Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-58/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X13 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, X1, İddiaçı və onun vəkili X21, Cavabdeh nümayəndəsi-vəkili Vəkil2, Üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X26 nümayəndələri X4, Üçüncü şəxs Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X22, Üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X9, Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X10 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «ziyan və s.» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(009)-64/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: İddiaçı yaşadığı mənzil binanın 4-cü mərtəbəsində yerləşir və həmin binanın 1-ci mərtəbəsində cavabdehə məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsində “Pizza İnn” adlı restoranın mətbəxi fəaliyyət göstərir. İddiaçı iddia edir ki, həmin qeyriyaşayış sahəsinə məxsus mətbəxdə və kənarda quraşdırılmış soyuducu kameralar və digər avadanlıqlar yüksək səs-küyə və vibrasiyaya səbəb olur. İddiaçı 2 ilə yaxın müddətdir ki, öz mənzilində həmin səs-küy səbəbindən yaşaya bilmir. İddiaçı iddia edir ki, bu barədə müvafiq orqanlara müraciət etməsinə baxmayaraq məsələ öz həllini tapmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı «ziyan və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsində edilmiş layihə smetaya uyğun olmayan icazəsiz tikinti konstruktiv dəyişikliklərin bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılması, texniki normalara uyğun quraşdırılmayan, vibrasiya və səs-küy çirklənmələrinə səbəb olan texniki avadanlıqların və soyuducu kameraların istifadəsinin qadağan edilməsi, həmçinin dəymiş maddi ziyanın əvəzi olaraq 10.000 manat, xidmət haqqı üçün ödənilmiş 300 manat, mənəvi zərərin əvəzi olaraq 10.000 manat və 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı mənzil binanın 4-cü mərtəbəsində yerləşir və həmin binanın 1-ci mərtəbəsində cavabdehə məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsində “Pizza İnn” adlı restoran fəaliyyət göstərir. Həmin qeyri-yaşayış sahəsində heç bir texniki şərt, müvafiq icazə olmadan özbaşına quraşdırılmış soyuducu kameralar və digər avadanlıqlar yüksək səs-küyə və vibrasiyaya səbəb olur. İddiaçı 2 ilə yaxın müddətdir ki, öz mənzilində həmin səs-küy səbəbindən yaşaya bilmir. İddiaçı bu barədə müvafiq orqanlara müraciət etməsinə baxmayaraq məsələ öz həllini tapmamışdır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsində edilmiş layihə smetaya uyğun olmayan icazəsiz tikinti konstruktiv dəyişikliklərin bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılması, texniki normalara uyğun quraşdırılmayan, vibrasiya və səs-küy çirklənmələrinə səbəb olan texniki avadanlıqların və soyuducu kameraların istifadəsinin qadağan edilməsi, həmçinin dəymiş maddi ziyanın əvəzi olaraq 10.000 manat, xidmət haqqı üçün ödənilmiş 300 manat, mənəvi zərərin əvəzi olaraq 10.000 manat və 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(009)-64/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti texniki ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 manat vəsaitin İddiaçı tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X6, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 180 və 560-cı maddələri, Mənzil Məcəlləsinin 24 və 27-ci maddələri ilə əsaslandıraraq göstərmişdir ki, iddiaçının iddia tələbində qeyd etdiyi hallar öz təsdiqini tapmadığından iddia tələbi əsassız sayılmalı və təmin edilməməlidir. İddia tələbinin 10.000 manat maddi və 10.000 manat mənəvi ziyana görə pulun alınaraq ona verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia tələbinin bu hissəsi bilavasitə iddia tələbinin “cavabdehə məxsus qeyri-yaşayış sahəsində səs-küy, vibrasiya və elektromaqnit radiasiya çirklənməsinə səbəb olan texniki avadanlıqların istifadəsinin qadağan edilməsi” hissəsi ilə bağlı olduğundan və iddia tələbi qeyd olunan hissədə təmin edilmədiyindən tələb bu hissədə də əsassızdır və təmin olunmamalıdır. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumundan və 100 manat Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspert tədqiqatının dəyərindən ibarətdir. Məhkəmə hesab etmişdir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan və hazırkı iddia tələbi isə təmin olunmadığından, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməli, həmçinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 100 manat vəsait iddiaçıdan tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə keçirilmiş ekspertizalar səthi və qeyri-obyektivdi, həqiqətdə müəyyən olunan hallar sənədlərdə öz əksini tapmamışdır. Lakin əfsuslar olsun ki, məhkəmə bu haqda verdiyi qeydlərini nəzərə almamışdır. Həmçinin məhkəmə ekspertizasının 10/3920 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyi məhkəməyə daxil olduqda və icraat təzələndikdə o, vəsatət verərək əlavə ekspertizanın keçirilməsini xahiş etmişdir. Vəsatətdə xahişini əsaslandıraraq, “Pizza İnn” fəaliyyət göstərdiyi bütün yerin müəyyən olunması ilə yanaşı ünvanda olan bütün avadanlıqlarının texniki pasportlarına uyğun olaraq həmin avadanlıqların maksimal gücünün ölçülməsi məqsədilə onları işə salmaqla, onlara təkrar baxış keçirilməsini xahiş etmişdir. Çünki baxış zamanı onların istifadəsi zamanı texniki xüsusiyyətlərə uyğun olaraq tam gücü həddində çalışdırılmamışdır. Həmçinin ekspertin qarşısında sahədə olan avadınlaqlırın elektromaqnit şüaların verilməsi halları da öyrənilməsi haqqında sual qoyulmamışdır. Cavabdehə məxsus sahə tarixən yaşayış sahəsi olmuş, lakin naməlum şəraitdə və naməlum sənədlər əsasında mənzil qeyri-yaşayış sahəsinə çevirilmişdir. Orada bir sıra əsaslı kostruktiv dəyişikliklər aparılmış, ümumi 1 mərtəbəli mənzil qeyri-yaşayış sahəsinə çevirilərək müvafiq arakəsmələr yaradılaraq 2 mərtəbəli sahəyə çevirilmişdir. Məhz bu hallar da nə ekspert, nə də ki, işə baxan Məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Hesab edir ki, qanuna müvafiq qaydada işə baxan hakim tərəfindən yerində müayinə keçirilməli idi. Qətnamədə AR Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2021-ci il tarixli 04-22/7/514-2021 nömrəli cavab məktubuna əsaslandırılır. Halbuki, ekspertiza zamanı mənzilində keçirilmiş labarator müayinələr zamanı ölçmə cihazların göstərdiyi nəticələr ondan gizlədilmiş və yekunda xx.xx.2021-ci il tarixli, 36 nömrəli “Səs vəTitrəmənin Müayinə Protokolu”nda göstərilən nəticələr həqiqətə uyğun deyildi. Necə olur ki, ondakı olan proqram vasitəsilə mənzilində ölçü apararkən səs və vibrasiya nəticələri rəydə göstərilən nəticələrdən xeyli dərəcədə yüksəkdi? Həmçinin yuxarıda qeyd etdiyi kimi, cavabdehə məxsus olan sahədə neqativ hallara gətirib-çıxardan avadanlıqlar hansı güclə işlədilməsi belə müəyyən olunmamışdır. Burada sual yaranır, niyə bu ölçü işləri yalnız onun mənzilində aparılmışdı? Niyə narahatçılığına səbəb gətirən sahədə həmin işlər aprılmamışdı? Məgər sahədə çalışan işçilərin və ətrafda olan digər şəxslərin sağlamlığı və təhlükəsizliyinin qorunub-saxlanılması hamı üçün şamil olunmur?. Ancaq gördükləri kimi, sadə və primitiv qaydada, formal olaraq, tədqiqat aparılmış və nəticə etibarı ilə iddianın təmin olunmamasına səbəb olmuşdur. Lakin buna baxmayaraq, özünə məxsus və yeganə yaşayış yeri olan bu mənzildə onun həyatı yənə də rahat və təhlükəsiz olmayıb. Belə ki, onsuzda kiçik ölçüdə olan yaşayış otağında yaşaya, asudə və istirahət vaxtını normal qaydada keçirə bilmir. Onu narahat edən səs və vibrasiya həftənin bəzi günlərin gecə saatlarında olur. Bu da onu çox narahat edir. Bu da yolverilməzdir. Maraqlısı odur ki, nə məhkəməni, nə də AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertini cavabdehə məxsus olan sahənin iaşə obyektinin kimi istifadəsinə dair müvafiq icra hakimiyyəti orqanlarının müvafiq razılığın (icazənin) verilib-verilməməsi, eləcə də vaxtılə yaşayış sahəsi olan daşınmaz obyektin qeyri-yaşayış sahəsinə çevirilməsinin tarixçəsi və sairə kimi faktların möcvduluğu maraqlandırmayıb. Halbuki, hələ işdə iştirak edən AR Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin hər hansı bir sahənin iaşə obyekti kimi fəaliyyət göstərməsinə dair müvafiq razılıq verilməlidir. Bütün bunlar iddianın araşdırılmasını istiqamətini səhv yolla aparılmasına səbəb olmuşdur. Səs və titrəmənin müayinə protokolunda nəticələri müəyyən edən cihazların yararlıq sertifikatları, həmin cihazların istifadə olunan zaman yararlıq və lazımi keyfiyyətə malik olması belə hər hansı bir sənəddə qeyd olunmayıb. Bu da yuxarıda göstərdiyi qeyd və şübhələrini əsaslı edir. Bunda başqa mübahisə predmeti olan sahəyə baxış keçirilən zaman sahəyə aid olan bütün otaqlara baxış keçirilməmişdir. Buna səbəb isə cavabdehin eksperti və onları oraya buraxmaması səbəbi olmuşdur. Bu da yolverilməzdir. Sahəyə daxil olarkən nəinki qeyri-yaşayış sahəsinin mənzərəsi açılır, ümumiyyətlə nəhəng bir istehsalat müəssisəsinə, mini fabrikaya daxil olmasının şahidi olursan. Amma bütün bunlar nə eksperti, nə də işə baxan hakimi və epedimiologiya mərkəzinin mütəxəssisləri maraqlandırmamışdır. Yaşayış binlarında istehsalat müəssisələrinin yaradılması yol verilməzdir. Onlar yalnız yaşayış sahələrindən ayrıca bir yerdə yaradılmalıdı. Digər mülkiyyətçilərin narahatçılığına gətirib-çıxartmalı deyildir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X26 nümayəndələri X11 izahat verərək tərəflərindən məhkəmə kollegiyasının iştirakı ilə xx.xx.2023-cü il tarixdə tədqiqat olunan obyektdə ölçmə işləri aparıldığını və şikayət olunan avadanlıqların hamısının söndürülmüş halında iddiaçının mənzilində qonaq otağında vibrasiya 67 DB, yataq otağında 69 DB (yol verilən səviyyə 77 DB), daimi səsin orta səviyyəsi qonaq otağında 32 dBA, yataq otağında 33 dBA (yol verilən səviyyə 40 dBA)-dır. Avadanlıqların işlək halında isə, mənzilin qonaq otağında vibrasiya 69 DB, yataq otağında 70 DB, daimi səsin orta səviyyəsi qonaq otağında 34 dBA, yataq otağında 37 dBA olduğunun müəyyən olunduğunu, qeyd olunan rəqəmlərin norma daxilində olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X22 izahat verərək xx.xx.2022ci il tarixdə məhkəmə kollegiyasının iştirakı ilə yerli müayinə iclası zamanı onun iştirakı ilə “Pizza İNN” ictimai iaşə obyektinə baxış keçirildiyini, baxış zamanı qida obyektinin əsas sahəsində havalandırma sisteminin, soyuducu kameranın, pizza sobasının və kondisonerin təchiz olunduğu, yardımçı sahələrdə soyuducu, soyuducu kameraların və su filtrasiyası qurğusunun təchiz olunduğu, avadanlıqlardan soyuducu, dondurucu kameralar və kondisonerlər olduğunun tərəfindən müşahidə edildiyini göstərmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X19 izahat verərək göstərmişdir ki, iddiaçı səs-küyün və titrəmənin səviyəssinin ölçülməsi evdənkənar hissələrdə onların səlahiyyətlərinə aiddir. Lakin iddiaçı həmin ölçülmə işlərinin aparılmasına razılıq vermədiyindən tədqiqat aparılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X20 izahat verərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə məhkəmə kollegiyasının iştirakı ilə yerli müayinə iclası zamanı tədqiqat obyektinə baxış keçirilən zaman iddiaçı tərəfin iddia etdiyi bütün ərazilərə, qapıların açılmadığı iddia edilən bütün otaqlara baxış keçirilmiş və avadanlıqdan həm işlək, həm də söndürülmüş vəziyyətdə iddiaçının evində mütəxəssislər tərəfindən ölçmə işləri aparılmış və iddiaçının evində olan səs-küyün və vibrasiyanın norma daxilində olduğu müəyyən edilmişdir. Qeyriyaşayış sahəsində manqal, soyuducu, havadartan və xəmirqarışdıran avadanlıqların olduğu, mətbəxin zirzəmisində su matoru, mətbəxdən kənardan yuxarı qalxarkən ikinci mərtəbədə havatəmizləyən qurğunun mühərrikinin olduğunu, mətbəxin və “Pizza İNN” restoranının havalandırılması məqsədilə quraşdırılmış boruların binanın üzərindən çölə çıxdığını və başqa bir avadanlıqların olmadığını təsdiq etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin bütövlükdə yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Mənzil Məcəlləsi: 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. 27.1-ci maddəsinə əsasən bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. 27.5-ci maddəsinə əsasən yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllə: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının iddiasına görə iddiaçı yaşadığı binanın İ mərtəbəsində cavabdehə məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsində fəaliyyət göstərək “Pizza İnn” adlı restoran sahəsində heç bir texniki şərt, müvafiq icazə olmadan özbaşına quraşdırılmış soyuducu kameralar və digər avadanlıqlar yüksək səs-küyə və vibrasiyaya səbəb olduğu üçün, o, öz mənzilində həmin səs-küy səbəbindən yaşaya bilməməsini göstərərək ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsində edilmiş layihə smetaya uyğun olmayan icazəsiz tikinti konstruktiv dəyişikliklərin bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılması, texniki normalara uyğun quraşdırılmayan vibrasiya və səs-küy çirklənmələrinə səbəb olan texniki avadanlıqların və soyuducu kameraların istifadəsinin qadağan edilməsini iddia etmişdir. Brinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/3920 №- li rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə aid texniki pasportun məlumatları ilə faktiki vəziyyət müqayisə olduğu zaman əlavə tikililərin olmadığı və texniki pasportun məlumatlarına uyğun olduğu müəyyən edilmişdir. Rəydə eyni zamanda qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi 21 ünvanda yerləşən qeyriyaşayış sahəsinə aid xolodilnik və kondisionerlərin kompressor, radiatorları və havalandırma sistemi ümumi həyətin daxilindən quraşdırılmasına baxmayaraq iddiaçının mənzilindən istifadə imkanlarına məhdudiyyət yaratmadığı müəyyən edilmişdir. Həmçinin iş materiallarında olan Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemioloji Mərkəzi” X33 xx.xx.2021-ci il tarixli rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi 21 ünvanda yerləşən qeyri-yaşayış sahəsində yerləşən “Pizza İnn” restoranında soyuducu kameralar binanın zirzəmi mərtəbəsində yerləşir. İddiaçı yaşadığı mənzilin yataq otağında səsin səviyyəsi 39,6 DBA (norma 40 DBA), vibrasiyanın səviyyədi 62 DB (norma 77 DB), qonaq otağında səsin səviyyəsi 38,1 DBA (norma 40 DBA), vibrasiyanın səviyyəsi 70 DB (norma 77 DB) olmuşdur. Birinci instansiya məhkəməsi göstərilən rəylərə əsaslanaraq iddiaçının iddia tələbində qeyd etdiyi hallar öz təsdiqini tapmadığından iddia tələbinin əsassız olması nəticəsinə gəlmişdir. İddiaçı apellyasiya şikayətində iş üzrə keçirilmiş ekspertizaların səthi və qeyriobyektiv olmasını və birinci instansiya məhkəməsinin onun təkrar ekspertiza vəsatətinin təmin edilməsinin qanunsuz olmasını göstərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6895/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, xx.xx.2022-ci ildə cavabdeh tərəfin tədqiqat obyektinə baxış keçirilməsi üçün qeyri-yaşayış sahəsinə buraxmaması əsası ilə ekspertizanın keçirilməsindən imtina edilmişdir. Qərardad icra olunması üçün Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş, xx.xx.2022-ci il tarixdə 10/1076 saylı ekspert rəyi verilmişdir. Həmin rəydən müəyyən edilir ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin daxilində olan soyducular Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci tarixli texniki pasportun sərhədləri daxilində və həmin qeyri-yaşayış sahəsinə aid avadanlıqlar (havalandırma) texniki pasportun sərhədlərindən kənarda yerləşdiyi müəyyən olunmuşdur. Eləcə də, həmin texniki avadanlıqların iddiaçıya məxsus yaşayış evinə birləşən ventilyasiya və şaxta bacalarına qoşulması müəyyən olunmamışdır. ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə aid texniki avadanlıqlar (soyuducular, kondisionerlər, radiator, havalandırma sistemi və mövcud olan digər avadanlıqlar) işlək vəziyyətdə tam gücü ilə yoxlanılaraq iddiaçıya məxsus olan yaşayış sahəsinə gətirə biləcək mənfi təsir göstərib-göstərməməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X26 xx.xx.2022-ci il tarixli xx-xx/2003- 2022 saylı məktubunda cavablandırılmadığı üçün qərardadın birinci və ikinci sualının ikinci səviyyəsi üzrə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X26 xx.xx.2022-ci il tarixli xx-xx/2003-2022 saylı məktubundan görünür ki, İddiaçı Anatoliyevnanın mənzilində səs-küy və vibrasiyanın ölçülməsi barədə "Respublika Gigiyena və Eptdemiologiya Mərkəzi" PHŞ-nə daxil olmuş xx.xx.2022-ci il tarixli iş №2(103)-315/2022 saylı məktub mütəxəssislər tərəfindən yerində araşdırılmışdır. Məktubda göstərilən zamanda xx.xx.2021-ci il tarixli 2(103)-6895/2021 saylı qərardadın icrası ilə əlaqər, mütəxəssislər tərəfindən İddiaçı mənzilində səs-küyün ölçülməsi məqsədi ilə, onun mənzilinə gedilmiş, lakin iddiaçı qərardadın icrasına şərait yaratmamış, ölçmələrin aparılması üçün mənzilin qapısını açmamışdır. Mənzildən kənarda, giriş hissədə ölçmələrin aparılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarının icrasının təmin edilməsi barədə 13 fevral 2009-cu il tarixli 52 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq, yaşayış evlərinə bitişik ərazilərinə nəzarət Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə olunub və Səhiyyə Nazirliyinin səlahiyyətləri çərçivəsində deyil. Göstərilənləri nəzərə alaraq, ekspertizanın keçirilməsi mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-315/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, xx.xx.2022-ci ildə cavabdeh tərəfin tədqiqat obyektinə gəlməməsi əsası ilə ekspertizanın keçirilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü ildə İddiaçı və onun vəkili X21, Cavabdeh qardaşı X16, üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X26 nümayəndələri X4 və X5, üçüncü şəxs Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X14, üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X9, Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X10 iştirakları ilə ünvan 2 ünvanda yerləşən “Pizza İNN” qeyri-yaşayış sahəsinin mətbəxinin yerləşdiyi əraziyə ümumi həyətdən daxil olarkən girişin sol tərəfində iddiaçının iddia etdiyi aqreqatların yerləşdiyi yerin bağlı olduğu müəyyən edilmiş, məhkəmə kollegiyasının təkidi ilə qapı açılmış, həmin tikilinin daxilində hər hansı qurğunun və yaxud avadanlığın mövcud olmadığı müəyyən edilmişdir. Həmin tikilinin daxilində mobil aksesuarların və dəftərxana ləvazimatlarının olduğu müəyyən olunmuşdur. Daha sonra “Pizza İNN” qeyri-yaşayış sahəsinin mətbəxinə məhkəmə kollegiyası proses iştirakçıları və ekspertlə birlikdə daxil olmuş, həmin mətbəxdə manqal, soyuducu, havadartan və xəmirqarışdıran avadanlıqların olduğu müəyyən olunmuşdur. Mətbəxin zirzəmisində su matoru mövcud olmuş, mətbəxdən kənardan yuxarı qalxarkən ikinci mərtəbədə havatəmizləyən qurğunun mühərriki mövcud olmuş, mətbəxin və “Pizza İNN” restoranının havalandırılması məqsədilə quraşdırılmış boruların binanın üzərindən çölə çıxdığı müəyyən olunmuşdur. Həmin boruların binanın şaxtasına birləşməsi müşahidə olunmamışdır. Həmin texniki avadanlıqlar əvvəlcə işlək vəziyyətdə, daha sonra söndürülmüş vəziyyətdə iddiaçıya məxsus mənzildə vibrasiya və titrəmə mütəxəssislər tərəfindən xüsusi vasitələrlə ölçülmüşdür. Tədqiqat obyektinin yerində müayinəsinin nəticəsi olaraq təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X26 xx.xx.2023-cü il tarixli 04-16/206-2023 saylı məktubundan görünür ki, şikayət olunan avadanlıqların hamısının sönülü halında iddiaçının mənzilində qonaq otağında vibrasiya 67 DB, yataq otağında 69 DB (yol verilən səviyyə 77 DB), daimi səsin orta səviyyəsi qonaq otağında 32 dBA, yataq otağında 33 dBA (yol verilən səviyyə 40 dBA)-dır. Avadanlıqların işlək halında isə, mənzilin qonaq otağında vibrasiya 69 DB, yataq otağında 70 DB, daimi səsin orta səviyyəsi qonaq otağında 34 dBA, yataq otağında 37 dBA-dır. Məhkəmə kollegiyasının sorğusuna əsasən əldə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********95 saylı məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi haqqında məlumat verilməsi barədə sorğuya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, X15 məxsus olmuş ümumi sahəsi 163.7 kv.m təşkil edən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi onunla X17 və Cavabdeh arasında bağlanmış 54 saylı NO-nun 4ə-326 reyestr nömrəli, xx.xx.2020- ci il tarixli alğı-satqı müqaviləsinə əsasən hər birinə ü/s-81.85 kv.m olmaqla ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış əsasında X8, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış ilə Cavabdeh adlarına qeydiyyata alınmışdır və hazırda mülkiyyətlərindədir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, İddiaçı və onun vəkili X21, Cavabdeh qardaşı X2, üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X26 nümayəndələri X4 və X5, üçüncü şəxs Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X14, üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X9, Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X10 iştirakları ilə xx.xx.2023-cü ildə yerində müayinə zamanı “Pizza İnn” fəaliyyət göstərdiyi bütün yerlər müəyyən olunaraq ilə yanaşı ünvanda olan bütün avadanlıqlarının maksimal gücünün ölçülməsi məqsədilə onları işə salmaqla, onlara təkrar baxış keçirilməsi, həmin texniki avadanlıqlar əvvəlcə işlək vəziyyətdə, daha sonra söndürülmüş vəziyyətdə iddiaçıya məxsus mənzildə vibrasiya və titrəmə mütəxəssislər tərəfindən xüsusi vasitələrlə ölçülməsi zamanı səsin orta səviyyəsinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən istifadə edilən sözügedən avadanlıqlar istər işlək, istərsə də söndürülmüş vəziyyətdə iddiaçını heç bir formada narahat etmir və etməsi də mümkünsüzdür. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən iddiaçının yaşadığı mənzil binanın 4-cü mərtəbəsində, “Pizza İnn” adlı restoranın mətbəxi isə birinci mərtəbədə yerləşir və həmin binanın 1-ci mərtəbəsində fəaliyyət göstərməsini, başqa sözlə sahələr arasındakı az olmayan məsafəni də nəzərə alır. Belə olan halda isə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “cavabdehə məxsus qeyri-yaşayış sahəsində səs-küy, vibrasiya və elektromaqnit radiasiya çirklənməsinə səbəb olan texniki avadanlıqların istifadəsinin qadağan edilməsi” hissəsinin əsassız olması və iddianın bu hissəsinin əsassız olması ilə İddia tələbinin 10.000 manat maddi və 10.000 manat mənəvi ziyana görə pulun alınaraq iddiaçıya verilməsi hissəsinin də əsassız olmasına dair gəldiyi nəticəni qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası daha sonra həm iddia tələbinin, həm də apellyasiya şikayətinin ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsində edilmiş layihə smetaya uyğun olmayan icazəsiz tikinti konstruktiv dəyişikliklərin bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılması ilə bağlı dəlillərinə qiymət verərək qeyd edir ki, işə irəli surülmuş tələblər üzrə baxaraq qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqeylərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Beləliklə də göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hüquq və mənafeyini pozan hərəkətlərin mövcudluğu öz təsdiqini tapmadığı üçün cavabdehin istifasində olan tikinti və sahələrə dair hər hansı formada iddia qaldırmağa iddiaçının subyektiv hüququ olmamışdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı qərar qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Bundan başqa apellyasiya məhkəməsinin icraatı zamanı keçirilən ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul iddiaçıdan alınaraq dövlət büdcəsi hesabına köçürülməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(009)-64/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul iddiaçıdan alınaraq dövlət büdcəsi hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Sabit Bəhrəmzadə Vahid Sadıqov