Məhkəmə qərarları › İş №2(103)-5781/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5781/2020

04.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5781/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Yasamal Rayon İcra və Probasiya Şöbəsi, ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlırin Sığortalanması Fondu və Cavabdeh1-yə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4386/2020 saylı iş üzrə 09 aprel 2020-ci il tarixli qərardadından cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Yasamal Rayon İcra və Probasiya Şöbəsi, ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlırin Sığortalanması Fondu və Cavabdeh1-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinə 2(103)-1547/2019 nömrəli 02 may 2019-cu il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Yasamal rayonu, məhəllə 500, Mikayıl Müşfiq küçəsindəki evin 39 saylı mənzilin satışı ilə bağlı keçirilən hərracların etibarsız hesab olunması və həmin hərracların nəticələrinin ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, həmçinin iddianı təmin tədbirinin tətbiqi barədə ərizə verərək, mülki iş üzrə çıxarılacaq yekun məhkəmə aktı qanuni qüvvəyə minənə qədər Bakı şəhəri, Yasamal rayonu, məhəllə 500, Mikayıl Müşviq küçəsindəki evin 39 saylı mənzilinin üzərinə həbs qoyulması və həmin evin özgəninkiləşdirilməsi, mübahisəli evdən onu və ailə üzvlərinin çıxarılmasına və həmin evin boşaldılmasına qadağanın qoyulması barədə qərardadın qəbul edilməsini, qərardadın icra olunması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və Yasamal Rayon İcra və Probasiya şöbəsinə göndərilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı şikayət verərək qərardadının ləğv olunmasını və iddia təmin etmə tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmuşdur. Cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlırin Sığortalanması Fondu şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ərizəni təmin edərkən mənzilin ipoteka ilə yüklü edilməsini, borlcu İddiaçı kredit öhdəliklərini icra etmədiyinə görə ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyini, iddia təmin edildiyini, qətnamə icraya yönəldiyini və icra çərçivəsində həmin mənzil Bankın mülkiyyətinə keçdiyini nəzərə almamışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasın tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1). Prosessual qanunvericiliyin mənasına görə iddia tələbinin təmin ediləcəyi halda gələcək qətnamənin icrasını təmin etmək məqsədilə cavabdehə və digər şəxslərə müəyyən hərəkətlərin edilməsi qadağan oluna bilər. Lakin iddianın təmin edilməsi barədə ərizədə ilk növbədə görüləcək tədbirlərin məhz gələcəkdə qəbul ediləcək qətnamənin icrasını təmin edə biləcəyi əsaslandırılmalıdır. Baxılan iş üzrə iddianı təmin etmə tədbiri qismində mənzilin üzərinə həbs qoyulması və ona dair hərəkətlərin edilməsinin qadağan edilməsi həmin mənzilə tutma yönəldilməsini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsinə maneə olur, dövlət adından qəbul edilmiş aktın həyata keçirilməsini qarşısını kəsir. Ona görə də şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4386/2020 saylı iş üzrə 09 aprel 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddianın təmin tədbiri barədə ərizə təmin olunmasın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar