Məhkəmə qərarları › İş №2(103)-5773/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5773/2020

24.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5773/2020 24.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, cavabdeh “xxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi və vəkili x1 iştirakları ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxx” MMC-yə və digərlərinə qarşı «qeyri-yaşayış sahəsinin verilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi və s." tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından cavabdeh “xxxxxxxxxxxxxxxxx” MMC-nin vəkili və nümayəndəsi x2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxx” MMC-yə və digərlərinə qarşı «qeyri-yaşayış sahəsinin verilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı eyni zamanda iddianın təmini tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov 10 ünvanında yerləşməklə mülkiyyətində və sahibliyində olmuş qeyri-yaşayış sahəsinə dair sənədləşmə işlərinin aparılması, özgəninkiləşdirilməsi və mübahisəli əmlak barədə hər hansı hərəkətlərin edilməsinin cavabdehlərə və başqa şəxslərə qadağan edilməsi, “xxxxxxxxxxxxxxxxx” MMC şirkətinin bank hesabına və valyuta ilə hesablaşma hesabına həbs qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim N.Tağıyeva, iş N 2(006)-2773/20) ərizə qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2017-ci il tarixli, 317 saylı “Yaşayış sahəsi və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar bağlanmış müqavilə əsasında Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov 10 ünvanında iddiaçının mülkiyyətində və sahibliyində olmuş Mir Qasımov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində “xxxxxxxxxxxxxxxxx” MMC şirkəti tərəfindən inşa edilmiş daşınmaz əmlakın qeyri-yaşayış sahəsinə dair sənədləşmə işlərinin aparılması, özgəninkiləşdirilməsi və mübahisəli əmlak barədə hər hansı hərəkətlərin edilməsi cavabdehlərə və başqa şəxslərə qadağan edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. Cavabdeh “xxxxxxxxxxxxxxxxx” MMC həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı sözügedən zirzəmidə qeyri-yaşayış sahəsi Mirqasımov küçəsi ilə Azadlıq Prospektinin kəsişməsində yerləşməmişdir, onun əvvəllər mövcud olmuş zirzəmisi həmin kəsişmədən təqribən 100 metr aralıda yerləşir, bu kəsişmədə olan mülkiyyətçilərin əmlakının İddiaçı zirzəmisinin əvvəlki yerinə heç bir aidiyyəti yoxdur. x3 küçəsi tərəfindəki dalanda yerləşmişdir. Bu ərazidə yerləşən bütün qeyri-yaşayış sahələrinin ünvanı sənədlərdə ümumi olaraq ünvan 2 kimi qeyd olunur. İddiaçı əvvəllər mövcud olmuş zirzəmisinin ərazisində bina inşa olunmamışdır. Həmin ərazidə hazırda avtomobillər və piyadalar üçün hərəkət yolu (yaşayış sahəsinə giriş yolu) vardır. Bu sahənin özgəninkiləşdirilməsi heç bir halda mümkün deyildir. Yola dair iddianın təmini tədbirinin görülməsi anlaşılan deyil. Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxxxxxxxxxxxxxxx” MMCnin nümayəndəsi və vəkili x2 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv olunmalı və iddianın təmini tədbirinin tətbiqinə dair ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi «qeyri-yaşayış sahəsinin verilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi və s." barədə olmaqla özündə aşağıdakıları əhatə edir: -Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov 10 ünvanında yerləşməklə mülkiyyətində və sahibliyində olmuş 43 kvm qeyri-yaşayış sahəsinin əvəzi kimi 20% əlavə olunmaqla pilot layihənin tələblərinə uyğun qeyri-yaşayış sahəsinin verilməsi; -vurulmuş maddi, mənəvi ziyana və əldən çıxmış faydaya görə cəmi 475 000 manat pulun cavabdehlərdən tutulması; -təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması. İddiaçı iş üzrə çıxarılacaq qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov 10 ünvanında yerləşməklə mülkiyyətində və sahibliyində olmuş qeyri-yaşayış sahəsinə dair sənədləşmə işlərinin aparılması, özgəninkiləşdirilməsi və mübahisəli əmlak barədə hər hansı hərəkətlərin edilməsinin cavabdehlərə və başqa şəxslərə qadağan edilməsini, “xxxxxxxxxxxxxxxxx” MMC şirkətinin bank hesabına və valyuta ilə hesablaşma hesabına həbs qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizəni qismən təmin edərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov 10 ünvanında iddiaçının mülkiyyətində və sahibliyində olmuş Mir Qasımov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində “xxxxxxxxxxxxxxxxx” MMC tərəfindən inşa edilmiş daşınmaz əmlakın qeyriyaşayış sahəsinə dair sənədləşmə işlərinin aparılmasını, özgəninkiləşdirilməsini və mübahisəli əmlak barədə hər hansı hərəkətlərin edilməsini cavabdehlərə və başqa şəxslərə qadağan etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunan iddianın təmini tədbiri qeyri müəyyən və mücərrəd olmaqla iddia tələbinin məqsədinə və mahiyyətinə uyğun gəlmir. İddiaçının əsas tələbi mülkiyyətində və sahibliyində olmuş, lakin cavabdeh tərəfindən sökülmüş 43 kvm qeyri-yaşayış sahəsinin əvəzinin 20% əlavə olunmaqla natura şəklində pilot layihənin tələblərinə uyğun ona verilməsi barədədir. Məhkəmə tərəfindən görülən iddianın təmini tədbiri isə iddiaçının tələb etdiyi qeyri-yaşayış sahəsinə uyğun sahəyə deyil, cavabdeh tərəfindən inşa olunmuş binada yerləşən bütün qeyri-yaşayış sahələrinə dair məhdudiyyətin tətbiq olunmasını nəzərdə tutur. Məhkəmə kollegiyası bu qaydada iddianın təmini tədbirinin tətbiqini qanuni və ədalətli saymır və hesab edir ki, işə yenidən baxılarkən məhkəmə iddiaçının tələb etdiyi qeyri-yaşayış sahəsinin sökülməzdən əvvəl harada yerləşməsi, bu sahənin cavabdeh tərəfindən yeni inşa olunmuş binanın hansı hissəsinə uyğun gəlməsi aydınlaşdırılmalı və iddia ərizəsində tələb olunan sahəyə uyğun qeyri-yaşayış sahəsi ilə bağlı iddianın təmini tədbirinin görülməsi təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçının tələbinə əsasən hər hansı növ iddianın təmini tədbirinin tətbiqi iddiaçı ilə eyni vəziyyətdə olan və “xxxxxxxxxxxxxxxxx” MMC ilə razılığa gələrək müqavilə bağlamış digər mülkiyyətçilərin hüquqlarını pozmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Qanunun mənasına görə iddianın təmini tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və həmin tədbirin prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Buna görə, iddianı təmin tədbirinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. Prosessual qanunvericiliyin yuxarıda sadalanan müddəalarının mənasına görə iddiaçı onun tələbinin təmin ediləcəyi halda qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə cavabdehdə və digər şəxslərdə olan cavabdehə məxsus əmlakların üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını müvəqqəti məhdudlaşdıran tədbirlərin tətbiq olunmasını məhkəmədən xahiş edə bilər. Bu baxımdan tətbiq edilən tədbirlər tərəflərin və üçüncü şəxslərin mülkiyyət hüququnun qeyri-mütənasib məhdudlaşdırılması ilə nəticələnməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.2, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh “xxxxxxxxxxxxxxxxx” MMC-nin şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ləğv olunsun və iş iddianın təmini tədbirinin tətbiqi ilə bağlı ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar