Məhkəmə qərarları › İş №2(103)-5828/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5828/2024

03.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5828/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X4 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Axundova GünayTəyar qızı və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, cavabdeh X3, onun nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(008)-203/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdehin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin Halları

1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 1(008)- 362/2021 saylı qərarına əsasən X7 06 dekabr 2020-ci il tarixdə X8 əvvəl yumruğu və əlləri ilə sifət, boyun və döş qəfəsindən zərbələr endirmiş, itləyərək yerə yıxmış və yerdə olarkən masanın üzərindəki şüşə meyvə qabı ilə baş nahiyəsinə vurmuş və bununla kifayətlənməyib evdən dalaşmanı davam etdirə - etdirə çıxarkən həyətdən tapdığı daş parçasını götürüb sonuncunun kürək nahiyəsinə atmaqla ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurduğuna görə onun barəsində olan cinayət təqbinə baraətverici əsaslar olmadan amnistiya aktına əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir.

2. Məhkəmə-tibbi ekspertizasının 17 dekabr 2020-ci il tarixli, 1826 nömrəli rəyinə əsasən, İddiaçı sağ ayağın birinci barmağının dırnaq falanqasının yerini dəyişməyən qapalı sınığı, ənsə və sağ təpə nahiyələrinin əzilmiş yaraları, burun nahiyəsinin şişkinliyi, boyun, döş qəfəsi, sağ kürək, sağ diz oynağı və sol bayır topuq nahiyələrinin sıyrıqları müəyyən edilmiş, xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 06 dekabr 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur.

3. “X12” X13n 14 aprel 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı təpə və ənsə nahiyyəsinin kəsilmiş-əzilmiş yarası, burnunun əziyi, burun qanaxması, döş qəfəsinin arxa səthinin əziyi diqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 0982/22 nömrəli xəstəlik tarixindən çıxarış-epikrizdən görünür ki, 13 avqust 1980-ci il təvəllüdlü İddiaçı burun çəpəri əyriliyi, hipertrofik rinit klinik diaqnozu qoyulmuş, xəstə 15 aprel 2022-ci il tarixdən kafi vəziyyətdə ambulator müalicəyə yazılmış, ambulator nəzarət məsləhət görülmüşdür.

4. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 13 aprel 2023-cü il tarixli fakturadan görünür ki, 13 avqust 1980-ci il təvəllüdlü İddiaçı göstərilmiş biokimya, CBC, həkim müayinəsi, kardiologiya, kaoqulyasiya, molekulyar mikrobiologiya, PAKET, rentgen, serologiya, EKQ xidmətlərinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına 142,65 manat ödəniş edilmişdir.

5. 13 aprel 2023-cü il tarixli fakturadan görünür ki, 13 avqust 1980-ci il təvəllüdlü İddiaçı göstərilmiş anesteziya, burun əməliyyatları, əməliyyatxana, stasionar və digər xidmətlər görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına 1662,04 manat ödəniş edilmişdir.

6. 13 aprel 2024-cü il tarixli fakturadan görünür ki, 13 avqust 1980-ci il təvəllüdlü İddiaçı göstərilmiş kompyuter tomoqrafiyası xidmətinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına 98 manat ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hüquqazidd əməli nəticəsində ona vurulmuş 4000 manat məbləğində maddi zərərin, ona məxsus “Hyundai Sonata” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 1000 manat məbləğində maddi zərərin, o cümlədən 50000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, X7 06 dekabr 2020-ci il tarixdə, saat təxminən 15:00 radələrində oğlu X5 ilə birlikdə yaşadığı ünvan 1 ünvanında azyaşlı uşaqlarının gözləri qarşısında heç bir səbəb olmadan, qəsdən onu döyməklə burun nahiyəsinin şişkinliyi, boyun, döş qəfəsi, sağ kürək, sağ diz oynağı və sol bayır topuq nahiyyəsinin sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan, ənsə və sağ təpə nahiyyələrinin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid və yerə yıxılması nəticəsində sağ ayağının birinci barmağının dırnaq falanqasının yerini dəyişməyən qapalı sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş az ağır xəsarətlər yetirmişdir. Həmin xəsarətlər iş materiallarında toplanmış ekspertiza rəyi, fotoşəkillər və digər sübutlara öz təsdiqini tapır. Bundan əlavə, X7 tərəfindən ona məxsus “Hyundai Sonata” markalı, **-TD- *** dövlət qeydiyyat nişanlı avtomobilə xəsarət yetirməklə müxtəlif məbləğdə ziyan vurmuşdur. Bildirir ki, hadisədən sonra çox ciddi psixoloji sarsıntı keçirmişdir. Aldığı xəsarətləri özü müalicə etmişdir. Ailəsinin dağılması həmin hadisədən sonra baş verdiyindən, hadisə nəticəsində, ağır mənəvi sarsıntılar keçirmişdir. Cavabdeh X7 ümumiyyətlə ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə dair bu günədək heç bir addım atmamışdır. X7 törətdiyi əməllərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən təqsirli bilinmiş, cinayət işi üzrə o, zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-362/2021 saylı, 03 dekabr 2021-ci il tarixli hökmü ilə cinayət məsuliyyətindən bəraətverici əsaslar olmadan azad edilmişdir.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” X13 tərəfindən verilmiş 621/KEŞ nömrəli, 29 sentyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, ona “Təpə və ənsə nahiyəsinin kəsilmiş-əzilmiş yarası, burunun əziyi, burun qanaxması, döş qəfəsinin arxa səthinin əziyi” diaqnozu ilə əlaqədar 06 dekabr 2020-ci il tarixdə “X12” PHŞndə müvafiq tibbi yardımlar göstərilmişdir. 14 aprel 2022- ci il tarixdə isə "xxxx"da “Burun çəpəri əyriliyi; Hipertroflk rinit” diaqnozu ilə əlaqədar “Septoplastika; Konxa RF” cərrahiyyə əməliyyatına məruz qalmışdır. Burun çəpərin əyriliyi travmatik mənşəli olması istisna edilmir. Aparılmış müalicələrlə bağlı sərf olunan vəsaitin təyini məhkəmə-tibbi ekspertizanın səlahiyyətlərinə aid olmamışdır. İddiaçı almış olduğu xəsarətlə əlaqədar adekvat tibbi yardımlar göstərilmiş, hazırda isə səhhəti ilə bağlı şikayəti olmamışdır.

10. Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti V.Şıxəliyevanın xx.xx.2024-cü il tarixli məlumatına əsasən, qərardadda qeyd edilən “Hyundai Sonata” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ixtisaslaşdırılmış servis müəssisəsinin mütəxəssis arayışının surəti (qüsur aktı) təqdim edilmədiyindən, ekspertizanın aparılmasından imtina edilmişdir.

11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(008)- 203/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X2 İddiaçı sağlamlığına vurulmuş maddi zərərə görə 1902,69 manat məbləğində pul vəsaiti və 39,03 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir.

12. Qətnamə onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı keçmiş qayınatası olmuşdur. Qızının nikahı rəsmi qaydada pozulmazdan əvvəl xx.xx.2020-ci il tarixdə cavabdeh ünvan 1 ünvanında aralarında yaranmış ailə münaqişəsi zamanı İddiaçı döyməklə burun nahiyəsinin şişkinliyi, boyun, döş qəfəsi, sağ kürək, sağ diz oynağı və sol bayır topuq nahiyyəsinin sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan, ənsə və sağ təpə nahiyyələrinin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid və yerə yıxılması nəticəsində sağ ayağının birinci barmağının dırnaq falanqasmın yerini dəyişməyən qapalı sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş az ağır xəsarətlər yetirmişdir. Baş vermiş hadisə ilə əlaqədar cinayət işi açılmış, İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-362/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən təqsirli bilinsə də, tətbiq edilmiş amnistiya ilə əlaqədar, cinayət məsuliyyətindən azad edilmişdir. Həmin hadisə nəticəsində, İddiaçı burun nahiyəsindən xəsarət alması işin mübahisəsiz halıdır. O, həmin məhkəmə prosesində verdiyi ifadəsində cavabdehin onun burun nahiyəsindən yumruqla vurub xəsarət yetirdiyini qeyd etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xəstəlik tarixindən çıxarış-epikrizdən görünür ki, İddiaçı 2022-ci ilin aprel ayında həmin klinikaya müraciət etmiş, ona burun çəpəri əyriliyi, hipertrofik rinit klinik diaqnozu qoyulmuş, burnunda cərrahiyyə əməliyyatı icra edilmişdir. Həmin əməliyyatla bağlı iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə cəmi 1902,69 manat ödəniş etmişdir (təqdim edilmiş fakturalara əsasən). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” X13 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, iddiaçıda burun çəpərinin əyriliyinin travmatik mənşəli olması istisna edilməmişdir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli qərardadda göstərilən suallara qismən aydınlıq gətirilmişdir ki, təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” X13 tərəfindən verilmiş 621/KEŞ nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, ona “Təpə və ənsə nahiyəsinin kəsilmiş-əzilmiş yarası, burunun əziyi, burun qanaxması, döş qəfəsinin arxa səthinin əziyi” diaqnozu ilə əlaqədar xx.xx.2020-ci il tarixdə “X12” PHŞndə müvafiq tibbi yardımlar göstərilmişdir. xx.xx.2022- ci il tarixdə isə "xxxx"da “Burun çəpəri əyriliyi; Hipertroflk rinit” diaqnozu ilə əlaqədar “Septoplastika; Konxa RF” cərrahiyyə əməliyyatına məruz qalmışdır. Burun çəpərin əyriliyinin travmatik mənşəli olması istisna edilmir. Aparılmış müalicələrlə bağlı sərf olunan vəsaitin təyini məhkəmə-tibbi ekspertizanın səlahiyyətlərinə aid olmamışdır. İddiaçı almış olduğu xəsarətlə əlaqədar adekvat tibbi yardımlar göstərilmiş, hazırda isə səhhəti ilə bağlı şikayəti olmamışdır. Belə olduğu təqdirdə, məhkəmə, sağlamlığa vurulmuş maddi ziyanla bağlı iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fakturalarına əsasən, İddiaçı göstərilmiş biokimya, CBC, həkim müayinəsi, kardiologiya, kaoqulyasiya, molekulyar mikrobiologiya, PAKET, rentgen, serologiya, EKQ, anesteziya, burun əməliyyatları, əməliyyatxana, stasionar və kompyuter tomoqrafiyası xidmətləri üçün ödənilmiş 1902,69 (142,65+1662,04+98) manat məbləğində pul vəsaitinin tutulmasını əsaslı hesab etmiş, sağlamlığa vurulmuş maddi ziyanla bağlı qalan hissədə sübuta yetirilmədiyindən, məhkəmə iddianın həmin hissədə rədd olunması qənaətinə gəlmişdir. Həmçinin, məhkəmə hesab etmişdir ki, sübuta yetirilməməsi əsası ilə iddia cavabdehdən iddiaçıya məxsus “Hyundai Sonata” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 1000 manat məbləğində maddi ziyanın tutulması hissəsində rədd olunmalıdır. Digər tərəfdən iddiaçı ailəsinin dağılmasını həmin hadisə ilə əlaqələndirərək, mənəvi zərərə məruz qaldığını bildirsə də, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, əslində hələ həmin hadisəyədək iddiaçının keçmiş həyat yoldaşı ilə ailə münasibətləri qaydasında olmamışdır. Digər tərəfdən, iddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, hansı mənəvi sarsıntı və iztirablar keçirməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1118.1-ci maddələrinə və ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamə ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi və iddianın mübahisələndirilən hissədə təmin edilməsi barədə iş üzrə yeni qətnaməçıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə isə əsassız olaraq iddiaçıya dəymiş zərərin yalnız kassa çeklərində olan məbləğlərlə məhdudlaşdırmış və məsələnin mənəvi tərəfinə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Qətnamənin əsaslandırma hissəsində məhkəmə qeyd edir ki, iddiaçı ailəsinin dağılmasını həmin hadisə ilə əlaqələndirərək, mənəvi zərərə məruz qaldığını bildirsə də, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, əslində hələ həmin hadisəyədək iddiaçının keçmiş həyat yoldaşı ilə ailə münasibətləri qaydasında olmamışdır. Digər tərəfdən, iddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, hansı mənəvi sarsıntı və iztirablar keçirməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, iddia həmin hissədə də təmin edilə bilməz. Məhkəmənin də qeyd etdiyi kimi, münasibətlərinin qaydasında olmaması özüözlüyündə mücərrəd anlayışdır və ailənin dağılması demək deyildir. Məhz cavabdehin hərəkətindən sonra ailə geri dönülməz bir dağılma prosesinə qədəm qoymuş və iki azyaşlı uşaq ata və ana arasında get-gəl yaşayaraq daim dilemma qarşısında qalmışlar. Məhkəmə mövcud olan sübutlara münasibətdə yalnış hüquqi nəticəyə gəldiyindən məhkəmənin sözügedən qətnaməsi ləğv olunmalı və iş üzrə iddianın tam olaraq rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə qətnaməsində qeyd edir ki, iddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, hansı mənəvi sarsıntı və iztirablar keçirməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir, halbuki, mənəvi zərərin nədə ifadə olunduğu kifayət qədər detallı izah edilmiş və cavabdehin hərəkətləri ilə mənəvi zərər arasında səbəbli əlaqəli bilavasitə sübuta yetirilmişdir. Qətnamə mənəvi zərərə münasibətdə düzgün araşdırma aparmamışdır. İşin hallarından açıq-aydın görünür ki, iddiaçı bugün də ailəsini cavabdehin hərəkətlərinə bərpa edə bilmir, 20 ildən çoxdur ki zabit kimi çalışdığı müəssisədə və yaxın ətrafında olan şəxslərin yanında ona qarşı törədilmiş cinayət əməlinə görə pərt olmuş və mənəvi sarsıntı və iztirab çəkmişdir.

16. Qətnamə ilə razılaşmayan cavabdeh X7 apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissədə ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı qeyd olunan cinayət işi üzrə mülki iddia ilə məhkəməyə müraciət etmiş və onun müllki iddiası baxılmamış saxlanılmışdır. İddiaçı həmin vaxtı vermiş olduğu mülki iddiada onun yalnız burnuna yetirilmiş xəsarətlə bağlı deyil, ümumilikdə almış olduğu xəsarətlərlə bağlı çəkdiyi xərc üçün 4000 manat məbləğində maddi ziyan vurulduğunu göstərmiş və məbləğdə pul tələb etmişdir. Doğrudur iddiaçı ilə cavabdeh arasında 06 dekabr 2020-ci il tarixdə münaqişə baş vermişdir. Lakin həmin münaqişə zamanı zərər çəkmişin, yəni hazırkı iddia üzrə iddiaçının burun nahiyəsinə “X12" PHŞ-nin 14 aprel 2023-ci il tarixli arayışı ilə qeyd olunan cinayət işi üzrə verilmiş məhkəmə-tibbi ekspertizasının 1826 saylı, 17 dekabr 2020-ci il tarixli rəyi arasında kəskin ziddiyyət olduğu məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, məhkəmə-tibbi ekspertizasının 1826 saylı, 17 dekabr 2020-ci il tarixli rəyi ilə İddiaçı yalnız burununda şişkinlik olduğu müəyyən olunsa da, "X12" PHŞ-nin 14 aprel 2023-cii il tarixli arayışı ilə İddiaçı burunun əziyi diaqnozu qoyulmuşdur. Burun şişkinliyi ilə burunun əzilməsi fərqli diaqnoz olmaqla, əzilmənin daha çox xəsarət alınası və deformasiyaya uğraması anlamına gəlir. İddiaçı isə mübahisəyə meyilli olması, hələ cavabdehlə aralarında olan münaqişədən əvvəl burun nahiyəsindən xəsarət alması və burunundan əməliyyat olunması onun keçirdiyi sonuncu burun əməliyyatının məhz cavabdehlə aralarında baş vermiş mübahisədə əlaqəli olması inandırıcı deyil və bu hal məhkəmədə konkret dəlillərlə sübuta yetirilməmişdir. Qeyd olunduğu kimi həqiqətən iddiaçı ilə cavabdeh arasında 06 dekabr 2020-ci il tarixdə münaqişə baş versə də, məhkəmədə iddiaçının keçirdiyi burun əməliyatının məhz həmin münaqişə zəmnində aldığı xəsarətlə bağlı olması məhkəmədə mötəbər və əsaslı şübhələrdən kənar dəlilərlə sübuta yetirilməmişdir. Bu isə məhkəmənin gəldiyi nəticənin əsassızlığını, iş üzrə mühüm əhəmiyyət kəsb edən ütün faktiki halların araşdırılmadığını göstərir. Hesab edir ki, məhkəmə tərəflərin qanun qarşısında bərabərliyi prinsipini tam təmin edə bilməmiş kifayət qədər qanuni əsaslar almadığı halda iddianı qismən təmin etmişdir. Qətnamədən və məhkəmə iclas protokollarından görünür ki, məhkəmə formal olaraq tərəflərin çəkişmə və bərabərliyi prinsiplərinə əməl etdiyi görüntüsü yaratsa da, həqiqətdə isə işə birtərəfli və qeyri obyektiv yanaşmış, cavabdeh tərəfin təqim etdiyi dəlil və sübutları nəzərə almamış və iddianın qismən təmin edilməsinə dair gəldiyi nəticəni faktlara və sübutlara deyil, subyektiv mülahizələrlə əsaslandırmışdır. Hesab edir ki, məhkəmənin mübahisə olunan qətnaməsi iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, məhkəmə iddiaçının cavabdehə qarşı qərəzli olmasını, həqiqətə uyğun olmayan, süni sübutlara əsaslanmaqla hadisədən 3 ildən artıq müddət keçdikdən sonra məhkəməyə belə bir iddia ilə müraciət etməsini, iddiaçının cinayət işi üzrə verdiyi mülki iddia ilə hazırkı iddia tələbi arasında əhəmiyyətli ziddiyyət olmasını nəzərə almamışdır. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbıd olunmuş və məhkəmə iş üzrə gəldiyi nəticə uçun mühüm əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. İddiaçının cinayət işi iizrə verdiyi ilkin mülki iddia ərizəsi ilə hazırkı iddia ərizəsi arasında əhəmiyyətli ziddiyyətin olması, həmçinin iddiaçının burnundan daha əvvəllər də xəsarət alması və bununla bağlı cərrahi əməliyyata məruz qalması faktının olması məhkəmədə aradırılmamışdır. Məhkəmə iddianı qismən - iddiaçının burununa yetirilmiş xəsarətlə bağlı çəkilmiş xərcin ödənilməsinə dair hissədə təmin edərkən, əsasən tərəflər arasında 06 dekabr 2020-ci il taridə baş vermiş münaqişə zamanı cavabdehin ona xəsarət yetirdiyinin qüvvədə olan məhkəmə aktları ilə təsdiq edildiyinə istinad etsə də, həmin cinayət işi üzrə alınmış ekspert rəyindəki nəticə ilə iddiaçının sonradan "X12" PHŞ tərəfindən verilmiş rəy arasında kəskin ziddiyyət olmasında cinayət işi üzrə verilmiş rəydə bıırını şişkinliyi, sonradan hazırkı iş üzrə alınmış rəydə isə burunun əzilməsi qeyd olunmuşdur), iddiaçının həmin hadisədən əvvəl dəfələrlə burnundan xəsarət almasını və bununla bağlı cərrahi əməliyyata məruz qalmasını, həmçinin həmin hadisədən üç ilə yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etdiyini, bu müddət ərzində onun başqa şəraitdə yenidən burnundan xəsarət ala bilməsi ehtimalının olmasını nəzərə almamış və ümumiyyətlə bu halları araşdırmamışdır. Məhkəmə tərəflər arasındakı münaqişəli münasibəti, iddiaçının qərəzli olması faktını nəzərə almamış, cavabdehin əsassız iddiadan müdafiə olunmaq hüququnu təmin etməmiş, bununla ədalətli məhkəmə araşdırılmasını təmin edə bilməmiş, iddiaçı tərəfindən təqdim edilən sübutlara birtrəfli, qeyri-obyektiv və subyektiv mülahizələrinə uyğun hüquqi qiymət verməklə, iş üzrə səhv nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçı özü tərəfindən verilmiş apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasnı xahiş etmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirmişdir.

20. Cavabdeh X3 nümayəndəsi Vəkil3 iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətininibirinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

23. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarı: “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.”

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarı: “8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarı: “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır”.

Apellyasiya baxışının hədləri

26. Qətnamə iddiaçının apellyasiya şikayəti ilə iddianın tətmin olunmayan, cavabdehin apellyasiya şikayəti ilə iddianın təmin olunan hissələrində mübahisələndirildiyindən qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. İddiaçının apellyasiya şikayətinin əsas dəlilini o təşkil edir ki, 20 ildən çoxdur ki zabit kimi çalışdığı müəssisədə və yaxın ətrafında olan şəxslərin yanında ona qarşı törədilmiş cinayət əməlinə görə pərt olmuş və mənəvi sarsıntı və iztirab çəkmişdir.

28. Birinci instansiya məhkəməsi tərəfindən bu qərarda əks olunan mövqeyə uyğun olaraq heç bir araşdırma aparılmamış və məhkəmə mənəvi zərərin tutulma əsası yalnız bununla əsaslandırmışdır ki, “İddiaçı ailəsinin dağılmasını həmin hadisə ilə əlaqələndirərək, mənəvi zərərə məruz qaldığını bildirsə də, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, əslində hələ həmin hadisəyədək iddiaçının keçmiş həyat yoldaşı ilə ailə münasibətləri qaydasında olmamışdır. Digər tərəfdən, iddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, hansı mənəvi sarsıntı və iztirablar keçirməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, iddia həmin hissədə də təmin edilə bilməz.”

29. Lakin qərarın məzmunundan və işin hallarından görünür ki, cavabdeh tərəfindən döyülərək xəsarət yetirilməsi nəticəsində sağlamlığını itirərkən və müalicə müddətində iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi aşkar olan bir haldır. Törədilən cinayət hadisələrin təsadüfi axarı zəminində baş verməmişdir, hadisənin baş verməsi zaman cavabdehin məhz müxtəlif hərəkətlərlə (əvvəl yumruğu və əlləri ilə sifət, boyun və döş qəfəsindən zərbələr endirmiş, itləyərək yerə yıxmış və yerdə olarkən masanın üzərindəki şüşə meyvə qabı ilə baş nahiyəsinə vurmuş və bununla kifayətlənməyib evdən dalaşmanı davam etdirə - etdirə çıxarkən həyətdən tapdığı daş parçasını götürüb sonuncunun kürək nahiyəsinə atmşdır) iddiaçının döyülməsini davam etdirməsi də bu faktı təsdiq edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, mənəvi zərərin tutulması üçün hüquqi əsaslar mövcuddur.

30. Ümumiyyətlə, mülki qanunvericilikdə mənəvi zərərin miqdarının müəyən edilməsi üçün konkret kriteriyalar müəyyən edilməyib. inkişaf etmiş ölkələrdə həmin məsələ müzakirə predmeti olan ən aktual mövzulardan biridir. Qeyd olunan problemə ayrı-ayrı ölkələrin hüquqşünasları müxtəlif yanaşma sərgiləyirlər. Məsələn: Fransa və İtaliyada mənəvi zərərin miqdarının müəyyən edilməsi üçün konkret olaraq zərərə dair qrafik müəyyənləşdirilir. Müəyyən kateqoriya zərərlər üçün kompensasiya məbləğləri müəyyən edilir. Almaniyada ümumiyyətlə mənəvi zərər anlayışı mövcud deyil. Onlar tələb olunan məbləği “ağrıya görə pul” adlandırırlar. Alman məhkəmələri belə hesablamaları analoji işlər üzrə məhkəmə praktikasının toplusunun dərc olunması yolu ilə müəyyən edir və həmin işlər üzrə statistik rəqəmləri nəzərə alırlar. İngiltərədə hadisə nəticəsində baş vermiş zərərin kataloqu tərtib olunur və hər bir zərərə görə mənəvi zərərin məbləği müəyyən edilir. Qonşu Rusiyanın məhkəmə təcrübəsində isə mənəvi zərərin miqdarının məyyən edilməsi ilə bağlı konkret mövqe yoxdur və bu məsələ ilə əlaqədar mütəmadi müzakirələr aparılır. Amma, həmin ölkənin Mülki Məcəlləsində xüsusi olaraq 151-ci maddə mövcuddur. Həmin normada da mənəvi ziyanın miqdarının müəyyən edilməsinin ümumi prinsipləri nəzərdə tutulub. Həmin normada deyilir ki, məhkəmələr mənəvi zərərin miqdarını şəxsə yetirilmiş mənəvi və fiziki sarsıntının dərəcəsindən, zərər yetirənin təqsirindən asılı olaraq müəyyən etməlidirlər. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

31. Həmçinin, mənəvi zərərin miqdarı mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir.

32. Habelə təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, onun miqdarının çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar.

33. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, mənəvi zərərin məbləği müəyyən olunarkən meyar kimi hadisənin baş verməsinə səbəb olmuş hərəkət və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərçəkən şəxsin şəxsiyyəti və maddi vəziyyəti, zərər vuran şəxsin davranışı nəzərə alınmalıdır.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının sağlamlığını itirərkən və müalicə müddətində keçirdiyi mənəvi sarsıntı və iztirabların ağırlığını, tərəflərin əmlak vəziyyətini və işin digər diqqətəlayiq hallarını nəzərə alınmaqla, mənəvi zərərin 1500 manat həcmində müəyyən edilməsi ədalətli və ağlabatandır.

35. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini iddianın təmin olunmayan digər hissələrinə münasibətdə əsassız hesab edir və birinci instansiya məhkəməsi tərəfindən bu hissələrdə hət ətraflı araşdırma, həmçinin, düzgün qiymətləndirmə aparıldığından əlavə araşdırma və qiymətləndirməyə zərurət görmür.

36. Cavabdehin apellyasiya şikayətinin dəlilini o təşkil edir ki, həqiqətən iddiaçı ilə cavabdeh arasında 06 dekabr 2020-ci il tarixdə münaqişə baş versə də, məhkəmədə iddiaçının keçirdiyi burun əməliyatının məhz həmin münaqişə zəmnində aldığı xəsarətlə bağlı olması məhkəmədə mötəbər və əsaslı şübhələrdən kənar dəlilərlə sübuta yetirilməmişdir.

37. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası onu qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” X13 tərəfindən verilmiş 621/KEŞ nömrəli, 29 sentyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, ona “Təpə və ənsə nahiyəsinin kəsilmiş-əzilmiş yarası, burunun əziyi, burun qanaxması, döş qəfəsinin arxa səthinin əziyi” diaqnozu ilə əlaqədar 06 dekabr 2020-ci il tarixdə “X12” PHŞ-ndə müvafiq tibbi yardımlar göstərilmişdir. 14 aprel 2022- ci il tarixdə isə "xxxx"da “Burun çəpəri əyriliyi; Hipertroflk rinit” diaqnozu ilə əlaqədar “Septoplastika; Konxa RF” cərrahiyyə əməliyyatına məruz qalmışdır. Burun çəpərin əyriliyi travmatik mənşəli olması istisna edilmir. Aparılmış müalicələrlə bağlı sərf olunan vəsaitin təyini məhkəmə-tibbi ekspertizanın səlahiyyətlərinə aid olmamışdır. İddiaçı almış olduğu xəsarətlə əlaqədar adekvat tibbi yardımlar göstərilmiş, hazırda isə səhhəti ilə bağlı şikayəti olmamışdır. Cavabdeh isə iddiaçının keçirdiyi burun əməliyatının həmin münaqişə zəmnində aldığı xəsarətlə bağlı olmaması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, şikayətin dəlilləri isə yanlız formal mülahizələrə əsaslanmışdır.

38. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən məzmunda qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul ediləərək iddia qismən təmin olunmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır.

39. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(008)- 203/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(008)- 203/2024 nömrəli qətnaməsi mənəvi zərərin ödənilməsi barədə tələbin rədd olunduğu hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilsin. Mənəvi zərərin əvəzi olaraq 1500 manat məbləğində pul vəsaiti X2 tutularaq İddiaçı ödənilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(008)- 203/2024 nömrəli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Günay Axundova

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar