Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5795/2022 09.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçının barəsində cinayət təqibi həyata keçirilmiş, xx.xx.1999-cu il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 168-ci maddəsinin 2-ci hissəsi (1960-cı il redaksiyasında) ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkəmənin xx.xx.2001-ci il tarixli qərardadı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, daha sonra hökm ləğv edilmiş, əməlində cinayət tərkibi olmadığına görə xx.xx.2007-ci il tarixli qərarla cinayət işi üzrə icraata xitam verilmişdir. Nəticədə iddiaçı 2 il 2 ay 5 gün, yəni xx.xx.1999-cu ildən xx.xx.2001-ci ilədək əsassız olaraq azadlıqdan məhrum olmuşdur. O, azadlıqdan məhrum edildiyi tarixə, yəni xx.xx.1999-cu ilədək DİN Banditizm və Terrorizmlə Mübarizə Baş İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət etmiş, polis kapitanı olmuşdur. İddiaçının barəsində cinayət təqbinə bəraətverici əsaslarla xitam verilənə qədər, yəni xx.xx.2007-ci il tarixədək o, daxili işlər orqanına xidmətə bərpa olunmaq imkanından məhrum olmuşdur. Hazırda iddiaçı cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edir. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, maddi zərərin əvəzi kimi 142.532,5 manat, mənəvi zərərin əvəzi kimi 150.000 manat, cəmi 292.532,5 manat dövlət büdcəsinin hesabına cavabdeh tərəfindən iddiaçıya ödənilsin. Nərimanov RM-nin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, mənəvi zərərin əvəzi kimi 5.000 manat cavabdehin vasitəsilə dövlət büdcəsindən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Şikayət və izahatlar: Qətnamədən hər iki tərəf apellyasiya şikayəti verib. İddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Hazırda yalnız iddiaçının apellyasiya şikayətinə baxılır. Cavabdehin apellyasiya şikayətinin aid olduğu hissədə qətnamə bundan əvvəl apellyasiya qaydasında yoxlanılıb. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: Hazırda Nərimanov RM-nin qətnaməsinin bir hissəsi – maddi zərərin əvəzinin ödənilməsi barədə tələbin rədd edilməsinə aid olan hissəsi yoxlanılır. Belə ki, bundan əvvəl işə bir dəfə apellyasiya qaydasında baxılıb. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət olunub ki, qətnamə maddi zərərin əvəzinin ödənilməsi barədə tələbin rədd edilməsi hissəsində ləğv edilsin, həmin tələb qismən təmin olunsun, maddi zərərin əvəzi kimi 23.942,5 manat cavabdehin vasitəsilə dövlət büdcəsindən iddiaçının xeyrinə tutulsun, mənəvi zərərə aid hissədə qətnamə dəyişdirilsin, mənəvi zərərin əvəzi kimi tutulmalı olan pulun məbləği 26.000 manat müəyyən edilsin. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə qərara alınıb ki, qətnamə maddi zərərlə bağlı iddianın təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılsın, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılısn. Maddi zərərin əvəzinin ödənilməsi barədə tələbə aid hissədə yalnız iddiaçı apellyasiya şikayəti verib. Cavabdeh maddi zərərə aid hissədə qətnamədən apellyasiya şikayəti verməyib, çünki birinci instansiya məhkəməsi maddi zərərə aid hissədə tələbi rədd edib. İddiaçı maddi zərərin əvəzinin ödənilmsini tələb edərkən məhrum olduğu əmək haqqını həmin zərərin tərkibinə daxil edib. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 5-ci maddəsinin 1-ci bəndindən görünür ki, ödənilan ziyanın tərkibinə şəxsin məhrum olduğu əmək haqqı da daxildir. Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna (cild 2, iş v. 42) görə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışan əməkdaşın hazırkı əmək haqqının məbləği 915,00 manat təşkil edir. Əməkdaşın vəzifə maaşı 595,00 manat, xüsusi rütbə maaşı 146,00 manat, fasiləsiz xidmət illərinə görə əlavə 20% - 148,20 manat, məharət dərəcəsinə görə əlavə 15% - 75,74 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiya isə 64,00 manatdır. Belə olan halda iddiaçının əsassız azadlıqdan məhrum edildiyi 2 il 2 ay 5 gün üçün ona 23.942,5 manat (23.790 (26 ay üçün 26x915) + 152,5 (5 gün üçün)) məbləğində əmək haqqı maddi zərərin əvəzi kimi ödənilməlidir. Bundan əvvəl işə apellyasiya qaydasında baxılarkən maddi zərərin əvəzi kimi məhz həmin məbləğin - 23.942,5 manatın tutulması qət edilib. Ali Məhkəmə həmin hissədə qətnaməni ona görə ləğv edib ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının məhrum olduğu əmək haqqının həmin vəzifədə çalışan əməkdaşın hazırkı əmək haqqının miqdarı ilə tutulmalı olmasını qətnamədə əsaslandırmayıb. Ali Məhkəmə daha sonra qeyd edib ki, iddiaçının barəsində cinayət təqibinə 2007-ci ildə xitam verilib. İddiaçının hazırkı vaxta qədər nəyə görə bu iddianı verməməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən aydınlaşdırılmayıb. Belə olan halda 13 ildən sonra iddia verən iddiaçıya əvvəllər işlədiyi vəzifənin hazırkı əmək haqqına uyğun məbləğdə tutulması əsaslı sayıla bilməz. Məhkəmə Ali Məhkəmənin göstərişləri ilə bağlı aşağıdakıları qeyd edir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 6cı maddəsinin 2-ci hissəsinə görə, bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla müəyyən edilir. Lakin bu maddədə “dövrdə əldə edilməmiş gəlir” deyiləndə gəlirin 20 əvvəl mövcud olmuş əmək haqqının miqdarına əsasən hesablanması nəzərdə tutulmur. Əgər itirilmiş gəlir xx.xx.1999-cu ildən xx.xx.2001-ci ilədək mövcud olmuş əmək haqqının miqdarına əsasən hesablansa, bu, zərərin anlayışına uyğun gəlməyəcək (Mülki Məcəllə, maddə 21.2). Hazırkı iddiada əmək haqqı deyil, zərərin əvəzinin ödənilməsi tələb olunub. Zərər əmək haqqının miqdarına əsasən müəyyənləşdirilir, lakin bu, həmin tələbi əmək haqqı tələbi kimi qiymətləndirməyə əsas vermir. Zərərin əvəzi kimi ödənilən məbləğ pozulmuş hüququn bərpasını təmin etməlidir. Əgər itirilmiş gəlirin (zərərin) əvəzi kimi ödəniləcək məbləğ xx.xx.1999-cu ildən xx.xx.2001-ci ilədək mövcud olmuş əmək haqqının miqdarına əsasən hesablansa, bu, pozulmuş hüququn bərpasına imkan verməyəcək. Çünki əmək haqqı ehtiyacların ödənilməsi üçün xərclənir. xx.xx.1999-cu ildən xx.xx.2001-ci ilədək olan dövrdəki əmək haqqının miqdarı ilə həmin dövrdəki ehtiyacların (istehlak mallarının əldə edilməsi və s.) ödənilməsi mümkün idi, hazırkı dövrdəki eyni ehtiyacların ödənilməsi üçün daha çox məbləğ tələb olunur. Ona görə də bu kimi mübahisələrdə itirilmiş gəlirin (zərərin) əvəzi kimi ödəniləcək məbləğ hazırda mövcud olan əmək haqqının miqdarına əsasən hesablanmalıdır. Məhkəməyə hansı zamanda müraciət ediləcəyini müəyyənləşdirmək iddiaçının hüququdur. Əgər iddiaçı tələbin irəli sürülməsi üçün iddia müddətini ötürübsə, bu halda əks tərəf iddia müddətinin tətbiqi barədə ərizə verə bilər. Məhkəmə iddiaçının hazırkı iddianı nəyə görə cinayət işi üzrə icraata xitam verildikdən (2007-ci ildən) 13 il sonra (2020-ci ildə) verdiyini aydınlaşdırmalı deyil, çünki bunun hüquqi əhəmiyyəti yoxdur. Bundan başqa, mənəvi zərərin əvəzi kimi 26.000 manat tutulması qət olunub, bu nəticə Ali Məhkəmə tərəfindən dəyişdirilmədən saxlanılıb. Ali Məhkəmə qeyd edib ki, bu miqdar qanuni olmaqla yanaşı, ağlabatan və ədalətlidir. Lakin Ali Məhkəmə mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbin nəyə görə 13 ildən sonra irəli sürülməsinin aydınlaşdırılmalı olmasını, habelə mənəvi zərərin əvəzinin xx.xx.1999-cu ildən xx.xx.2001ci ilədək məhkəmə təcrübəsində mövcud olmuş qaydalara əsasən müəyyən edilməli olduğunu qeyd etməyib. Mənəvi zərərin əvəzinin hazırkı standartlara əsasən, maddi zərərin əvəzinin isə 20 il əvvəl mövcud olmuş əmək haqqının miqdarına əsasən müəyyən edilməsi ədalətli yanaşma deyil, çünki iddiaçı eyni dövrdə maddi-mənəvi zərərə məruz qalıb. Beləliklə, Nərimanov RM-nin xx.xx.2021-ci il tarixli qətnaməsi maddi zərərin əvəzinin ödənilməsi barədə tələbin rədd edilməsinə aid hissədə ləğv edilməli, həmin tələb qismən təmin olunmalı, maddi zərərin əvəzi kimi 23.942,5 manat tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi apellyasiya qaydasında yoxlanılan hissədə - maddi zərərin əvəzinin ödənilməsi barədə tələbin rədd edilməsinə aid hissədə ləğv edilsin. Maddi zərərin əvəzinin ödənilməsi barədə tələb qismən təmin olunsun. Maddi zərərin əvəzi kimi 23.942,5 (iyirmi üç min doquz yüz qırx iki tam onda beş) manat Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vasitəsilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı ödənilsin. Maddi zərərin əvəzinin ödənilməsi barədə tələbin qalan hissəsi təmin edilməsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5795/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5795/2022
09.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver