Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5817/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3608/2021 saylı, 02 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Avtomobil X1 cavabdehlər “xxxx” Birgə Müəssisəsinə və Cavabdeh2 qarşı “texniki pasporta düzəliş edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinə dair Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən 08 iyul 1999-cu il tarixdə tərtib edilmiş 001784 nömrəli texniki pasportda göstərilən 1.739,4 kv.metr ümumi sahənin 1639 kv.metr faktiki sahəyə uyğun hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3608/2021 saylı, 02 aprel 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı tərəfindən həmin qərardaddan verilmiş şikayət məhkəmənin eyni saylı, 08 aprel 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci madddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ya ona əlavə olunmuş sənədlər geri qaytarır. Hazırkı iddia ərizəsindən görünür ki, iddiaçı bir neçə cavabdehə qarşı iddianı irəli sürməsinə baxmayaraq, iddia ərizəsinin nəticə hissəsində hansı cavabdehə qarşı hansı tələbi irəli sürdüyünü aydın şəkildə göstərməmiş, irəli sürdüyü tələbi ümumi şəkildə qeyd etmişdir, ərizənin tələb hissəsini aydın və başadüşülən şəkildə göstərməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olmaqla, qərardadın ləğvinə səbəb olmadığından təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Bununla belə, Məhkəmə kollegiyası iddiaçının diqqətinə MPM-in 152.4-cü maddəsini çatdırmaqla qeyd edir ki, ərizənin geri qaytarılması ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Avtomobil X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3608/2021 saylı, 02 aprel 2021-ci il tarixli qərardadı onun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5817/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5817/2021
09.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver