulanlara zidd olaraq tutulmuş və ya həbs olunmuş hər bir şəxsin iddia ilə təmin olunan kompensasiya almaq hüququ vardır...

22. Zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi bir sıra beynəlxalq hüquqi sənədlərdə də ifadəsini tapmışdır. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8ci maddəsinə əsasən hər bir şəxs onun konstitusiya və ya qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir.

23. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsi müəyyən edir ki, bu maddənin müddəalarının pozulması ilə tutulmadan və həbsə almadan zərər çəkmiş hər kəsin iddia tələbi ilə təmin olunan kompensasiya hüququ var.

24. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsində deyilir: «Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir».

25. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 7 saylı Protokolunun 3-cü maddəsinə əsasən, şəxs cinayət əməli törətməyə görə yekun qərarla məhkum edildikdə və sonradan onun haqqında çıxarılmış hökm ləğv edildikdə, yaxud o, yeni və ya təzədən ortaya çıxmış faktın qəti olaraq məhkəmə səhvi olduğunu göstərməsi əsasında əfv edilibsə, belə məhkum etmə nəticəsində cəzaya məruz qalmış şəxs, əvvəllər məlum olmayan faktın vaxtında açılmaması onun tam və ya qismən günahı üzündən baş verməyibsə, qanuna və ya müvafiq dövlətin mövcud təcrübəsinə uyğun olaraq kompensasiya alır.

26. Həmin müddəa «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 14-cü maddəsində də ifadəsini tapmışdır: «əgər hansısa şəxs cinayətə görə məhkəmənin qəti qərarı ilə məhkum olunmuşsa və haqqında çıxarılmış hökm məhkəmə səhvi buraxıldığını şəksiz təsdiq edən yeni, yaxud yeni aşkar edilmiş bir cəhətə əsasən sonradan ləğv edilmiş, yaxud o, əfv olunmuşsa, onda göstərilən naməlum cəhətin tamamilə, yaxud qismən onun təqsirindən üzə çıxarılmadığı sübut edilməzsə, belə ittiham əsasında cəza çəkmiş şəxs qanuna əsasən kompensasiya alır».

27. İddiaçı 04 oktyabr 2022-ci il tarixdən 13 fevral 2024-cü il tarixədək qanunsuz həbsdə qalmaqla təhqiqat orqanının səhvi ucbatından əsassız və qanunsuz olaraq cinayət təqibinə məruz qalmışdır və onun bununla əlaqədar olaraq mənəvi zərərə məruz qalması mübahisəsizdir.

28. Apellyator iddiaçının maddi zərərə məruz qalması ilə bağlı sübutlar olmadığı halda iddianın həmin hissədə qismən təmin olunmasını əsassız olduğunu irəli sürmüşdür. Apellyasiya baxışı zamanı “Bolt” taksi xidmətinə sorğu verilmiş, sorğu əsasında təqdim edilmiş aylıq hesabat cədvəlindən də müəyyən olunur ki, iddiaçı xx.xx.2022-ci ilədək 1000-1900 manat civarında taksi fəaliyyətindən gəlir əldə etmişdir. Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin xx.xx.2026-cı il tarixli, 3-21-2-4/2-17586/2026 nömrəl sorğuya cavab məktubundan görünür ki, xx.xx.2026-cı il tarixə olan vergi ödəyicilərinin vahid dövlət reyestri məlumatlarına əsasən İddiaçı (VÖEN: **********) xx.xx.2020-ci il tarixdə vergi uçotuna alınması barədə məlumat müəyyən edilmişdir. İddiaçı tərəfindən müvafiq bəyannamələr təqdim edilmədiyindən xalis gəlirlərini müəyyən etmək mümkün olmamışdır.

29. Beləliklə, iddiaçının həqiqətən də barəsində cinayət işi başlanmamışdan öncə taksi fəaliyyəti ilə məşğul olduğu, barəsində qanunsuz aparılan cinayət işi üzrə əldə etdiyi aylıq gəlirlərindən məhrum olduğu sübuta yetirilmişdir. Sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçının taksi fəaliyyəti ilə əlaqədar əldə etdiyi orta aylıq gəliri təxminən 1900 manat (2024-cü il üzrə əldə etdiyi aylıq gəlirlər üzrə-ümumi gəlirlər 6 aya bölünməklə) həcmində olmuşdur. Göründüyü kimi iddiaçı, qanunsuz və əsassız olaraq həbsdə saxlanılması nəticəsində isə 17 ay ərzində aylıq gəlirindən məhrum olmuşdur. Məhkəmə bu halda haqlı olaraq hesab etmişdir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 32.300 (1.900 manat x 17 ay = 32.300) manat məbləğində pul tutulmalıdır.

30. Mənəvi zərərin məbləğinə münasibətdə Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: «Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozülmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edidlir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.

31. Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

32. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət müşakiməsinin əsas prinsipləri haqqında» Bəyamnaməyə istinad etmişdir: «Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.

34. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddiaçının maddi və mənəvi zərərə məruz qalması və bu zərərin əvəzinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olması barədə düzgün nəticəyə gəlmişdir.

35. Mənəvi zərərin əvəzi kimi müəyyən edilən kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə kollegiyası qət olunmuş kompensasiya məbləğini iddiaçının məruz qaldığı məhrumiyyətlərə adekvat hesab edir.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:

Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 16 iyul 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar