Məhkəmə qərarları › İş №2(103)-5809/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5809/2020

25.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5809/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi Kazımlı Könül Rasim qızının iştirakı ilə, İddiaçı X10 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-6640/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X17 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, qanunsuz olaraq ittiham verilərək barəsində seçilmiş həbslə bağlı ona maddi ziyan kimi 100000 manat, mənəvi ziyan kimi isə 50000 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X10 etibardan sui-istifadə etmə və aldatma yolu ilə X6 məxsus olan və ünvan 1 ünvanında yerləşən mənzili tam təmir etməklə müəyyən avadanlıqları quraşdırıb təhvil verəcəyinə dair yalan vəd verib aldadaraq, 2015-ci ilin yanvar ayından iyun ayının əvvəlinə kimi olan müddət ərzində Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 9 A ünvanının qarşısında 104.550 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs Gülpəri Zaqırbəyovaya külli miqdarda ziyan vurmaqla dələduzluq faktına görə xx xxxxxx 2015-ci il tarixdə Nərimanov rayon X13 şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanılaraq icraata qəbul edilmişdir. Daha sonra X7 şikayət ərizəsi də həmin cinayət işinin materiallarına əlavə edilmiş və iddiaçı barəsində ********* saylı cinayət işinin istintaqı aparılmışdır. Cinayət işinin istintaqı zamanı Şengül Hakana xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.3.2-ci maddələri ilə ittiham elan edilmiş və barəsində Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə 01 ay 24 gün müddətində həbs qətimkan tədbiri seçilmişdir. Verilmiş ittihama əsasən X17 etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, 2015-ci ilin yanvar ayında tanışı X15 vasitəsilə tanış olduğu X1 (Vəliyeva) Seyranə Seyran qızına məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili özünün tərtib etdiyi smetaya uyğun olaraq, 73.521 manatın müqabilində təmir-tikinti işləri aparacağına və əlavə görüləcək işlərin xərcləri adı ilə inandıraraq, vahid niyyətlə əhatə olunan qəsdlə G.A.Zaqırbəyovanın etibarından istifadə etməklə 2015-ci ilin yanvar ayından həmin ilin iyun ayının əvvəlinə kimi olan müddət ərzində aldatma yolu ilə ümumilikdə 104.550 manat pulu sonuncudan alsa da, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin vermiş olduğu xx.xx.2016-cı il tarixli 2828 nömrəli ekspert rəyinə əsasən, 46.915 manat dəyərində tikinti təmir işləri apararaq 57.635 manat məbləğində pulu ələ keçirib Gülpəri Zaqırbəyovaya külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa iddiaçı etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə 2014-cü ilin yanvar ayından 2015-ci ilin ayına kimi təmir-tikinti işləri ilə məşğul olduğu dövrlərdə Nərimanov rayonu Xətai prospektində yerləşən tikinti materialları satışı mağazasında işləyən X11 ilə tanışlıq münasibəti yaratmaqla mütəmadi olaraq etibardan istifadə etməklə 19.437 manat dəyərində təmir-tikinti materiallarını qaimə vasitəsilə götürərək, götürdüyü malların pullarını hissə-hissə ödəyəcəyinə yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 19.437 manat məbləğində pulunu ələ keçirib, zərərçəkmiş şəxs Coşqun İbrahimova külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2016-cı il tarixdə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Faktiki olaraq iddiaçı 29 gün həbsdə qalmış, 05 ay 26 gün isə həbsə bərabər ev dustaqlığı qətimkan tədbiri onun üzərində olmuşdur. Cinayət işi üzrə Nərimanov rayon X13 şöbəsinin müxtəlif müstəntiqləri tərəfindən istintaq aparılmış, ekspertizalar təyin edilmiş, şahidlər dindirilmiş, müxtəlif vaxtlarda iş üzrə istintaq müddətləri uzadılmış, yekunda işin icraatı həmin idarənin baş müstəntiqi Pərviz Məmmədova həvalə edilmiş, sonuncu tərəfindən xx xxxxxx 2019-cu il tarixdə işin icraatına Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə xitam verilmişdir. Qərarda qeyd edilmişdir ki, «X10 əməllərində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibinin olmaması müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, iş üzrə təyin edilmiş təkrar məhkəmə tikinti-texniki ekpertizasının xx.xx.2017-ci il tarixli 8170 saylı rəyinə əsasən Hakan Şengül ünvan 1 ünvanında yerləşən evin vətəndaş X6 məxsus mansard mərtəbəsindəki mənzil üzrə yerinə yetirilmiş təmir-tikinti işlərinin ümumi dəyərinin 145.223 manat olması müəyən edilmişdir. İstintaq materiallarına əsasən isə Gülpəri Zaqırbəyovanın həmin təmir işləri ilə bağlı Hakan Şengülə 104.550 manat pul verməsi müəyyən edilmişdir. Bundan başqa cinayət işinin materillarından görünür ki, X17 təmir-tikinti işləri ilə məşğul olan ərəfədə X9 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 43 B ünvanında yerləşən tikinti materiallarının satışı mağazasından 2013-cü ilin əvvəllərindən 2014-cü ilin əvvəllərinə kimi müxtəlif tikinti materialları almış, həmin materialların pullarının bir hissəsini ödəmiş, ödəmədiyi hissəsinə görə isə Coşqun İbrahimova 17.950 manat borcu qalmışdır. Bundan başqa Hakan Şengül 2014-cü ilin mart ayında Coşqun İbrahimovdan 1.487 manat borc pul almış və nəticədə onun sonuncuya olan borcu ümumilikdə 19.437 manat təşkil etmişdir. Beləliklə də, cinayət işi üzrə aparılmış istintaq nəticəsində müəyyən edilmişdir ki, Hakan Şengül ilə X5 və X8 aralarında yaranmış mübahisə mülki xarakterlidir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarına uyğun olaraq mülki icraat qaydasında məhkəmə instansiyalarında baxılma yolu ilə həll edilməlidir. Odur ki, X10 əməlində cinayət tərkibinin olmaması müəyyən edildiyindən onun Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* saylı cinayət işinin icraatına xitam verilməli və tərəflərə mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir». Nərimanov rayon X13 şöbəsinin müstəntiqi Pərviz Məmmədovun xx xxxxxx 2019-cu il tarixli müvafiq qərarından görünür ki, işin icraatına Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə xitam verilmişdir. Həmin Məcəllənin 39.3-cu maddəsinə əsasən isə, 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Nərimanov rayon X16 Hakan barəsində həbs qətimkan tədbiri xx.xx.2016-cı il tarixdə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Faktiki olaraq iddiaçı 29 gün həbsdə qalmış, 05 ay 26 gün isə həbsə bərabər ev dustaqlığı qətimkan tədbiri onun üzərində olmuşdur. Qanunvericiliyin tələblərinə görə də ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə alternativ qətimkan tədbiridir. Faktiki olaraq eyni qətimkan tədbirləridir. İddiaçı barəsində sabiq müstəntiq Canəli Nuriyev tərəfindən cinayət təqibinə başlandığı andan, xx.xx.2019-cu il tarixədək həm iddiaçı, həm də onun ailə üzvləri dərin mənəvi iztirab keçirmiş, həmçinin maddi məhrumiyyətlərə məruz qalmışlar. İddiaçını tanıyanlar, o cümlədən iş üzrə zərərçəkmiş şəxslər onun barəsində cinayətkar kimi fikirləşmiş, son nəticədə ağır mənəvi iztirablar keçirmişdir. Həbsdə olduğu və barəsində cinayət təqibi getdiyi zaman yaxınları, həm də dost və işgüzar əlaqələri olduğu şəxslər tərəfindən onun barəsində təqsirkar kimi fikirlərin səsləndirilməsi iddiaçını mənəvi cəhətdən ən son həddə çatdırmış, dərin psixoloji hallar keçirmişdir. Hələ də bəzi şəxslər onun günahkar olduğunu və hansısa cinayəti törətdiyini düşünür ki, bu da ona mənəvi cəhətdən həddindən artıq pis təsir göstərir. Bundan başqa iş üzrə zərərçəkmiş şəxslər onunla qurmuş olduqları işgüzar münasibətlərinə görə tanış olduqlarını və buna görə pul verdiklərini qeyd etmişlər. Bu müddət ərzində həmin şəxslər demək olar ki, iddiaçının tanıdığı bütün ortaq tanışlara və tanımadığı şəxslərə iddiaçının onlara qarşı dələduzluq etdiyini və buna görə də həbs olunduğunu bildirərək işgüzar nüfuzuna həddindən artıq ciddi ziyan vurmuşlar ki, hələ də bu mənfi halları aradan qaldıra bilmir. Təkcə iddiaçı barəsində seçilmiş həbs və ev dustaqlığı qətimkan tədbirləri zamanı 07 aya yaxın müddət ərzində o işləməmiş, bu müddət ərzində təxmini hesablamaları nəticəsində 100.000 manat maddi qazancı əlindən çıxmışdır. Eyni zamanda keçirmiş olduğu mənəvi iztirablarala bağlı Şengül Hakana vurulmuş mənəvi ziyanı 50.000 manat dəyərində qiymətləndirir və hesab edirlər ki, istintaq orqanının 03 il ərzində barəsində cinayət təqibi aparması iddiaçını daimi olaraq psixoloji basqı altında saxlamaqla ciddi mənəvi sarsıntılara qoymuşdur ki, hələ uzun müddət bundan sonra da o, reabilitasiya olunmalı və normal həyata adaptasiya olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 6640/2019 saylı qətnaməsi ilə (hakim Solmaz Mustafayeva) iddia qismən təmin olunmuş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 2000 (iki min) manat alınaraq iddiaçı X14 ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət olunmuşdur. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın tam təmin olunmalı olmasını və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş,lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-6640/2019 saylı qətnaməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bu səbəbdən də məhkəmə kollegiyası hazırki vəziyyətdə məhz iddiaçının apellyasiya şikayəti həddində (iddianın təmin olunmayan hissəsində, iddiaçıya münasibətdə) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib,iş üzrə toplanmış sübatları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx xxxxxx 2019cu il tarixli qərarın surətindən görünür ki, iddiaçı X10 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.3.2 maddələri ilə təqsirləndirilməsinə dair olan ********* saylı cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi qərara alınmışdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən, xx xxxxxxx 2016-cı il tarixdə Nərimanov RPİ tərəfindən cinayət işi üzrə X10 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.3.2 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilmiş, lakin onun qəsdən istintaqdan yayınması səbəbindən həmin qərarı ona elan etmək mümkün olmamışdır. xx xxxxxxx 2016-cı il tarixdə Nərimanov RPİ-nin İŞ tərəfindən X10 barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işinin icraatı Azərbaycan Respublikası CM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Təqsirləndirilən şəxs X18 xx xxxxxx 2016-cı il tarixdə Nərimanov RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və bu barədə protokol tərtib olunaraq istintaq şöbəsinə təqdim edilmiş, həmin tarixdə cinayət işinin icraatı təzələnərək H.S.Şengülə ittiham elan olunması üçün saat 20:00 dəqiqədə tutulmuş, xx xxxxxx 2016-cı il tarixdə isə Hakan Şengülə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.3.2-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmuş və barəsində Nərimanov rayon məhkəməsi tərəfindən xx xxxxxx 2016-cı il tarixdə 1 ay, 24 gün müddətində həbs qətimkan tədbiri seçilmişdir. xx xxxxxx 2016-cı il tarixdə Nərimanov rayon məhkəməsinin qərarı ilə X17 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. xx xxxxxx 2016-cı il tarixdə ********* saylı cinayət işi üzrə ibtidai istintaq müddəti 03 ay, yəni xx xxxx 2017-ci il tarixədək uzadılmışdır. xx xxxxxx 2017-ci il tarixdə ********* saylı cinayət işi üzrə istintaqın davam etdirilməsi Nərimanov RPİ-nin İŞ-nə həvalə edilmiş və həmin tarixdə cinayət işi icraata qəbul edilmişdir. xx xxxx 2017-cı il tarixdə ********* saylı cinayət işi üzrə ibtidai istintaq müddəti 03 ay, yəni xx xxxx 2017-ci il tarixədək uzadılmışdır. Nəhayət, cinayət işi üzrə aparılmış istintaq nəticəsində X10 əməllərində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət tərkibinin olmaması müəyyən edilmiş və cinayət işinin icraatına xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçının əsassız olaraq həbsdə və ev dustaqlığında saxlanılması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 2000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Birinci instansiya məhkəməsi, həmçinin iddia tələbinin vurulmuş maddi ziyanın ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı ona vurulmuş maddi ziyanla bağlı (əmək haqqı, pensiya, başqa gəlirlərin itirilməsi, xərclər və sair) hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Birinci instansiya məhkəməsi, həmçinin iddia tələbinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı irəli sürülən hissəsi ilə əlaqədar qeyd etmişdir ki, hazırki iş üzrə Daxili İşlər Nazirliyi hər hansı öhdəlik daşımadığından tələb ona aid hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İşin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarına əsasən iddiaçının müvafiq tələb hüququnun mövcudluğu müəyyən olunur. Çünki, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən, bəraət almış şəxsin ona dəymiş zərəri tələb etmək hüququ aşkardır. Yəni, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi 2000 manat mənəvi zərər işin hallarına uyğundan, bu səbəbdən də onun apellyasiya şikayətinə əsasən artırılmasına zərurət yoxdur. İddiaçı maddi ziyanla bağlı hissədə isə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Göründüyü kimi, iddiaçı apellyasiya şikayətinin dəlillərinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin faktiki halları, tədqiq olunmuş sübutlar və qanunvericiliyin qeyd edilən normalarına əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin iddianın təmin olunmayan hissəsində ləğvinə əsas ola bilməz. Qətnamə həmin hissədə əsaslı və qanunidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə iddiaçıya münasibətdə) dəyişdirilmədən saxlanılıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı X10 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-6640/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-6640/2019 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə iddiaçıya münasibətdə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar