Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5817/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh2 vəkili X1 iştirakı ilə İddiaçı Mənzil-Tikinti Kooperativinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “çıxarışın ləğv edilməsi” tələbinədair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil-X2 Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən ünvan 1 E ünvanında yerləşən 67.7 kv.m qeyri-yaşayış sahəsi və 0.07057 ha torpaq sahəsinə dair Cavabdeh2 adına xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsas göstərilməklə işin icraatına xitam verilmişdir. İddiaçının nümayəndəsinin həmin qərardaddan verdiyi şikayət Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının və cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin nümayəndələri məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Polad Məhərrəmov isə şikayətin əsassız olduğunu bildirərək qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından aydın olur ki, 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə ünvan 1 E ünvanında yerləşən qeyri-yaşayış binasının və həmin binanın yerləşdiyi 705,7 kv.m. torpaq sahəsinin Cavabdeh2 adına vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq vahid çıxarışın verilməsi vəzifəsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmiş, həmin qərar icraya yönəldilmiş və iddiaçının ləğv olunmasını istədiyi xx.xx.2017-ci il tarixli çıxarış məhz sözügedən qərarın icrası əsasında verilmişdir. Göründüyü kimi iddiaçı, faktiki olaraq 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarının ləğvini tələb etməkdədir – belə bir tələbə isə ümumi yurisdiksiyalı məhkəmənin baxması mümkün deyildir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı, inzibati orqan olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin qanunsuz hərəkətə yol verdiyini iddia etməkdədir; bu iddia üzrə yaranmış mübahisə isə tələbin predmetinə, mahiyyətinə və subyekt tərkibinə görə inzibati mübahisə olmaqla ona yalnız inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmədə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə inzibati mübahisənin xüsusiyyətinə görə bu mübahisələrdən yaranan tələblər yalnız inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələrdə baxılmalıdır. Mülki prosessual qanunvericilik mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “iş məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş ərizə müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin ərizə (iddia) Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verməklə və iddiaçıya aidiyyatı üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququnu izah etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya iddiaçıya (nümayəndəsinə) bir daha izah edir ki, o, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinə istinadən 1 saylı İnzibati- İqtisadi Məhkəməsinə müraciət ünvanlamalı, xx.xx.2017-ci il tarixli çıxarışın verilməsinə əsas təşkil edən iş üzrə üçüncü şəxs qismində cəlb olunmasını xahiş etməlidir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi də qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1146/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər İlham Kərimli Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5817/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5817/2020
22.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver