Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5826/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı “xxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Sığorta Şirkəti) cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Lizinq Şirkəti) və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli qətnamədən cavabdeh Lizinq Şirkətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdeh Lizinq Şirkətinin nümayəndəsi Gasan Guseinovun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “Subroqasiya qaydasında pul tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Sığorta Şirkəti, onun tərəfindən sığortalı şəxsə ödənilmiş pulun əvəzi olaraq 1.137 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə bağlanmış “Sığorta müqaviləsinə” əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Daewoo Gentra” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində, yəni xx.xx.2018-ci il tarixdə Cavabdeh2 tərəfindən idarə edilərkən Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində (iş üzrə tərəf olmayan) X1 tərəfindən idarə olunan “VAZ 21074” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobili zədələmişdir. Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin TP seriyalı, ******* №-li “İnzibati tənbeh vermə haqqında qərarı” ilə Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və o, inzibati qaydada 60 manat məbləğində cərimə edilmişdir. Hadisə ilə əlaqədar aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 idarə etdiyi “Daewoo Gentra” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə cavabdeh Lizinq Şirkətinə məxsusdur və Cavabdeh2 həmin avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkən E.Əliyevin avtomobilinin zədələnməsi ilə əlaqədar iddiaçı Sığorta Şirkəti tərəfindən E.Əliyevə 1.137 manat məbləğində sığorta ödənişi verilmişdir. Odur ki, göstərilənləri nəzərə alan Sığorta Şirkəti hesab edir ki, qeyd edilən məbləğ hadisəni törətmiş sürücü E.Əliyevdən və E.Əliyevin etibarnaməsiz idarə etdiyi avtomobilin sahibi olan Lizinq Şirkətindən tutularaq ona ödənilməlidir. Həmin məbləğin ödənilməsi ilə əlaqədar Sığorta Şirkəti tərəfindən cavabdehlərə müraciət olunsa da, sonuncular həmin məbləği ödəməmişlər. Bu səbəbdən də, Sığorta Şirkəti hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman iddianın verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh Lizinq Şirkəti həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, sığorta ödənişinin cavabdeh Lizinq Şirkətindən tutulması hissəsində iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh2 “Öhdəliklərin ötürülməsi barədə müqaviləyə” əsasən AL-610 saylı “Daxili lizinq” müqaviləsi üzrə öhdəlikləri qəbul etmiş və “Daewoo Gentra" markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Lizinq Şirkəti tərəfindən Cavabdeh2 avtomobilin idarə olunmasına dair xx.xx.2018-ci il tarixli etibarnamə verilmiş və həmin etibarnamənin müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Cavabdeh2 öhdəliklərini lazımı qaydada yerinə yetirmədiyi üçün X2 Rayon Məhkəməsinə müraciət edərək, “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi və avtomobildən istifadə edilməsinə görə ümumilikdə 3.317,17 manat məbləğində pulun Cavabdeh2 tutularaq Lizinq Şirkətinə ödənilməsini xahiş etmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi (İş № 2(003)-250/2020) ilə iddia tələbi qismən təmin olunmuş, yuxarıda qeyd edilən “Daxili lizinq" müqaviləsinin ləğv edilməsi və Cavabdeh2 ümumilikdə 2.769,20 manat pulun tutulması qət edilmişdir. Belə olan halda müəyyən edilir ki, Lizinq Şirkəti hazırki iddia tələbinə cavab verməli olan şəxs deyil. Lakin Rayon Məhkəməsi buna əhəmiyyət verməmişdir. Cavabdeh Lizinq Şirkətinin nümayəndəsi apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh2 və iddiaçı Sığorta Şirkətinin nümayəndəsi apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, iddia hər iki cavabdehə münasibətdə tərəfindən təmin olunsa da, iş üzrə Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən, yuxarıda artıq qeyd edildiyi kimi, apellyasiya şikayətini cavabdeh Lizinq Şirkəti vermişdir və qətnamənin, iddianın həmçinin ona münasibətdə təmin edilməsi barədə hissəsini mübahisələndirmişdir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslılığına cavabdeh Lizinq Şirkətinə aid hissədə, yəni Lizinq Şirkətinə münasibətdə yoxlamışdır. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli sığorta müqaviləsinə əsasən sığortalı Lizinq Şirkətinə məxsus “Daewoo Gentra” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil 1 il müddətinə, yəni xx.xx.2018-xx.xx.2019-cu il tarixədək sığortalanmışdır. Sığorta müddətində, yəni xx.xx.2018-ci il tarixdə sığorta hadisəsi baş vermiş, Cavabdeh2 həmin avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, onun idarə etdiyi avtomobil iş üzrə tərəf olmayan X1 tərəfindən idarə olunan “VAZ 21074” markalı, **- LS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi faktı əsasında tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərardan aydın olur ki, qeyd edilən yol-nəqliyyat hadisəsinin törədilməsində hazırki iş üzrə cavabdehlərdən biri olan Cavabdeh2 təqsirli bilinmiş və onun barəsində müvafiq inzibati tənbeh tətbiq edilmişdir. Lizinq Şirkətinin Cavabdeh2 verdiyi xx.xx.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci tarixədək “Daewoo Gentra” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti verilmişdir. Göstərilənlərə əsasən müəyyən olunur ki, sığortalı Lizinq Şirkəti ilə Sığorta Şirkəti arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Sığorta müqaviləsinə” əsasən, sığortalıya məxsus avtomobil 1 il müddətinə sığortalanmışdır. Sığorta müddətində, yəni xx.xx.2018-ci il tarixdə (cavabdeh) Cavabdeh2 iş üzrə digər cavabdeh Lizinq Şirkətinə məxsus olan “Daewoo Gentra” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, (iş üzrə tərəf olmayan) E.Əliyevə məxsus avtomobillə toqquşaraq həmin avtomobili zədələmişdir. Eyni zamanda müəyyən edilir ki, hadisə baş verən zaman Cavabdeh2 Lizinq Şirkətinə məxsus avtomobili idarə edilməsi üçün səlahiyyətə malik olmasını təsdiq edə biləcək etibarnamə mövcud olmamışdır. Mövcud olmuşdursa belə, həmin etibarnamə cavabdeh Lizinq Şirkəti tərəfindən məhkəmələrə təqdim edilməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, əgər Cavabdeh2 Lizinq Şirkətinə məxsus avtomobili Lizinq Şirkətinin razılığı və icazəsi olmadan idarə etmişdirsə, ondan Lizinq Şirkətinin müvafiq hüquq mühafizə orqanlarına müvafiq müraciəti olmalı idi. Lakin bu kimi müraciətin olmasını təsdiq edə biləcək sübutlar Lizinq Şirkəti tərəfindən məhkəmələrə təqdim edilməmişdir. Apellyasiya şikayətində Lizinq Şirkəti bildirir ki, yol nəqliyyat hadisəsi baş verən zaman avtomobil Lizinq Şirkətinin sahibliyindən Cavabdeh2 hüquqazidd hərəkətləri nəticəsində çıxmışdır. Belə ki, (lizinq verən) Şirkət avtomobili (lizinq alan) Cavabdeh2 linzinqə vermiş, lakin Cavabdeh2 öhdəliklərini yerinə yetirmədiyi üçün lizinq müqaviləsinin ləğvi və borcun ödənilməsi ilə bağlı Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə, cavabdehin bu dəlili ilə bağlı qeyd edir ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi (İş № 2(003)-250/2020) ilə xx.xx.2017-ci il tarixli “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi və Cavabdeh2 ümumilikdə 2.769,20 manat məbləğində pulun Lizinq Şirkətinin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən müəyyən edilmir ki, hadisə baş verən zaman Cavabdeh2 Lizinq Şirkətinə məxsus avtomobili idarə edilməsi üçün səlahiyyəti olmuşdur; bu səlahiyyətin olmaması səbəbindən Lizinq Şirkəti müvafiq hüquq mühafizə orqanlarına müvafiq qaydada müraciət etmişdir. Məhkəmə bildirir ki, qeyd edilən sübutların məhkəmələrə təqdim edilməsi yükü cavabdeh Lizinq Şirkətinin üzərinə düşür. Çünki MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Müvafiq sübutlar məhkəmələrə təqdim edilmədiyindən hesab edilməlidir ki, hadisə törədilən zaman Cavabdeh2 Lizinq Şirkətinə məxsus avtomobili Lizinq Şirkətinin məlumatı və icazəsi ilə, lakin buna qanuni əsas olmadan idarə etmişdir. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (maddə 1108.1). yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyət mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər (maddə 1108.2). Qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, törədilmiş mülki hüquq pozuntusuna görə cavabdeh Lizinq Şirkəti də mülki məsuliyyət daşıyır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı cavabdeh Lizinq Şirkətinə münasibətdə də təmin etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin cavabdeh Lizinq Şirkətinə münasibətdə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Lizinq Şirkəti tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin maddəsinə əlavə edilmiş və xx.xx.2018-ci il tarixdən qüvvəyə minmiş 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti 2.000 manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki apellyasiya baxışının predmetini təşkil edən iddianın qiyməti 2.000 manatdan azdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 ASC-nin verdiyi apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli qətnamə Cavabdeh1 ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Lizinq Şirkəti tərəfindən ödənilmiş dövlət rüsumu onların özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5826/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5826/2020
12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver