Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5794/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğvi və s” tələbinə dair mülki iş üzrə Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1794/2024 saylı, 16 avqust 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğvi və s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-1794/2024 saylı, 16 avqust 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməsi və iddiaçıya geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək onun ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd edilən işin inzibati icraat qaydasında baxılmalı olduğunu qeyd etsə də, nəzərə almamışdır ki, əmrin ləğvi tələbinə dair iddialara mülki icraat qaydasında baxılır. Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, iddiaçı məhkəməyə vəsatət ünvanlayaraq şikayətə şifahi icraat qaydasında baxılmasını xahiş etmişdir. Kollegiya hazırki iş üzrə şikayətə şifahi icraat qaydasında baxılmasına dair hər hansı xüsusi zərurət görmədiyindən vəsatətin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Səbail Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbulundan imtina edərkən mövqeyinin hüquqi əsası kimi Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə (ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması) istinad etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, inzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşaiyyət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Hazırki iddia tələbi də predmet və subyekt tərkibinə görə inzibati xarakterli olduğundan hazırki iddia tələbinə ümumi məhkəmədə baxıla bilməz. Mülki prosessual qanunvericilik mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 153.2.1-ci maddəsində “ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin təsir dairəsinə düşür. Qeyd olunanlar kontekstində kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul etməkdən imtina etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1794/2024 nömrəli, 16 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Günay Axundova Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(103)-5794/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5794/2024
02.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver