Məhkəmə qərarları › İş №2(103)-5812/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5812/2021

16.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5812/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(004)-5036/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə iddianın təmin tədbiri barədə ərizə təqdim edərək, iddianın təmin etmə tədbiri kimi Cavabdeh “xxxx” ASC-də olan bank hesabına iddia tələbi həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(004)- 5036/2020 saylı qərardadı ilə iddianın təmin tədbiri barədə ərizə təmin edilməmişdir. İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(004)-5036/2020 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini, ərizəsinin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanuvericiliyin tələblərini pozmuşdur. Belə ki, gələcəkdə iddia tələbi təmin olunsa, onun icrası sual altında olacaqdır. Çünki, cavabdehin hər hansı ofisi yoxdur. Yalnız sosial şəbəkə vasitəsilə satış həyata keçirir. Ona satdığı itin də qiyməti yüksəkdir. Bu səbəbdən də iddianın təmin tədbiri kimi cavabdehin bank hesabı üzərinə həbs qoyulmadığı təqdirdə iddia tələbi təmin olunduğu halda da icrası mümkünsüz qalacaqdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli 2(004)-503/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(004)-5036/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1, 158.1.2, 158.1.3cü maddələrinə əsasən məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. İş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddianın təmini tədbiri barədə ərizəni rədd etməsini onunla əsaslandırmışdır ki, ərizəçi təqdim edilmiş bank hesabının cavabdehə məxsus olmasını təsdiq edən sənəd əlavə etməmişdir. Kollegiya qeyd edir ki, ərizəçi qərardaddan verdiyi şikayətə də qeyd edilən sənədi əlavə etməyərək, qeyd edilən nöqsanı aradan qaldırmamışdır. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, hazırki iş üzrə 05 mart 2021-ci il tarixdə yekun məhkəmə aktı qəbul edilmiş və ərizəçi mübahisələndirilən qərardad qəbul edildikdən sonra keçirilən məhkəmə proseslərində iştirak etsə də, qərardadı mübahisələndirməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, iddianı təmin tədbiri o zaman tətbiq oluna bilər ki, gələcəkdə qəbul edilmə ehtimalı olan qətnamənin icrasına hansısa qanuna zidd maneə yaradıla biləcəyini təsdiq edən kifayət qədər əsaslı, həqiqi və ağlabatan dəlillər irəli sürülmüş olsun. İddiaçının iddianını təmin etmə tədbiri barədə ərizəsində isə bu hal kollegiya tərəfindən müəyyən edilməmişdir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(004)-5036/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(004)-5036/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar