Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5792/2025 26.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5792/2025 (Açar sözlər: əmlakın təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmlakın təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 389/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 noyabr 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., Ş.Məmmədova küçəsi, ev 8, 1- mərtəbəsinin Antersol tipli hissəsində yerləşən 100 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçı təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 14 sentyabr 2010-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi ev N 8, 1-ci mərtəbəsinin Antersol tipli hissəsində 100 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin 240000 ABŞ dolları ödəməklə alınmasına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin predmeti adlanan 1-ci bəndinə görə Alıcı - İddiaçı) satıcıya-cavabdeh (“Binəqədi-İnşaat" MMC) 240000 ABŞ dolları məbləğində pul ödəyir və bunun müqabilində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi ev N 8, 1-ci mərtəbəsinin Antersol tipli hissəsində 100 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi alır. Müqavilənin 3.1-ci bəndində (Ödəniş şərtləri) göstərilir ki, bu müqavilə üzrə ödəniləcək məbləğ 240.000 ABŞ dolları alıcı İddiaçı tərəfindən tam ödənildi. Müqavilənin 3.2-ci bəndində qeyd olunub ki, ödəniş nəğd pulla aparıldı. Müqavilənin 3.3-cü bəndində göstərilir ki, ödəmə şərtləri alıcı tərəfindən pozularsa satıcı birtərəfli qaydada müqaviləni pozma hüququnu özündə saxlayır. Müqavilənin 4.1-ci bəndinə əsasən satıcı qeyri-yaşayış sahəsini alıcıya təhvil verməlidir. İddia ərizəsinə əlavə edilən 14 sentyabr 2010-cu il tarixli, Seriya AR N350 saylı kassa mədaxil orderindən görünür ki, yuxarıda qeyd edilən sözügedən müqavilədə ödənilməsi göstərilən 240.000 ABŞ dolları pul vəsaiti İddiaçı tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasına mədaxil edilmişdir. Göründüyü kimi, İddiaçı cavabdeh təşkilat olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən aldığı yuxarıda göstərilən qeyriyaşayış sahəsinin razılaşdırılmış dəyərini cavabdeh tərəfə tamamilə ödəmiş və müqavilədə nəzərdə tutulmuş öz öhdəliyini iddiaçı tam icra etmişdir. Tərəflər arasında bağlanmış sözügedən müqavilənin 4.1-ci bəndinə əsasən satıcı qeyri-yaşayış sahəsini alıcıya təhvil verməlidir. Lakin, satıcı olan iş üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti bu günədək sözügedən müqavilədə qeyd edilən həmin qeyri-yaşayış sahəsini alıcıya, iş üzrə İddiaçı təhvil verməmiş, müqavilə üzrə üzərinə düşən öz öhdəliyini yerinə yetirməmişdir. İddiaçı dəfələrlə cavabdeh təşkilata müraciət edərək aldığı həmin sahəni təmir etdirmək istədiyini, aralarında bağlanmış yuxarıda qeyd edilən müqavilə üzrə öhdəliyini yerinə yetirməsini, sözügedən qeyri-yaşayış sahəsini ona təhvil verməsini cavabdeh təşkilatdan tələb etsə də, cavabdeh binanın hələ istismara təhvil verilmədiyini bəhanə edərək öz öhdəliklərini yerinə yetirməyərək müqavilə tələblərini icra etməmiş, sözügedən müqavilədə iddiaçıya təhvil verməli olduğu qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməkdən imtina etmişdir. Göründüyü kimi, cavabdeh iddiaçı ilə bağladığı müqavilənin 4.1-ci bəndindən irəli gələn qeyri-yaşayış sahəsini təhvil vermək vəzifəsini icra etməməklə öz öhdəliyini pozmuş, bu hərəkətlərinə görə məsuliyyət daşımaqdadır. Odur ki, sözügedən qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilməlidir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-389/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Elnarə Vəliyeva) iddia tələbi təmin edilməmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 157.1, 157.2, 157.5, 157.7, 445.7-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 50, 51, 54, 76.1, 77.1, 77.2, 80, 81, 82.4, 88, 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilə hüquqi tələblərə cavab verir. Müqavilə üzrə öhdəliklər tərəflər üçün məcburidir. Həmin öhdəliklər barədə tərəflər müqavilə bağlayarkən razılaşıblar, lakin cavabdeh müqavilə üzrə öhdəliyi pozaraq iddiaçıya təhvil verməmişdir. Məhkəmə qətnamə qəbul edərkən MM-nin 405.1-ci maddəsini pozaraq müqavilənin mötəbərliyinə düzgün hüquqi qiymət verməmişdir. İddiaçı tərəfindən 240.000 ABŞ dolları müqavilə əsasında tam şəkildə ödənilməsinə baxmayaraq, cavabdeh şirkət (satıcı) qeyriyaşayış sahəsini təhvil vermək öhdəliyini yerinə yetirməmişdir. İddiaçı dəfələrlə tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək binanın tikilmədiyi bildirərək, qeyri-yaşayış sahəsini təhvil verməkdən imtina etmişdir. Məhkəmə isə tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilənin qüvvədə olmasına, ləğv edilməməsinə, həmçinin kassa mədaxil orderinin qəbzinin mövcudluğuna həmin qəbzdə göstərilən 240.000 ABŞ dollarının İddiaçı cavabdehin göstərdiyi kimi qaytarılmasını göstərən hər hansısa sənədin olmamasına baxmayaraq Məhkəmə əsassız nəticəyə gəlmiş və iddia tələbini təmin etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
9. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
10. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
11. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
12. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
13. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
14. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
15. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
18. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
28. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tərtib olunmuşdur və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə hər hansı hüquqi əsas yoxdur.
29. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
30. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2010-cu il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi ev N 8, 1-ci mərtəbəsinin Antersol tipli hissəsində 100 kv.m sahəsi olan qeyriyaşayış sahəsinin 240000 ABŞ dolları ödəməklə alınmasına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin predmeti adlanan 1-ci bəndinə görə İddiaçı “Binəqədi-İnşaat" MMC-yə 240000 ABŞ dolları məbləğində pul ödəyir və bunun müqabilində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi ev N 8, 1-ci mərtəbəsinin Antersol tipli hissəsində 100 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi alır.
31. AR seriyalı, 350 saylı, xx.xx.2010-cu il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən mənzilin alınması üçün 240000 ABŞ dolları pul “Binəqədi- İnşaat" MMC-yə ödənilmişdir.
32. Hazırda iddiaçı bildirir ki, satıcı qismində cavabdeh sözügedən müqavilə üzrə qeyri-yaşayış sahəsini alıcıya verməyi, alıcı isə əvəzində müəyyənləşdirilmiş məbləği ödəməyi öhdəsinə götürmüş və ödəmişdir. Lakin bugünədək həmin müqavilənin şərtlərinə əməl olunmaması səbəbindən onun qanunla qorunan mənafelərinə zərər dəymiş və nəticədə hazırki tələblə məhkəməyə müraciət etməli olmuşdur.
33. Qeyd edilən iddia tələbinin əsaslılığına dair kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. Belə ki, iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilmədiyini və mənzilin təhvil verilmədiyini bildirsə də, iş materiallarında olan xx.xx.2017-ci il tarixli Bakı şəhəri 44 saylı notariat kontorunda təsdiqlənmiş və qüvvədə olan ərizənin surətindən görünür ki, İddiaçı "xxxx" MTK-nın sədri X5 və Cavabdeh MMC-nin direktoru X2 verdiyi borc pulun müqabilində o və ailə üzvləri ilə yuxarıda göstərilən şirkətlər arasında bir neçə yaşayış və qeyri-yaşayış sahələrinin alınmasına dair müqavilə bağlanmışdır. Verdiyi borc ona tam olaraq qaytarıldığı üçün həmin müqavilələr ləğv olundu. Yuxarıda göstərilən müqavilələrin ləğv edilməsi, nə də müqavilədə nəzərdə tutulan pulla bağlı onun və ailə üzvlərinin heç bir iddiası yoxdur.
35. İddiaçı yuxarıda qeyd edilən ərizəni qəbul etməyərək yazılanların həqiqətə uyğun olmadığını, o cümlədən həmin ərizənin hazırki mübahisənin predmetini təşkil edən əmlaka aid olmadığını bildirmiş, bu arqumentini cavabdehlərə qarşı mövcud olan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmaları ilə əsaslandırmışdır.
36. Kollegiya qeyd edir ki, iddiaçının istinad etdiyi cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-111/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi və 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikası Cinayət prospessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən ona həmin maddələr ilə cəza təyin edilməmişdir. Cinayət işi üzrə təqsierləndirilən şəxs X3 vəfat etdiyindən, ona qarşı zərərçəkmiş şəxslər X6 və digərləri tərəfindən verilmiş mülki iddialar cinayət mühakimə icraatında baxılmamış saxlanmışdır. Hökmdən görünür ki, İddiaçı özünün və ailə üzvlərinin Cəbrayılovlar ailəsi ilə hazırki iş üzrə mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə aid olmayan cinayət məsuliyyətinə səbəb olan pul münasibətləri olmuşdur.
37. O cümlədən hökmə əsasən müəyyən olunur ki, hazırki iş üzrə İddiaçı özünün və ailə üzvlərinin X3 və onun ailəsi ilə hazırki iş üzrə mübahisə predmeti olan qeyriyaşayış sahəsi ilə hər hansı bağlılığı olmayan pul münasibətləri olmuş, həmin cinayət işi də məhz sözügedən pul münasibətlərindən qaynaqlanmışdır.
38. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-111/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündə yuxarıda adı çəkilən xx.xx.2017-ci il tarixli Bakı şəhəri 44 saylı notariat kontorunda təsdiqlənmiş ərizə maddi sübut kimi istifadə olunmamış, cinayət işi ilə sözügedən notarial qaydada təsdiq edilmiş xx.xx.2017-ci il tarixli ərizə arasında heç bir bağlılıq aşkar edilməmişdir.
39. Bütün bunlar onu deməyə əsas verir ki, iddiaçının dəlil qismində istinad etdiyi cinayət işi üzrə müəyyən edilmiş halların hazırki işlə hər hansı formada bağlılığı müəyyən edilməmişdir.
40. Bu halda iddiaçının özü tərəfindən notarial qaydada verilmiş ərizə ilə verdiyi borc ona tam olaraq qaytarıldığı üçün müvafiq müqavilələrin ləğv edilməsi və müqavilədə nəzərdə tutulan pulla bağlı onun və ailə üzvlərinin heç bir iddiasının olmaması faktını öz təkzibini hər hansı mötəbər dəlillə tapmadığından birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı mövqe sərgiləmişdir.
41. Beləliklə, qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
43. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
45. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-389/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev