Məhkəmə qərarları › İş №2(103)-5783/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5783/2022

23.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5783/2022 23.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə” ilk iddiasına; cavabdehin iddiaçıya qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 yanvar 2020-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı özünün və onun vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) İlk iddia barədə məlumat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və “iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə” ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsində yerləşən bağ-torpaq sahəsinə aid hasarının üstündə qonşusu olan Cavabdeh tərəfindən inşa edilmiş evin divarının (uzunluğu 25 metr, eni 3,5 metr) sökülərək zəbt olunmuş ərazinin qaytarılması, qarajın uzunluğu 8 metr, eni 4 metr olan örtüyünün cavabdehin hesabına dəyişdirilməsi, zəbt olunmuş 2 sot dövlət torpağında inşa edilmiş hasarının cavabdehin hesabına sökülərək avtomobil yolunun bərpa olunması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 3.000 manat, mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi, zəbt olunmuş 3 sot sahəsin boru, dəmir tor və xaotik əkilmiş kol və ağaclardan təmizlənməsinin bələdiyyəyə tapşırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixdə bağa getmiş, qonşunun bağında qalan İnqilab adlı şəxs iddiaçıya demişdir ki, qonşusu olan cavabdeh onun qarajının dəmir örtüyünü mismarla deşik-deşik etmişdir ki, öz mətbəxinə su axmasın. İddiaçı xx.xx.2014-cü il tarixdə güclü yağışdan sonra sahə üzrə polis müvəkkilini, damı düzəldən ustanı, qonşuları dəvət etmişdir. İştirakçılar özləri baxış keçirib müəyyən etmişlər ki, qonşu iddiaçıya xəbərdarlıq etmədən qarajın dəmir örtüyünü (3 metr enində) mismar ilə deşik-deşik etmiş, nəticədə iddiaçının mətbəxinin divarı islanmışdır. Hasar 30-35 il əvvəl, 40 sm dərinliyində, eninə 40 sm olan əhəng daşının üstündə 2 metr hündürlüyündə tikilmişdir. İndi həmin hasarın üstünə ikinci mərtəbənin, damın yükü vurulmuşdur. Hər an fəlakət ola bilər. Mübahisə predmeti kimi, narazılıq yaradan qonşunun mətbəx divarı yenə də tikinti və sanitar normaları pozularaq qarajının divarından istifadə edilərək tikilib. Belə hallar az imiş kimi, cavabdeh küçədə Bələdiyyəyə məxsus 6-7 sot maşın üçün nəzərdə tutlmuş ərazinin 3 sotunu boru dirəkləri betonlamaqla, dəmir torla zəbt etmişdir. Hazırda hasar bərbad halda, necə gəldi, kobud hörgü ilə tikilib, amma iddiaçı əlavə xərc çəkərək evlə hasarın arasını yağışdan, qardan qorumaq üçün sink metal vərəqələrdən istifadə edərək, binanın enini örtmüşdür. Bu xərcdə nəzərə alınmalıdır. Cavabdeh tərəfindən iddiaçıya 3.000 manat maddi zərər dəymişdir. Eyni zamanda cavabdehin bu hərəkətləri nəticəsində iddiaçı və ailəsi böyük fiziki və mənəvi əzablar çəkmişlər.

b) İlk iddia barədə məlumat

3. İş üzrə cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək ona məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsində yerləşən bağ evinə müdaxilə edən, ilk iddia üzrə iddiaçı tərəfindən inşa edilmiş qanunsuz tikilinin iddiaçının hesabına sökülməsi, iddiaçının ona vurduğu maddi və mənəvi ziyanın əvəzinin iddiaçıdan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) 1992-2003-cü illər ərzində evinin arxasından keçən və ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) evinin pəncərələrinin açıldığı küçəni icazəsiz zəbt edərək, eni 3,10 metr, uzunluğu isə 68,9 metr olan sahədə 3 mərtəbəli ev, qaraj və s. tikdirib. Eyni zamanda iddiaçı cavabdehin bağına aid olan hasarları öz divarı kimi qələmə verir. İddiaçı 2003-cü ildə eni 5,6 metr, uzunluğu isə 14 metr sahəni zəbt edərək darvazasını irəli çəkmişdir. Zərərin kimə vurulduğu dəqiq araşdırılsa, məlum olar ki, dam örtüyünün meyillik istiqamətini cavabdehin evinə yapışdırmış iddiaçı özü tikinti qanunlarını pozaraq, cavabdehə külli miqdarda ziyan vurmuşdur. Cavabdeh bu barədə Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Hazırda iddiaçı cavabdehin evinin arxasında, evin divarına bitişik quyu qazdırıb, üzərində ayaq yolu tikdirib. Heç bir sanitariya normalarına uyğun olmayan bu tikili cavabdehin özünə və ailəsinə qarşı ancaq düşmənçilik mövqeyini əks etdirir. İddiaçı cari ilin son 2 ayı ərzində cavabdehin özünün və ailəsinin məzuniyyətıni, istirahətini qəsdən pozub. İddiaçının 18 il ərzində müxtəlif təşkilatlara yazdığı böhtan xarakterli ərizələr əsasında cavabdehgilin qapılarına mütəmadi olaraq gələn polis dəstələri, bələdiyyə və icra hakimiyyəti nümayəndələri, cavabdehin özünün və ailə üzvlərinin müntəzəm stress, iztirab və sarsıntı keçirməsinə səbəb olur.

c) Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə ilk və qarşılıqlı iddia ərizələrinin təmin edilməməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə aparılmış ekspertizalar, verilmiş ekspert və mütəxəssis rəyləri ilə müəyyən edilir ki, tərəflərin hər birinin bağ sahəsi ayrıca hasara alınmışdır və bir-birinin hüquqlarını pozmurlar.

d) Apellyasiya şikayəti barədə məlumat

7. İlk iddia üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv və ilk iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş materiallarında olan, yəni ilk iddia üzrə iddiaçının təqdim etdiyi X1 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli məktublarına hüquqi qiymət verməmiş, onları sübut kimi qiymətləndirməmişdir. Agentliyin direktorunun imzası ilə verilən həmin məktublarda qeyd olunmuşdur ki, cavabdeh tərəfindən göstərilən ünvanda qeyri-qanuni işlərin aparılması və torpaqların zəbt olunması halları var və hətta bu işlərin qarşısının alınması üçün Daxili İşlər Nazirliyinə məktub da göndərilmişdir. Yəni torpaqlardan istifadəyə dövlət nəzarətini həyata keçirən dövlət orqanın məktubu ilə də cavabdehin torpaq zəbt etməsi faktı öz təsdiqini tapmışdır. Eləcə də Bakı ŞİH Sabunçu Rayon İcra hakimiyyətinin Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi də xx.xx.2019-cu il tarixli məktubunda qeyd etmişdir ki, cavabdeh dövlət mülkiyyətində olan torpağı qanunsuz olaraq zəbt etmişdir. Həmin məktub da iş materiallarına əlavə edilmiş lakin Rayon Məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmişdir. Əmlak Komitəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktla da müəyyən olunmuşdur ki, cavabdeh mübahisəli ünvanda təxminən 200 kv.metr torpaq sahəsini zəbt edərək qanunsuz hasarlamışdır. Bu zaman cavabdeh qazdan istifadə ilə bağlı təhlükəsizlik tələblərini kobud şəkildə pozaraq, ərazidən keçən qaz boru xəttinin istiqamətini özbaşına şəkildə dəyişmiş, bununla da növbəti qanun pozuntusuna yol vermişdir.

e) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. Apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə (İş № 2(103)-3929/2020) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə, yəni ilk iddia üzrə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmasını qət etmişdir.

f) Kassasiya instansiyasında birinci icraat

10. İddiaçının həmin qətnamədən verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərar (İş № 2(102)-1705/2021) ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını qərara almışdır.

g) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

11. İşə yenidən apellyasiya məhkəməsində baxılan zaman iddiaçı ərizə təqdim edərək, cavabdehin ona məxsus qaraja ziyan vurması nəticəsində ona dəymiş zərərinin əvəzi olaraq 3.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə tələbdən imtina etdiyini bildirmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbindən qismən imtinası qəbul edilmiş həmin iddia tələbinə aid olan hissədə Rayon Məhkəməsinin qəbul etdiyi qətnaməsi ləğv edilmiş və həmin tələb üzrə işin icraatına xitam verilmişdir.

13. Həmçinin xx.xx.2021-ci il tarixli qətnamə ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası apellyasiya şikayətinin qismən təmin edilməsini, Rayon Məhkəməsinin qətnaməsinin qismən, yəni hasarın üstündə inşa edilmiş evin divarının (uzunluğu 25 metr, eni 3,5 metr) sökülməsi hissəsində ləğv edilməsini, həmin hissədə ilk iddianın təmin edilməsi, cavabdehə məxsus fərdi yaşayış evinin mansard hissəsinin bir divarının iddiaçı ilə cavabdehin məxsus torpaq sahələri arasındakı hasarın üzərində inşa olunmuş (uzunluğu 25 metr, eni 3,5 metr) hissəsinin sökülməsi qət edilmişdir.

h) Kassasiya instansiyasında ikinci icraat

14. İddiaçının həmin qətnamədən verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərar (İş № 2(102)-2549/2022) ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını qərara almışdır.

i) Hazırki apellyasiya baxışının həddi barədə məlumat

15. Göstərilən səbəbdən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən yenidən baxılır.

16. Hazırki apellyasiya baxışının həddi ilə bağlı Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi hər iki iddianın təmin edilməməsini qət etsə də, ilk iddia üzrə cavabdeh –qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddianın təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirməmiş, apellyasiya şikayəti verməmişdir.

17. Odur ki, göstərilənləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinin tələbini və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarında göstərilənləri nəzərə alan Məhkəmə Rayon Məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamışdır.

j) Apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları

18. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və apellyasiya şikayətinin, habelə ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.

19. İlk iddia üzrə Cavabdeh xx.xx.2020-ci il tarixdə ölmüş və o, prosessual hüquq varisi ilə əvəz edilmişdir.

20. Onun prosessual hüquq varisi X2 ərizə ilə Məhkəməyə müraciət edərək, apellyasiya baxışı iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını, ilk iddianın və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

k) Hazırki işdə olan sübutlar

21. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ******* nömrəli, RX seriyalı “Çıxarışdan” görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsində yerləşən 319 “A” saylı bağ evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının övladı X4 adına qeydiyyata alınmışdır.

22. Həmin Xidmət tərəfindən verilmiş ******* nömrəli, RX seriyalı “Reyestrdən çıxarışdan” görünür ki, Vişnyovka-2 bağ sahəsində yerləşən 319 “B” saylı bağ evi xüsusi mülkiyyət hüququ iddiaçının övladı X3 adına qeydiyyata alınmışdır.

23. İddiaçı bildirdi ki, övladı Vəfa Qayıbova 2014-cü ildə vəfat etmişdir.

24. İddiaçının digər övladına – X5 məxsus 319 saylı bağ evinə aid “Reyestrdən çıxarış” iş materiallarında yoxdur. Bununla bağlı iddiaçı bildirdi ki, həmin sahə ilə bağlı onunla cavabdeh arasında mülki mübahisə olmamışdır və hazırda cavabdehin hüquqi varisilə də onun arasında mübahisə mövcud deyil.

25. İddia ərizəsində qeyd edilən sənədlər, habelə işin baxılması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyləri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyləri iş materiallarında var. Lakin Məhkəmə aşağıda göstərilən səbəbdən hesab edir ki, həmin sənədlərin hazırki qətnamədə təsvir edilməsinə lüzum yoxdur.

l) Məhkəmənin mövqeyi

26. Belə ki, işdə olan sənədlərdən və ilk iddia üzrə iddiaçının bildirdiklərindən bəlli olur ki, iddia ərizəsində qeyd edilən və iddiaçıya məxsus sahə kimi qələmə verilən sahələr iddiaçıya deyil, onun yetkinlik yaşına çatmış övladlarına məxsusdur. İddiaçının övladlarından biri – Vəfa Qayıbova 2014-cü ildə vəfat etsə də, iddiaçının adına “vərəsəlik haqqında şəhadətnamə” verilməmişdir.

27. Məhkəmə qeyd edir ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

28. Konstitusiya Məhkəməsi Plenumunun qərarında təsbit edilmiş hüquqi mövqeyi, yuxarıda göstərilənləri, o cümlədən iddiaçının özünün bildirdiklərini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi müzakirə edilən tələbin əsassız olması ilə iddianı rədd etməkdə haqlı olmamışdır. Çünki müzakirə edilən tələb, bu tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmayan şəxs tərəfindən irəli sürülməsi əsası ilə rədd olunmalı idi.

29. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

30. Yuxarıda artıq qeyd edildiyi kimi, iddia ərizəsində qeyd edilən ünvanda iddiaçıya məxsus olan hər hansı bir sahə mövcud deyil.

m) Apellyasiya baxışının nəticəsi

31. Beləliklə, apellyasiya baxışı ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Rayon Məhkəməsi həmin hissədə işin hallarını səhv müəyyən etmişdir. Apellyasiya şikayəti qismən əsaslıdır.

32. MPM-nin 385-ci maddəsinin tələbinə görə isə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.

33. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan və MPM-nin 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 yanvar 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə iş yeni qətnamə qəbul edilsin. İddiaçı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə” ilk iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar