Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5795/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qərardadından İddiaçı səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianın təmin tədbiri barədə məhkəməyə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, iddianın təmin tədbiri qismində, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qərardadı ilə İddiaçı «iddianın təmini tədbirinə dair» ərizəsi təmin edilməmişdir. İddiaçı səlahiyyətli nümayəndəsi-vəkili X1 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2500/2021 saylı, 19 fevral 2021-ci il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdeh kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2500/2021 saylı, 19 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki-Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyrimümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Ona görə də, iddianı təmin tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların, mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Prosessual qanunvericiliyin sadalanan müddəalarının mənasına əsasən, məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. Belə qadağa yalnız elə hərəkətlər barədə edilməlidir ki, onların görülməsi gələcəkdə qəbul ediləcək qətnamənin icrasını çətinləşdirsin və ya qeyri-mümkün etsin. Eyni zamanda qeyd olunan tədbirlər tərəflərin və üçüncü şəxslərin qanunvericilikdən və ya müqavilədən, irəli gələn hüquqlarının qeyrimütənasib məhdudlaşdırılması ilə nəticələnməməli, habelə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasını əsassız dayandırmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddianın təmini tədbirinin tətbiq olunmasına dair zərurətin mövcudluğu iddiaçı tərəfindən verilmiş ərizədə kifayət qədər əsaslandırılmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400,405-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: İddiaçı səlahiyyətli nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2500/2021 saylı, 19 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5795/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5795/2021
24.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver