Məhkəmə qərarları › İş №2(103)-583/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-583/2020

19.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-583/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdehin vəkili (nümayəndəsi) X1 və iddiaçının özünün iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, xx.xx.2019-cu il tarixdə Cavabdeh törətdiyi yol-nəqliyyat qəzası nəticəsində ona məxsus avtomobilin istismara yararsız vəziyyətə düşməsi ilə əlaqədar ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədilə 5.167 manat, habelə mənəvi zərərin əvəzinin ödənilməsi məqsədilə 2.000 manat, cəmi isə 7.167 manat məbləğində pulun cavabdehdən tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh idarə etdiyi “BMW 5301” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobili, xx.xx.2019-cu il tarixdə, Bakı şəhərində, A.Şərifzadə küçəsi ilə idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, cavabdehin idarə etdiyi avtomobil iddiaçıya məxsus “Ford Explorer” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsindən dəyərək yolayrıcı səkinin üzərindən əks istiqamətə keçmiş, orada “VAZ 21041” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilə, sonra isə yolun sağ hissəsində dayanmış “Saipa Tiba” markalı **-FZ- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək dayanmışdır. Hadisə ilə bağlı xx.xx.2019cu il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparılmış və xx.xx.2019cu il tarixli qərar ilə cinayət işinin başlanması rədd edilmiş, cavabdehin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi olduğuna görə onun inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün toplanmış materiallar Dövlət Yol Polis Şöbəsinə, daha sonra isə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı, ona məxsus avtomobilə vurulmuş maddi zərərin məbləğinin müəyyən edilməsi üçün “xxxxxxxxxx” Şirkətinə müraciət etmişdir. Həmin Şirkət tərəfindən müəyyən edilmişdir ki, avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün cəmi xərc 8.500 manat təşkil edir. Həmin Şirkət tərəfindən bu barədə xx.xx.2019-cu il tarixli “Qüsur aktı” verilmişdir. “xxxxxxx” Sığorta Şirkəti ASC-nin xx.xx.2019-cu il tarixdə tərtib etdiyi sığorta aktına əsasən iddiaçıya 3.333 manat sığorta ödənişi vermişdir. Lakin “Qüsur aktına” əsasən vurulmuş zərərə görə 8.500 manatdan ödənilməmiş qalan 5.167 manat isə bu günə kimi cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. İddiaçı, Cavabdeh dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh pulu ödəməkdən boyun qaçırır, müraciətləri cavabsız qoyur. Bununla əlaqədar iddiaçı, əsəb və sarsıntı keçirmişdir. Keçirdiyi narahatçılıqlarla əlaqədar iddiaçının səhhətində ciddi problemlər yaranmış, iddiaçı mənəvi zərər çəkmişdir. İddiaçı ona vurulmuş mənəvi zərərin əvəzini 2.000 manat məbləğində qiymətləndirir. İddiaçı hesab edir ki, ona vurulmuş maddi və mənəvi zərərin əvəzi yol nəqliyyat hadisəsini törətmiş cavabdehdən tutularaq ona ödənilməlidir. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya dəymiş maddi ziyana görə 4.746 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi isə 4.776 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini, ekspertiza tədqiqatının dəyərinin – 120 manatın cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. İddiaya dair cavabdehin apellyasiya şikayətində ifadə olunmuş etirazı, qətnaməyə münasibətdə isə dəlilləri ondan ibarətdir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün “xxxxxxxxxx” Şirkətinin müəyyən etdiyi məbləğ reallığı əks etdirmir; məbləğ şişirdilmişdir. Cavabdeh hesab edir ki, zərərin məbləği iş üzrə verilmiş ekspert rəyi ilə düzgün müəyyən edilmişdir və o həmin məbləği iddiaçıya ödəməyə hazırdır. Apellyasiya baxışında iştirak edən cavabdehin vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi. Apellyasiya baxışında iştirak edən iddiaçı, apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, iddianın bir hissəsi Rayon Məhkəməsi tərəfindən təmin olunmasa da, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə qətnaməni yalnız iddianın təmin edilməsi hissəsini mübahisələndirmiş, təbii olaraq iddianın bir hissəsinin rədd edilməsi barədə Rayon Məhkəməsinin gəldiyi nəticəyə etiraz etməmişdir. Odur ki, mübahisə predmetinin bölünməz olmadığı qənaətində olan Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinin tələblərini rəhbər tutaraq qətnamənin əsaslılığını yalnız iddianın təmin edilməsi hissəsində yoxlamışdır. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən müəyyən olunur ki, Cavabdeh özünə məxsus “BMW 5301” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobili, xx.xx.2019-cu il tarixdə, Bakı şəhərində, A.Şərifzadə küçəsi ilə idarə edərkən yol hərəkəti qaydalarını pozmuş və nəticədə onun idarə etdiyi avtomobil iddiaçıya məxsus “Ford Explorer” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. İddiaçıya məxsus avtomobil qəza nəticəsində istismara yararsız vəziyyətə düşmüş, bununla da, iddiaçıya maddi zərər dəymişdir. Cavabdeh yuxarıda təsvir edilmiş yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilindiyindən, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 9 ay müddətinə məhdudlaşdırılmışdır. Qərar qanuni qüvvəyə minmişdir. Qeyd edilən qərar qanuni qüvvəyə mindiyindən qərarın əsaslılığı hazırki iş üzrə müzakirə edilmir. Bu baxımdan hesab edilməlidir ki, yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi cavabdehin təqsiri üzündən baş vermişdir. Başqa sözlə, Cavabdeh mülki hüquq pozuntusu törətmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı (İş № 3(004)- 950/2019) ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 9 ay müddətində məhdudlaşdırılmışdır. İddiaçı, özünə məxsus “Ford Explorer” markalı **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismara yaralı vəziyyətə gətirilməsi üçün tələb olunan məbləğin müəyyən edilməsi üçün “Ford xxxxxxxxxx” Şirkətinə müraciət etmişdir. Şirkət tərəfindən xx.xx.2019cu il tarixli “Qüsur aktı” verilmişdir ki, həmin akta görə, iş haqqı 2.580 manat, ehtiyat hissələrinin qiyməti 6.971 manat olmaqla, 1.051 manat endirim edilmiş və cəmi təmir xərci 8.500 manat məbləğində müəyyən edilmişdir. “xxxxxxx” Sığorta Şirkətinin xx.xx.2019-cu il tarixli, 064554 №-li “Sığorta aktından” görünür ki, iddiaçıya məxsus avtomobilin qəzaya uğraması ilə əlaqədar “Ford xxxxxxxxxx” Şirkətinin təqdim etdiyi xx.xx.2019-cu il tarixli “Qüsur aktı” ilə müəyyən edilmiş maddi ziyanın cəmi məbləğinin 8.500 manat təşkil etməsi ilə razılaşmış, zərər məbləğindən digər avtomobillərə dəymiş zərərə mütənasib qaydada sığorta ödənişi kimi 3.333 manat pul iddiaçıya ödənilmişdir. “Ford xxxxxxxxxx” Şirkəti tərəfindən verilmiş qüsur aktında qeyd edilən ziyanın məbləğinin real olub-olmasını yoxlamaq üçün Rayon Məhkəməsi iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin etmişdir. Ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2019-cu il tarixli, 16089 №-li rəyindən görünür ki, iddiaçıya məxsus avtomobili istismara yararlı vəziyyətə gətirilməsi üçün 4.060 manat (o cümlədən dəyişilməli olan hissələr – 2.810 manat, təmir xərci – 1.250 manat) məbləğində pul vəsaiti tələb olunur. Rayon Məhkəməsi iddiaçıya dəymiş maddi ziyanın məbləğini müəyyən edərkən mötəbər sübut ki-mi ekspert rəyini qəbul etməmiş və öz mövqeyini onunla əsaslandırmışdır ki, ekspert öz rəyində “Ford xxxxxxxxxx” Şirkətinin təqdim etdiyi xx.xx.2019-cu il tarixli qüsur aktında göstərilən məlumatlara istinad etdiyini qeyd etsə də, həmin aktda göstərilən qiymətlərlə hansı səbəbdən razılaşmadığını əsaslandırmamış, rəyində göstərdiyi ehtiyat hissələrinin ümumi dəyərinin 2.810 manat olmasını necə müəyyən etdiyini, həmin qiymətə qeyd olunan ehtiyat hissələrinin hansı mağazadan və ya satış mərkəzindən əldə etməyin mümkün olmasını göstərməmiş, avtomobilə baxış keçirməmiş və görüləcək təmir-bərpa işlərinin qiymətini 1.250 manat müəyyən edərkən fikrini tam əsaslandırmamışdır. Qeyd olunanlara əsaslanan Rayon Məhkəməsi hesab etmişdir ki, “Ford xxxxxxxxxx” Şirkətinin xx.xx.2019-cu il tarixli qüsur aktında, “xxxxxxx” Sığorta Şirkəti ASCnin xx.xx.2019-cu il tarixli 064554 nömrəli sığorta aktında və “xxxxxxxxxxxxx” MMC-nin tərtib etdiyi xx.xx.2019-cu il tarixli ödəniş tapşırığında göstərilən məlumatlar daha mötəbər və inandırıcıdır. Çünki, həmin sənədlər mütəxəssislər tərəfindən iddiaçıya məxsus olan avtomobilə bilavasitə baxış keçirilməklə, müayinə və təftiş edilməklə hazırlanmışdır. İddiaçı isə avtomobilini “Ford xxxxxxxxxx” Şirkətinin servis mərkəzində təmir etdirməklə 8.500 manat vəsaiti ödəmişdir. Rayon Məhkəməsi həmçinin hesab edir ki, təmir bərpa işlərinin görülməsi üçün tələb olunan “xxxxxxxxxxxxx” MMC-nin ödəniş tapşırığında göstərilmiş 2.159,63 manat, ustaların zəhmət haqqı üçün kifayət etdiyinə görə, işlərin görülməsi üçün zəhmət haqqı kimi 2.159,63 manat əsas götürülməlidir. Avtomobilin təmirbərpa olunması üçün tələb olunan cəmi 8.500 manat təmir xərcindən, 2580 manat iş haqqı ilə 2.159,63 manat iş haqqı arasındakı fərq çıxılmaqla və ödənilmiş 3.333 manat sığorta ödənişi nəzərə alınmaqla, ödənilməmiş qalan 4.746 manat maddi zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, Rayon Məhkəməsinin yuxarıda göstərilən mövqeyi ilə razılaşır və bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçıya vurulmuş zərərin məbləği “xxxxxxxxxx” Şirkətinin müəyyən etdiyi məbləğ reallığı əks etdirmir; məbləğ şişirdilmişdir. Həmin zərər iş üzrə verilmiş ekspert rəyi ilə düzgün müəyyən edilmiş, lakin Rayon Məhkəməsi rəyi sübut kimi qəbul etməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin bu dəlilini araşdırılması məqsədi ilə iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 3470 nömrəli məlumatdan görünür ki, avtomobilə ekspert tərəfindən baxış keçirilmiş, baxış zamanı həmin avtomobilin təmir edildiyi müəyyən edilmiş, bu səbəbdən də onun hansı hissələrinin dəyişilməsini və təmir bərpasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, cavabdehdən tələb olunan zərərin məbləğinin düzgün müəyyən edilib-edilməməsi üçün Məhkəmə, qanunla ona verilmiş imkandan istifadə etmiş, iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, lakin müvafiq ekspert rəyini əldə etmək mümkün olmamışdır. Digər tərəfdən işdə olan sənədlərdən görünür ki, “Ford xxxxxxxxxx” Şirkətinin verdiyi “Qüsur aktı” iddiaçıya məxsus avtomobilə bilavasitə baxış keçirilməklə, müayinə və təftiş edilməklə hazırlanmışdır. “Ford xxxxxxxxxx” Şirkətinin serviz mərkəzində həmin avtomobilin təmirinə görə iddiaçı tərəfindən 8.500 manat ödənilməsi də işin mübahisə edilməyən hallarından biridir. Bu məbləğin obyektivliyini şübhə altına alan cavabdeh isə öz dəlilini təsdiq edən sənədi (məsələn: başqa müstəqil qiymətləndiricinin hesabatını) məhkəmələrə təqdim etməmişdir. Sübuta söykənməyən dəlil (tələb) isə əsaslı hesab edilə bilməz. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi, apellyasiya baxışının predmeti olan hissədə iddianı qismən təmin etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar