Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5804/2021 12.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı “xxxx” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Yasmal Rayon Məhkəməsinin 2(004)-2032/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh "Cavabdeh2” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC- yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1085 (min səksən beş) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat dövlət rüsumu, ümumilikdə, 1115 (min yüz on beş) manat tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasmal Rayon Məhkəməsinin 2(004)-2032/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 MMC-dən 1085 (min səksən beş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat, cəmi 1115 (min yüz on beş) manat müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin Cavabdeh2nə münasibətdə təmin edilmiş hissədə ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, guya Cavabdeh2 MMC-yə lazımı qaydada məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Halbuki cavabdeh “Cavabdeh2" MMC-nin bu işdən məlumatı olmamış, yalnız məhkəmənin e-2(004)- 2032/2021 saylı iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsini aldıqdan sonra ona məlum olmuşdur ki, iddiaçı “xxxx” ASC-nin ona qarşı iddia tələbi var. Daha sonra məhkəmə qeyd edir ki, “Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh1 “Cavabdeh2" MMC-də müqavilə əsasında fəaliyyət göstərmiş və həmin müəssisəsəyə məxsus “Hyundai Sonata” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə etmişdir”. Bu hissədə məhkəmə ciddi pozuntuya yol vermişdir. Belə ki, kifayət qədər araşdırma aparmamış məhkəmə yalnız Cavabdeh1 məhkəməni aldadaraq, ona verdiyi yalan ifadəyə əsaslanaraq belə bir qənaətə gəlmişdir. Əsl həqiqətdə isə Cavabdeh1 heç bir vaxt Cavabdeh2 MMC ilə əmək münasibətlərində olmamışdır. Belə ki, “Cavabdeh2" MMC ilə lizinq alan X5 arasında 36 ay müddətinə illik faiz dərəcəsi 26% olmaqla, 19 dekabr 2018-ci il tarixli № 1801/0531 saylı daxili lizinq müqaviləsi bağlanmışdır. 03 fevral 2020-ci il tarixində Elçin Xəlilov lizinq verən Cavabdeh2 şirkətinə müraciət edərək lizinq müqaviləsi üzrə öhdəliklərini icra edə bilmədiyinə görə müqavilə üzrə hüquq və öhdəliklərinin Cavabdeh1 keçirilməsini xahiş etmişdir. 03 fevral 2020-ci il tarixində hüquq və öhdəliklərin ötürülməsi haqqında 19 dekabr 2018-ci il tarixli №1801/0531 saylı daxili lizinq müqaviləsinə əlavə olaraq 3 tərəfli Saziş bağlanmışdır. Həmin sazişin şərtlərinə əsasən lizinq predmeti kimi çıxış edən 90- PZ-150 dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı minik avtomobili üzərində təyinatına uyğun olaraq sahiblik və istifadə hüququ lizinq müqaviləsi ilə nəzərdə tutulmuş həcmdə və şərtlərlə lizinq alan Cavabdeh1 verilmişdir. Həmin lizinq müqavilənin 3.3-cü bəndinə əsasən, təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində Lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti Lizinq alan daşıyır. Həmin lizinq müqavilənin 11.11-ci bəndinə əsasən, Yol-nəqliyyat hadisəsi baş verdikdə, lizinq obyekti və ya onun hissələri zədələndikdə (korlandıqda), tam məhv edildikdə, itirildikdə, talandıqda, oğurlandıqda Lizinq alan: 11.11.1 hadisə baş verdiyi andan 24 saat ərzində nəqliyyat vasitələrinin modelini, qeydiyyat nömrələrini, iştirakçıların ad, soyadını, əlaqə telefonlarını, sığoıla hadisəsi, yol-nəqliyyat hadisəsinin şahidlərini qeyd etməklə Lizinq verənə yazılı qaydada məlumat verməlidir; 11.11.2 Sığorta müqaviləsi və Sığortaçı tərəfindən müəyyən edilmiş Qaydalara uyğun olaraq Sığortaçıya məlumat verməlidir; 11.11.3. daxili işlər orqanlarına, DYP-yə bu hadisə barədə məlumat verməlidir; 11.11.4. Sığorta müqaviləsi və Sığortaçı tərəfindən müəyyən edilmiş Qaydaların şərtlərinə uyğun olaraq zəruri sənədlərin alınması üçün dərhal bütün tədbirləri görməlidir. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırırıq ki, 10.06.2020-ci il tarixdə lizinq verən Cavabdeh2 MMC tərəfindən lizinq alan Cavabdeh1 etibarnamə verilmişdir və həmin etibarnamə 1 ay müddətində, yəni 10.07.2020-ci il tarixədək qüvvədə olmuşdur. Yol nəqliyyat hadisəsi isə 16.06.2020-ci il tarixdə baş vermişdir. Demək ki, həmin tarixdə Emil Xankşiyevin avtomobili idarə etmək hüququ olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin və daxili lizinq müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 üçüncü şəxslərə vurduğu ziyana görə tam məsuliyyət daşıyır və onun törətdiyi əmələ görə “xxxx” MMC heç bir halda məsuliyyət daşımır. Məhkəmə iclasında iştirakı təmin edilmədiyindən qeyd etdiyi halların sübutlarını məhkəməyə təqdim etməkdən məhrum edilmişdir. Odur ki, həmin sübutları hal- hazırda apelyasiya şikayətinə əlavə edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 bildirdi ki, onlar lizinqverəndilər, işəgötürən deyillər. Sadəcə Cavabdeh1 məsuliyyətdən yayınmaq üçün guya onların işçisi olub deyə bir fikir atılıb, rayon məhkəməsi də buna əsaslanaraq qətnamə qəbul edib. Etibarnamə olub. Onlar etibarnaməsiz avtomobili təqdim etməmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 bildirdi ki, apellyasiya şikayətini tam əsassız hesab edirlər. Qarşı tərəfin iddia etdiyi kimi qətnamədə heç bir yerdə əmək müqaviləsi sözü yazılmayıb. Etibarnamə olmayıb, bunu polis də təsdiq edib. Amma sonradan necə olubsa, etibarnamə mövcud oldu. İşə baxılması vaxtı və yeri haqqında Cavabdeh1 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, Cavabdeh1 Cavabdeh2 MMC-də müqavilə əsasında fəaliyyət göstərmiş və həmin müəssisəsəyə məxsus "Hyundai Sonata" markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə etmişdir. 16.06.2020-ci il tarixdə həmin nəqliyyat vasitəsi ilə X4 məxsus olan "Mercedes Benz C180" markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, həmin hadisənin baş verməsində Cavabdeh1 təqsirli bilinərək inzibati qaydada tənbeh edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində "Mercedes Benz C180" markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilə 1480 manat maddi ziyan dəymişdir. PME ********** saylı sığorta müqaviləsinə və 19 oktyabr 2020-ci il tarixli İAS 201020 saylı Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən zərərçəkənə 1085 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı cavabdehlərə qarşı iddia irəli sürərək X4 ödəmiş olduğu 1085 manat sığorta ödənişinin subroqasiya qaydasında cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin və «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun yuxarıda göstərilən normalarının məzmunundan görünür ki, hazırki şəraitdə yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi həm də nəqliyyat vasitəsinin onu etibarnamə olmadan istismar etmiş şəxsin üzərinə düşür. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, məhkəmə iclasında yüksək təhlükə mənbəyi olan Cavabdeh2 MMC-yə məxsus "Hyundai Sonata" markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi zamanı sürücü Cavabdeh1 tərəfindən heç bir əsas olmadan idarə edilməsi sübuta yetirildiyindən, iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı subroqasiya qaydasında pul tələbi qanuni və əsaslı olduğundan 1085 (bir min səksən beş) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMCdən müştərək qayadada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, Cavabdeh2 MMC-nin apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın ona aid hissədə təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız iddiaçının şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalı, ancaq mübahisənin predmeti bölünməz olduğundan qətnamə tam yoxlanılr. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, məhkəmə Cavabdeh1 digər Cavabdeh2 MMC-nin işçisi olduğunu və sonuncunun mülkiyyətində olan "Hyundai Sonata" markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edərək yol nəqliyyat hadisəsi törətməklə zərər vurduğu üçün həmin mənbənin vurduğu zərərə görə subroqasiya tələbi üzrə cavabdehlərin müştərək məsuliyyət daşımaları qənaətinə gəlsə də bu nəticə düzgün olmamışdır. Çünki, Cavabdeh1 Cavabdeh2 MMCnin işçisi olduğu hər hansı bir sübutla öz təsdiqini tapmır. Cavabdeh1 qeyd olunan avtomobili etibarnaməsiz idarə etməsi isə hazırki iddianın əsaslılığına heç bir təsiri yoxdur. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1, 25.1.3-cü maddəsinə əsasən iddiaçı mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalı Cavabdeh2 MMC-yə və hadisə zamanı avtomobili “etibarnaməsiz” idarə edən Cavabdeh1 qarşı subroqasiya hüququ ilə sonuncunun icbari sığorta şəhadətnaməsində göstərilən avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi istismar etməsinə, Cavabdeh2 MMC-nin isə bunu bilməyə borclu olduğu halda iddia tələbi ilə məhkəməyə müraciət edə bilərdi. Lakin Cavabdeh1 qeyd olunan avtomobili etibarnamə olmadan idarə etsəydi belə onun avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Çünki, “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Qanunun məqsədi də bundan ibarətdir. Belə ki, sürücülük hüququ olmayan şəxsin avtomobili idarə etməsi təhlükəli hal olduğuna və sığorta hadisələrinin baş verməsi riskini artırdığına görə qanunverici bilərəkdən qeyd olunan əsası qanuna daxil etmişdir ki, həm sığortalılar sürücülük hüququ olmayan şəxslərə avtomobili idarə etmək üçün verməsinlər, həm də sonuncular belə bir hüquqları olmadan avtomobili idarə etməsinlər. Təsadüfü deyil ki, cinayət qanunvericiliyinə də sonradan əlavələr edilərək sürücülük hüququ olmadan yol nəqliyyat hadisələri törədən şəxslərin cinayət məsuliyyəti və cəza məsələləri sərtləşdirilərək fərdiləşdirilmişdir. Bu cür əsasın qanunda olması həm də sığorta şirkətlərini əsassız maliyyə itkisinə məruz qalmaq riskindən də qoruyur. Çünki, bu əsasın olmasına görə nəzəri və praktiki biliyi olmayan “sürücü”lərin hərəkətlərindən sığorta şirkətləri faktiki olaraq qanunla müdafiə olunurlar. Lakin sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə fərqli anlayışlarıdır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyil, yetər ki, etibarnamə olmadan avtomobili idarə edənin sürücülük hüququ(sürücülük vəsiqəsi) olsun. Etibarnamənin olmamasının sığorta şirkətlərinə, o cümlədən iddiaçıya aidiyyəti yoxdur. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanui əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də etibarnamə olmadan avtomobilin idarə edilməsi hələ onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyil. Etibarnamə olmadan avtomobilin idarə edilməsi daha çox inzibati hüququn məqsədlərinə xidmət edir. Buna görə də İnzibati Xətalar Məcəlləsində bu cür idarəetməyə görə məsuliyyət də müəyyən edilib. Lakin bu qadağaların sığorta şirkətlərinin mənafeyinə heç bir təsiri ola bilməz. Çünki, avtomobilin mülkiyyətçisi yaxud qanuni sahibi avtomobildə sərnişin kimi olarkən sürücülük hüququ olan digər şəxsin avtomobili idarə etməsi inzibati məsuliyyət yaratmır. Son vaxtlar mülki dövriyyəyə daxil olan “ayıq sürücü” xitməti əməkdaşlarını da buna aid etmək olar. Demək mülkiyyətçinin yaxud digər qanuni sahibin avtomobildə olub-olmamasının mülki məsuliyyətin icbari sığortası üçün heç bir əhəmiyyəti yoxdur. Çünki, sığorta münasibəti inzibati deyil, mülki hüquqi münasibətdir və mülki hüquq normaları ilə tənzimlənir. Yəni, mülki hüquqa görə avtomobil əşyadır və bu əşyanın istifadəyə verilməsi üçün tərəflər arasında istifadə müqaviləsi də bağlana bilər. Bunu onlara heç kimi qadağan edə bilməz. Hazırki işdə də qeyd olunan avtomobil mülkiyyətçi Cavabdeh2 MMC-nin razılığı, hətta apellyasiya baxışı zamanı təqdim etdiyi etibarnaməyə əsasən Cavabdeh1 tərəfindən etibarnamə əsasında idarə edilmişdir. Bunun üçün məcburi forma şərti müəyyən edilməmişdir. “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsinin məzmunu da bunu təsdiq edir. Göründüyü kimi, hazırki işdə də, avtomobil mülkiyyətçi Cavabdeh2 MMC-nin razılığı ilə Cavabdeh1 tərəfindən idarə edilməyə verilmişdir. Bununla əlaqədar onlar arasında hüquq və öhdəliklərin ötürülməsi haqqında lizinq müqaviləsinə əlavə-saziş bağlanmış və Cavabdeh1 avtomobili idarə etmək üçün etibarnamə də verilmişdir. Lizinq müqaviləsi olmasaydı belə avtomobildən istifadəyə dair şifahi müqavilə bağlanmışdır. Ən azından bunu hansısa şəxs mübahisələndirmir. İddiaçı da həmin müqavilənin tərəfi olmadığına görə bunu mübahisələndirə bilməz. İşdə olan materiallarla, o cümlədən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla və inzibati xəta haqqında protokolla da Cavabdeh1 həmin avtomobili mülkiyyətçinin razılığı olmadan idarə etməsi təsdiq olunmur. Ona görə də iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququ yarana bilməzdi. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2032/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2032/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz
Məhkəmə qərarları › İş №2(103)-5804/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5804/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver