Məhkəmə qərarları › İş №2(103)-5814/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5814/2023

15.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5814/2023 15.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-770/2023 saylı qərardadından Cavabdeh İB tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə qızının faciəvi ölümünə görə 25.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın, 5.798 manat maddi ziyanın və ödənilmiş 182.39 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(011)-770/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, maddi zərərə görə 5.798 manat, mənəvi zərərə görə 25.000 manat pul vəsaitinin və iddiaçı tərəfindən ödənilmiş 182,39 manat dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bundan sonra Cavabdeh ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi və prossesual müddətin bərpa olunaraq apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-770/2023 saylı qərardadına əsasən ərizə təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(011)-770/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayəti verərək, qərardadın ləğv edilməsini və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-770/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh etibarnamə üzrə nümayəndəsi - Lənkəran RQİİ-nin Hüquq şöbəsinin rəisi Nizami İsmayılov məhkəməyə təqdim etdiyi prossesual müddətin bərpası barədə ərizədə də elektron imza kartında yaranmış problemlə əlaqədar Cavabdehnə məxsus şəxsi elektron kabinetini izləyə bilmədiyi üçün sözügedən qətnamədən vaxtında apelyasiya şikayəti verilmədiyini qeyd etmiş və məhkəmədən apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Lakin məhkəmə qeyd olunan halı prossesual müddətin bərpası üçün üzürlü hal kimi nəzərə almamışdır. Göstərilənlərin nəzərə alınmasını və şikayətin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-770/2023 saylı qərardadı ilə Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-770/2023 saylı qərardadından verilmiş şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(011)-770/2023 saylı qətnaməsi xx.xx.2023cü il tarixdə cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Lakin cavabdeh həmin qətnamədən apellyasiya şikayətini xx.xx.2023-cü il tarixdə 2 aydan daha artıq bir müddət keçdikdən sonra müddətin bərpa edilməsi barədə ərizə ilə birlikdə birinci istansiya məhkəməsinə təqdim etmişdir. Apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin səbəbi kimi elektron imza kartında yaranmış problemlə əlaqədar nümayəndənin Cavabdehnə məxsus şəxsi elektron kabineti izləyə bilməməsi göstərilsə də, bu halı təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən cavabdehin hər hansı əməkdaşının elektron imza kartında problemin yaranması üzürlü səbəb kimi qəbul edilə bilməz və ötürülmüş müddətin bərpası üçün əsas deyil. Belə ki, üzrlü səbəb dedikdə elə hallar nəzərdə tutulur ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, onun qarşısı alına bilməsin, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Lakin hazırda cavabdeh tərəfindən göstərilən hal bu hallara aid deyil. Qeyd edilənlər öz növbəsində buraxılmış müddətin bərpa edilməsini qeyri-mümkün edir. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(011)-770/2023 saylı qətnaməsindən şikayət vermək üçün mülki prosessual qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti hər hansı üzürlü səbəb olmadan buraxmışdır. Birinci instansiya məhkəməsi də bu halı nəzərə alıb, haqlı olaraq həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasının səbəbini üzürlü hesab etməyərək, bərpa etməmişdir. Bu səbəbdən şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-770/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-770/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar