Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5801/2022 13.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Abbaslı Əsgər Əbülfət oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil3, Cavabdeh2, Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-589/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 və Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil1 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Yevlax rayon X1 bölməsinin 27 yanvar 2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh2 və Cavabdeh1 əməllərində dələduzluq cinayətinin tərkibi olmadığından cinayət içinin başlanması rədd edilmişdir. İddiaçı tərəfindən xx.xx.2014-cü il tarixdə 78256,14 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə isə 46505,86 ABŞ dolları ödəniş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 53061 ABŞ dolları və 17760 manat məbləğdə pul vəsaitinin, 15918 ABŞ dolları məbləğində faiz məbləğinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə 2014-cü ilin əvvəlində Bakı şəhərində tanış olmuşdur. Cavabdehlər ona Rusiya Federasiyasından topdan şin gətirib satdıqlarını bildirmişlər və ona “gəl səndə pul qoy Rusiya Federasiyasından topdan şin gətirək, sənin də xeyrin olsun” bildirmişlər. O, cavabdehlərin bu təklifi ilə razılaşmışdır və 2014-cü ildə Ukrayna Respublikasından cavabdehlərin şin aldıqları Rusiya Federasiyasında yerləşən şirkətin hesabına köçürmə yolu ilə 174316 ABŞ dolları pul köçürmüşdür. Cavabdehlər pulunu iki ay müddətinə qaytaracaqlarını və bu işdən onunda xeyrinin olacağını bildirmişlər. Təxminən iki ay sonra cavabdehlərdən bir xəbər çıxmadığından onlarla görüşərək pulunu geri tələb etmişdir. Cavabdeh2 şinləri gətirdiklərini, lakin şinləri paylamadıqlarını, şinləri payladıqdan sonra pulunu ödəyəcəklərini bildirmişlər. Bir neçə ay sonra pulu qaytırılmadığına görə yenidən cavabdehlərlə görüşərək pulunun dərhal ödənilməsini onlardan tələb etmişdir. Cavabdehlər pulunun müəyyən hissəsini hissə-hissə ona qaytarsalar da, pulunu tam həcmdə qaytarmamışlar. Cavabdehlər onu aldadaraq pulunu ödəmədiklərinə görə onlar barəsində şikayəti ərizəsi ilə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Qeyd olunan ərizəsi əsasında Yevlax rayon X1 Bölməsində araşdırma aparılmış və həmin araşdırma nəticəsində “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 27 yanvar 2020-ci il tarixli qərar qəbul edilərək ona mülki qaydada məhkəməyə müraciət etməyi izah olunmuşdur. Həmin qərarla müəyyən edilmişdir ki, 2014-cü il tarixdə o, Cavabdeh1 və Cavabdeh2 ilə şifahi razılıq əsasında qazanc əldə etmək məqsədi ilə şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, həmin vaxt o, Ukrayna Respublikasından Rusiya Federasiyasında yerləşən şirkətin balansına 174316 ABŞ dolları pul göndərmiş, həmin şirkətin Azərbaycan Respublikasına göndərdiyi avtomobil təkərlərini və yağları Cavabdeh1 və Cavabdeh2 qəbul etmişlər. Cavabdeh1 və Cavabdeh2 pulunun müəyyən hissəsini ödəmiş, onların ona 53061 ABŞ dolları və 17760 manat borcu qalmışdır. Göründüyü kimi cavabdehlərin yuxarıda qeyd olunan hərəkətləri nəticəsində ona maddi zərər vurulmuşdur. Eyni zamanda qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 pulunun qaytarılmasını gecikdirdikləri üçün, qaytarılmamış 53061 ABŞ dolları məbləğin illik beş faizini ödəməyə borcludurlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 altı ildən artıq müddətdir ki, 53061 ABŞ dolları məbləğində pulunu qaytarmadıqlarına görə, qanunvericiliyə əsasən 53061 ABŞ dolları məbləğə altı il müddətinə illik beş faiz hesablanmaqla, ümumilikdə ona 15918 ABŞ dolları məbləğində faiz ödəməlidirlər. Cavabdeh1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mülki işin faktiki halları ondan ibarətdir ki, o və digər Cavabdeh2 iş birliyi quraraq Çin Xalq Respublikası və Rusiya Federasiyasından yük və minik avtomobilləri üçün avtomobil şinləri gətirərək onun Azərbaycan Respublikasında satışı ilə məşğul olmuşlar. 2014-cü ilin əvvəllərində hazırki iş üzrə iddiaçı onlardan mütəmadi olaraq avtomobil şinləri alıb 15-20 manat aldığından baha qiymətə öz müştərilərinə satırmış. İddiaçı onların ofisə tez-tez gələrək onların avtomobil şinlərinin satışı ilə məşğul olurmuş. O, münasibətlərinin yaranması ilə əlaqədar olaraq ona İspaniyadan avtomobil yağlarını gətirib Azərbaycan Respublikasında satışını təşkil etmək təklifini vermişdir. Vüqar onunla razılaşıb lazım olan pulu köçürmüşdür. Aralarında olan razılığa görə Respublikaya gətiriləcək malın gömrük və yol xərcləri o və Cavabdeh2 tərəfindən ödənilməli imiş. Şərikli fəailiyyətlərindən gəlir əldə edirmişlər. 2014-cü ilin noyabr ayında Rusiya Federasiyasında infilyasiya olduğu üçün o, Vüqar və Zahidə təklif etmişdir ki, Rusiya Federasiyası və Çin Xalq Respublikasından avtomobl şinləri gətirib satsalar yaxşı gəlir əldə edə bilərlər. Razılığa əsasən Vüqar 135700 manat pulu Rusiya Federasiyasında fəaliyyət göstərən şirkətin hesabına köçürmüş, o və Zahid isə alınmış avtomobil şinlərini avtomobillərlə konteynerlərlə yol və gömrük xərclərini ödəyib Bakı şəhərinə gətirmişlər. Əvvəlcədən olan razılığa görə avtomobil şinlərinin satışından əldə olununan gəlir 3 yerə bölünməli imiş. Vüqar avtomobil yağına və şinlərə ödənilən pulların ona hesabatını verir və o da onların öz dəftərində qeydiyyatını apararaq ona imza etdirirmiş. Çünki köçürülən pullar manatla Banka ödənildikdən sonra Bank avro, dollar və rublla konvertasiya edib ödəniş əməliyyatı aparırmış. Onlar gətirilmiş hər avtomobil şininin satışından əldə olunan gəlirin 5 manatını daxildə yaranacaq anbarda saxlama, fəhlə və daşınma xərclərini nəzərə alaraq 3 yerə böldükdə hər birinə 15 manat gəlir hesablamışlar. 2015-ci ilin əvvəllərində Azərbaycanda da gözlənilmədən infilyasiya baş vermişdir. Buna görə Vüqar onlara narazılıq edib manatın hər gün dəyərdən düşdüyü barədə narahatçılıqla söz-söhbət yaratmışdır. O, Zahiddən dostlarını qəbul etməsi bəhanəsi ilə işlədikləri ofisin açarlarını alıb şərikli ticarət fəaliyyəti ilə bağlı qeydiyyat apardığı dəftəri götürmüş və o, iddiaçıdan bu barədə soruşanda xəbəri olmadığını söyləmişdir. İnfilyasiya ilə bağlı bazarda avtomobil şinlərinin şatışında durğunluq yaranmışdır. Vüqar yaranmış vəziyyətlə razılaşmayıb onlardan Azərbaycan Respublikası DTX-ya şikayət etmişdir. Vüqar həmin idarədə yaxın dostlarının olduğunu bildirirmiş. Onu və Zahidi Azərbaycan Respublikası DTX-ə çağırmışlar. Onlar orada bildirmişlər ki, şərikli avtomobil şinləri gətirib gəlir əldə etmişlər. İddiaçı həmin şərikli ticarətə 135700 manat, o və Cavabdeh2 isə birlikdə 120000 manat pul qoymuşlar. Vüqar hər gün onlardan pul istədiyi üçün avtomobil şinlərini dəyərdəyməzinə satıb ona verirmişlər. Buna görə o və Zahid ziyan etmişlər. Satılan avtomobil şinlərindən Vüqar pul qazanırmış. Onlar razılaşıb avtomobil şinlərini və avtomobil yağlarını iddiaçının qalan pulu əvəzində ona vermişlər. Bunu DTX əməkdaşlarının göstərişi ilə etmişlər. Sonra 20-30 gün ərzində iddiaçıya 14300 manat pul vermişlər. Ümumilikdə onlar iddiaçıya 75300 manat pul ödəmiş olmuşlar. Bundan sonra iddiaçı onlara dollar kursu ilə bağlı onlarla heç bir söz-söhbət etməyəcəyinə söz vermişdir. O, iddiaçı ilə yaranmış problemlə bağlı keçirdiyi həyəcanlar nəticəsində şəkər xəstəliyinə tutulmuşdur. O, iddiaçının yaratdığı vəziyyətlə əlaqədar banklardan aldığı kreditin ödənişini gecikdirdiyi üçün bank ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və hal-hazırda qalıq borcu 40000 manat təşkil edir. O, vaxtında avtomobil şinlərini ucuz qiymətə satmasaymış bu cür şərait yaranmazmış. Nisyə satılmış avtomobil şinlərinin 30000 manata qədər ödənilməmiş pulunu da Zahid və o ödəmək məcburiyyətindədirlər. Bunun da səbəbkarı iddiaçıdır. Amma iddiaçıya verdikləri avtomobil şinləri və yağlarını o, sərfəli qiymətə sataraq mənfəət əldə etmişdir. Bundan əlavə o, onlarla hesablaşanda öz payına düşən gəliri də onlarda almışdır. Bütün bunlar azmış kimi iddiaçı onu xalası oğlu ilə hədələyirmiş. Bildirirmiş ki, xalası oğlu qanundan kənar belə işlərin həlli ilə məşğuldur. Bundan sonra iddiaçı ondan və Cavabdeh2 Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmişdir. Onu və Zahidi həmin idarəyə dəvət etmişlər və onlar orada izahat vermişlər. Məlum olmuşdur ki, iddiaçı onlardan manatın dollara nisbətdə kursunun dəyişməsi ilə bağlı yaranmış fərqi istəyir. Orada iddiaçıya izah olunmuşdur ki, şərikli mal gətirilib ticarətlə məşğul olmuşlar, verdiyi pulları həm nağd şəkilində, həm də avtomobil şinləri və avtomobil yağları ilə natura formada almışdır. Onu da qeyd etmək istəyir ki, iddiaçı ona nağd şəkildə pul verməyib. O, pulu RF-da fəaliyyət göstərən şirkətin hesabına köçürmüşdür. Onun iddiaçıya heç bir pul borcu yoxdur. Barələrində Azərbaycan Respublikası DİN-nin Yevlax RPŞ-ə iddiaçı tərəfindən verilən şikayət ərizəsi üzrə əməllərində cinayət tərkibi olmadığına görə 27 yanvar 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Onu da qeyd etmək istəyir ki, iddiaçı ilə aralarında heç bir borc münasibəti olmamışdır. Onlar şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. İddiaçı iddia ərizəsində qazanc əldə etmək məqsədi ilə şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqlarını etiraf etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 iddiaçının xeyrinə 49805 ABŞ dolları əsas, 14111,45 ABŞ dolları faiz borcu, cəmi 63916 ABŞ dolları borc və dövlət rüsumu olaraq ödənilmiş 22,10 AZN məbləğində pul müştərək qaydada tutulması, ödənilmiş dövlət rüsumunun 7,90 manatı iddiaçıya aid edilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, 171160 ABŞ dolları məbləğindən cavabdeh tərəfindən 54300 manat nağd şəkildə, 73018 (47050 manat təkər üçün və 25968 manat yağ üçün) manat isə mal şəklində, cəmi 127318 manat, yəni 121255 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Hazırda isə 49905 ABŞ dolları məbləğində pul iddiaçıya ödənilməmişdir. İddiaçı tərəfindən cavabdehlərlə birlikdə qazanc əldə etmək məqsədi ilə Rusiya Federasiyasında yerləşən şirkətin hesabına köçürülmüş 171160 ABŞ dolları məbləğində pulun iddiaçıya geri qaytarılmamış 49905 ABŞ dolları məbləğində hissəsi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisələndirilən hissədə iddia qaldırmaqda haqlıdır. Belə ki, cavabdehlər 2 aya iddiaçıya olan borclarını qaytaracaqlarını bildirsələr də, buna əməl etməmiş və bu səbəbdən iddiaçı 25 sentyabr 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəticədə cavabdehlər məhkəmədə iddia qaldırılan tarixə borclarını 5 il 8 ay gecikdirmişlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən 49905 ABŞ dolları məbləğində ödənilməmiş borcdan illik 5 faiz hesablanmaqla 14111,45 ABŞ dolları məbləğində faiz tutulmalıdır. Məhkəmə iddia tələbinin “cavabdehlərdən 17760 manat məbləğdə pul vəsaitinin tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı iddia tələbində göstərmişdir ki, o, cavabdehlərlə birlikdə göstərdiyi sahibkarlıq fəaliyyəti nəticəsində 17760 manat haqq, qazanc əldə etməli imiş, lakin cavabdehlər borcla birlikdə razılaşdırılmış qazanc məbləğini də ona qaytarmamışlar. İddiaçı iddia tələbini həmin hissədə əsaslandırmamış, o, göstərilən sahiblarlıq fəaliyyəti nəticəsində məhz bu qədər gəlir əldə edəcəyinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 14.2.6, 21.1, 21.2, 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1, 448.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Qətnamədən Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında Vüqarın imzası ilə imzalanmış, öz əl yazması ilə qeydlər aparmış hesabat vərəqləri var. Həmin hesabat vərəqlərində qeyd edilənlərə nəzər salınsa, Vüqara 157.760 manat məbləğində yarı avtomobil şinləri və nağd pul verməyi bəlli olur. Avtomobil şinlərinin bazar qiyməti 350-400 manatdır. Şinləri 300 manat dəyərində hesablayaraq Vüqara vermişdir. Belə ki, hesablama nəticəsi ilə Vüqarın Rusiya Federasiyasında fəaliyyət göstərən zavoda köçürdüyü məbləği və əlavə olaraq qazancın iddiaçıya verməsi və ona heç bir borcunun olmaması sübuta yetirilir. Qeyd etdiklərinə və İddiaçı ilə aralarında rəsmi müqavilənin bağlanmadığına, rəsmi borc sənədinin olmamasına baxmayaraq, onun tələbində qeyd edilənlərin əksinə Vüqara verilməli olan pulun bir hissəsi nağd şəkildə, bir hissəsini isə mal şəklində vermişdir. Lakin, qanuna zidd olaraq, şəxsən ona bilavasitə heç bir pul vermədiyi halda zavodun hesabına köçürdüyü məbləği dollar şəklində və əlavə olaraq faiz məbləğini ondan tələb edir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-589/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə qətnamə qəbul edərkən heç bir mötəbər sübuta istinad edtməmişdir. İddiaçı tərəfindən heç bir imza və möhürün olmadığı avtomobil şinlərinin və satılmış yağların qiymətlərini əks etdirən yazıların olduğu kağızlar məhkəməyə təqdim olunmuşdur. Bu kağızda olan yazıların kim tərəfindən, hansı şəraitdə, nə zaman icra olunması ilə bağlı sübut yoxdur. İddiaçı təqdim etdiyi həmin yazılar yalnız onun mənafeyinə və iddia tələbinə uyğun icra olunduğuna görə əsl həqiqəti əks etdirmir. Hesab edir ki, bununla əlaqədar mülki işin materialları əsasında məhkəmə mühasibarlıq ekspertizası keçirilməlidir. Bundan başqa iş materiallarında AMB X2.İnc-in məlumatına istinad edilmişdir. İddiaçı tərəfindən şirkətin hesabına xx.xx.2014-cü il tarixdə 78.256,14 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 46.505,86 ABŞ dolları və 46.398 ABŞ dolları olmaqla, cəmi 171.160 ABŞ dolları pul keçirildiyi qeyd olunmuşdur. Halbuki, AMB X2.İnc-in məlumatında xx.xx.2014-cü il tarixdə 78.256,14 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 46.505,86 ABŞ dolları pul vəsaitinin köçürüldüyü qeyd olunmuşdur. İddiaçının tələbi 174.316 ABŞ dolları ilə bağlı olduğu halda məhkəmə tələbi 171.160 ABŞ dolları kimi qəbul etmişdir. Halbu ki, bununla bağlı mütəxəssis rəyinə ehtiyac var idi. Bundan əlavə məhkəmə ödənilməmiş borcdan illik 5 faiz hesabalanmaqla 14.111,45 ABŞ dolları məbləğində faiz ödəməli olması barədə səhv qənaətə gəlmişdir. Əslində onlar şərikli biznes fəaliyyəti ilə məşqul olmuş, İddiaçı biznes fəaliyyəti ilə məşqul olub gəlir götürmək üçün RF-də olan şirkətin hesabına köçürdüyü pulun ona iki ay müddətinə qaytarılacağı barədə üzərlərinə heç bir öhdəlik götürməmişlər. İddiaçı dolların manata nisbətə məzənnəsi 0.78 manat olduğu zaman pul ödədiyi halda, məhkəmə dolların manata nisbətdə məzənnəsini 1.05 manat qəbul etməklə guya onların Vüqara borclarının olması qənaətinə gəlmişdir. Bundan başqa məhkəmə onların şərikli biznes fəaliyyəti ilə məşğul olmaqlarına baxmayaraq aralarındakı münasibəti kredit münasibəti kimi təhlil etmişdir. Əgər borc müqaviləsi ilə bağlı qanunvericilik normalarına istinad olunarsa İddiaçı iddia müddətini ötürmüşdür. Əgər iddiaçı borc vermişdirsə, onda nə üçün həm də 17.776 manat mənfəət tələb edirdi ? Məhkəmə bu hissədə iddianı təmin etməmişdir. Çünki həmin hissədə iddia təmin olunsa idi məhkəmə qəbul etmiş olardı ki, iddiaçı ilə aralarında olan münasibət kredit hüquq münasibəti deyil, şərikli biznes fəaliyyətindən yaranan münasibətdir ki, bu da şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərfındən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmin fəaliyyətlə məşğul olmaq üçün o, və Cavabdeh2 tərəfindən 120.000 manat yük daşıma və gömrük xərcləri çəkilmişdir. İddiaçılə aralarında kredit hüquq münasibətləri yaranmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 2(103)- 9722/2021 nömrəli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apelyasiya şikayətlərində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməlidir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Qətnamədən cavabdehlər kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2263/2022 nömrəli, 17 may 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9722/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiya məhkəməsinin mövqeyinə görə, işin halları ilə tərəflər arasında yaranan mübahisə şərikli iş faəliyyəti ilə bağlı olduğu üçün isə baxan məhkəmə bu fəaliyyət nəticəsində cavabdehlərin götürdüyü öhdəlikləri onlardan asılı olan səbəblərə görə icra edib etməməsini araşdırmalı və şərikli fəaliyyət nəticəsində bu fəaliyyəti aparan şəxslərin öz risklərinə görə məsuliyyət daşımalarını nəzərə almaqla işin hallarına qiymət verməli olduğu halda apellyasiya instansiyası məhkəməsi iddiaçının bu fəaliyyət nəticəsində Rusiya Federasiyasına 174.316 ABŞ dollar pul keçirdiyini, bu məbləğdən ona 127.318 manat pulun qaytarıldığını müəyyən etməklə cavabdehlərin qalan məbləği də qaytarmalı olmalarına dair birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu hal iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Apellyasiya instansiyası məhkəməsində təkrar baxış (hazırki icraat) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və Cavabdeh1 vəkilinümayəndəsi Vəkil1 apellyasiya şikayətlərinin dəlillərini ayrı-ayrılıqda müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Vəkil3 apellyasiya şikayətlərini qəbul etməyərək, şikayətlərin təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının “iddianın təmin edilmiş” hissəsində yenidən yoxlanılması təşkil edir. İddiaçı iddia tələblərinin təmin edilməyən hissəsindən apellyasiya şikayəti vermədiyindən, qətnamə bu hissədə yoxlanılmır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. - 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. - 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Mülki Məcəllənin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işguzar adətlərə və ya adətə irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3 əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün vəya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbləri rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətlərinin dəlilləri və kassasiya instansiya məhkəməsinin göstərişləri əsasında yenidən yoxlayaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə işin hallarına tərəflərin tələb və etirazlarının əsası kimi istinad edilmiş dəlillərə uyğun hüquqi qiymət verməmişdir. Halbuki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehlərlə birlikdə qazanc əldə etmək məqsədi ilə Rusiya Federasiyasında yerləşən şirkətin hesabına köçürülmüş 171160 ABŞ dolları məbləğində pulun iddiaçıya geri qaytarılmış 49905 ABŞ dolları məbləğində hissəsin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, tərəflər aralarında olan razılığa əsasən cavabehlər iddiaçı tərəfindən ödənilmiş pulu 2 aya qaytaracqlıranı dair öhdəlik götürmüş, lakin öhdəliklərini tam yerinə yetirməmişlər. İşin halları, o cümlədən iddiaçının verdiyi iddia ərizəsinin məzmunu ilə müəyyən edilir ki, tərəflər arasında 2014-cü ildə Rusiya Federasiyasından avtomobil şinlərinin və avtomobil yağlarının Azərbaycana gətirilməsi və həmin malları sataraq əldə edilmiş gəlirin bölüşdürülməsi ilə 2014-cü ildə şifahi razılıq bağlanmış və iddiaçı bu məqsədlə cavabdehlərin təklifi ilə Rusiya Federasiyasında yerləşən şirkətin hesabına 174.316 ABŞ dolları pul köçürülmüşdür. Eyni zamanda işin halları ilə müəyyən edilir ki, köçürülən 174.316 ABŞ dollarının müqabilində qeyd edilən mallar Azərbaycan Respublikasına gətirilmiş, gətirilmiş mallar vaxtında satılmadığı üçün tərəflər arasına hazırki iş üzrə mübahisə yaranmışdır. Bununla bağlı cavabdehlərin bildirdiklərindən də görünür ki, onlarla iddiaçı arasında həqiqətən də yuxarıda qeyd edilən məzmunda şərikli fəaliyyətlə bağlı 2014-cü ildə şifahi müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə iddiaçı Rusiya Federasiyasından malların gətirilməsi üçün tələb edilən məbləği köçürməli, onlar isə malların gömrük rəsmiləşdirilməsindən keçirilməsinin, anbarda saxlanılmasının xərclərini çəkməli, malların satışdan sonra çəkilmiş xərclər çıxıldıqdan sonra qalan gəlir üç yerə bölünməli idi. Qeyd edilən biznesə iddiaçı tərəfindən 135.700 manat, onlar tərəfindən isə 120.000 manat pul qoyulmuşdur. İşin materiallarından görünür ki, 2015-ci ilin əvvəllərində Azərbaycan Respublikasında infilasiya baş verdiyi üçün malların satışında müəyyən durğunluq yarandığından iddiaçı onlaradan müxtəlif orqanlara şikayət etmiş, bu şikayətlərin qarşısını almaq üçün malları dəyər dəyməzinə sataraq, iddiaçının şərikli fəaliyyətə qoyduğu pulun bir hissəsini nəğd şəkildə, bir hissəsini isə mal şəkilində sonuncuya ödəmişlər. İşin müəyyən edilmiş hallarından daha sonra görünür ki, cavabdehlər tərəfindən iddiaçıya nağd şəkildə 54300 manat, mal şəkilində 73018 manat olmaqla cəmi 127318 manat pul ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin halları ilə tərəflər arasında yaranan mübahisənin məhz şərikli iş faəliyyəti ilə bağlı olmasına diqqət yetirməyərək iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişlər. Belə ki, isə baxan məhkəmə bu fəaliyyət nəticəsində cavabdehlərin götürdüyü öhdəlikləri onlardan asılı olan səbəblərə görə icra edib-etməməsini araşdırmamış və şərikli fəaliyyət nəticəsində bu fəaliyyəti aparan şəxslərin öz risklərinə görə məsuliyyət daşımalarını nəzərə almamışdır. İşin araşdırılmış hallarından aydın görünür ki, tərəflər arasında borc münasibətləri deyil, şərikli sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlər mövcud idi. İddiaçı da iddia ərizəsində məhz qazanc əldə etmək məqsədi ilə şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarını etiraf etmişdir. İşin materiallarından görünür ki, iddiaçı cavabdehlərə şəxsən pul verməmiş, özü tərəfindən Rusiya Federasiyasında fəaliyyət göstərən zavoda pul köçürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən nəticəsi işin halları tam və obyektiv araşdırılmadan gəlinən nəticə kimi qiymətləndirilir. Belə ki birinci instansiya məhkəməsi iddiaçı tərəfindən 174.316 ABŞ dollar pul keçirdiyini, bu məbləğdən ona 127.318 manat pulun qaytarıldığını müəyyən etməklə cavabdehlərin qalan məbləği də qaytarmalı olmalarına dair nəticəyə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, cavabdehlərin götürdüyü öhdəlikləri onlardan asılı olan səbəblərə görə icra edə bilməməsinə və şərikli fəaliyyət nəticəsində bu fəaliyyəti aparan şəxslərin öz risklərinə görə məsuliyyət daşımalarına işin halları və iddiaçının məhkəməyə bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmaması baxımından düzgün hüquqi nəticə verməyərək, həmçinin tətbiq edilməli olan qanunu tətbiq etməyərək maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Bu da qətnamənin ləğvi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Kollegiya qeyd edir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməklə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-589/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbləri rədd olunmalıdır. Kollegiya hesab edir ki, apellyatorların ödədikləri dövlət rüsumların onların ayrıayrılıqda özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-589/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbləri rədd edilsin. Ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-5801/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5801/2022
13.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver