Məhkəmə qərarları › İş №2(103)-582/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-582/2025

14.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-582/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, hasarın sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və torpaq sahəsindən istifadəyə maneə törədilməsinin qadağan edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 oktyabr 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı, Cavabdeh vəkili (nümayəndəsi) Vəkil1, iş üzrə üçüncü şəxs olan Binəqədi rayonu X1 nümayəndəsi Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı, cavabdehə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, X1 ərazi hüdudları daxilində 1816 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə ona ayrılmış 400 kv.m torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin ətrafına çəkilmiş dəmir məftildən ibarət hasarın cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və torpaq sahəsindən istifadəyə maneə törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Binəqədi qəsəbə bələdiyyəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 1 saylı Bakı Ərazi İdarəsi, X9 və X3 iddia ərizəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd olunmuşlar.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 xx.xx.2005-ci il tarixli, 1816 saylı qərarı ilə iddiaçıya Binəqədi qəsəbənin ərazi hüdudları daxilində 400 kv.m torpaq sahəsi ayrılmışdır. Bunun müqabilində iddiaçı, Bələdiyyənin hesabına torpağın dəyəri olaraq pul köçürtmüşdür. Torpaq sahəsi iddiaçıya ayrılan vaxt torpaq sahəsinin planı işlənib hazırlanmış, torpaq sahəsi naturada ayrılaraq iddiaçıya verilmişdir. Bundan sonra iddiaçı ona ayrılmış torpaq sahəsində tikinti işləri aparmaq istədiyi zaman cavabdeh və cavabdehin övladı (iş üzrə üçüncü şəxslərdən biri olan) Xəyal Hüseynov ərazidə tikinti işləri aparmasına imkan verməmiş, iddiaçını təhqir etmiş, iddiaçını torpaq sahəsinə buraxmamışlar. Cavabdeh iddiaçıya ayrılmış torpaq sahəsini zəbt etmiş, sahəni dəmir məftil ilə hasara almış və sahədə tikinti işlərinə başlamışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri barədə məlumat vermiş, lakin bunun müsbət nəticəsi olmamış, xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarla iddiaçıya izah edilmişdir ki, onun şikayət ərizəsində göstərdiyi hal mülki xarakterlidir buna görə də, o, məsələnin həlli ilə bağlı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. İddiaçı, cavabdehdən torpaq sahəsindən çıxmasını və tikililəri sökməsini dəfələrlə tələb etsə də, cavabdeh bundan imtina etmişdir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, daşınmaz əmlakla bağlı hüquqların müdafiəsi üçün iddia irəli sürmək hüququ həmin daşınmaz əmlakın mülkiyyətçisi, yaxud Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə məxsus olduğundan, mübahisəli torpaq sahəsi dövlət mülkiyyəti olduğundan, iddiaçı həmin mübahisəli torpaq sahəsi ilə bağlı iddia tələbi irəli sürməklə bağlı subyektiv hüquqa malik olmadığından, onun iddia tələbi təmin edilə bilməz. c) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, torpaq sahəsi Bələdiyyə tərəfindən iddiaçıya satılarkən həmin torpaq sahəsinin dövlət və yaxud bələdiyyə mülkiyyətində olduğunu iddiaçı bilə bilməz və bilməyə də borclu deyildir. İddiaçı alıcı kimi dövlət orqanına etimad göstərərək hazırki torpaq sahəsini alğı-satqı yolu ilə əldə etmişdir. X1 xx.xx.2005-ci il tarixli, 1816 saylı qərarının qüvvədə olması iddiaçının mübahisəli torpaq sahəsi üzərində subyektiv hüququ olduğunu bir daha təsdiq edir. Buna baxmayaraq Rayon Məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilərkən işin bu halına düzgün qiymət verilməmiş, nəticədə əsassız qətnamə qəbul edilmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

8. İddiaçı və onun apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş vəkili (nümayəndəsi) Vəkil2 şikayətin dəlillərini müdafiə edərək, iddia ərizəsinin, habelə apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişlər.

9. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi.

10. İş üzrə üçüncü şəxs olan X1 nümayəndəsi Nümayəndə apellyasiya baxışının birinci iclasında iştirak edərək bildirmişdir ki, işə Rayon Məhkəməsi tərəfindən baxılarkən o, iddia tələbinin əsassız olduğunu, iddiaçıya ayrılmış torpaq sahəsi ilə cavabdehin istifadə etdiyi torpaq sahələrinin müxtəlif olmasını, sahələr arasında 60-70 metr məsafə olduğunu Rayon Məhkəməsinə bildirsə də, sonradan işin halları ilə maraqlanmış və müəyyən etmişdir ki, iddia əsaslıdır. Buna görə də, o hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.

11. Apellyasiya baxışının növbəti iclasında isə o bildirdi ki, əvvəlki iclasdan sonra o əlavə araşdırma aparmış və müəyyən etmişdir ki, iddiaçının tələbi əsassızdır. Çünki iddiaçıya ayrılmış torpaq sahəsi ilə cavabdehin istifadə etdiyi torpaq sahələri başqa-başqa sahələrdir. Buna görə də, o əvvəl verdiyi izahatı deyil, hazırda verdiyi izahatın nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

12. İş üzrə digər üçüncü şəxslər Zərifə Həsənova, Xəyal Hüseynov, habelə üçüncü şəxs olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da apellyasiya baxışı iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, X1 1816 nömrəli, xx.xx.2005-ci il tarixli qərardan görünür ki, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 400 kv.m torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün iddiaçının alğı-satqı yolu ilə mülkiyyətinə ayrılması, ayrılmış ərazidə kommunikasiya xətlərini gözləmək şərti ilə fərdi yaşayış evinin tikintisinin eskizi rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırdıqdan sonra başlanmasının vətəndaşın nəzərinə çatdırılması, vətəndaşa qanunvericilikdə müəyyən olunmuş qaydada aldığı torpaq sahəsini rayon X5 Xidmətinə, fərdi yaşayış evinin tikintisinin isə qeydiyyatı üçün Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət etməsinin tapşırılması, bu qərarın icrasına nəzarətin Bələdiyyənin icra aparatına tapşırılması, qərarın təsdiq edilmiş nüsxələrinin vətəndaşa, məlumat üçün ərazi polis bölməsinə təqdim edilməsi qərara alınmışdır.

15. Binəqədi RPİ-nin 43-cü PB tərəfindən HK-1497 nömrəli material əsasında qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, (hazırkı mülki iş üzrə tərəf olmayan) X4 ərizə ilə PB-nə müraciət edərək bildirmişdir ki, o, (hazırkı iş üzrə iddiaçı) İddiaçı xx.xx.2020-ci il tarixdə Binəqədi qəsəbəsində yerləşən 400 kv.metr torpaq sahəsini almışdır. Lakin (hazırkı iş üzrə cavabdeh) Cavabdeh və sonuncunun övladı (iş üzrə üçüncü şəxslərdən biri olan) Xəyal Hüseynov həmin sahəni zəbt etmişlər. Qərardan həmçinin görünür ki, şikayət ərizəsi əsasında aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, şikayət ərizəsində göstərilən hal mülki xarakterlidir buna görə də, qeyd edilən məsələnin həlli ilə bağlı maraqlı şəxslər müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidirlər.

16. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-30/216387/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 474 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən şərti olaraq göstərilən sahə əvvəlki vəziyyətdə ferma ərazisi olmaqla dövlət mülkiyyəti torpağının bir hissəsidir (bələdiyyə torpağı deyil). Sözügedən sahə ilə bağlı cizgi və aidiyyəti sənədlər təqdim olunmamış və bundan əlavə qeyd olunan sual idarənin səlahiyyətində olan məsələlərlə bağlı deyildir.

17. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3866 nömrəli rəyindən görünür ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri” X12 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3- 30/2-16387/2023(**********87) nömrəli mütəxəssis rəyinə əsasən, göstərilən torpaq sahəsinin faktiki olaraq 474 kv.m təşkil etdiyi və həmin torpaq sahəsinin üzərində tikilinin olmadığı müəyyən edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən şərti olaraq göstərilən sahənin əvvəlki vəziyyətdə ferma ərazisi olmaqla dövlət mülkiyyəti torpağının bir hissəsi (bələdiyyə torpağı deyil) olduğu müəyyən edilmişdir. Sözügedən sahə ilə bağlı cizgi və aidiyyəti sənədlər təqdim olunmadığına görə, qərardadın bu sualı cavablandırılmamışdır.

18. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8503 nömrəli rəyindən isə görünür ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri” X12 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunmuşdur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 474 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən şərti olaraq göstərilən sahə əvvəlki vəziyyətdə ferma ərazisi olmaqla dövlət mülkiyyəti torpağının bir hissəsidir (bələdiyyə torpağı deyil).

19. Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən verilmiş 1620 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamdan görünür ki, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisində 400 kv.m boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün (iş üzrə üçüncü şəxslərdən biri olan) Zərifə Həsənovanın alğı-satqı qaydasında mülkiyyətinə ayrılması, ayrılmış ərazidə kommunikasiya xətlərini gözləmək şərti ilə fərdi yaşayış evinin tikintisinin eskizi rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırıldıqdan sonra başlanmasının vətəndaşın nəzərinə çatdırılması, vətəndaşa qanunvericilikdə müəyyən olunmuş qaydada torpaq sahəsini X5 Xidmətinə, fərdi yaşayış evinin tikintisinin isə qeydiyyatı üçün Bakı Şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət etməsinin tapşırılması, bu qərarın icrasına nəzarətin Bələdiyyənin icra aparatına tapşırılması, qərarın təsdiq edilmiş nüsxələri vətəndaşa, məlumat üçün ərazi polis bölməsinə təqdim edilməsi barədə sərəncam verilmişdir.

20. “X10 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 145 nömrəli mütəxəssis rəyindən görünür ki, naturada təqdim olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmiş, rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edilir. Naturada təqdim olunan torpaq sahəsi X1 xx.xx.2005-ci il tarixli 1816 saylı qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin planında göstərilən torpaq sahəsinə uyğun gəldiyi, naturada təqdim olunan torpaq sahəsi X1 xx.xx.2005-ci il tarixli 1620 saylı sərəncamı ilə (iş üzrə üçüncü şəxslərdən biri olan) Zərifə Həsənovaya ayrılmış torpaq sahəsinin eskizində göstərilən sahəyə uyğun gəlmədiyi müəyyən edilmişdir.

21. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəs mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyalar götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər (maddə 157.4.). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8.).

23. MPM-in tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (maddə 81.). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88.).

24. İddiaçı, X1 xx.xx.2005-ci il tarixli, 1816 saylı qərarı ilə ona qəsəbə hüdudları daxilində fərdi yaşayış evinin tikilməsi üçün alğı-satqı yolu ilə 400 kv.m torpaq sahəsinin ayrılmasına əsaslanaraq hazırki iddia tələbini irəli sürsə də, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3866 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/8503 nömrəli ekspert rəyləri ilə təsdiq edilmiş və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 474 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən şərti olaraq göstərilən sahə əvvəlki vəziyyətdə ferma ərazisi olmaqla dövlət mülkiyyəti torpağının bir hissəsidir (bələdiyyə torpağı deyil).

25. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi mübahisəli torpaq sahəsi ilə bağlı iddia irəli sürmək üçün iddiaçının subyektiv hüququ malik olmamasını nəzərə alaraq iddianın rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızıdır. f) apellyasiya baxışının nəticəsi

26. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

27. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

28. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

30. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh və iş üzrə üçüncü şəxslər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

31. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən o, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

32. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 oktyabr 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər şəxslər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar