Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5830/2022 01.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məzmunlu ərizəsi üzrə (Açar sözlər: vergi borcu, vergi ödəyicisi, sərbəst hərəkət etmək hüququnun müvəqqəti məhdudlaşdırılması,) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Maraqlı şəxs və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məzmunlu ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli qətnaməsindən Maraqlı şəxs nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Reyestr məlumatlarına əsasən, "xxxx" MMC-nin, "xxxx" MMC-nin və "xxxx" MMC-nin icra orqanlarının rəhbəri Maraqlı şəxsdur və həmin hüquqi şəxslərin dövlət büdcəsinə ümumilikdə 45 544,71 manat vergi borcu mövcuddur.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli hökmü ilə X2 Cinayət Məcəlləsinin 213.2.1-ci və 213.2.2-ci, X11 Cinayət Məcəlləsinin 213.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin və bir çox digər hüquqi şəxslərin fəaliyyətləri üzrə mülki iddianın təmin olunaraq 10 824 684,72 manatın X3 tutulub dövlət büdcəsinə köçürülməsinə hökm edilmişdir.
3. Həmin hökmlə müəyyən olunmuşdur ki, X2, cinayət törətmək üçün vahid niyyətlə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə tanışı X11 ilə birlikdə cinayətkar fəaliyyətlə məşğul olaraq "xxxx" MMC-nə, "xxxx" MMC-nə, "xxxx" MMC-nə və bir çox digər hüquqi şəxslərə X7, X5, X12 və qeyrilərini direktor vəzifəsinə təyin etmiş, cəmiyyətlərin nizamnamələrinə uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparılaraq rəsmiləşdirilməsini təşkil etmiş, bununla əlaqədar faktiki rəhbər kimi qeyd olunan vergi ödəyicilərinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 53.1, 71.1, 71.2, 71.4, 72, 77.3, 78.1, 78.3, 82, 103-106, 149, 151, 154.1, 155.1, 159.1, 174, 177.1, 177.2, 177.6, 178 və 218- 221-ci maddələrinin tələblərini pozaraq həmin cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanlarına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edərək, eləcə də bəyannamə təqdim etməməklə mütəşəkkil dəstənin rəhbəri olaraq ümumilikdə xüsusi külli miqdar təşkil edən 10 649 604,76 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır.
4. Həmin hökm Bakı Apellyasiya Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
5. Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxslər "xxxx" MMC-nin, "xxxx" MMC-nin və "TRİSTON” MMC-nin dövlət büdcəsinə ümumilikdə 45 544,71 manat vergi borcunun ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Ərizə belə əsaslandırılmışdır ki, vergi öhdəlikləri Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə maraqlı şəxsin rəhbərlik etdiyi vergi ödəyicisi olan hüquqi şəxslər "xxxx" MMC-nin 15680,77 manat (o cümlədən vergilər üzrə 12 863,64 manat, faizlər üzrə 2817,13 manat, maliyyə sanksiya üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat), "xxxx" MMC-nin 20 114,37 manat (o cümlədən vergilər üzrə 16500,71 manat, faizlər üzrə 3613,66 manat, maliyyə sanksiya üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) və "xxxx" MMC-nin 9749,57 manat (o cümlədən, vergilər üzrə 7998 manat, faizlər üzrə 1751,57 manat, maliyyə sanksiya üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) ümumilikdə 45 544,71 manat vergi borcu yaranmış, borc məbləğlərinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən borclu hüquqi şəxslərin icra orqanın rəhbəri Maraqlı şəxsdur.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə ərizə təmin olunmuşdır.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, vergi ödəyicisi olan hüquqi şəxslərin rəhbərinin vergi öhdəliklərini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməməsi, yəni hesablanmış vergilər üzrə borcları və faizləri ödəməməsi məhkəmə araşdırması zamanı sübuta yetirildiyindən, onun həmin öhdəliklərinin icrasını təmin etmək üçün maraqlı şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1ci və 23.1.15-3-cü, MPM-in 234.1,355-7.3 və 355-7.4-cü maddələri ilə əsaslandırmışdır.
b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Qətnamədən apellyasiya şikayəti verən Maraqlı şəxs nümayəndəsi (vəkili) onun ləğv olunmasını və ərizənin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, maraqlı şəxsin rəhbəri olduğu irəli sürülən "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin və bir çox digər hüquqi şəxslərin vergiləri dövlət büdcəsində ödəməsindən yayınmaq məqsədilə X1, X6, X4 və X9 Cinayət Məcəlləsinin 213.2.1, 213.2.2 və 213.3-cü maddələri ilə (Mütəşəkkil dəstə tərəfindən külli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) məhkum olunmalarına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli hökmünün olduğu, həmin hökmlə vergidən yayınma ilə bağlı yuxarıda göstərilən hüquqi şəxslərə qarşı mülki ididanın təmin edildiyi, bu hüquqi şəxslərin yaradılması və fəaliyyəti ilə heç bir əlaqəsinin olmadığının müəyyən edildiyini göstərmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə, birinsi instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tədbirin həyata keçirilməsində əsas məqsəd məhz hüquqi şəxsin vergi öhdəliyinin (borcunun) dövlət büdcəsinə ödənilməsini təmin etməkdən ibarətdir.
13. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1, 16.1.1, 32.1, 77.1 və 78.1- ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1 -ci maddələrinin şərh edilməsinə dair” 12 yanvar 2011 -ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərarı ilə Maraqlı şəxs kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.
15. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...İşdən görünür ki, maraqlı şəxs birinci instansiya məhkəməsində işə baxılan zaman iştirak edə bilməmiş və müvafiq olaraq ərizəyə etirazının əsaslarını göstərmək və bu barədə sübutlar təqdim etmək imkanından məhrum olmuşdur. Maraqlı şəxs birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində rəhbəri kimi göstərilən "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin, bir çox digər hüquqi şəxslərin vahid niyyətlə vergiləri dövlət büdcəsində ödəməkdən yayınmaq məqsədilə X2, X11, X10 və X9 Cinayət Məcəlləsinin 213.2.1, 213.2.2 və 213.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli hökmünün olduğu, həmin hökmlə vergidən yayınma ilə bağlı yuxarıda göstərilən hüquqi şəxslərə qarşı mülki ididanın təmin olunduğunu, bu hüquqi şəxslərin yaradılması və fəaliyyəti ilə heç bir əlaqəsinin olmadığının müəyyən edildiyini göstərmiş, lakin apellyasiya instansiyası məhkəməsi maraqlı şəxsin şikayətində istinad etdiyi hökmdə göstərilən halları təsdiq edən hər hansı sübut (hökmün təsdiq olunmuş surəti və s.) təqdim etməməsi əsası ilə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bu zaman məhkəmə nəzərə almamışdır maraqlı şəxsin istinad etdiyi hökm məhkəmə aktı olub cinayət prosesi iştirakçılarına təqdim oluna bilər, maraqlı şəxsin həmin hökmün təsdiq olunmuş surətini almaq imkanı qanunla məhdudlaşdırılmışdır. Digər tərəfdən isə apellyasiya instansiyası məhkəməsi bir məhkəmə iclası ilə məhkəmə baxışını yekunlaşdırmış, maraqlı şəxs həmin məhkəmə iclasında iştirak etməmiş, bu səbəbdən də məhkəmə hökmün təsdiq olunmuş surətini təqdim etməyi ona təklif etməmişdir”.
d) Təkrar apellyasiya baxışı zamanı verilən izahatlar
16. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Maraqlı şəxs və onun nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini Ali Məhkəmənin qərarında göstərilənlərə istinadla müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, ərizəçi - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi isə məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
17. Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur.
Azərbaycan Respublikası Vergi Məcəlləsi
18. Maddə 16.1. Qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir.
19. Maddə 32.1. Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər.
20. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.
21. Maddə 78.1. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsinin məcburi olması təsbit edilmişdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
26. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
29. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
31. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
33. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
34. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan və işin hallarını (faktiki və hüquqi) təkrarən sadalamağa zərurət görməyən məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi işin hallarını və hüquq normalarını ətraflı təfsir etməklə buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.
35. Yuxarıda qeyd olunduğu kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli hökmü ilə X1, cinayət törətmək üçün vahid niyyətlə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə tanışı X11 ilə birlikdə cinayətkar fəaliyyətlə məşğul olaraq "xxxx" MMC-nə, "xxxx" MMC-nə və "xxxx" MMC-nə digər şəxsləri direktor vəzifəsinə təyin edib, cəmiyyətlərin nizamnamələrinə uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparılaraq rəsmiləşdirilməsini təşkil etdiyi, bununla əlaqədar faktiki rəhbər kimi qeyd olunan vergi ödəyicilərinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, həmin cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanlarına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edərək, eləcə də bəyannamə təqdim etməməklə mütəşəkkil dəstənin rəhbəri olaraq ümumilikdə xüsusi külli miqdar təşkil edən 10 649 604,76 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındığı müəyyən olunmuşdur.
36. Nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericiliyin 82.4-cü maddəsi ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə qüvvəyə minmiş qərar hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur.
37. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” 09 sentyabr 2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxs Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini digər şəxsin üzərinə qoya bilməz və vergidən yayınma cinayəti törətdikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər”.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6856/2019 saylı iş üzrə 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məzmunlu ərizəsi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Maraqlı şəxs özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov