Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5818/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi , iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(011)-3464/2021 saylı qərardadından iddiaçı Azərbaycan Avtomobil X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Azərbaycan Avtomobil X3 cavabdehlər Cavabdeh1 Birgə Müəssisəsinə və Cavabdeh2 qarşı “texniki pasporta düzəliş edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinə dair Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən 08 iyul 1999-cu il tarixdə tərtib edilmiş 001784 nömrəli texniki pasportdakı uyğunsuzluğun aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərardadı ilə (hakim A.Həsənova, iş № 2(011)-3464/21) iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı bundan narazı qalaraq qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149 və 150-ci maddəsinin tələblərinə uyğun tərtib edilmişdir. İddia predmeti olan qeyriyaşayış sahələri sökülmüş və hal-hazırda həmin obyektlərin yerləşdiyi sahədə avtomobil yolu çəkilmişdir. Texniki pasportdakı göstəricilər 1999-cu ildə olan vəziyyəti əks etdirmişdir. Həmin dövrdən isə əmlakların söküldüyü tarixədək olan dövr ərzində əmlak mülkiyyətçisi, yəni cavabdehlər tərəfindən yenidənqurma və əsaslı təmir-tikinti işləri aparıldığı üçün əmlakların ümumi sahəsində azalmaq müşahidə olmaqla, faktiki ölçüsü 1639 kv.m olmuşdur. İddia tələbi icra orqanına deyil, cavabdehlərə qarşı yönəldilmişdir. Mübahisələndirilən əmlaklar sökülməklə, artıq mövcud olmadığından və dövlət ehtiyacları üçün alındığından müvafiq dövlət orqanlarında artıq mövcud olmayan həmin əmlakların göstəricilərinin dəyişdirilməsi ilə bağlı hər hansı bir hüquqi hərəkət edilməsi mümkün olmadığından, eləcə də belə bir hərəkətin edilməsi üçün hüquq norması mövcud olmadığından iddia tələbi əmlak mülkiyyətçilərinə qarşı verilmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 08 aprel 2021-ci il tarixli qərardadla şikayəti əsassız sayaraq təmin etməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Xətai Rayon Məhkəməsinin 30 mart 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddia ərizəsini qaytararkən hesab etmişdir ki, iddiaçı iddia ərizəsini qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib etməmiş, iddia ərizəsinin tələb hissəsini aydın və başadüşülən şəkildə göstərməmişdir. Belə ki, iddiaçı bir neçə cavabdehə qarşı iddianı irəli sürməsinə baxmayaraq, iddia ərizəsinin nəticə hissəsində hansı cavabdehə qarşı hansı tələbi irəli sürdüyünü aydın şəkildə göstərməmiş, irəli sürdüyü tələbi ümumi şəkildə qeyd etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilən tələb qeyri-müəyyən və anlaşılmazdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq qeyd edir ki, texniki pasportdakı uyğunsuzluğun aradan qaldırılması səlahiyyəti müvafiq dövlət orqanına aiddir, cavabdehlərin səlahiyyətində olan məsələ deyil, onların üzərinə belə bir vəzifə qoyula bilməz, onlardan dövlət orqanı tərəfindən qəbul edilmiş sənəddə düzəliş edilməsi tələb edilə bilməz. İddia ərizəsində cavabdehlərə qarşı yönəldilmiş tələb yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 152.1.5-ci madddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ya ona əlavə olunmuş sənədlər geri qaytarır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin göstərdiyi hallar şikayətin geri qaytarılması üçün əsasdır və məhkəmə tərəfindən heç bir prosessual pozuntuya yol verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı Azərbaycan Avtomobil X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5818/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5818/2021
09.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver