Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5827/2021 12.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(008)-1639/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 1000 manatın və 20 manat dövlət rüsumu əvəzi, cəmi 1020 manatın alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(008)-1639/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh vurulmuş mənəvi zərərin əvəzi olaraq 300 manat və 20 manat dövlət rüsumu əvəzinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnaməni ləğv edərək, iddianın tamamilə təmin olunması barədə yeni qətnamə çıxarılmasını, Cavabdeh 1.000(min) manat tutularaq fiziki, mənəvi və maddi ziyana görə ona ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 05.06.2019-cu il tarixdə Nəsimi rayonu Şəmsi Bədəlbəyli 100 ərazisində Nəsimi DTX qabağında **-LU-*** nömrəli BMW markalı təxmini gavalı rəngdə maşın ayaq (sürücü 10.03.1995 təvəllüdlü Cavabdeh AZE 18460016 , fin 1X2ESZJ) barmaqlarının üstündən keçdi, onu zədələdi, sağlamlığına zərər yetirdi, qoydu onu qaçdı heç maraqlanmadıda ki, necə oldu.Üstəlik onu təhqir etdi hədə qorxu gəldi, belə başa düşür bəlkə ola bilər yəqin ya içkilidi yada psixotrop dərman (və ya narkotik) qəbul etmişdi. Çünki, normal insan kimisə vurdusa ona kömək etməlidi yada qoyub qaçsada, qaçmamışdan fiziki zor tədbiq etməməli hədə qorxu gəlməməli nalayiq sözlər deməməli idi. Özü 103-ə zəng edərək təcili yardım çağırdı, onlarda onu “Semaşko” xəstəxanasına yerləşdirdilər. Sonrada 102-yə zəng etdi və X2 elektron müraciət etdi. Hətta Nəsimi Rayon Polisi onu ekspertizayada apardı və onlar təstiqlədi ki, ayaq barmağını yalnız maşın və ya maşın ağırlığında nəsə əzə bilər. Amma heçnə araşdırmadı və qarşı tərəfi (Kənan) onunla üzləşdirmədi. O, ayağına görə 6 ay işsiz qalmış və dərmanlara pul xərcləyir. Nəsimi Rayon Polis İdarəsinin 14.10.2019 elektron formada e-mailinə göndərdiyi (amma rəsmi ünvanına hələdə gəlib çatmadığı,CPM 122 pozulur) cinayət işinin başlanmasının rədd edilməsi haqqında 322 saylı naməlum tarixli cavab göndərib. Cinayət Məcəlləsinin 263.1,263-1.1 və 264 maddələri kobudcasına pozulub və əksinə İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi pozulmayıb, sadəcə olaraq xırda aidiyyəti olmayan maddə ilə işi bağlayıblar. Bunun üçün sübutları var: kamera küçədə, səhiyyə ocaqlarında qeydə alınan həkim ekspertlərin yoxlaması əsasında rəylər, kamerada görünən şahid vətəndaşlar. Cavabdeh "DELOİTTE & TOUCHE" məhdud məsuliyyətli auditor cəmiyyətində (VÖEN **********,hüquqi ünvan bakı şəhəri ünvan 1a Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı piyada keçidindən yox, yolun ortasından keçirdi. Həmçinin hərəkət sol tərəfdən olduğu halda, sağ tərəfə baxa-baxa keçirdi. Onu görən kimi dərhal əyləci basdı. Ancaq iddiaçı özünü avtomobilin üstünə atdı. Avtomobilin təkərinin iddiaçının ayağının üstündən keçməsinə inanmır. Polisdə görüntülərə də baxdılar. Bütün testləri vermişdir. İddiaçı hər dəfə məhkəməyə şikayət verir, amma özü iştirak etmir. İşə baxılması vaxtı və yeri haqqında iddiaçı lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsi müəyyən edir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən isə fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, Cavabdeh 05.06.2019-cu il tarixdə təxminən saat 19 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “BMW” markalı **-LU-*** dövllət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi ilə S.Rüstəm küçəsinin kəsişməsində üzü S.Rüstəm küçəsi istiqamətində hərəkətdə olarakən ehtiyatsızlıq nəticəsində yolun sağ tərəfindən sol tərəfinə keçən piyada İddiaçı ayağının pəncə hissəsinin üzərindən avtomaşının sağ təkəri ilə keçərək, sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla əlaqədar İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bununla yanaşı iddiaçı onun sağlamlığına vurulmuş dərəcəsi təyin edilməyən bədən xəsarəti ilə əlaqədar səhhətinin bərpası üçün çəkilmiş xərclər barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, baş vermiş hadisə nəticəsində İddiaçı mənəvi zərərə məruz qalmışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bununla əlaqədar, iddia tələbi sübutlar təqdim edilmədiyi üçün maddi zərər hissəsində təmin edilməməli, dəymiş mənəvi zərərin əvəzi olaraq 300 manat Cavabdeh İddiaçı xeyrinə ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, iddiaçı apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq qeyd olunan hissələrdə yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır, mübahisələndirilməyən hissə isə yoxlanılmır. Hazırki iş üzrə, maddi ziyanla bağlı iddia tələbinin faktiki əsası (faktiki hallar), bu hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi iddianın qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Əvvəla, maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdehin idarə etdiyi avtomobilin təkəri iddiaçının ayağının pəncə hissəsinin üzərindən keçmiş, bununla da sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törədilmişdir. Cavabdeh inzibati xəta törətməkdə təqsirli bilinmişdir. Demək iddiaçının bu hadisə nəticəsində maddi zərər çəkməsi də sübuta yetirilməli, yəni konkret olaraq maddi zərərlə bağlı məhkəməyə mötəbər sübut təqdim edilməlidir. Bu barədə sübut təqdim etmək və həmin halı sübut etmək yükü isə iddiaçının üzərinə düşür. Ancaq iddiaçı maddi zərər çəkməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İkincisi, baş vermiş hadisəyə görə məhkəmə cavabdehdən mənəvi zərərin əvəzi kimi 300 manat alınaraq iddiaçıya ödənilməsini qət etmişdir. Maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalıdır. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Əksinə keçirdiyi mənəvi zərərin maddi formada dəyərinin müəyyən etməyin qeyri-mümkün olduğu apellyasiya şikayətinin məzmunu ilə də təsdiq edilir. Belə olan vəziyyətdə apellyasiya şikayətində göstərilən dəlillərin də iddia tələbini tam həcmdə təmin edilməsi üçün yetərli ola biləcək dəlillər kimi qiymətləndirilməsi mümkün olmalıdır. Buna görə də, iddiaçı maddi və mənəvi zərərin əvəzi kimi 1000 manat tələb etsə də, apellyasiya şikayətində, həmin məbləğin vurulmuş zərərə uyğun olduğunu əsaslandıra bilməmiş və bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(008)- 1639/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5827/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5827/2021
12.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver