Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5771/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “borcun qaytarılması” tələbi) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı iştirakı ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-1371/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı «borc» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 450 manat pulun və 30,40 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tanışı Cavabdeh ailəsində mövcud olan problemlərlə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdə iddiaçıdan 600 manat məbləğində borca pul götürərək, xx.xx.2021-ci il tarixədək geri qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. 600 manat borcdan cəmi 150 manat geri qaytarmışdır. Borcu təsdiq edən və Cavabdeh öz əli ilə yazılmış kağız mövcuddur.
3. Səbail Rayon Məhkəməsinin 2(009)-1371/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia təmin edilməmişdir.
Apellyasiya şikayəti və onun dəlilləri:
4. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh məhkəmə iclaslarında bir dəfə də olsun iştirak etməmişdir. Cavabdeh verdiyi borcun 450 (dörd yüz əli) manatı bu günə kimi geri qaytarılmamışdır. Bu barədə məhkəməyə Cavabdeh tərəfindən əl ilə yazılmış və imzalanan öhdəlik təqdim etmişdir. Qanunvericiliyinin tələbinə görə sadə əqdlər borcu alan tərəfindən öhdəliyə götürülərək imzalanır, belə də olmuşdur. Həmin sənəd məhkəməyə təqdim edilmişdir. İki dəfə məhkəmə iclasında iştirak edərək iddianı tam və bütovlüklə müdafiə edərək Cavabdeh əl yazmasını, öhdəliyini ekspertizaya göndərilməsini xahiş etsə də xahişi təmin edilməmişdir. Bu barədə məhkəmə sənədlərində şikayəti də movcuddur. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat verərək bildirdi ki, cavabdeh məhkəmə iclaslarına gəlməməklə faktiki olaraq öz öhdəliyindən yayınmaq istəyir, rayon məhkəməsində hakimin köməkçiləri mobil telefon vasitəsi ilə cavabdehlə əlaqə saxlamış, onu məhkəməyə dəvət etmiş, lakin bunlar qətnamədə əks olunmamışdır. Cavabdehin öz əl yazması ilə tərtib edilmiş sənəddən görünür ki, götürmüş olduğu 600 manat vəsaitdən ödənilməmiş 450 manat vəsait qalmışdır. Birinci instansiya məhkəməsi isə işin hallarına düzgün qiymət verməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
6. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gələməməsinin səbəbləri barədə məlumat verilməmişdir.
7. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
8. xx.xx.2021-ci il tarixli Məmmədov X3 adından yazılmış və onun tərəfindən imzalanmış sadə yazılı qəbzdə qeyd edilir ki, Məmmədov X6 2021-ci ilin avqust ayında İddiaçı 1 həftəlik aldığı 600 manat borcu bugünə kimi qaytara bilməmişdir. Dəfələrlə söz verməyinə baxmayaraq Babayevi aldatmışdır. Axırıncı dəfə söz verir ki, borcdan qalan 450 manatı xx.xx.2021-ci ildə qaytaracaq. Tətbiq edilən maddi hüquq normaları:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tətbiq edilən prosessual hüquq normaları:
10. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
11. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
12. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmaqla qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.
13. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə nəticəyə gələrkən hesab etmişdir ki, iddiaçı tələb onun əsaslarına dair heç bir mötəbər sübut təqdim edilmədiyindən iddia təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehlə onun arasında borc münasibətləri yarandığını göstərsə də, bunu təsdiq edə biləcək sübutu təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim olunan və cavabdehin adından yazılmış kağıza münasibətdə məhkəmə qeyd etmişdir ki, kağızda qeyd olunanların həqiqətən də cavabdehin özü tərəfindən yazıldığı sübut olunmur. Qanunvericiliyin tələbinə görə yazılı əqdlər sadə və ya notarial qaydada bağlanmalı və əqdin tərəfləri tərəfindən imzalanmalıdır. İddiaçı tərəfindən təqdim olunmuş həmin kağız notarial qaydada təsdiqlənməmiş, habelə əqdin digər tərəfi qismində iddiaçının özü tərəfindən imzalanmamışdır. Belə ki, həmin kağız parçası ümumiyyətlə özündə əqdin əlamətlərini əks etdirmir. Bu səbəbdən iddiaçı tərəfindən təqdim olunan bu sübut məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul oluna bilməz.
14. Kollegiya xüsusi olaraq vurğulayır ki, hər hansı mülki mübahisənin düzgün həlli, hər şeydən əvvəl iddia tələbinin qanuni əsasının tapılmasından asılıdır.
15. İddiaçının hazırkı iddia ərizəsi və izahatlarından məlum olur ki, onu hazırkı tələbinin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir. Həmin maddədə təsbit edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
16. Prosessual qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 77.1-ci mddəsi).
17. MPM-nin 76-cı maddəsində sübutların anlayışı verilmişdir. Qanunda təsbit olunmuşdur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur(maddə76.1.).Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir(maddə 76.2.).Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir(maddə 76.3.).
18. İddiaçı hazırkı tələbinin əsasına dair öz izahatından başqa birinci instansiya məhkəməsinə sübut kimi qeydlər yazılan vərəq-qəbz təqdim etmişdir.
19. Həmin yazılı vərəqin iddiaçının tələbində istinad etdiyi halın mövcudluğunu təsdiq edə biləcək sübut kimi qəbul olunmasının mümkünlüyü barədə Məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruru hesab edir.
20. Prosessual qanunda yazılı sübuta dair tələblər nəzərdə tutulmuşdur(maddə 89.1.), həmin normaya əsasən yazılı sübut-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır; yazılı sübutun əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir(maddə 89.2.).
21. İddiaçının sübut kimi təqdim etdiyi həmin qeydlər vərəqi prosessual qanunvericiliyin istinad olunan normalarının tələblərinə cavab verir.
22. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli Məmmədov X3 adından yazılmış kağızda qeyd edilir ki, Məmmədov X6 2021-ci ilin avqust ayında İddiaçı 1 həftəlik aldığı 600 manat borcu bugünə kimi qaytara bilməmişdir. Dəfələrlə söz verməyinə baxmayaraq Babayevi aldatmışdır. Axırıncı dəfə söz verir ki, borcdan qalan 450 manatı xx.xx.2021-ci ildə qaytaracaq.
23. Göründüyü kimi, iddiaçının sübut kimi təqdim etdiyi yazılı sənəddə - sənədin tarixi göstərilməklə həmin sənədi tərtib etmiş şəxs tərəfindən imzalanmış, eləcə də həmin sənədə hər hansı düzəliş və qaralamalar edilməmiş və həmin qeydlər səliqəli və aydın olmuşdur.
24. Məhkəmə kollegiyasının bir daha diqqətə çatdırır ki, mübahisənin obyektiv və düzgün həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
25. Demək ki, iddiaçının sübut kimi təqdim etdiyi yazılı sənəd yazılı sübuta dair tələblərə cavab verdiyindən, o, sübut kimi qəbul olunmalıdır.
26. Məhkəmə kollegiyası “kağızda qeyd olunanların həqiqətən də cavabdehin özü tərəfindən yazıldığı sübut olunmaması” barədə rayon məhkəməsinin mövqeyini də əsassız hesab edir.
27. Belə ki, cavabdeh tərəf birincin instansiya məhkəməsi, eləcə də apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə iclasları barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməyərək, məhkəmə iclaslarından yayınmaqla iddiaçının istinad etdiyi yazılı sənəddə qeyd edilənlərin təkzib etmək imkanından istifadə etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə bu onun vəzifəsi olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin prosessual qanunvericiliklə üzərinə düşüən vəzifəni yerinə yetirməməsi (etməli olduğunu etməməsi), sübutetməyə dair məsələdə heç bir halda iddiaçının əlavə “yüklənməsi” üçün əsas ola bilməz.
28. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, tərəflər arasında olan borcun məbləği üç min manatdan aşağı olduğundan Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən “borc müqaviləsinin yazılı formada bağlanılmasına” əsas olmamışdır.
29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəf iddiaçıdan 600 manat vəsait borca pul götürməklə, bu barədə yazılı sənəd tərtib edərək imzalamış, lakin üzərinə götürdüyü öhdəliyi icra etməmiş, götürülmüş vəsaiti tam olaraq ödəməkdən yayınmışdır. Hazırda cavabdehin 450 manat məbləğində borcu qalmışdır.
30. Belə olan halda məhkəmə kollegiyası hesab edi ki, iddiaçı həmin vəsaiti cavabdehdən tələb etməkdə haqlı olmuş və onun bu tələbi təmin olunmalıdır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Mübahisəyə baxmış rayon məhkəməsi isə işin qeyd olunan hallarını tam və hərtərəfli araşdırmamış, istinad etdiyi sübutların (qəbzlərin) MPM-də yazılı sübutlarla bağı tələblərə cavab verməməsi kimi mühüm hala düzgün qiymət verməmiş və müvafiq olaraq da iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
35. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
36. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara və faktiki hallara düzgün hüquqi qiymət verməyərək nəticədə iş üzrə düzgün olmayan qənaətə gəldiyindən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Nəticə:
37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməklə, cavabdehdən 450 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
39. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
41. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cavabdehdən tutulmalı məbləğ 450 manat olduğundan, bununla da mübahisələndirilən hissədə məbləğ 450 manat təşkil etdiyindən MPM-in 402.1-ci maddəsinə əsasən, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
42. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Səbail Rayon Məhkəməsinin 2(009)-1371/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilsin. Cavabdeh 450 (dörd yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi dövlət rüsumu (30+15=45) 45 (qırx beş) manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Hazıkı qətnamədən kasassiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır.