Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5823/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5823/2024 (Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakda payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli e-2(003)-1243/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 27 noyabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı və Cavabdeh 15 dekabr 2006-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 158 nömrə ilə qeyd edilmişdir.
2. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36 T saylı sahə -xx.xx.2020-ci il tarixdə alğı-satqı müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmişdir. xx.xx.2005-ci il tarixdən “Mercedes Benz” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və xx.xx.2017-ci il tarixdən KRD 050110 markalı yarımqoşqu Cavabdeh adına qeydiyyatdadır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 15 dekabr 2006-ci ildə rəsmi nikaha daxil olub evlənmişdir. Xəzər Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur, şəhadətnaməyə əsasən aralarında olan nikahın ləğv edilməsi 16 iyun 2022-ci il tarixdə 158 nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında qeyd edilmişdir. 04 dekabr 2020-ci ildə birgə yaşadıqları dövrdə Bakı şəhəri 25 saylı notariat ofisində təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36T saylı sahədə məqsədli təyinatı yaşayış məntəqələrinin torpaqlarına 0,0881 ha torpaq sahəsi və onun üzərində anbar kimi istifadə olunan tikilini əldə etmişlər. Birgə nikah dövründə əldə etdikləri hazırki mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36T saylı sahə məqsədli təyinatı yaşayış məntəqələrinin torpaqlarına aid olan 0,0881 ha torpaq sahəsi və onun üzərində anbar kimi istifadə olunan birgə əmlak kimi aralarında bölünməlidir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mübahisəli əmlakın 28 fevral 2023-cü il tarixinə qədər Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36T saylı sahədə 0,0881 torpaq sahəsi və üzərində anbar kimi istifadə olunan tikilinin girov və ipoteka qoyulması və sair formada özgəninkiləşdirilməsi cavabdehə qadağan edilmişdir. Bununla belə, iddia ərizəsinə mahiyyəti üzrə baxılıb yekun qətnamə qəbul edilənə qədər Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36T saylı sahədə 0, 0881 ha torpaq sahəsi və onun üzərində anbar kimi istifadə olunan tikilinin girov və ipoteka qoyulması və sair qaydada özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi davam etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən, birgə nikah dövründə əldə edilən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36T saylı sahədə yerləşən 0, 0881 ha torpaq sahəsi və üzərində anbar kimi istifadə olunan tikilinin aralarında bölünməsi və 1/2 hissədə onun mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Daha sonra İddiaçı iddia ərizəsinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36T saylı sahədə üzərində anbar tikilisi olan 0,0881 ha torpaq sahəsinin, ** OF *** qeydiyyat nömrə nişanlı (şəhadətnamə AA705218), buraxlış ili 1979, rəngi limon, mühərriki dizel olan “MERCEDES 200” minik markalı nəqliyyat vasitəsinin, qeydiyyat nömrə nişanı 99ZC45 (şəhadətnamə AC973272), buraxlış ili 2016, rəngi qara olan KRD 050110 markalı yarımqoşqunun aralarında bölünməsinə və ikidə bir hissələrində onun mülkiyyət hüququnun tanınmasına dair qətnamənin qəbul edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli e-2(003)- 1243/2023 saylı qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36T saylı sahə, onun üzərində anbar kimi istifadə olunan tikili və xx.xx.2017-ci il tarixdə buraxlış ili 2016, rəngi qara olan KRD 050110 markalı yarımqoşqu üzərində İddiaçı mülkiyyət hüququ tanınmaqla 1/2 hissədə payı müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 32.1, 34.1-ci maddələri, Mülki Məcəllənin 225.1, 225.2, 225.4-cü maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi araşdırarkən cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi "xxxx" ASC ilə bağlanmış xx.xx.2021 il tarixli 26NARİ/21-1 saylı və xx.xx.2021 il tarixli 25NARİ/21-1 saylı ipoteka müqavilələrini nəzərə almamışdır. Halbuki həmin müqavilələrdən də görünür ki, bölüməsi iddia olunan əmlak banka məxsusdur və yüklü edilmişdir. İş üzrə sübutlarla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36T saylı sahəsinin ümumi birgə borc hesabına əldə edildiyi maddi hüquq nоrmalarının düzgün tətbiq edilməməsi nəticəsndə həmin əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılmışdır. Lakin banka olan borc nəzərə alınmamış və bölünməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Qeyd etmişdir ki, birinci instansiya məhkəməsinə müraciət edən zaman borcun bölünməsinə dair də məsələ qaldırılmış, lakin qətnamədə borca münasibət bildirilməmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər.
14. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
15. Maddə 31.1 Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
16. Maddə 31.2 Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
17. Maddə 32.1 Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
18. Maddə 32.2.2 Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.
19. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır).
20. Maddə 36.3 Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
21. Maddə 37.1 Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
22. Maddə 37.3 Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. Maddə 225.1 Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
24. Maddə 225.5. Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
28. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Hazırda iddia qismən təmin edildiyindən və yalnız cavabdeh tərəfindən iddianın təmin edilən hissəsi mübahisələndirildiyindən, qətnamə yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalıdır.
33. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün işin mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
35. Kollegiya qeyd edir ki, hazırki apellyasiya baxışının predmetini adları çəkilən əmlakların qanuni rejiminin müəyyənləşdirilməsi təşkil edir: 1) Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36T saylı sahədə 0, 0881 ha torpaq sahəsi; 2) Onun üzərində anbar kimi istifadə olunan tikili; 3) qeydiyyat nömrə nişanı 99ZC45 (şəhadətnamə AC973272), buraxlış ili 2016, rəngi qara olan KRD 050110 markalı yarımqoşqu.
36. Məhkəmə ilk növbədə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36T saylı sahədə 0,0881 ha torpaq sahəsinin birgə nikah dövründə əldə edilmiş əmlak olubolmamasına dair məsələyə hüquqi qiymət verilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
37. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36T saylı sahə xüsusi mülkiyyət hüququ ilə X1 məxsus olmuş, AN-1№ ******* saylı xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən X3 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36T saylı sahəni Cavabdeh satmışdır.
38. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-462/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsindən görünür ki, X5 ilə Cavabdeh xx.xx.2006-cı il tarixdə nikahlarını bağlamışlar.
39. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamənin surətindən aydın olur ki, Cavabdeh və X5 arasındakı nikah ləğv olunmuşdur. Bu barədə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 158 sayla qeyd edilmişdir.
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
40. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən ərarvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
41. Göstərilən Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvadın arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
42. Beləliklə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəlləsinin 225-ci maddələrinin tələblərindən göründüyü kimi əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması.
43. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, tərəflər xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)- 462/2022 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur.
44. Adı çəkilən iş materiallarından da göründüyü kimi mübahisə predmeti olan əmlak: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36T saylı sahədə 0, 0881 ha torpaq sahəsi tərəflərin arasında nikahlarının bağlandığı və qüvvədə olduğu dövrdə əldə olunmuşdur.
45. Kollegiya hesab edir ki, birgə nikah dövründə əldə edilən əmlakların tərəflərin ümumi gəlirləri hesabına əldə edilib-edilməməsi məsələsi isə artıq onun əksini iddia edən tərəflərin sübutetmə yükü ilə bağlı olmalıdır. Hazırki iş üzrə cavabdeh öz apellyasiya şikayətində sözügedən torpaq sahəsinin tərəflərin birgə nikahları dövründə və birgə gəlirləri hesabına əldə edilməsinin təsbit olunması barədə məhkəmənin mövqeyini əsassız hesab etsə də, bu əsassızlığın kökündə duran konkret səbəblər barədə məlumat verməmiş, hazırki iş materiallarında da mübahisəli əmlakın tərəflərin ümumi gəlirləri hesabına əldə olunmasını istisna edən hər hansı maddi sübutlar məhkəmə tərəfindən aşkar edilməmişdir.
46. Beləliklə, kollegiya qeyd edir ki, Cavabdeh adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36T saylı sahədə 0, 0881 ha torpaq sahəsi tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan, həmin əmlak qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iddiaçı və cavabdehin ümumi birgə mülkiyyəti hesab edilir və həmin hissədə şikayətin dəlilləri əsassızdır.
47. Lakin məhkəmə kollegiyası cavabdehin sözügedən torpaq sahəsinin ipoteka yüklü edilməsi və həmin ipotekanın təminat qismində iştirak etdiyi kredit müqaviləsi üzrə ohdəliyin də paylara münasibətdə bölünməli olması barədə dəlillərini əsaslı hesab edir.
48. Belə ki, apellyasiya baxışı zamanı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən "xxxx" KB ASC tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən aydın olur ki, sonuncu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021 il tarixli, 26NAR/21-1 saylı kredit müqaviləsi üzrə cavabdehə 200.000 manat məbləğində, illik 15 faiz dərəcəsində 36 ay müddətinə kredit verilmiş, həmin kreditin təminatı qismində zaminliklə yanaşı xx.xx.2021 il tarixli, 26NARİ/21-1 saylı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36T saylı sahədə 0, 0881 ha torpaq sahəsi çıxış etmişdir. Həmçinin təqdim edilən xx.xx.2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən qeyd edilən kredit müqaviləsi üçün ödənilməyən 19852 manat əsas borc, 1657.36 manat faiz borcu, 132 manat dəbbə pulu olmaqla cəmi 21641.36 manat məbləğində öhdəliyin icra edilməsi üçün adı çəkilən əmlaka tutma yönəldilməsi təsbit edilmişdir. Həmçinin, müəyyən olunur ki, Seyidova (Ələkbərova) Aygün Rövşən qızı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36T saylı sahədə 0, 0881 ha torpaq sahəsinin "xxxx" KB ASC-yə ipoteka qoyulmasına razılığını bildirmişdir.
49. Kollegiya ilk növbədə qeyd edir ki, yuxarıda qeyd edilənlərdən də göründüyü kimi mübahisəli torpaq sahəsi "xxxx" KB ASC tərəfindən cavabdehin ona olan borcunun təminatı qismində çıxış etdiyindən və hazırki mübahisənin nəticəsi bankın maraqlarına toxunduğundan "xxxx" KB ASC iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməli olduğu halda birinci instansiya məhkəməsi bunu etməmiş, ipoteka ilə yüklü edilən əmlakın təminatı olduğu borc öhdəliyinə də payların müəyyən edilməli olmasını nəzərə almamışdır.
50. Belə ki, Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci il 23 iyul tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır.
52. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında da qeyd edilmişdir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən, ailənin ehtiyacları üçün alınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur. Bu səbəbdən birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmləşdirilməsindən asılı olmayaraq, onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür. ....... O da nəzərə alınmalıdır ki, borca münasibətdə payların müəyyən olunması ərin və arvadın bir-birlərinə qarşı tələblərinin həcmi (daxili münasibət) baxımından əhəmiyyət kəsb edir. Pay nisbəti birgə borcluların kreditor (kreditorlar) qarşısındakı məsuliyyətinin (xarici münasibətin) həcmini müəyyənləşdirmir. Bu səbəbdən ər (arvad) icra etdiyi öhdəliyin ərin (arvadın) payına düşən hissəsini ondan tələb edə biləcəyi halda, kreditor pay nisbətindən asılı olmayaraq bütün borcu ərdən (arvaddan) həm birlikdə, həm də ayrı-ayrılıqda tələb edə bilər. Çünki birgə borcluluqda kreditor (kreditorlar) öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər və öhdəlik tam icra edilənədək birgə borcluların öhdəlikləri qüvvədə qalır (Mülki Məcəllənin 500.1-ci maddəsi).
53. Yuxarıda qeyd edilən hüquqi mövqelərdən də göründüyü kimi birgə nikah dövründə əldə edilən əmlakın bölünməsi zamanı bu proses sadəcə əldə edilən aktivlərə payların müəyyən edilməsi deyil, eyni zamanda həmin dövrdə tərəflərdən birinin sahib olduğu passivlər, yəni öhdəliklərə də həmin borcun ailə məqsədləri üçün istifadə olunması halında payların müəyyən edilməsi nəzərə alınmalıdır.
54. Hazırki işin hallarına əsasən yuxarıda qeyd edildiyi kimi cavabdehlə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2021-ci il kredit müqaviləsinə əsasən ödənilməyən borcun məbləği 19852 manat əsas borc, 1657.36 manat faiz borcu, 132 manat dəbbə pulu olmaqla cəmi 21641.36 manat məbləğində müəyyən edilmiş, öhdəliyin icra edilməsi üçün adı çəkilən əmlaka tutma yönəldilməsi təsbit edilmişdir.
55. İş materiallarına əsasən müəyyən olunur ki, sözügedən kreditin götürülməsi tərəflərin birgə nikahda olduqları dövrə təsadüf etmiş, həmin kreditin ailə ehtiyaclarına deyil, cavabdehin şəxsi məqsədləri üçün istifadə edilməsinə dair hər hansı təkzibedici dəlil məhkəməyə təqdim edilməmişdir. Bu halda kollegiya əmlaka payların müəyyən edilməsi aparılan zaman tərəflərin eyni zamanda ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36T saylı sahədə 0,0881 ha torpaq sahəsi üzərində paylarının ½ hissədə müəyyən edildiyini, həmçinin Ailə Məcəlləsinin 37.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehlə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2021-ci il kredit müqaviləsinə əsasən mövcud olan öhdəliyə (borca) ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh payları müəyyən edilməlidir.
56. Kollegiya mübahisəli torpaq sahəsi üzərində anbar kimi istifadə olunan tikili üzərində payların müəyyən edilməsi ilə bağlı məsələyə münasibətdə isə aşağıdakıları qeyd edir.
57. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36T saylı sahə xüsusi mülkiyyət hüququ ilə ilkin olaraq X1 məxsus olarkən həmin mülkiyyətin dairəsi sadəcə sözügedən torpaq sahəsindən ibarət olmuş, onun üzərindəki hər hansı anbar tikilisinin də torpağın ayrılmaz parçası olaraq sonuncuya məxsusluğu qeyd olunmamış, o cümlədən belə tikiliyə mülkiyyət hüquqları barədə ayrıca çıxarış mövcud olmamışdır. Həmçinin AN- 1№ ******* saylı xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən X3 tərəfindən Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36T saylı sahənin satılması zamanı da bu alqı-satqının predmeti yalnız müvafiq torpaq sahəsi olmuş, sonuncunun hüquqlarını təsdiq edən xx.xx.2020-ci il tarixli çıxarışda da sadəcə həmin torpaq sahəsi qeyd edilmişdir.
58. Bütün bunlar onu deməyə əsas verir ki, hazırda mübahisə edilən anbar tikilisi qanuni mülkiyyət hüququ ilə hər hansı şəxsə, o cümlədən iddiaçı və ya cavabdehə məxsus olmamaqla özbaşına tikili olmuş, bunu təkzib edən hansısa dəlil isə məhkəməyə təqdim edilməmişdir.
59. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
60. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, .Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır.
61. Beləliklə, mübahisəli anbar tikintisinə dair mülkiyyət hüquqları təsbit olunmadığından, o cümlədən hazırki məhkəmə işi çərçivəsində tərəflərdən hansısa birinin həmin tikiliyə sərf olunmuş vəsaitin bölünməsinə dair iddiası olmadığından, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi sözügedən tikilinin üzərində payların müəyyən edilməsi ilə bağlı hissədə əsassız hesab edilərək ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir.
62. Kollegiya qeydiyyat nömrə nişanı 99ZC45 (şəhadətnamə AC973272), buraxılış ili 2016, rəngi qara olan KRD 050110 markalı yarımqoşqu üzərində payların müəyyən edilməsi ilə bağlı tələbə münasibətdə isə aşağıdakıları qeyd edir.
63. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə buraxlış ili 2016, rəngi qara olan KRD 050110 markalı yarımqoşqu əldə etmişdir.
64. Məhkəmə yuxarıda adı çəkilən yarımqoşqunun tərəflərin arasında nikahlarının bağlandığı və qüvvədə olduğu dövrdə əldə edilməsini, o cümlədən həmin əmlakın tərəflərin ümumi gəlirləri hesabına əldə olunmasını istisna edən hər hansı mötəbər dəlillərin olmamasını nəzərə alaraq hesab edir ki, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iddiaçı və cavabdehin ümumi birgə mülkiyyəti hesab edilməli və ½ hissədə payları müəyyən edilməlidir.
65. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.
66. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
67. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
68. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
69. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
70. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli e-2(003)- 1243/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36T saylı sahədə 0, 0881 ha torpaq sahəsinin üzərində İddiaçı ½ hissədə və Cavabdeh ½ hissədə payları müəyyən edilsin. Cavabdeh ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2021-ci il kredit müqaviləsinə əsasən mövcud olan öhdəliyə (borca) ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh payları müəyyən edilsin. xx.xx.2017-ci il tarixdə buraxlış ili 2016, rəngi qara olan KRD 050110 markalı yarımqoşqu üzərində İddiaçı ½ hissədə və Cavabdeh ½ hissədə payları müəyyən edilsin. İddia qalan mübahisələndirilən hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev