Məhkəmə qərarları › İş №2(103)-5775/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5775/2025

27.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5775/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pəncərənin cavabdehin hesabına bağlanması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 sentyabr 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməyə müraciət edərək, cavabdehə məxsus və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin onun həyətinə baxan 4 pəncərənin cavabdehin hesabına bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsi, ev 38/34 ünvanında qeydiyyatda olmaqla yaşayır, həmin fərdi yaşayış evinin mülkiyyətçisidir. İddiaçının qonşuluğunda yaşayan cavabdeh tikinti norma və qaydalarını, eləcə də qonşuluq hüququnu pozaraq özünə dördmərtəbəli fərdi yaşayış evi tikmiş və bu zaman Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin və Nazirlər Kabinetinin “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydaların” təsdiq edilməsi haqqında xx.xx.2014-cü il tarixli, 72 saylı qərarı ilə tənzimlənən tikililər arası ara məsafəsi, eləcə də Nazirlər Kabinetinin “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydaların” təsdiq edilməsi haqqında xx.xx.2014-cü il tarixli, 51 saylı qərarı ilə tənzimlənən tikinti sıxlıq normaları (4,5 sot torpaq sahəsində icazə verilən normadan artıq tikinti aparmış) kobud şəkildə pozulmuşdur. Cavabdeh, layihədən kənara çıxaraq birbaşa iddiaçının evinə baxan 4 pəncərə açmış, bununla da iddiaçının şəxsi toxunulmazlıq konstitusion hüququnu pozur. Belə ki, cavabdeh evin tikintisini apararkən iddiaçının həyətinə baxan pəncərələr olmamış, iddiaçı ilə cavabdeh pəncərələrin olmamasına dair razılığa gəlmiş, yalnız tikinti başa çatdıqdan sonra bu pəncərələr qoyulmuşdur. Ara məsafəsi və iddiaçının həyətinə baxan pəncərələrə görə iddiaçının heç bir razılığı (notarial və ya şifahi) olmamışdır. Həmçinin, cavabdehin bu qanunsuz əməlləri nəticəsində iddiaçının hasarına, həyətinə və darvazasına ciddi ziyan dəymişdir. İddiaçı, bununla əlaqədar olaraq Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etsə də hər hansı müsbət nəticə əldə edə bilməmişdir. Buna görə də, o, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə dair münasibəti barədə məlumat

3. Cavabdeh tərəfindən Rayon Məhkəməsinə ünvanlanmış ərizədə qeyd edilmişdir ki, cavabdeh iddiaçının heç bir hüququnu pozmamışdır. Əksinə, iddiaçı, cavabdehə məxsus evin pəncərəsini sındıraraq ona maddi ziyan vurmuşdur. Bu hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılmışdır. Daha sonra cavabdeh ilə iddiaçı razılığa gəlmiş və şikayət geri götürülmüş və xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanması rədd olunması barədə qərar qəbul edilmişdir. Buna baxmayaraq iddiaçı iddia ərizəsi ilə müraciət edərək mülkiyyətində olan fərdi yaşayış evinin 4 pəncərəsinin bağlanmasını xahiş etmişdir. İş üzrə ekspertiza təyin edilmiş və göründüyü kimi cavabdehə məxsus ev “Texniki pasporta” və bütün tikinti normalara uyğun inşa edilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddianın rədd olunmasını xahiş edir c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin hallarından və iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəylərdən müəyyən edilir ki, cavabdehə məxsus ev, evə dair verilmiş “Texniki pasporta” və bütün tikinti normalara uyğun inşa edilmişdir. Belə olan halda hesab edilməlidir ki, iddia tələbi əsassızdır. d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin izahatları barədə məlumat

8. İddiaçının vəkili (nümayəndəsi) Vəkil əvvəlki apellyasiya baxışı iclaslarında iştirak edərək, apelyasiya şikayətinin dəlillərini müdafiə etmiş və onların məzmununa uyğun izahat vermişdir.

9. İddiaçının vəkili (nümayəndəsi) əlavə olaraq bildirmişdir ki, iddiaçıda olan məlumata görə, cavabdehin evinə aid hüquq müəyyənedici sənədlər o, cümlədən “Texniki pasport” Binəqədi Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış layihə əsasında deyil, fərli layihə əsasında verilmişdir. O, iddiaçının vəkili olaraq müvafiq sorğu ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 müraciət etsə də, onun sorğusunu cavab verilməmişdir. Buna görə də, o, xahiş edir ki, bu məsələnin aydılaşdırılması üçün Məhkəmə tərəfindən həmin İdarəyə sorğu verilsin.

10. İddiaçının vəkili (nümayəndəsi) sonuncu apellyasiya baxışı iclasına gəlməmişdir.

11. İş üzrə cavabdeh apellyasiya apellyasiya baxışı iclaslarının yeri və vaxtı haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclaslarında iştirak etməmişdir. O, ərizə ilə Məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və Rayon Məhkəməsi tərəfindən qəbul edilməsini xahiş etmişdir.

12. İş üzrə tərəflərin apellyasiya baxışı iclasına gəlməmələri işin apellyasiya qaydasında baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində 0,04763 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 125,9 kv.m yaşayış, 82,6 kv.m köməkçi sahədən ibarət 38/34 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə reyestrdə iddiaçının adına xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır.

15. Binəqədi RİH-nin cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, cavabdehin M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsi, ev 36/40 (Yeni qaydalarla: ünvan 3 ünvanında mülkiyyətində olan qəzalı fərdi yaşayış evinin təqdim edilən layihə əsasında sökülərək yenidən tikintisinə icazə verilməsi barədə müraciətinə baxılmış, nəzərinə çatdırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2020-ci il tarixdə verilmiş “Çıxarışla” xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin təqdim edilən layihə əsasında, yanğın nəzarəti və tikintidə təhlükəsizlik qaydalarına və qonşuluq prinsiplərinə riayət olunmaqla sökülərək yenidən tikintisinə etiraz edilmir.

16. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Texniki pasportdan” görünür ki, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsi, ev 36/40 (Yeni qaydalarla: AZ 1113, ünvan 4 ünvanına dair hüquq subyekti cavabdehin adına xx.xx.2020-ci il tarixdə texniki pasport tərtib edilmişdir.

17. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş elektron çıxarışdan görünür ki, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsi, ev 36/40 (Yeni qaydalarla: AZ 1113, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi xx.xx.2022-ci il tarixdə cavabdehin adına qeydiyyatdan keçmişdir.

18. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cavabdehin müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, araşdırma zamanı cavabdeh baş vermiş hadisə nəticəsində 500 manat maddi ziyan dəyməsi müəyyən edilmiş, daha sonra tərəflər arasında razılıq əldə edildiyindən, cavabdeh təkrar ərizə ilə müraciət edərək baş vermiş hadisə ilə bağlı iddiaçıya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində yerləşən 40 saylı fərdi yaşayış evinin və torpaq sahəsinin faktiki vəziyyətinin, tikililərinin planlı yerləşməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən tərtib edilmiş “Texniki pasportuna” uyğun olduğu müəyyən edilmişdir. M.Məmmədxan küçəsində yerləşən 40 saylı fərdi yaşayış evinin və torpaq sahəsinin faktiki vəziyyətinin, tikililərinin planlı yerləşməsinin DƏDRX-nin Ərazi İdarəsi tərəfindən tərtib edilmiş “Texniki pasporta” uyğun olduğunu nəzərə alaraq, həmin evin tikinti normalarına uyğun tikildiyi müəyyən edilmişdir.

20. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, M.Məmmədxan küçəsində yerləşən 40 saylı evinin xarici divarları önündə olan ara məsafəsinin Şəhərsalma və Tikinti Məcəlləsinin 70ci maddəsinin (Yanaşı sahələrdə obyektlərin yerləşdirilməsi) 70.1-ci bəndinin tələblərinə uyğun olduğu müəyyən edilir. 40 saylı evin sahəsinin 256,5 kv.m təşkil etdiyini nəzərə alaraq, həmin evin Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın 4.13-cü bəndinin tələblərinə uyğun inşa edildiyi müəyyən edilir. 40 saylı fərdi yaşayış evində quraşdırılmış pəncərələrin DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş “Texniki pasport” sənədində öz əksini tapdığını nəzərə alaraq, həmin pəncərələrin tikinti norma və qaydalara uyğun olduğu müəyyən edilmişdir.

21. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, cavabdehə məxsus 40 saylı fərdi yaşayış evi ilə iddiaçıya məxsus torpaq sahəsi istiqamətindəki sərhəd hasarı arasında mövcud olan məsafənin 0,8-0,9 metr olduğunu və evin həmin istiqamətdə divarının hündürlüyünün 7,8-9,6 metr (orta hündürlük 8,7 metr) təşkil etdiyini nəzərə alaraq, faktiki vəziyyətdə cavabdehə məxsus fərdi yaşayış evi ilə iddiaçıya məxsus torpaq sahəsi istiqamətindəki sərhəd hasarı arasında olan ara məsafəsinin Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1 bəndinin və Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 9-cu bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilir. Eyni zamanda qeyd olunur ki, cavabdehə məxsus 40 saylı fərdi yaşayış evinin faktiki vəziyyətdə planlı yerləşməsinin (faktiki vəziyyətdə mövcud olan ara məsafəsinin) həmin fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Texniki pasportun” baş plan hissəsinə uyğun olduğunu nəzərə alaraq, Şəhərsalma və Tikinti Məcəlləsinin 70.1-ci bəndinin tələblərinin pozulmadığı müəyyən edilir. Fərdi yaşayış evinlərindədə pəncərə boşluqlarının yerləri ara məsafəsi baxımından müəyyən edilmir. AzDTN 2.7-3 X3 Layihələndirmə Normaları”-nın tələblərinə əsasən, Fərdi evlər üçün yaşayış otaqlarının və yardımçı sahələrin layihələndirilməsinə tələblər layihə tapşırığına əsasən nəzərdə tutulmalıdır. Yaşayış otaqlarında və mətbəxdə təbii işıqlanma təmin olunmalıdır. İşıq boşluqları sahələrinin yaşayış otaqlarının və mətbəxin döşəmə sahəsinə nisbəti 1:8-dən az olmamalıdır. Mansarda mərtəbələri üçün verilən nisbətin 1:10-da az olmamasına yol verilir.

22. İddiaçının vəkilinin (nümayəndəsinin) apellyasiya icraatı zamanı verdiyi və hazırkı qətnamənin 9-cü bəndində qeyd edilən məlumatın araşdırılması ilə bağlı Məhkəmə tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-ə və Binəqədi Rayon İcra Hakimiyyətinə müvafiq sorğular göndərilmişdir.

23. Binəqədi RİH tərəfindən sorğuya verilmiş xx.xx.2026-cı il tarixli cavab məktubundan görünür ki, RİH başçısının sərəncamlarının saxlama müddəti 5 il olduğundan tələb olunan sənədlərin verilməsi qeyri-mümkündür.

24. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ tərəfindən sorğuya verilmiş xx.xx.2026-cı il tarixli cavab məktubundan görünür ki, cavabdehə məxsus evə dair “Daşınmaz əmlakın dövlət reyestrində” aparılmış qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10.2-ci maddəsində qeyd edilən sənədlər əsasında aparılmışdır.

25. Göstərilənlərə əsasən müəyyən edilir ki, cavabdehə məxsus ev, evə dair verilmiş “Texniki pasporta” və bütün tikinti normalara uyğun inşa edilmişdir.

26. İşin müəyyən edilmiş halını nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır (maddə 170.1.). Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır (maddə 170.2.). Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz (maddə 171.1.). Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur (maddə 171.2.).

27. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil (maddə 691.1): tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla) (maddə 69.1.1.); tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə (maddə 69.1.2.). Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir (maddə 69.4.). Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir (maddə 69.5.): divar hündürlüyünün 0,6 hissəsi (maddə 69.5.1.); kənd ərazilərində və xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi (maddə 69.5.2.); bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi (maddə 69.5.2-1.).; yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi (maddə 69.5.3.). Tikinti obyektinin layihələndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır (maddə 69.7.): mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması (maddə 69.7.1.); torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü (maddə 69.7.2.); layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü (maddə 69.7.3.); yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü (maddə 69.7.4.). Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (maddə 69.8.).

28. MPM-in tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.).

29. İşin müəyyən edilmiş halını, yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə bildirir ki, iddiaçı, iddia tələbində cavabdehə məxsus yaşayış sahəsindən onun yaşayış sahəsinə baxan pəncərələrin şəxsi həyatına birbaşa müdaxilə olduğunu və şəxsi toxunulmazlıq pozduğunu qeyd edir. Lakin iddiaçı mübahisə predmenti olan həmin pəncərələrin hansı səbəblərdən bağlanılmasını, həmin pəncərələrin onun mülkiyyətinə nə kimi məhdudiyyət törətdiyini, bu məhdudiyyətin nədən ibarət olmasını, nəticədə isə mülkiyyət hüquqlarının pozulmasını əsaslandıra bilməmişdir. Əgər iddiaçı öz iddiasını əsaslandıran sübutları məhkəməyə təqdim edə bilmirsə və cavabdeh iddianı qəbul etmirsə, məhkəmə üçün əlavə araşdırma aparılması üçün zərurət aradan qalxır və bu halda iddia məhz sübuta yetməməsi əsası ilə əsaslı hesab edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, cavabdehə məxsus ev cavabdehin öz mülkiyyətində olan torpaq sahəsi daxilində inşa edilmişdir.

30. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçının məntiqi ilə hər hansı şəxsə məxsus olan ev qonşulara məxsus sahələr ilə əhatə olunursa onda, onda həmin ev ümumiyyətlə pəncərəsiz olmalıdır. Bu isə yolverilməzdir.

31. Beləliklə qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayəti əsassızdır. g) apelyasiya baxışının nəticəsi

32. Göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

33. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə görə iddiaçının özünə aid edilməlidir.

35. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 sentyabr 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar