Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5822/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyun 2025-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, ona vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 509,654 manat, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə isə 10.000.000 manat məbləğində pulun cavabdeh Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsində cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi göstərilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Hərbi Məhkəməsi tərəfindən 1- 1(093)-7/2024 nömrəli cinayət işi üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli hökmlə müəyyən edilmişdir ki, iddiaçının övladı leytenant Təmkin Nizami oğlu Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən (şərti olaraq) “N” saylı hərbi hissəsinin tağım komandiri vəzifəsində qulluq etmiş (şərti olaraq “Tər-tər işi” kimi adlandırılan) iş üzrə “qurban” olmuş və 4 gün ərzində ağır işgəncələrə məruz qalaraq, aldığı xəsarətlərdən xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Hazırkı iş üzrə iddiaçı həmin cinayət işində mərhum oğlunun prosessual hüquq varisi kimi iştirak etmişdir. Qeyd edilən cinayət işinin icraatının başlanmasına əsas olmuş cinayət hadisələri zamanı iddiaçının oğlu “vətən xaini” adı ilə “ləkələnmişdir”. Cinayət işinin nəticəsi ilə müəyyən edilmişdir ki, iddiaçının oğlunun günahı olmamış, o, vətənə xəyanət etməmişdir. İddiaçı 24 yaşlı oğlunun “vətən xaini” adı ilə “ləkələnərək öldürülməsinin və ailə üzvləri olaraq onların uzun müddət ərzində özlərini “vətən xaininin ailə üzvü” kimi hiss etmələrinin nəticəsində vurulmuş mənəvi zərərin əvəzi olaraq dövlət büdcəsindən 1.000.000 manat məbləğində pul tutulmasını ədalətli hesab edir. Bundan başqa iddiaçı qeyd edir ki, onun mərhum oğlu 24 yaşılı Təmkin Nizami oğlunun aldığı əmək haqqı 1.000 manat olub. O yaşasaydı ən azı 15 orduda xidmət edə bilərdi. Çünki 2015-ci ildə onunla 20 illik müqavilə bağlanmışdır. Bundan başqa “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsində hərbi xidmət üçün son yaş həddi 63 olaraq müəyyən edilir. Təmkin Nizami oğlu 15 illik müqaviləsi üzrə ona ödənilməli olan (180 ay x 1.000 manat=) 180.000 manat məbləğində əmək haqqından məhrum edilib. Bundan başqa, Təmkin Nizami oğlu bu müddət ərzində maaşa əlavələr və maaş artımı üzrə də ən azı 30.000 manat ala bilərdi. Həmçinin müqavilə müddəti bitdiyi zaman Təmkin Nizami oğlunun 39 yaşı olduğunu nəzərə alaraq o hərbi xidmətini ən azı 24 il davam edə biləcəkdi. Faktiki olaraq (288 ay x 1.000 manat=) 288.000 manat məbləğində gəlirindən məhrum olmuşdur. Bundan başqa Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən Azərbaycanda kişilər üçün gözlənilən ömür uzunluğu 2017-ci il üçün 73,6 yaş müəyyən edilmişdir. Təmkin Nizami oğlu 63 yaşında hərbi xidmətdən pensiyaya çıxsa idi, 13,6 il yaşayacaqdı. “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən Təmkin Nizami oğlu təminat xərcliyinin 65 faizi məbləğində pensiya almaq hüququ olub. Yəni yaşasaydı Təmkin Nizami oğlu 10 il yarım pensiya almaq imkanı olacaqdı və (10,6 x 12 x 650 manat=) 81.900 manat gəlir əldə edəcəkdir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, ona vurulmuş maddi zərərin əvəzi olaraq dövlət büdcəsindən (180.000 + 30.000 + 288.000 + 81.900=) 579.900 manat məbləğində pul tutulmalıdır. b) iddia tələbinə dair cavabdehin münasibəti barədə məlumat
3. Cavabdeh Maliyyə Nazirliyin iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, Maliyyə Nazirliyi iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməmişdir. Maliyə Nazirliyinin bu iddiaya cavab verməli olan şəxs kimi göstərilməsi əsassızdır. Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Eyni zamanda bildirilir ki, iddiaçı maddi zərərə görə kompensasiya ödənilməsi tələb edərkən mərhum oğlunun aylıq gəliri (əmək haqqı, vəzifə maaşı və s.) ilə bağlı və ayda konkret qazancı barədə hər hansı əsaslandırıcı sübutlar təqdim etmədən kompensasiya ödənilməsini tələb edir. Ümumiyyətlə sözügedən məsələ hərbi xidmət ilə əlaqədar olduğundan hərbi qulluqçu və müvafiq hərbi hissə arasında tənzimlənməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Odur ki, göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 50.000 manat məbləğində pul vəsaitinin dövlət büdcəsindən cavabdeh Maliyyə Nazirliyi vasitəsi ilə tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının oğlunun işgəncələrə məruz qalması Bakı Hərbi Məhkəməsi tərəfindən 1-1(093)-7/2024 nömrəli cinayət işi üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli hökmlə müəyyən edilmişdir. İşin hallarından həmçinin müəyyən edilir ki, qeyd edilən cinayət işinin icraatının başlanmasına əsas olmuş cinayət hadisələri zamanı iddiaçının oğlu “vətən xaini” adı ilə “ləkələnmiş”, bir neçə gün ərzində işgəncələrə məruz qalmışdır. Cinayət işinin baxışı nəticəsi ilə müəyyən edilmişdir ki, iddiaçının oğlunun günahı olmamış, o, vətənə xəyanət etməmiş, məruz qaldığı işgəncələr nəticəsində aldığı xəsarətlərdən ölmüşdür. Odur ki, mənəvi zərərin həcmi müəyyən edilərkən iddiaçının oğlunun məruz qaldığı hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət, hüquqa zidd əməlin hansı şəraitdə və mühitdə baş verməsi, hüquqa zidd əməlin iddiaçının oğlunun ölümünə səbəb olması və bunun nəticəsində onun keçirdiyi mənəvi sarsıntı və iztirabın dərəcəsi, habelə işin sair diqqətəlayiq halları nəzərə alaraq hesab edilməlidir ki, iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 50.000 manat məbləğində pul tutulması ədalətli və ağlabatandır. Rayon Məhkəməsi maddi zərərin ödənilməsi hissəyə münasibətdə qeyd etmişdir ki, ailənin maddi təminatının mərhum Təmkin Nizami oğlu tərəfindən təmin edilməsi barədə işdə sübutlar olmadığından mərhumun iddiaçının ailə başçısı olması istisna edilir. Əksinə, məhkəmə iclasında iddiaçı məhkəmənin sualına cavab olaraq özünün işlədiyini və ailəsini özünün dolandırdığını bildirmişdir. Bu baxımdan iddiaçı, oğlunun əmək haqqı və ona əlavələrlə bağlı maddi zərərin ödənilməsini tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Əlavə olaraq qeyd edilməlidir ki, işdən görünür ki, iddiaçının övladı Təmkin Nizami oğlu xx.xx.2017-ci il tarixli əmrlə tutduğu vəzifədən azad edilərək, ştatdan kənar saxlanılmışdır. Həmin əmr qüvvədədir. Odur ki, hesab edilməlidir ki, iddiaçı, məhrum olduğunu iddia etdiyi oğlunun əmək haqqı və əlavələrinə görə maddi zərərin ödənilməsi tələbi ilə bağlı iddia qaldırmaqda haqlı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə maddi zərərin ödənilməsi hissəsində iddianın rədd edilməsini məqsədəmüvafiq hesab etmişdir. d) apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmamış hissəsində ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və iddianın bir qismini təmin etməməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, Rayon Məhkəməsi vəzifəli şəxslərin təqsiri üzündən onun oğlunu itirməsini və bütövlükdə bütün həyat düzəninin pozulması və digər hallar barədə təqdim etdiyi sübutları nəzərə almamışdır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
8. Apellyasiya baxışı iclasında iştirak etmiş iddiaçı - apellyator apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və bu şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
9. Cavabdeh Maliyyə Nazirliyi və cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan Müdafiə Nazirliyi işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə baxışı iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Yuxarıda qeyd edilən hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) hazırkı iş üzrə apellyasiya baxışının həddi barədə məlumat
10. Məhkəmə bildirir ki, iddia qismən təmin edilsə də, cavabdeh və cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qətnamədən apellyasiya şikayəti verməmişlər.
11. Qətnamədən apelyasiya şikayəti iddiaçı tərəfindən verilmişdir. Şikayətin məzmunundan görünür ki, iddiaçı qətnaməni qismən, yəni iddianın bir qisminin təmin oedilməməsi hissəsini mübahisələndirir.
12. Bunları və mübahisənin predmetinin bölünməz olmadığını nəzərə almış Məhkəmə qətnamənin əsaslığını yalnız mübahisələndirilən hissədə yoxlamışdır. Çünki MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. g. mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, Bakı Hərbi Məhkəməsi tərəfindən 1-1(093)-7/2024 nömrəli cinayət işi üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli hökmlə müəyyən edilmişdir ki, iddiaçının övladı – Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən (şərti olaraq) “N” saylı hərbi hissəsinin tağım komandiri, leytenant Təmkin Nizami oğlu, şərti olaraq “Tərtər işi” kimi adlandırılan iş üzrə “qurban” olmuş, 4 gün ərzində ağır işgəncələrə məruz qalmışdır. Qeyd edilən cinayət işinin icraatının başlanmasına əsas olmuş cinayət hadisələri zamanı iddiaçının oğlu “vətən xaini” adı ilə “ləkələnmişdir”. Cinayət işinin baxışı nəticəsi ilə müəyyən edilmişdir ki, iddiaçının oğlunun günahı olmamış, o, vətənə xəyanət etməmiş, məruz qalmış ağır işgəncələr nəticəsində aldığı xəsarətlərdən xx.xx.2017-ci il tarixdə ölmüşdür. İddiaçı həmin cinayət işində mərhum oğlunun prosessual varisi kimi iştirak etmişdir.
15. Qeyd edilən bu hallar tərəflər arasında mübahisə doğurmur.
16. İddiaçı bildirir ki, o özü və ailə üzvləri uzun müddət ərzində özlərini “vətən xaininin ailə üzvü” kimi hiss etmişlər. Bu səbəbdən də ona və ailənin digər üzvlərinə mənəvi zərər dəymişdir.
17. Məhkəmə iddia tələbinin iddiaçının “ailə üzvlərinə aid hissəsinin” əsaslılığı ilə bağlı bildirir ki, MPM-in tələblərinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (maddə 4.1.). İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir (maddə 51.1.). Birgə iştirakçılar işin aparılmasını həmin iştirakçılardan birinə tapşıra bilərlər (maddə 51.2.). Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər (maddə 69.1.). Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir (maddə 73.1.). İddia ərizəsinin imzalanması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (maddə 74.2.).
18. İş materiallarından görünür ki, iddia ərizəsi yalnız iddiaçının adından verilmiş, iddia ərizəsi iddiaçının ailə üzvləri adından verilməmiş, iddiaçının ailə üzvləri onların adından iddia ərizəsi ilə məhkəməyə müraciət etmək səlahiyyətini özündə ehtiva edən etibarnaməni iddiaçıya verməmişlər.
19. Belə olan halda qəbul edilməlidir ki, iddiaçı, ailə üzvlərinin adından çıxış etmək üçün nə müvafiq səlahiyyətə, nə də ki subyektiv hüquqa malik deyil. İddiaçı, ailə üzvlərinin nə faktiki, nə də ki, qanuni nümayəndəsi deyil.
20. Belə olan halda müəyyən edilir ki, iddiaçı, dövlət büdcəsindən ailə üzvlərinin xeyrinə pulun tutulmasını tələb etməkdə haqlı deyil. İddiaçının ailə üzvləri onlara vurulmuş zərərin əvəzinin ödənilməsini özləri şəxsən və ya onun verdikləri etibarnamə ilə onların adından çıxış edən nümayəndə vasitəsi tələb edə bilərlər.
21. Buna görə də, qəbul edilməlidir ki, iddiaçının apellyasiya şikayətinin ailə üzvlərinə aid hissəsi əsaslı deyil.
22. İddianın qalan hissəsinin əsaslılığı ilə bağlı Məhkəmə bildirir ki, iddiaçının bir müddət ərzində özünü “vətən xaininin valideyni” kimi hiss etməsi, onun övladının 4 gün ərzində işgəncələrə məruz qalması və aldığı xəsarətlər nəticəsində vəfat etməsi səbəbdən iddiaçının psixoloji iztirab çəkməsi, stressə məruz qalması başa düşüləndir.
23. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarına görə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər (bənd 1.). Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyamın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (bənd 2.). Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur (bənd 8.).
24. Məhkəmə bildirir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə, mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır.
25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.
26. Göründüyü kimi, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər-maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir.
27. Bu baxımdan qəbul edilməlidir ki, iddiaçının apellyasiya şikayətinin müzakirə edilən dəlilləri əsassızdır. Rayon Məhkəməsi iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq dövlət büdcəsindən iddiaçının xeyrinə 50.000 manat məbləğində pulun tutulmasını qət etməkdə haqlı olmuşdur.
28. İddiaçı tərəfindən cavabdeh Maliyyə Nazirliyinə qarşı irəli sürülmüş iddia tələbinin “maddi zərərin əvəzinin ödənilməsi barədə” hissəsinin təmin edilməsi haqqında Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticənin və həmin nəticənin əsassız olması haqqında apellyasiya şikayətində ifadə edilmiş dəlillərin əsaslılığı ilə bağlı Məhkəmə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının övladı Təmkin Nizami oğlu qulluq etdiyi hərbi hissəsinin komandirinin xx.xx.2017-ci il tarixli, 136 nömrəli əmri (iş v. 62) ilə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2017-ci il tarixli, 0211 nömrəli əmrinə əsasən tutduğu vəzifədən azad edilmişdir.
29. Apellyasiya icraatı zamanı Müdafiə Nazirliyinin Məhkəmənin sorğusuna verdiyi xx.xx.2025-ci il tarixli, 3-25-3/1/2-1054/25 saylı cavab məktubundan görünür ki, Təmkin Nizami oğlunun tutduğu vəzifədən azad edilməsi haqqında əmr ləğv edilməmişdir.
30. Göründüyü kimi, həmin əmr qüvvədədir və hazırda həmin əmr mübahisə predmetini təşkil etmir.
31. Digər tərəfdən qeyd edilməlidir ki, qeyd edilən əmr ləğv edilmiş olsa idi belə, müzakirə edilən bu tələb əsaslı hesab edilə bilməzdir, çünki iddiaçının mərhum övladı Təmkin Nizami oğlunun himayəsində olması faktı təsdiq edilmir.
32. Belə ki, iddiaçı işə baxmış Rayon Məhkəməsinə verdiyi izahatda özünün işlədiyini və ailəsini özünün dolandırdığını bildirmişdir.
33. Odur ki göstərilənləri, yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı təcrübəsini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin bu kimi tələbin təmin edilməməsi haqqında nəticəsi əsaslı və işin hallarına uyğundur. h) apellyasiya baxışının nəticəsi
34. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
35. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. Buna səbəbdən Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyun 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər proses iştirakçıları hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.