Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5818/2025 23.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5818/2025 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2657/2025 nömrəli 03 iyul 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır.
2. "xxxx" MMC tərəfindən verilən AFƏ seriyalı 238012 nömrəli girov biletindən gpörünür ki, 30 yanvar 2014-cü il tarixində girov verən İddiaçı tərəfindən 1 cüt sırğa 583, 1 üzük əyar 583, çəki 6.2 qr (x.ç 5.7 qr) girov qoyulmuşdur.
3. "xxxx" MMC ilə girovqoyan İddiaçı arasında bağlanan xx.xx.2014-cü il tarixli, AFƏ seriyalı 238012 nömrəli “əşyanın lombardda girovu” haqqında müqavilənin surətindən görünür ki, bu müqavilə girov qoyan və ssuda verən arasında imzalanmış girov biletinin əlavəsi sayılır və onunla eyni hüquqi qüvvəyə malikdir. Girov qoyulmuş qızıl-zinət əşyaları cinayət yolu ilə əldə edilmişdirsə, "xxxx" MMC həmin əşyalar üçün məsuliyyət daşımır.
4. "xxxx" MMC tərəfindən verilən BRD 026839 nömrəli girov biletindən gpörünür ki, 7 fevral 2023-cü il tarixində girov verən İddiaçı tərəfindən 1 cüt sırğa, 1 üzük əyar 583, çəki 6.2 qr (x.ç 5.7 qr) girov qoyulmuşdur.
5. "xxxx" MMC ilə girovqoyan İddiaçı arasında bağlanan xx.xx.2023-cü il tarixli, BRD seriyalı 02689 nömrəli “əşyanın lombardda girovu” haqqında müqavilənin surətindən görünür ki, bu müqavilə girov qoyan və ssuda verən arasında imzalanmış girov biletinin əlavəsi sayılır və onunla eyni hüquqi qüvvəyə malikdir. Girov qoyulmuş qızılzinət əşyaları cinayət yolu ilə əldə edilmişdirsə, "xxxx" MMC həmin əşyalar üçün məsuliyyət daşımır.
6. İş materiallarında olan kassa mədaxil orderinin qəbzlərindən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixində 15,3 manat faiz, xx.xx.2016-cı il tarixdə 13,5 manat faiz, xx.xx.2016-cı il tarixdə 7,3 manat faiz, xx.xx.2016-cı il tarixində manat faiz, xx.xx.2016-cı il tarixində 12,5 manat faiz, xx.xx.2016-cı il tarixində 12 manat faiz, xx.xx.2017-ci il tarixdə 6,5 manat faiz, xx.xx.2017-c il tarixdə 12,7 manat faiz, xx.xx.2017-ci il tarixdə 12 manat faiz, xx.xx.2017-ci il tarixdə 10 manat faiz, xx.xx.2017-ci il tarixdə 16,5 manat faiz, xx.xx.2017-ci il tarixdə 7,5 manat faiz məbləğlərində ödəniş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iş üzrə Cavabdeh 2500 manat dəyərində olan (1 cüt sırqa, 1 üzük əyar 583, çəki 6.2 (çəki 5.7 qr) və 1 cüt sırğa 583 çəki 5.4, 2 ədəd üzük 583 çəki 8.3 (çəki 7.5) qızıllarını natura şəklikdə və yaxud qızılların dəyəri olan 2500 manat pulunu və məhkəməyə ödənilmiş 45 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixdə "xxxx" MMC direktoru (Cavabdeh) ilə razılığa gələrək (girov bileti BRD 026839,1 cüt sırqa, 1 üzük əyar 583, çəki 6.2 (çəki 5.7 qr). xx.xx.2014-cü il tarixdə LOMBARD HQ MMC (direktoru Cavabdeh) ilə razılığa gələrək (girov bileti serira AFƏ238012) 1 cüt sırğa 583 çəki 5.4, 2 ədəd üzük 583 çəki 8.3 (çəki 7.5) göstərilən əşyaları lombarda girov qoydu. 2017-ci ilin iyun ayında ona məlum oldu ki, LOMBARD HQ MMC ilə bağlı polis idarələrinə çoxlu şikayətlər daxil olur. Bu səbəbdən o da gedib həmin qızılları "xxxx" MMC-dən çıxarmaq istədikdə ona məlum oldu ki, həmin yeri bağlayırlar. Ümumilikdə qızılların dəyəri 2500 manat təşkil edir. Hazırda nə qızıllarını verirlər, nə də 2500 manat onların dəyərini ödəyirlər. Uzun müddətdir ki, nə əmlakını, nə də pulunu ala bilmir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 iyul 2025-ci il tarixli 2(006)-2657/2025 nömrəli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia təmin edilməmişdir.
10. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı Cavabdeh direktoru olduğu "xxxx" MMC-yə məxsus lombarda xx.xx.2013 və xx.xx.2014-cü il tarixlərində bir neçə qızıl-zinət əşyasını girov qoymuşdur. Tərəflər arasında bağlanmış girov müqavilələri (girov biletləri və onların əlavəsi sayılan müqavilə mətni) əsasında iddiaçıya müvafiq pul vəsaiti təqdim edilmişdir. Müqavilələrdə qızıl əşyaların növü, çəkisi və əyarı dəqiq göstərilmişdir.
11. Məhkəmə göstərmişdir ki, iddiaçı tərəfindən işə əlavə edilmiş bir sıra kassa orderləri və qəbzlər əsasında onun uzun müddət ərzində müxtəlif vaxtlarda lombard tərəfindən tələb olunan faizləri ödəmiş olduğu müəyyən edilmişdir. Lakin iş materiallarında və ya məhkəməyə təqdim edilmiş digər sübutlarda girov müqavilələri üzrə əsas borcun - yəni lombarddan götürülmüş pulun geri qaytarılması faktı təsdiqini tapmamışdır.
12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.2, 302.2, 302.5, 302.6, 385.1, 386.1, 442, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirmişdir ki, Məhkəmə qərəzsiz olmamış, belə ki, İddiaçı ödəniş qəbzlərini nəzərə almayaraq qətnaməsində göstərmişdir ki, lombarda ödənişlər edilməmişdir. Lakin bu tamamilə yanlış fikirdir. Belə ki 2019-cü ildən 2017-ci ilədək ayda 15.3 manat olmaqla ödəniş etmişdir. 2017-ci ildə bütün pulu borcu bağlayaraq qızıllarını tələb etmişdir. Lakin qızılları bu günədək qaytarılmayıb.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, hazırda bütün borcunu ödəsə də, buna dair hər hansı sübut təqdim edə bilmir, yalnız iş materiallarında olan qəbzləri təqdim etmişdir. Cavabdehin direktoru olduğu şirkətlə borc-kredit müqaviləsi yoxdur.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 18.Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 19.Maddə 302.1. Şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. 20.Maddə 302.2. Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. 21.Maddə 302.3. Saxlanca qoyulan əşyalar lombarda verilir. 22.Maddə 302.5. Lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. 23.Maddə 302.6. Lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır. 24.Maddə 302.7. Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir.
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir.
27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 28.Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
37. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, İddiaçı Cavabdeh direktoru olduğu "xxxx" MMC-yə məxsus lombarda xx.xx.2013-cü və xx.xx.2014-cü il tarixlərində bir neçə qızıl-zinət əşyasını girov qoymuşdur.
38. Tərəflər arasında bağlanmış girov müqavilələri (girov biletləri və onların əlavəsi olan Əşyanın lombardda girovu haqqında müqavilələr) əsasında iddiaçıya müvafiq pul vəsaiti təqdim edilmişdir.
39. Müqavilələrdə qızıl əşyaların növü, çəkisi və əyarı dəqiq göstərilmişdir. Müqavilələrdən – girov biletindən göründüyü kimi iddiaçı lombarddan müvafiq olaraq 100 manat və 200 manat pul götürmüşdür.
40. İş materiallarına əlavə edilmiş kassa mədaxil orderlərindən görünür ki, iddiaçı tərəfindən borcuna görə müxtəlif vaxtlarda cəmi 126,3 manat ödənilmişdir. Hər bir orderdə ödəniş məbləğinin qarşısında “faiz” sözü qeyd edilmişdir.
41. Göründüyü kimi, ödənilmiş həmin məbləğlər faiz borcunun silinməsinə hesablanmışdır. Əsas borcun ödənilməsinə dair isə hər hansı sübut iddiaçı tərəfindən nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında təqdim edilməmişdir. Halbuki, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
42. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Girov biletinin üzərində qeyd edilmiş ********** nömrəli VÖEN “e-taxes.gov.az” portalında Kommersiya qurumlarının dövlət reyestrində qanuni təmsilçi kimi Cavabdeh qeyd edilmişdir.
44. İddia tələbi və apellyasiya şikayətində göstərilənlər dəlillər formal mülahizələrə əsaslanmaqla, tələbin əsasını təşkil edən halları təsdiq edən sübutlar təqdim edilmədiyindən məhkəmə haqlı olaraq iddianı rədd edilməsi qənaətinə gəlmişdir.
45. Mülki Prosessual Məcəllənin 402.1-ci mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2657/2025 nömrəli iş üzrə 03 iyul 2025-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.