Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5786/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 avqust 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə və İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İş üzrə iddiaçı cavabdeh Şirkətə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona vurulmuş maddi ziyanın əvəzi olaraq 5.000 manat, mənəvi ziyanın əvəzi olaraq 7.000 manat məbləğində pulun ona ödənilməsi öhdəliyinin cavabdeh Şirkətin üzərinə qoyulması və cavabdeh Şirkətin 6.000 manat məbləğində cərimə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Şirkətin keyfiyyətsiz yanacaq istehsal etməsi nəticəsində iddiaçıya məxsus avtomobilin katalizatoru, mühərrik və mühərrik klapanlarının kipkəcləri sıradan çıxmışdır. Nəticədə iddiaçıya 5.000 manat məbləğində maddi ziyan əymişdir. İddiaçı, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində cavabdeh Şirkətə ərizə ilə müraciət edərək Heydər Əliyev adına X4 (bundan sonra – Zavod) “AZS 059-2001” (A-92) və "xxxx" (D-001) standartları altında hal-hazırda istehsal etdiyi benzin və dizel yanacaqlarının “AVRO” neçə standartlarına uyğun olması barədə ona rəsmi məlumat verilməsini xahiş etmişdir. Lakin müraciətlərinə mahiyyəti üzrə cavab ala bilməmişdir. Bu isə istehlak etdikləri (D-001) dizel və (A-92) benzin yanacağının aşağı keyfiyyətdə olduğunu sübut edir. Həmçinin cavabdeh Şirkətin qanunsuz hərəkəti nəticəsində iddiaçı mənəvi zərər çəkmişdir. İddiaçı ona vurulmuş mənəvi zərəri 7.000 manat qiymətləndirir. İddiaçı ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə cavabdeh Şirkətin rəhbərinə müraciət etmişdir. Lakin xx.xx.2023-cü il tarixli cavab məktubunda müraciətinə mahiyyəti üzrə cavab verilməmişdir. b) cavabdehin iddia tələbinə qarşı etirazı barədə məlumat
3. Cavabdeh Şirkətin iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının Zavodda istehsal edilən neft məhsulları haqqında məlumatın əldə edilməsi ilə bağlı Şirkətə birbaşa ünvanlanmış xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2024-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü il tarixli müraciətləri, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetindən daxil olmuş xx.xx.2024-cü il tarixli və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatından daxil olmuş xx.xx.2024-cü il tarixli müraciətləri “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müvafiq qaydada cavablandırılmışdır. Həmin cavab məktublarında da qeyd edildiyi kimi hazırda Zavodda avtomobil benzini “AZS 059-2001”, dizel yanacağı isə "xxxx" texniki şərtlərinin və AZS 934:2023 standartının tələblərinə uyğun olaraq istehsal edilir. Zavodda həyata keçirilən “Yenidənqurma və Modernizasiya Layihəsi” çərçivəsində işlər mərhələli şəkildə yekunlaşdıqca AZS 936:2023 standartına uyğun avtomobil benzini istehsal olunacaqdır. Bununla yanaşı, AVRO-5 standartlarına uyğun olan yanacaq ölkə daxilində tələb olunan miqdarlarda idxal yolu ilə təmin edilir. İddiaçının Şirkətə ünvanldığı xx.xx.2023-cü il tarixli müraciətinə cavab olaraq göndərilmiş məktubunun qoşmasında yuxarıda qeyd edilən texniki göstəricilər (pasport) təqdim olunmuşdur. Bunlara baxmayaraq isə iddiaçı iddia ərizəsində əsassız olaraq qeyd edir ki, Zavodda istehsal edilən neft məhsulları haqında məlumatı Şirkətdən ala bilmir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, cavabdeh Şirkət tərəfindən ona hansı qaydada zərər (maddi və mənəvi) vurulmasını təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Belə olan halda yaranmış mübahisədə iddiaçının tələbinin əsaslı olması, habelə hazırda cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquqlarının pozulması halı təsdiq olunmur. Rayon Məhkəməsi həmçinin qeyd etmişdir ki, iddia tələbinin “cavabdehin cərimə edilməsi” hissəsi hazırki iş üzrə iddiaçının müraciətinə əsasən baxılmalı və hüquqi qiymət verilməli olan tələb deyildir və hüquqi əsası yoxdur. Belə ki, cərimə hər hansı bir şəxsin (fiziki və ya hüquqi) cərimə olunması, onun əməllərində qanunsuzluq, inzibati xəta, cinayət və s. aşkar olunduğu təqdirdə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. d) apellyasiya şikayəti barədə məlumat
6. İş üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən araşdırılması üçün Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
8. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və iddia ərizəsinin, habelə şikayətin məzmununa uyğun izahat verdi.
9. Cavabdeh Şirkətin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia tələbinə qarşı verilmiş etirazın məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, hazırki iddia tələbindən görünür ki, iddiaçı, cavabdehin hal-hazırda istehsal etdiyi benzin və dizel yanacaqlarının “AVRO” neçə standartlarına uyğun olması barədə ona məlumat vermədiyinə görə, istehlakçı hüquqlarının pozulması nəticəsində ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini və cavabdehin cərimə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı cavabdeh tərəfindən məlumat verilmədiyini bildirərək, ona zərər vurulduğunu iddia edir və cavabdehdən pul tutulmasını tələb edir.
12. Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir (maddə 14.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (maddə 1099.1.). Malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olubolmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun (maddə 1128.1.).
13. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə, istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqlarının istehsalçı (icraçı, satıcı) tərəfindən pozulduğu halda istehlakçıya dəyən mənəvi ziyanın günahkar tərəfindən ödənilməsini nəzərdə tutur. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir.
14. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
15. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarına görə, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
16. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bildirmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
17. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qeyd etmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanı”, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın” 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.
18. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Hazırki iş üzrə iddiaçı cavabdeh Şirkət tərəfindən ərizələrində qeyd etdiyi suala cavab ala bilmədiyindən, bunun cavabdehin istehlak etdiyi benzin yanacağının aşağı keyfiyyətdə olduğunu sübut etdiyini bildirir. Məhkəmə qeyd edir ki, tərəflər göstərdikləri və ya iddia etdikləri hallara dair müvafiq sübutları təqdim etməlidir. Lakin iddiaçının qeyd etdiyi hallar iş materialları ilə sübut olunmur.
21. Belə ki, “Vətəndaşların müraciətləri” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır (maddə 7.1.). Vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda müraciət baxılmamış saxlanılır (maddə 8.1.4.). Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır (maddə 10.1.).
22. İddiaçı istehsal edilən neft məhsulları haqında məlumatın əldə edilməsi ilə bağlı müraciətlərinə cavab ala bilmədiyini qeyd edir. Lakin bu hal iş materialları ilə təkzib olunur. Hazırki iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə çoxsaylı müraciətlər olunmuş və müraciətlər cavabdeh tərəfindən qanuna müvafiq qaydada cavablandırılmışdır.
23. Belə ki, iddiaçı tərəfindən cavabdeh Şirkətə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, o, istehlakçıların istehsal etdikləri dizel və benzin yanacaq növlərinin “Avro” neçə standartlarına uyğun gəlməsi və həmin yanacaqların texniki xarakteristikası barədə məlumat verilməsini xahiş etmişdir.
24. Cavabdeh Şirkət tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, müraciətə cavab olaraq bildirilmişdir ki, hal-hazırda müəssisədə istehsal edilən avtomobil benzini AZS 059-2001", dizel yanacağı isə “TŞ AZ 35 36601.243-2015" texniki şərtlərinin tələblərinə uyğun olaraq istehsal edilir. Müəssisədə həyata keçirilən “Yenidənqurma və modernizasiya layihəsi” çərçivəsində işlər mərhələli şəkildə yekunlaşdıqca “Avro-5” standartına uyğun dizel yanacağının və avtomobil benzinlərinin istehsalı təşkil ediləcəkdir.
25. İddiaçı tərəfindən Şirkətə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, o, hal-hazırda istehlakçıların nəqliyyat vasitələri üçün istehlak etdikləri dizel və benzin yanacaq növlərinin “Avro” neçə standartlarına uyğun gəlməsi və həmin yanacaq növlərinin texniki xarakteristikası, markası barədə ətraflı və müfəssəl cavab verilməsini xahiş etmişdir.
26. Cavabdeh Şırkət tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, müraciətə cavab olaraq bildirilmişdir ki, hal-hazırda Zavodda A-92 növ avtomobil benzini "AZS 059-200T, D-001 növ dizel yanacağı isə "xxxx" texniki şərtlərinin tələblərinə uyğun olaraq istehsal edilir. Həmin məhsulların texniki göstəricilər bu məktuba əlavə olunur. Zavodda həyata keçirilən “Yenidənqurma və modemizasiya layihəsi” çərçivəsində işlər mərhələli şəkildə yekunlaşdıqca EN 228:2012+A1.2017 standartına uyğun avtomobil benzini, EN 590:2009+A1:2010 standartına uyğun dizel yanacağı istehsal olunacaqdır.
27. İddiaçı tərəfindən cavabdeh Şirkətə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, hal-hazırda Zavodunun “A7.S 059-2001" (A-92) və “TŞ A7. 35 36601.243-2015" (D-001) standartları altında istehsal etdiyi benzin və dizel yanacaqlarının “Avro” neçə standartlarına uyğun gəlməsi barədə sənədlərin ərizəsində qeyd edilən ünvana göndərilməsini xahiş edilmişdir.
29. İddiaçı tərəfindən Şirkətə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, o, istehlakçı hüquqlarının Şirkət tərəfindən pozulması nəticəsində ona dəymiş 5.000 manat maddi və 7.000 manat mənəvi ziyanın Şirkət tərəfindən ödənilməsini xahiş etmişdir.
30. Cavabdeh Şirkət tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının müraciətə cavab olaraq Şirkət bildirilmişdir ki, sözügedən ərizələrdə Zavodda istehsal edilən neft məhsulları haqqında məlumatın əldə edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müraciətlərə Şirkət tərəfindən ona ətraflı şəkildə cavab verilmişdir. Ərizələrdə qaldırılan maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair məsələ ilə bağlı isə bildirilmişdir ki, bunun üçün heç bir hüquqi əsas olmadığından tələbinin təmin olunması mümkün deyildir.
31. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdeh Şirkətə “istehsal etdikləri dizel və benzin yanacaq növlərinin “Avro” neçə standartlarına uyğun gəlməsi və həmin yanacaqların texniki xarakteristikası barədə məlumat verilməsi” məzmunlu yazılı müraciətlər edilmiş, qeyd olunan müraciətlərə Şirkət tərəfindən baxılaraq müvafiq cavablar verilmiş, müraciətə cavab olaraq “A-92” növ avtomobil benzinin “AZS 059-200T”, “D-001” növ dizel yanacağının isə "xxxx" texniki şərtlərinin tələblərinə uyğun olaraq istehsal edilməsi, həmin məhsulların texniki göstəriciləri iddiaçıya təqdim olunmuşdur.
32. Digər tərəfdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, xx.xx.01741.24 №li rəydən görünür ki, iddiaçıya məxsus avto-nəqliyyat vasitəsi: kateqoriya M1-8703, hibridbenzin mühərrikli, 2487 kub sm., zavod buraxılış tarixi avqust 2023 olan VİN:JTEAAAAH5PJ147619, “Toyota Venza” markalı avtomobil AZS 636:2023 ekoloji sinif 6, (İnvoys № 1 ədəd) normativ sənədlərin tələblərinə uyğundur.
33. Məhkəmə həmçinin qeyd edir ki, mənəvi zərər, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin və zərərvuran şəxsin təqsirinin olması ilə bağlıdır. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla cavabdehin hərəkətində (və ya hərəkətsizliyində) iddiaçıya münasibətdə hər hansı bir hüquq pozuntusu olması aşkar edilməmiş, iddiaçıya mənəvi ziyan dəyməsi – onun fiziki və mənəvi sarsıntılar keçirməsi halları sübut olunmamışdır. Mənəvi zərərin ödənilməsi şəxsin maddi qazanc əldə etməsi məqsədi ilə bağlı ola bilməz.
34. İşin hallarını, yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, iddia tələbi sübut yetmədiyindən Rayon məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.
35. Məhkəmə iddianın “cavabdehin cərimə edilməsi” hissəsi ilə bağlı Rayon Məhkəməsinin gəldiyi nəticə ilə də razılaşır. Belə ki, bu tələb hazırki iş üzrə iddiaçının müraciətinə əsasən baxılmalı və hüquqi qiymət verilməli olan tələb deyildir və tələbin hüquqi əsası yoxdur. g) apelyasiyanın nəticəsi
36. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur
37. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
38. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh Şirkət hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. Lakin iddiaçı, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
40. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 avqust 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.