Məhkəmə qərarları › İş №2(103)-5806/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5806/2024

17.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5806/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 MMC-yə qarşı və iddiaçı Cavabdeh2 MMC-nin cavabdeh İddiaçı qarşı iş üzrə (Açar sözlər: pul, müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X1, cavabdehin nümayəndəsi (vəkili) Vəkil və iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 17 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh1 MMC ilə İddiaçı arasında 09 aprel 2018-ci il tarixdə mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Bu müqaviləyə görə Cavabdeh1 MMC tərəfindən 30600 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov 39 ünvanında MMC tərəfindən inşa edilən binasının 3-cü giriş, Xİ mərtəbəsində, ümumi sahəsi 61,2 kv.m olan mənzil payçı İddiaçı mülkiyyətinə verilməli idi. Həmin müqavilə və müqavilə əsasında verilən maliyyə arayışı MMC-nin direktoru Əsgərov Hüseyn Kamil oğlu tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. Əsgərov Hüseyn Kamil oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Əsgərov Hüseyn Kamil oğlu AR CM-nin 29, 178.3.2, 178.3.2, 308.2, 32.5, 308.2, 32.4, 312.1 və 32.5, 313 maddələri ilə təqsirli bilinmiş, 12 il 5 ay 21 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə məhkum Əsgərov Hüseyn Kamil oğlunun kassasiya şikayəti təmin edilərək onun üzərində 12 il 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.

2. Daha sonra, Cavabdeh1 MMC-nin Nizamnaməsinə əsasən hərəkət edən Əsgər Hüseynovla sonradan payçı adlanacaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən zərərçəkmiş kimi tanınan vətəndaş İddiaçı arasında xx.xx.2020-ci il tarixli kooperativ mənzil tikintisi haqqında 180№-li müqavilə bağlanmışdır. Həmin müqavilədə müqavilənin predmeti kimi ünvan 2 ünvanında payçıların vəsaiti hesabına inşa edilmiş yaşayış binasının 180 saylı mənzili göstərilmişdir (1-ci giriş, 16-cı mərtəbə). Mənzilin xarakteristikası: 1 otaqdan ibarət, ümumi tikinti sahəsi 60,0 kv.m; hesablaşma sahəsi 60,0 kv.m; yaşayış sahəsi – kv.m kimi göstərilmişdir. Həmin müqavilə Cavabdeh2 MMC-nin möhürü ilə təsdiq edilsə də, Əsgər Hüseynov tərəfindən imzalanmamışdır. Bununla belə İddiaçı Hasil oğlu həmin müqaviləni imzalamışdır.

3. Həmin müqavilə ilə eyni tarixdə tərtib edilən akta görə İddiaçı "xxxx" MTK-ya məxsus binada 60,0 kv.m sahəsi olan mənzillə təmin olunmuşdur. Zərərçəkmiş- İddiaçı xx.xx.2020-ci ildə mənzildən imtina etdiyi üçün 5500 manat məbləğində pul ona xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində hissə-hissə qaytarılmışdır. Göstərilən məbləğlər qeyd edilən tarixlərdə cavabdeh İddiaçı tərəfindən təhvil alınmış və bunu özü imzası və qeydləri ilə təsdiq etmişdir .

4. Bu ərəfədə Səfərov X3 Rayon Məhkəməsində Cavabdeh1 MMC-yə qarşı iddia qaldırmış, Abşeron Rayon Məhkəməsinin 2(012)-211/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 MMC-yə qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi” tələbinə dair iddiası xx.xx.2018-ci il tarixli müqavilədə mənzilin nömrəsinin olmaması və mübahisə predmeti olan mənzilin müəyyən edilməməsi əsası ilə rədd edilmişdir. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qüvvədə saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə isə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilmiş 30600 manat pulun, eləcə də həmin məbləğin 1987 gün üçün (pulun ödənildiyi tarixdən məhkəməyə müraciət edilən günə qədər) illik 5 faizi olan 8329 manat və 237 manat dövlət rüsumunun, cəmi 39166 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, yaşayış binasının tikintisi başa çatsa da cavabdeh mənzili təhvil verməkdən boyun qaçırır. Artıq həmin evi istəmir və buna görə də ödədiyi pulu gecikdirilən hər il üçün faizlər hesablanmaqla geri almaq istəyir. Bu səbəbdən aralarında bağlanmış müqavilənin ləğvi və ödədiyi pulu gecikdirilən hər ilə (5 il) görə faizlər hesablanmaqla geri almaq üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin nəticəsi olmamışdır.

7. İddiaçı (bundan sonra ikinci iddiaçı) Cavabdeh2 MMC cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09 aprel 2018-ci il tarixdə “Hasil MMC” ilə mənzil tikintisi haqqında müqavilə bağlanarkən Əsgərov X2 Elçin Qərib oğlu və qeyrilərini aldadaraq və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, 09 aprel 2018-ci il tarixdə İddiaçı ilə “Hasil MMC” arasında mənzil tikintisi haqqında müqavilə bağlamaqla Əsgərov Hüseyn Kamil oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə müəyyən edildiyi kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmiş və bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2, 308.2, 32.5,308.2, 32.4,312.1, 313 və 35.4, 313-cü maddələri ilə təqsirli bilnmişdir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair e-2(001)-2902/2024 nömrəli mülki iş İddiaçı Cavabdeh2nə qarşı “pul” tələbinə dair e2(001)-549/2024 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi və birləşdirilmiş mülki iş üzrə e-2(001)-549/2024 qeydiyyat nömrəsi saxlanılması qərara alınmışdır.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev) hər iki iddia rədd edilmişdir.

11. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı ya barterlə, ya nəğd pul vəsaiti hesabına xx.xx.2018-ci il tarixdə əvvəlki adı ilə Cavabdeh1 MMC-dən mənzil almışdır. Tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Sonradan həmin binada olan mənzillərin problemli olduğunu, yəni bir mənzilin bir neçə şəxsə satıldığını gördükdən sonra digər vətəndaşlar kimi o da Baş Prokurorluğa müraciət etmişdir. Baxmayaraq ki, iddiaçı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yazılı ərizə ilə müraciət etmədiyini bildirir, lakin onun həqiqətən də cinayət əməli barədə yazılı qaydada şikayətinin olmadığı müəyyən edilsə belə, İdarənin məktubundan İddiaçı bu və ya digər formada müraciətinin olduğu aşkardır. Onun yazılı qaydada şikayətinin olmaması, hətta zərərçəkmiş şəxs qismində tanınmaması xx.xx.2020-ci il tarixli müqavilənin niyə bağlandığını açıqlayır. Hansı ki, 2018ci il tarixli müqavilədə mənzilin nömrəsi yox idi və iddiaçı MMC-dən yalnız bir mənzil aldığını, onlar arasında hər hansı başqa mənzillə bağlı münasibətlərin olmadığını bildirir. Üstəlik, həmin vaxt MMC-nin direktoru olan Əsgərov Hüseyn Kamil oğlu (hansı ki, iddiaçının müqaviləsini o, imzalamışdır) dələduzluq və.s cinayət əməllərinin törədilməsində təqsirləndirilmişdir. Bundan əlavə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubunda qeyd edilən hal, yəni İddiaçı MMC-yə ödəniş etmədiyinin müəyyən edilməsi də İddiaçı mənzildən imtina etməsinə görə "xxxx" MTK-dan 5500 manat məbləği niyə aldığını açıqlayır. Odur ki, məhkəmənin qənaətinə görə tərəflər arasında xx.xx.2018ci il tarixdə bağlanmış müqavilə sonradan tərəflərin razılığı ilə xx.xx.2020-ci il tarixdə dəyişdirilmiş və daha sonra iddiaçı müəyyən məbləğdə pul vəsaitini geri almaqla müqavilədən imtina etmişdir. Burada qeyd olunmalıdır ki, tərəfin hansı məbləğdə pul vəsaitini almaqla müqavilədən imtina etməsi müqaviləyə xitam verilməsi hüquqi nəticəsini dəyişmir. Digər iddiaya münasibətdə isə məhkəmə qeyd etmişdir ki, yuxarıda qeyd edildiyi kimi etibarsızlığı tələb edilən müqavilə qarşılıqlı razılıq əsasında dəyişdirilmişdir və dolayısıyla MMC həmin müqaviləni təsdiq etmiş və bununla da əqdi mübahisələndirmək hüququnu itirmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 351.3, 354.1, 372, 373.2, 375, 377.1, 385.1, 386.1, 421.1, 423.1, 424.1, 447.1, 752.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddiasının təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun şəkildə əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qətnamədə göstərib ki, İddiaçı ya barterlə, ya nəğd pul vəsaiti hesabına xx.xx.2018-ci il tarixdə əvvəlki adı ilə Cavabdeh1 MMC-dən mənzilalmışdır. Məhkəmə “YA” bölüşdürmə bağlayıcısı vasitəsi ilə nəyə görə belə qənaətə gəlib daşa düşülmür. İddiaçı pul ödəyib və mənzil alıb. Barterin hansı sübutlarda öz əksini tapması müəmmadır. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən göndərilmiş məktubda qeyd edilib ki, guya “İddiaçı tərəfindən müraciət daxil olub. Həmin müraciət üzrə İddiaçı MMC-yə ödəniş etmədiyi müəyyən edildiyindən o, zərərçəkmiş şəxs qismində tanınmamışdır.” Birincisi belə bir müraciət yoxdur. İkincisi, fərz edək ki, İddiaçı müraciət edib. Hər hansısa izahat, ifadə və yaxud digər sübut olmadığı təqdirdə necə onun ödəniş etmədiyi müəyyən edilib. Qətnamədə qeyd edilib ki, İddiaçı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yazılı qaydada şikayətinin olmaması, zərərçəkmiş şəxs qismində tanınmaması xx.xx.2020-ci il tarixli müqavilənin niyə bağlandığını açıqlayır. Burada diqqət yetirilməli olan bir neçə məsələ var. İddiaçı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən zərərçəkmiş şəxs qismində tanınmış kimi göstərilib. Halbuki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məhkəməyə göndəridyi məktubda qeyd edilib ki, İddiaçı zərərçəkmiş şəxs qismində tanınmayıb. Buradan belə qənaətə gəlmək olar ki, xx.xx.2020-ci il tarixli müqavilə saxtadır. Bu arqumentlə bağlı ikinci məsələ xx.xx.2020-ci il tarixli müqavilədən xx.xx.2020-ci il tarixdə 5500 manat müqabilində imtina edilməsidir. İş materiallarına əlavə edilmiş aktdan göründüyü kimi İddiaçı 5500 manat pulu xx.xx.2020-ci il tarixli müqavilədən imtina etdiyi üçün alıb. Lakin mübahisələndirilən müqavilə 09 Aprel 2018-ci il tarixlidir. Qətnamədə qeyd edilib ki, “məhkəmənin qənaətinə g ö r ə tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə sonradan tərəflərin razılığı ilə xx.xx.2020-ci il tarixdə dəyişdirilmiş və daha sonra iddiaçı müəyyən məbləğdə pul vəsaitini geri almaqla müqavilədən imtina etmişdir.” Əgər xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə sonradan tərəflərin razılığı ilə xx.xx.2020-ci il tarixdə dəyişdirilmiş olsa idi ən azından bununla bağlı sonuncu müqavilədə hər hansı müddəa öz əksini tapmış olardı. Müqavilələrə diqqət yetirsək görərik ki, orada olan mənzillər də tamam fərqlidir. xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilənin xx.xx.2020-ci il tarixdə dəyişdirilməsinə dair razılığın nədə öz əksini tapması iş materiallarından aydın deyil.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

17. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. .

18. Üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 da məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi

337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia üddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 424.1. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə İddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı yalnız onun iddiasının rədd olunması hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya baxışının predmeti olan hissədə düzgün həll etməmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamış, iş üzrə müəyyən edilmiş həqiqi hallara, məhkəmə iclasında tədqiq olunmuş sübutlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Ona görə də apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və İddiaçı iddiasının təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır:

23. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, tərəflər arasında 09 aprel 2018-ci il tarixdə mənzil tikintisi haqqında müqavilə bağlanmış və bu müqaviləyə görə cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov 39 ünvanında MMC tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasının 3-cü giriş, Xİ mərtəbəsində, ümumi sahəsi 61,2 kv.m və dəyəri 30600 manat olan mənzili iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə müqavilə məbləğini vaxtında ödəməyi öhdələrinə götürmüşlər (i.v.4). Eyni tarixli maliyyə arayşında müqavilə məbləğini təşkil edən 30600 manat pulun iddiaçı tərəfindən cavabdehə ödənildiyi və idiaçının heç bir borcu qalmadığı qeyd olunmuşdur.

24. Hazırda iddiaçı 09 aprel 2018-ci il tarixli müqavilə üzrə mənzilin cavabdeh tərəfindən ona təhvil verilmədiyinə istinad edərək müqavilə məbləğini təşkil edən 30600 manat pulun və həmin məbləğin 1987 gün üçün (pulun ödənildiyi tarixdən məhkəməyə müraciət edilən günə qədər) illik 5 faizi olan 8329 manatın cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Cavabdeh iddianı qəbul etməmiş və iddiaya etirazını onunla əsaslandırmışdır ki, iddiaçı bundan əvvəl cavabdehə qarşı 09 aprel 2018-ci il tarixli müqavilə üzrə mənzilin ona təhvil verilməsi və s. barədə iddia qaldırmış, lakin həmin iddia Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli qətnaməsi ilə rədd olunmuşdur. Digər tərəfdən, 09 aprel 2018-ci il tarixli müqavilə və maliyyə arayışı səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, həmin sənədləri imzalayan Hüseyn Əsgərov müqavilənin bağlandığı vaxt MMC-nin direktoru yox, təsisçisi olmuşdur. O, iddiaçıdan aldığı pulu MMC-nin xəzinəsinə mədaxil etməmişdir. Hüseyn Əsgərov MMCnin direktoru vəzifəsinə xx.xx.2018-ci il tarixdə təyin olunmuşdur. Hüseyn Əsgərov Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və s. maddələri təqsirli bilinərək məhkum olunmuşdur. Həmin hökmlə müəyyən olunmuşdur ki, Hüseyn Əsgərov özgə əmlakını ələ keçirmək məqsədilə dələduzluq etmiş, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmişdir. Hökmlə həmçinin, iddiaçı tərəfindən 09 aprel 2018-ci il tarixli müqavilə üzrə MMC-yə pul ödənilmədiyi müəyyən olunmuşdur. Həmin hokm Azərbaycan Respublikası MPM-nin 82.4cü maddəsinin tələbinə əsasən hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır.

26. Məhkəmə iddianı əsassız sayaraq rədd etmiş və belə qənaətə gəlmişdir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə sonradan tərəflərin razılığı ilə xx.xx.2020-ci il tarixdə dəyişdirilmiş və daha sonra iddiaçı müəyyən məbləğdə pul vəsaitini geri almaqla müqavilədən imtina etmişdir. Məhkəmə tərəflər arasında həqiqətən də podrat müqaviləsindən irəli gələn münasibətlərin yarandığını, iddiaçının ya barterlə, ya da nəqd pul vəsaiti hesabına cavabdehdən mənzil aldığını qəbul etmiş, lakin sonra qeyd etmişdir ki, iddiaçı binada olan mənzillərin problemli olduğunu, yəni bir mənzilin bir neçə şəxsə satıldığını öyrəndikdən sonra digər vətəndaşlar kimi Baş Prokurorluğa müraciət etmiş (yazılı, yaxud şifahi), bu müraciət nəzərə alınaraq MMC xx.xx.2018-ci il tarixli müqavilənin əvəzinə cavabdehlə xx.xx.2020-ci il tarixdə yeni müqavilə bağlamış, ancaq iddiaçı bu müqavilə üzrə mənzildən imtina edərək MMC-dən 5500 manat almışdır. Məhkəmə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna və müqaviləni imzalayan Hüseyn Əsgərovun dələduzluğa görə məhkum olunmasına istinad edərək iddiaçının MMC-yə xx.xx.2018-ci il tarixli müqavilə üzrə hər hansı ödəniş etmədiyi və bu səbəbdən də iddianın əsassız olduğu qənaətinə gəlmişdir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsinin özünün də müəyyən etdiyi kimi, tərəflər arasında podrat münasibətlərinin olması mübahisəsizdir. Cavabdeh özü də iddianı etiraf etməməsinə baxmayaraq bu münasibətlərin mövcudluğunu qəbul edir, sadəcə MMC-nin direktoru Hüseyn Əsgərov tərəfindən müqavilə məbləğinin MMC-nin xəzinəsinə mədaxil olunmadığına əsaslanaraq iddiaya etiraz edir.

28. Birinci instansiya məhkəməsi də cavabdehin bu etirazını əsaslı sayaraq müqavilə məbləğinin ödənilmədiyi qənaətinə gəlmiş və bu halın təsdiqi kimi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna və müqaviləni imzalayan Hüseyn Əsgərovun dələduzluğa görə məhkum olunması barədə məhkəmə hökmünə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, adı çəkilən sənədlərin heç biri xx.xx.2018-ci il tarixli müqavilə üzrə ödəniş edilməməsi barədə qənaətə gəlməyə əsas vermir. Belə ki, Hüseyn Əsgərovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və s. maddələri məhkum olunması barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü nəzərdən keçirilərkən müəyyən edildi ki, hazırkı iş üzrə iddiaçı olan İddiaçı həmin cinayət işi üzrə nəinki zərərçəkmiş şəxs, heç şahid qismində belə keçmir, hökmdə nə onun adı, nə iddia etdiyi yaşayış sahəsi, nə də mənzilə görə ödəniş edib-etməməsi barədə bir kəlmə belə yoxdur və bu baxımdan həmin hökmlə müəyyən edilən halların hazırkı iş üçün heç bir əhəmiyyəti, yaxud preyudisiallığı ola bilməz və eləcə də həmin hökm hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilənlər də heç bir izahata, ifadəyə, yaxud araşdırma materialına əsaslanmadığından məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz.

29. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli müqavilənin sonradan tərəflərin razılığı ilə xx.xx.2020-ci il tarixli müqaviləyə dəyişdirilməsi və iddiaçının müəyyən məbləğdə pul vəsaitini geri almaqla müqavilədən imtina etməsi barədə gəldiyi nəticəni də əsassız sayır. Əvvəla, iddiaçı bu halı qəbul etmir və bildirir ki, həmin müqavilələrin bir-birinə hər hansı aidiyyəti yoxdur, xx.xx.2018-ci il tarixli müqavilə həqiqi müqavilədir və o, bu müqavilə üzrə məbləği tam şəkildə MMC-yə ödəmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli müqavilənin saxta olduğunu bildirir və qeyd edir ki, o, Cavabdeh1 MMC ilə yanaşı "xxxx" MTK-da da beton işləri görmüş, MTK-nın əvvəlki rəhbərinin dövründən MTK-nın ona 12000 manat ödənilməmiş borcu qalmış, MTK həmin bu borcu 5500 manat kimi hesablayıb ona müxtəlif vaxtlarda ödəmişdir. xx.xx.2020-ci il tarixli müqavilə həmin borcla əlaqədar bağlanmışdır və xx.xx.2018-ci il tarixli müqaviləyə heç bir aidiyyəti yoxdur. Digər tərəfdən, həmin müqavilələrin predmetini təşkil edən mənzillər də mərtəbəsinə, girişinə (bloka), ümumi sahəsinə və s. görə fərqli mənzillərdir.

31. Cavabdehin iddiaya etirazının əsasında duran dəlillərdən biri də iddiaçının bundan əvvəl cavabdehə qarşı 09 aprel 2018-ci il tarixli müqavilə üzrə mənzilin ona təhvil verilməsi və s. barədə iddia qaldırması, lakin həmin iddianın Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli qətnaməsi ilə rədd olunmasıdır. Məhkəmə kollegiyası bu dəlili əsassız sayaraq qeyd edir ki, iddiaçının həmin tələbinin rədd olunmasının səbəbi müqavilənin etibarsız olması yox, müqavilədə mənzilin nömrəsinin qeyd edilməməsi olmuşdur. Bu hal isə öz-özlüyündə müqavilənin etibarlılığını şübhə altına alan fakt kimi qəbul edilə və cavabdehi müqavilə öhdəliyini yerinə yetirməməklə iddiaçıya vurduğu zərərin əvəzini ödəmək vəzifəsindən azad edə bilməz.

32. Cavabdehin 09 aprel 2018-ci il tarixli müqavilə və maliyyə arayışının səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin MMC-nin direktoru tərəfindən deyil, təsisçisi, yaxud hər hansı digər vəzifəli şəxsi tərəfindən imzalanması, eıəcə də müqavilədə hər hansı rekvizitlərin düzgün gösərilməməsi və ya ümumiyyətlə göstərilməməsi iddiaçının (alıcının) ziyanına şərh edilə bilməz. Belə ki, müqavilə iddiaçı tərəfindən deyil, bilavasitə MMC-nin özü tərəfindən tərtib olunmuşdur və müqavilədə rekvizitlərin düzgün göstərilməsinə də o məsuliyyət daşıyır.

33. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə tərəflərin həqiqi niyyətini əks etdirən etibarlı müqavilədir və iddiaçı bu müqavilədən imtina etməmişdir. xx.xx.2020-ci il tarixli müqavilənin və "xxxx" MTK tərəfindən iddiaçıya 5500 manat pul ödənilməsinin xx.xx.2018-ci il tarixli müqaviləyə heç bir aidiyyəti yoxdur.

34. İş materiallarından və Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-292/2023 saylı qətnaməsindən göründüyü kimi, iddiaçının bundan əvvəl qaldırdığı sahiblik, istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi tələbinin təmin olunmamasının səbəbi müqavilədə mənzilin nömrəsinin qeyd olunmaması ilə yanaşı, həm də binanın müqavilədə göstərilən 3-cü giriş, 11-ci mərtəbəsində boş mənzil qalmaması olmuşdur. Yəni, müqavilə etibarlı olsa da, boş mənzil qalmadığından və Mülki Məcəllənin 452.1-ci maddəsinin tələbinə əsasən həmin iddianın təmin edilməsi mümkün olmamışdır.

35. Məhkəmə kollegiyası hesab edir ki, belə olan vəziyyətdə iddiaçı hazırkı tələbi irəli sürməkdə, yəni mənzilin dəyərinin və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır və bu tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir. Əldən çıxmış fayda dedikdə isə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlilərdən məhrum olması başa düşülür.

36. Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcəllənin 452.2-ci maddəsinə görə isə kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

37. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

38. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

39. Mülki Məcəllənin 445.1, 445.2.1, 445.7-ci maddələrinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən məhkəmənin apellyasiya baxışının predmeti olan hissədə gəldiyi nəticə işin hallarına uyğun olmamış və eləcə də maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Ona görə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin olunmalıdır.

41. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4).

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni İddiaçı Cavabdeh2 MMC-yə qarşı pul tələbinin rədd olunması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia təmin olunsun. 09 aprel 2018-ci il tarixli müqavilə üzrə ödənilmiş 30600 manat pul, həmin məbləğin gecikdirilmiş 1987 gün üçün (pulun ödənildiyi tarixdən məhkəməyə müraciət edilən günə qədər) illik 5 faizini təşkil edən 8329 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla 237 manat, cəmi 39166 (otuz doqquz min yüz altmış altı) manat Cavabdeh2 MMC-dən alınıb İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar