Məhkəmə qərarları › İş №2(103)-5830/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5830/2025

12.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5830/2025 12.02.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İlkin iddia üzrə iddiaçı İddiaçı İbrahim qızının cavabdeh Cavabdeh MMC-yə qarşı “ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh MMC tərəfindən qanunsuz sökülməsi nəticəsində iddiaçının paylı mülkiyyətində olan evin bərpa edilməsi, həmin evə dair yaradılan maneələrin qadağan edilməsi, evin yaşayışa yararlı vəziyyətə alınmaqla iddiaçıya təhvil verilməsi, 150.000 manat mənəvi zərərin tutulması” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı İbrahim qızına qarşı “******* saylı Çıxarışa əsasən İddiaçı İbrahim qızının paylı mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən evin sökülməsi üçün Cavabdeh MMC-yə təhvil verilməsinə; - Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İ.Vəliyev, M.F.Axundov və F. İbrahimbəyov küçələrinin kəsişməsində yeni tikiləcək G binasının, 3-cü mərtəbəsinədə 40 m² sahəsi olan 1 otaqlı * saylı mənzilin İddiaçı İbrahim qızına təhvil verilməsi ilə İddiaçı İbrahim qızının ******* saylı Çıxarış ilə paylı mülkiyyətində olan evə mülkiyyət hüquqlarına xitam verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyətə qanuni və mütənasib müdaxilə; ədalətli kompensasiya) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X10 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə iddiaçı İddiaçı İbrahim qızı və onun nümayəndə və və vəkilləri vəkil3 və vəkil1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı İddiaçı İbrahim qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının ##.##.2020-ci il tarixli ** saylı sərəncamı ilə, Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad İbrahimbəyov və Sübhi Salayev küçələrinin əhatə etdiyi ərazini Cavabdeh MMC-yə ayrılmasını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X20 Agentliyi «Azərdövlətsənayelayihə» DLİ tərəfindən təsdiq olunmuş ##.##.2020-ci il tarixli rəyini əsas tutaraq bu ərazidə yerləşən, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli və istismar müddəti keçmiş, əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək, həmin ərazidə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə uyğun yeni çoxmərtəbəli, çoxmənzilli yaşayış və qeyri-yaşayış binaların tikilməsi nəzərdə tutulmuşdur.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışın surətinə əsasən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət üzrə İddiaçı İbrahim qızı və digər 11 nəfərin mülkiyyətindədir. Fərdi yaşayış evinin ümumi sahəsi 494,9 kv.m. təşkil edir. Cəlilova Nail İbrahim qızının payı 1/16 hissədir (494.9 : 16 = 30,93 kv.m.).

3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, ümumi sahəsi 505.2 kv.m. olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/16 hissəsi İddiaçı İbrahim qızının mülkiyyətindədir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İlkin iddia üzrə iddiaçı İddiaçı İbrahim qızı cavabdeh Cavabdeh MMC-yə qarşı “ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh MMC tərəfindən qanunsuz sökülməsi nəticəsində iddiaçının paylı mülkiyyətində olan evin bərpa edilməsi, həmin evə dair yaradılan maneələrin qadağan edilməsi, evin yaşayışa yararlı vəziyyətə alınmaqla iddiaçıya təhvil verilməsi, 150.000 manat mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

5. İlkin iddia üzrə iddiaçı İddiaçı İbrahim qızı tərəfindən ##.##.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmiş, ərizə icraata qəbul edilmişdir.

6. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən mənzilin müəyyən hissəsi ( 1/16 hissəsi, 100 kv.m) mülkiyyət hüququ ilə iddiaçı İddiaçı İbrahim qızına məxsusdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ******* №-li çıxarışına əsasən ümumi sahəsi 400 kv.m olan qeyd olunan mənzil sahəsinin 100 kv.m hissəsi tam mülkiyyət hüququ ilə iddiaçının qeydiyyatdadır. Belə ki, iddiaçının atası Cəlilov İbrahim Süleyman oğlunun vəfatından sonra qeyd edilən mübahisəli mənzil sahəsi 4 vərəsə - X6, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, X1 və iddiaçı İddiaçı İbrahim qızıarasında miras olaraq pay bölgüsü aparılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ******* №-li çıxarışına əsasən 4 vərəsə üçün pay miqdarı hər biri üçün çıxarışda qeyd olunan mənzil sahəsinin 1/16 hissəsi, yəni 100 kv.m nəzərdə tutulmuşdur. Yasamal rayon İcra Hakimiyyətinin başçısının *** №-li ##.##.2002-ci il sərəncamına əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin texniki-inventarlaşdırma sənədinə uyğun olaraq iddiaçı İddiaçı adına 100 kv.m torpaq sahəsi qeyd edilən mənzil sahəsindən ayrılmışdır. Bununla bağlı lazımi sənəd də iş materiallarına əlavə edilmişdir. Belə ki, cavabdeh Cavabdeh MMC tərəfindən iddiaçıya hər hansı söküntü-qazıntı işlərinin aparılacağı barədə icra hakimiyyəti tərəfindən qəbuledilən sərəncam təqdim edilmədən və ya hər hansı xəbərdarlıq edilmədən mübahisəli mənzilin pəncərəsi dağıdılaraq iç hissəsində sökünütü işləri aparılmışdır. Mənzilin hazırki vəziyyətini göstərəcək fotoşəkillər də işə əlavə olunur. Baş vermiş halla bağlı cavabdehlə əlaqə saxlanıldıqda tərəf zənglərə cavab verməmiş, məsələyə biganə yanaşmışdır. Hal-hazırda da iddiaçıya nə sərəncam, nə də digər aidiyyəti sənəd təqdim edilməmişdir. Söküntü işlərinin aparılacağı barədə İcra Hakimiyyəti tərəfindən müvafiq sərəncam verilmədən bu əməliyyatların aparılması qanuna ziddir. Hazırda həmin mənzil söküntü-qazıntı işləri üçün Cavabdeh MMC tərəfindən hasara alınıb və iddiaçı mənzilə daxil ola bilmir. Bu hal fotoşəkillərdə də öz əksini tapıb. Lakin, iddiaçıya sökülmüş mənzil payım üçün heç bir kompensasiya və ya yaşayış yeri verilməmişdir. Bu isə iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Sözügedən mənzil sahəsinin hər kv.m hissəsi üçün Yasamal rayonu ərazisində (Nizami metrosuna yaxın) ortalama bazar qiyməti 3000 (üç min ) manat müəyyən edilir. İddiaçı tərəfindən zəbt edilən torpaq sahəsi isə 100 kv.m təşkil edir. Odur ki, ünvan 3 ünvanında yerləşən mənzilin iddiaçıya düşən hissəsinə mülkiyyət hüquqlarımın bərpa edilməsinə, cavabdeh Cavabdeh MMC tərəfindən iddiaçının mənzilə daxil olmağına yaradılmış maneələrin aradan qaldırılmasına, cavabdeh tərəfindən aparılan söküntü-qazıntı işlərinin dərhal dayandırılması və aradan qaldırılmasına, mübahisəli mənzil üçün iddiaçının payına düşən 100 kv.m hissəyə görə hər kv.m. üçün bazar qiyməti 3000 (üç min ) manatdan hesablanmaqla, ümumilikdə, kompensasiya qismində 150000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə zərurət vardır.

7. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı İbrahim qızına qarşı “******* saylı Çıxarışa əsasən İddiaçı İbrahim qızının paylı mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən evin sökülməsi üçün Cavabdeh MMC-yə təhvil verilməsinə; - Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İ.Vəliyev, M.F.Axundov və F. İbrahimbəyov küçələrinin kəsişməsində yeni tikiləcək G binasının, 3-cü mərtəbəsinədə 40 m² sahəsi olan 1 otaqlı * saylı mənzilin İddiaçı İbrahim qızına təhvil verilməsi ilə İddiaçı İbrahim qızının ******* saylı Çıxarış ilə paylı mülkiyyətində olan evə mülkiyyət hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən ##.##.2025-ci il tarixdə iddia tələbi dəqiqləşdirilmiş, texniki nöqsanlar (mənzilin nömrəsi və s.) aradan qaldırılmışdır.

9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının ##.##.2020-ci il tarixli ** saylı sərəncamı ilə, Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad İbrahimbəyov və Sübhi Salayev küçələrinin əhatə etdiyi ərazini Cavabdeh MMC-yə ayrılmasını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X20 Agentliyi «Azərdövlətsənayelayihə» DLİ tərəfindən təsdiq olunmuş ##.##.2020-ci il tarixli rəyini əsas tutaraq bu ərazidə yerləşən, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli və istismar müddəti keçmiş, əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək, həmin ərazidə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə uyğun yeni çoxmərtəbəli, çoxmənzilli yaşayış və qeyri-yaşayış binaların tikilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu 59 ünvanında yerləşən yaşayış sahəsi üzrə 16/1 pay hüququ olmaqla cavabdehin paylı mülkiyyətindədir. Lakin cavabdehin orda heç bir mənzili mövcud deyildir və bu məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı da müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehlərin ilkin iddiası rədd edilməli, qarşılıqlı iddia tələbi isə əsaslı olduğundan təmin edilməlidir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə (hakim - Fariz Əlizadə) ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, ******* saylı Çıxarışa əsasən cavabdeh İddiaçı İbrahim qızının paylı mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən evin sökülməsi üçün qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə təhvil verilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İ.Vəliyev, M.F.Axundov və F. İbrahimbəyov küçələrinin kəsişməsində yeni tikiləcək G binasının, 3-cü mərtəbəsinədə 40 m² sahəsi olan 1 otaqlı * saylı mənzilin cavabdeh İddiaçı İbrahim qızına təhvil verilməsi, qarşılıqlı iddia tələbinin “İddiaçı İbrahim qızının ******* saylı Çıxarış ilə paylı mülkiyyətində olan evə mülkiyyət hüquqlarına xitam verilməsi” hissəsində təmin edilməməsi, həm ilkin iddia üzrə, həm qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumlarının müvafiq olaraq iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir.

11. Məhkəmə müəyyən etmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət üzrə İddiaçı İbrahim qızı və digər 11 nəfərin mülkiyyətindədir. Fərdi yaşayış evinin ümumi sahəsi 494,9 kv.m. təşkil edir. Cəlilova Nail İbrahim qızının payı 1/16 hissədir (494.9 : 16 = 30,93 kv.m.). Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli məktubuna əsasən, ümumi sahəsi 505.2 kv.m. olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/16 hissəsi İddiaçı İbrahim qızının mülkiyyətindədir, mülkiyyət hüququ ##.##.2011-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı İbrahim qızının özünün və vəkillərinin izahatlarına əsasən, o, 40 ildən uzun müddətdir ki, özü və ya ailə üzvləri həmin mənzildə faktiki olaraq yaşamır, özünə məxsus olan digər mənzildə yaşayır. Həmçinin, fərdi yaşayış evinin digər bütün paylı mülkiyyətçiləri ilə MMC arasında razılaşmalar əldə edilmişdir. Bundan əlavə, fərdi yaşayış evinə keçirilmiş yerli baxış prosessual hərəkətləri zamanı müəyyən edilmişdir ki, ev sökülməmişdir, lakin, evdə yaşamış şəxslər tərəfindən evin MMC-yə tam təhvil verilməsi səbəbindən bir sıra xırda kənar müdaxilələr halları mövcuddur.

12. Məhkəmə mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, hazırki mübahisənin əsasını təşkil edən məsələ mülkiyyətin əvəzində veriləcək kompensasiya ilə (mənzilin sahəsi) bağlıdır. Belə ki, Cəlilova Nail İbrahim qızı tərəfindən 100 kv.m. sahəsi olan mənzil tələb edilir. Cəlilova Nail İbrahim qızının arqumenti odur ki, həmin fərdi yaşayış evində yaşayan şəxslərə verilən mənzillərin ölçüsü daha yüksək həddədir. Cavabdeh MMC isə əks arqument olaraq bildirir ki, həmin evdə yaşayan şəxslərə verilmiş mənzillərin sahələri onları faktiki yaşayış sahələri nəzərə alınmaqla verilmiş, bu barədə mövcud məhkəmə təcrübəsi əsas götürülmüşdür. Cəlilova Nail İbrahim qızı həmin fərdi yaşayış evində uzun illərdir ki, faktiki olaraq yaşamadığından, dolayı yolla onun mülkiyyət sahəsi faktiki olaraq müəyyən edilmədiyindən ona verilən mənzilin sahəsi hüquqi baxımdan məhz çıxarış üzrə hesablanır.

13. Məhkəmə Cavabdeh MMC-nin arqumenti ilə razılaşaraq, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər üzrə mübahisəni həll etməyi qanuni hesab etmişdir.

14. Cəlilova Nail İbrahim qızının digər arqumenti odur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2010-cu il tarixli *(***)-****/** nömrəli qərarı preyudisial hesab edilməli və həmin qərara əsasən sözügedən əmlakın 4 nəfər arasında bölünməsi xüsusatı nəzərə alınmalıdır. Həmin arqumentə münasibətdə məhkəmə bildirmişdir ki, əvvəla preyudisiallıq institutunun mahiyyətinə uyğun olaraq həmin qərarda Cavabdeh MMC tərəf olmadığından sözügedən qərarın hazırki mülki iş üzrə preyudisiallığı istisna edilir. Bundan əlavə, həmin qərar üzrə də Cəlilova Nail İbrahim qızının əmlaka dair 1/16 hissədə mülkiyyət payı müəyyən edilmiş və həmin qərar əsasında sonuncu mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Yekun olaraq, mübahisə çıxarış üzrə qeyd edilən məlumatlar kontekstindən həll edilməlidir. Mübahisə predmeti olan əmlak üzrə digər paylı mülkiyyətçilərin, həmçinin ərazi üzrə razılaşma əldə edilmiş digər şəxslərin hüquqları qorunmalıdır.

15. Qarşılıqlı iddia üzrə iddiaçı söküləcək fərdi yaşayış evləriinin sakinlərinə yeni tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillər təmin ediləcəyi barədə öhdəlik götürmüşdür. Sökülən evlər üzrə razılığa gəlmiş sakinlər alacaqları yeni mənzillər ilə bağlı gözlənti hüquqları yaranmış lakin cavabdeh ilə razılıq əldə edilməməsi, cavabdehin öz mülkiyyət hüququndan sui-istifadə etməsi onların bu gözlənti hüquqlarını məhdudlaşdırır. Qarşılıqlı iddia üzrə iddiaçı cavabdehin mülkiyyət hüquqlarını pozmur, əksinə, onun mülkiyyətlərini ədalətli şəkildə qoruyur və mütənasib şəkildə kompensasiya edir. Cavabdehə, onların mövcud mənzilinin sahəsindən daha geniş olmaqla, müasir tələblərə cavab verən yeni tikilən binada mənzil verilir. Bu, onların mülkiyyətinin daha yaxşı və daha dəyərli bir şəkildə yenilənməsini təmin edir, həmçinin cavabdehin yaşayış şəraitinin yaxşılaşmasına imkan verir. Qarşılıqlı iddia üzrə iddiaçı, cavabdehə məxsus, şəhərin müasir tələblərinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırılması və yaşıllaşdırılması ilə əlaqədar münasib təklif irəli sürmüşdür. Bu təklif, müasir şəhər planlaşdırması çərçivəsində mülkiyyət dəyərlərinin artırılması və yaşayış standartlarının yüksəldilməsi məqsədinə xidmət edir. Lakin, cavabdehlə razılıq əldə edilə bilməməsi nəticəsində, həmin şəxsin yaşayış sahəsini tərk etməməsi yeni və standartlara uyğun yaşayış binasının tikintisini gecikdirir və bu prosesi maneə törədir. Qəzalı vəziyyətdə olan evlərin sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin məzil-məişət şəraitinin yaxşılaşdırılması, şəxslərin mənafeyinə və ümumi maraqlara xidmət edir. Bu, həmçinin yaşayış şəraitinin təhlükəsiz və sağlam bir mühitə çevrilməsini təmin edir. Belə bir yanaşma, mülkiyyət hüquqlarının əsassız və ədalətsiz şəkildə məhdudlaşdırılması kimi dəyərləndirilməməlidir, çünki burada məqsəd mülkiyyət hüquqlarını pozmaq deyil, əksinə, yaşayış standartlarını qaldırmaq və mənzil şəraitini daha yaxşı, müasir və təhlükəsiz hala gətirməkdir. Bu proses, mülkiyyətçilərin mənafelərinin qorunması və ictimai maraqların təmin edilməsi prinsipləri ilə uyğunlaşdırılaraq həyata keçirilməlidir.

16. Məhkəmə qeyd etmişdir ki, müqavilə azadlığının tələbləri və mülkiyyətçinin öz mülkiyyəti barədə sərbəst sərəncam vermək hüququ nəzərə alınmaqla sözügedən ərazidə mütləq əksəriyyət mülkiyyətçilərlə MMC arasında razılıq əldə edilmiş, ərazidə kütləvi şəkildə tikinti işləri həyata keçirilir. Razılaşma əldə edilməyən sakinlərin həmin ərazidə yaşamağa davam etməsi faktiki olaraq mümkün deyildir. Məhkəmə mülkiyyətçilərin mülkiyyət hüquqlarının dövlət təminatını nəzərə alsa da, faktiki durumu operativ və effektiv şəkildə tənzimləməyi, razılaşma əldə edilməyən sakinlərin təhlükəsiz və sağlam yaşam şəraitlərinin təmin edilməsi zəruri hesab edir. Bu isə yalnız münasibətlərə ümumi maraqların qorunması üçün qanuni əsaslarla məhkəmə müdaxiləsi ilə mümkündür. Qarşılıqlı iddia üzrə cavabdehə yeni tikiləcək binada 40 kv.m. sahəsi olan mənzilin verilməsi onun mülkiyyət payının həcminin (30.93 kv.m.) 20%-dən artıq hissədə kompensasiyasını əhatə edir. Lakin, mövcud məhkəmə təcrübəsi əsas götürülməklə qarşılıqlı iddia tələbi “mülkiyyət hüququna xitam verilməsi” hissəsində təmin edilməməlidir. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh mülkiyyət hüququndan sui-istifadə edir.

17. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi əsası ilə ilkin iddia tələbi əsassızdır və təmin edilməməlidir. Eyni zamanda ilkin iddia üzrə iddiaçıya mənəvi zərərin vurulması xüsusatı mövcud deyildir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 140, 157.2, 390.1, 390.5, 560.1, 560.2, 752.1, 21, 23, 1096.1, 1096.2-ci; Avropa İnsan Hüquqları Məhkəməsinin “X15 və X13rşı” ##.##.2019-cu il tarixli qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Fortis-Bayıl» Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ##.##.2020-ci il tarixli Qərarı; “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamədən ikin iddia üzrə iddiaçı İddiaçı İbrahim qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayətində göstərilir ki, iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh ”xxxx” MMC mübahisənin predmeti olan evin ilkin iddiaçı İddiaçı paylı mülkiyyətində olduğunu bildiyi halda onun razılığı olmadan, ona məlumat vermədən,onunla qarşılıqlı razılaşma əldə etmədən sökmüş, yaşayışa tamamilə yararsız vəziyyətə salaraq dəmir hasara almışdır. Əsassız olaraq da bildirmişdir ki, ilkin iddiaçı paylı mülkiyyətçi olmuş olsa da, həmin evdə yaşamamış, faktiki istifadə etməmişdir. Məlum məsələdir ki, qüvvədə olan heç bir maddi hüquq norması cavabdehə mülkiyyətində olan yaşayış sahəsində yaşamayan mülkiyyətçinin mülkiyyət hüquqlarından məhrum etmək, məhdudlaşdırmaq, onun razılığı olmadan əmlakını sökmək, əmlakına qanunsuz sahiblənmək hüququ verməmiş və heç bir maddi hüquq normasında mülkiyyətdə olan əmlakdan faktiki istifadə edən şəxslərin yaşayış sahələri ilə təmin etmək, istifadə etməyən mülkiyyətçini bu hüquqlarını məhdudlaşdırmaq hüququ verməmişdir. Çox teəssüf ki, qarşılıqlı iddianın təmin edilməsində maraqlı olan hakim qanunvericiliyin bu tələbini pozmuşdur. AR MM-nin 157.2-ci maddəsinin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinin tələblərinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. AR Konstisusiyasının 28-cu maddəsinin II-ci və 1V-cü bəndlərinə görə dövlət layihəsi çərçivəsində söküntüsü nəzərdə tutulan yaşayış binalarında, həmin mənzillərin sahiblərinə münasibətdə, dövlət tərəfindən vətəndaşların mülkiyyət hüquqularına tam təminat verilir və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qeyd edilmiş Ali maddi hüquq normalarından göründüyü kimi, yalnız Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilməsi nəzərdə tutulmuş, lakin istinad edilmiş maddi hüquq normalarında qeyri-dövlət ehtiyacları üçün vətəndaşdan əmlakın məcburi alınması nəzərdə tutulmamışdır. Bu hal onu deməyə əsas verir ki, məhkəmə qeyri-dövlət ehtiyacları üçün məcburi satınalınması nəzərdə tutulmamış, qarşılıqlı iddiaçının tələbi əsasında öz kommersiya maraqlarını həyata keçirmək məqsədilə mülkiyyətdə olan yaşayış sahəsini mülkiyyətçinin razılığı olmadan söküb, onu əmlakından məhrum etmək kimi hərəkətləri qeyd edilmiş Qanunlara zidd olması müəyyən edildiyi halda ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi haqda nəticəyə gələrkən istinad edilmiş maddi hüquq normaların tələblərini kobud surətdə pozmuşdur. Hesab edir ki, məhkəmə məlum nəticəyə gələrkən qarşılıqlı iddiaçının məhkəməyə iddianın əsası olaraq təqdim etdiyi Bakı şəhər İHB-nın ##.##.2020-ci il tarixli ** saylı sərəncamı ilə də müəyyən edilmiş hallara diqqət yetirməmişdir. Həmin Sərəncamın 1-ci bəndinə görə qarşılıqlı iddiaçıya, mübahisə edilən mülkiyyətin yerləşdiyi ərazidə yerləşən tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq ,qarşılıqlı razılaşma əsasında “xxxx” MMC tərəfindən tənzimləməsi şərti ilə müasir tipli yeni yaşayış binaların və qeyri-yaşayış sahələrin inşası üçün icazə verilmişdir. Göründüyü kimi qeyd edilmiş sərəncamda da qarşılıqlı iddiaçıya, mülkiyyətçinin razılığı olmadan mülkiyyətini sökmək onun öz maraqlarına uyğun olaraq yaşayış sahəsi ilə təmin etmək hüququ, nəzərdə tutulmamışdır. Məhkəməyə təqdim edilmiş ilkin iddiaçının adına DƏDRX-nin * saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş ##.##.2011-ci il tarixli,********* qeydiyyat nömrəli reyestrdən çıxarışla müəyyən edilmişdir ki, iddiaçının paylı mülkiyyətində olan evin “A”, ”B”, ”D” ”Q” və “V” tikililərdən ibarət olmuş, hər tikilinin də küçədən ayrı-giriş çıxışı olmuşdur. Həmin evə məhkəmə tərəfindən də yerində baxış keçirilərkən müəyyən olunmuşdur ki, ilkin iddiaçının və onun yaxın qohumları digər paylı mülkiyyətçilər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, X7 və X1 sahibliyində və sərəncamında hazırda yaşayışa yararsız vəziyyətə salınmış evin ”A” tikilisi olmuşdur. Məhkəməyə ilkin iddianın əsası olaraq təqdim edilmiş vərəsəlik işi üzrə qəbul edilmiş AR Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının ##.##.2010-cu il tarixli,(***)-****/** saylı qərarı ilə mübahisənin predmeti olan Bakı şəhəri Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ** saylı ünvanda yerləşən fərdi yaşayış evin “A” tikilinin paylı mülkiyyətçilər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, X7, X1 ilə ilkin iddiaçı İddiaçı İbrahim qızına aid olması müəyyən edilmiş, həmin iş üzrə Ali Məhkəmənin qərarında istinad edilmiş AR ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.2008-ci il tarixli **** saylı rəyi ilə evin ”A” tikilisinin ümümi sahəsi 209,3 kv.m, yaşayış sahəsi 148,0 kv.m, yardımçı sahələrin sahəsi 67,15 kv.m, zirzəminin sahəsi 16,4 kv.m,tikinti altı sahə 281 kv.m təşkil etməsi müəyyən edilmişdir. Hazırkı mübahisə ilə bağlı məhkəmə sorğusu əsasında DƏDRX-nin * saylı Bakı ərazi idarəsindən tələb edilmiş mübahisə edilən evə dair ##.##.2021-ci il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, evin ”A” tikilisinin ümümi sahəsi 231,55 kv.m, yaşayış sahəsi 148, yardımçı 67,15, zirzəmi 16,4 kv.mdən ibarət olmuşdur. Məlum məsələdir ki, 4 paylı mülkiyyətçinin arasında “A” tikilinin 231,55 kv.m bölündükdə hər birinin payına düşən (231,55x4=57,88) pay 57,88 kv.m.onun da üstünə həmin kv.m 20 faizi gəldikdə İddiaçı İbrahim qızının paylı mülkiyyətdə olan hissəsinin sahəsi cəmi 75,76 kv.m olması müəyyən olunur. Bu əsasla da cavabdeh “A” tikilinin digər paylı mülkiyyətçiləri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, X7, X1 hər birini eyni ərazidə yeni inşa edilmiş yaşayış binasında 3 otaqlı 120-150 kv.m sahəli mənzillərlə təmin etmiş, nədənsə onlara münasibətdə evin ümümi çıxarışına görə paylarına 1/16 pay düşməsi nəzərə alınmamış, ilkin iddiaçıya gəldikdə isə sökülən evdə yaşayış sahəsinin olmadığını iddia edərək yeni inşa edilməsi nəzərdə tutulmuş evdə ona sahəsi 40 kv.m olan mənzillə təmin edilmək şərtilə mülkiyyət hüquqlarına xitam verilməsinə dair əsassız tələb irəli sürür. Məhkəmə AR MM-nin 82.3-cü maddəsinin tələblərini pozaraq AR Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının ##.##.2010-cu il tarixli,(102)-2680 /** saylı qərarına əsasən sözügüdən əmlakın 4 nəfər paylı mülkiyyətçi arasında bülünməsi xüsusiyyatını, həmin qərarda xxxx” MMC tərəf olmadığından sözügedən qərarın hazırki mülki iş üzrə preyudisiallığı istisna edildiyi əsas götürməklə məntiqsiz və qanunsuz bir nəticəyə gəlmişdir. Bununla da AR MM-nin 82.3-cü maddənin tələblərini pozmuşdir. Beləliklə hesab edir ki, qarşılıqlı iddianın təmin edilməsində maraqlı olan birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş subutlara əhəmiyyət və düzgün hüquqi qiymət verməmiş birbaşa ilkin iddiaçının mülkiyyət hüquqların pozulması ilə nəticələnmiş qətnamə çıxartmaqda haqlı olmamışdır. Birinci instansiya məhkəməsi qeyri-dövlət ehtiyacları üçün məcburi satınalınması nəzərdə tutulmamuş, qarşılıqlı iddiaçının tələbi əsasında mülkiyyətdə olan yaşayış sahəsinin mülkiyyətçinin razılığı olmadan söküb, onu əmlakından məhrum etmək kimi hərəkətləri qeyd edilmiş Qanunlara zidd olması müəyyən edildiyi halda ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair nəticə istinad edilmiş maddi hüquq normalarının tələblərinə zidd hesab edilməlidir. Məhkəmə ilkin iddianın təmin edilməməsinə dair nəticəyə gələrkən cavabdeh ”xxxx” MMC mübahisənin predmeti olan evin İddiaçı paylı mülkiyyətində olduğunu bildiyi halda onun razılığı olmadan, ona məlumat vermədən, onunla qarşılıqlı razılaşma əldə etmədən sökməsi,,yaşayışa tamamilə yararsız vəziyyətə salaraq dəmir hasara almaqla ilkin iddiaçının mülkiyyətinə sərəncam vermək sahiblik etmək və istifadə etmək kimi hüquqların pozulmasına düzgün hüquqi qiymət verməmiş, bununla da AR MM-nin 17.2 və 157.5-ci maddələrinin tələblərinə zidd olan qətnamə qəbul etmişdir. Mülki iş üzrə çıxarılmış qətnamədən görünür ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv araşdırmamış, iddiaçının məhkəməyə təqdim etdiyi subutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə də işin həqiqi hallarına və qanunun tələblərinə zidd olan qətnamə qəbul etmişdir. Bununla da məhkəmə AR MPM-nin 14.1,14.2,77.1, 88-cı maddələrinin tələblərini pozmuşdur.

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

b) Proses iştirakçılarının izahatı

22. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili vəkil3 izahatında və ona verilən suala cavab olaraq qeyd etdi ki, Reyestr Xidmətinin məhkəmə sorğusuna cavab olaraq göndərdiyi sənədlərdə 1965-ci il və 2020-ci ilin texniki pasportları var. Hər iki texniki pasportda A tikilisinin sahəsi 281 m2-dir. X6, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və X1 da 1/16 payı var, nəyə görə onlara təmirli 106 kv/m sahəsi olan mənzil verilir, İddiaçı İbrahim qızına isə verilmir. Həmin tikili sökülməyib. 4 nəfərə aid olan hissəsi sökülməyib, hazırda da qalır.

23. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı İddiaçı İbrahim qızı izahatında qeyd etdi ki, 1/16 hissə deyildikdə ünvan 3 ünvanı nəzərdə tutulur. Oranın sahəsi təxminən 2000 m2 -dir. Bütün həyətlərin 1/16 hissəsi nəzərdə tutulur. A tikilisinin ¼ hissəsi, Cabbar Qaryağdıoğlu küçəsi, ev 61 ünvanında olan həyətin isə 1/16 hissəsi ona məxsusdur.

24. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili vəkil1 izahatında qeyd etdi ki, onlar 1/16 payı olan digər şəxslərlə hansı müqavilələr bağlanılıbsa, həmin sahəyə uyğun İddiaçı İbrahim qızına da mənzil verilməsini xahiş edir. 1/16 payı olan adama 106 m2 sahəli mənzil verilirsə, İddiaçı İbrahim qızına da verilsin.

25. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə izahatında qeyd etdi ki, A tikilisinin sahəsinin 281 m2 olması ilə razıdırlar. Lakin, qarşı tərəfin həmin 281 m2 -in ¼ hissəsinə payının olması ilə bağlı hər-hansı sənəd və sübut yoxdur. Onlar faktiki istifadədə olan yerə münasibətdə mənzil vermişdir. Ali Məhkəmənin bununla bağlı mövqeyi ondan ibarətdir ki, şəxs faktiki olaraq 80 m2 sahəsi olan yerdə yaşayırsa, sənəddə sahə az olsa belə faktiki sahəyə uyğun mənzil verilməlidir. İddiaçı orada yaşamayıb, faktiki yaşayış sahəsi olmayıb.

Tətbiq edilən hüquq normaları:

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

30. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilən hissələrində apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının ##.##.2020-ci il tarixli ** saylı sərəncamı ilə, Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad İbrahimbəyov və Sübhi Salayev küçələrinin əhatə etdiyi ərazini Cavabdeh MMC-yə ayrılmasını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X20 Agentliyi «Azərdövlətsənayelayihə» DLİ tərəfindən təsdiq olunmuş ##.##.2020-ci il tarixli rəyini əsas tutaraq bu ərazidə yerləşən, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli və istismar müddəti keçmiş, əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək, həmin ərazidə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə uyğun yeni çoxmərtəbəli, çoxmənzilli yaşayış və qeyri-yaşayış binaların tikilməsi nəzərdə tutulmuşdur.

33. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət üzrə İddiaçı İbrahim qızı və digər 11 nəfərin mülkiyyətindədir. Fərdi yaşayış evinin ümumi sahəsi 494,9 kv.m. təşkil edir. Cəlilova Nail İbrahim qızının payı 1/16 hissədir (494.9 : 16 = 30,93 kv.m.). Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli məktubuna əsasən, ümumi sahəsi 505.2 kv.m. olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/16 hissəsi İddiaçı İbrahim qızının mülkiyyətindədir, mülkiyyət hüququ ##.##.2011-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı İbrahim qızının özünün və vəkillərinin izahatlarına əsasən, o, 40 ildən uzun müddətdir ki, özü və ya ailə üzvləri həmin mənzildə faktiki olaraq yaşamır, özünə məxsus olan digər mənzildə yaşayır. Həmçinin, fərdi yaşayış evinin digər bütün paylı mülkiyyətçiləri ilə MMC arasında razılaşmalar əldə edilmişdir.

34. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən fərdi yaşayış evinə keçirilmiş yerli baxış prosessual hərəkətləri zamanı müəyyən edilmişdir ki, ev sökülməmişdir, lakin, evdə yaşamış şəxslər tərəfindən evin MMC-yə tam təhvil verilməsi səbəbindən bir sıra xırda kənar müdaxilələr halları mövcuddur.

35. Hazırda apellyasiya baxışının predmetində qalan hissədə mübahisənin mahiyyəti iddiaçıya mülkiyyətin əvəzində veriləcək kompensasiya ilə (mənzilin sahəsi) bağlıdır.

36. Belə ki, ilkin iddia üzrə iddiaçı iddia tələbində iddiaçının paylı mülkiyyətində olan evin bərpa edilməsini, maneələrin aradan qaldırılmasını, evin yaşayışa yararlı vəziyyətə alınmaqla iddiaçıya təhvil verilməsi və 150.000 manat mənəvi zərərin tutulmasını tələb etsə də, hazırda apellyasiya şikayətinin dəlillərindən və iddiaçı tərəfin izahatlarından müəyyən edilir ki, onun birinci instansiya məhkəməsinin mövqeyi ilə razılşamdığı hallar digər paylı mülkiyyətçilərin 3 otaqlı 120-150 kv.m sahəli mənzillərlə təmin edildiyi halda, ona daha az, 40 kv.m sahəli mənzilin verilməsi ilə bağlıdır.

37. İlkin iddia üzrə iddiaçı DƏDRX-nin * saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş ##.##.2011-ci il tarixli,********* qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən ki, mübahisə predmeti olan əmlakın “A”, ”B”, ”D” ”Q” və “V” tikililərdən ibarət olmasına, onun mülkiyyət payı olan ümümi sahəsi 231,55 kv.m “A” tikilisinin 4 nəfər arasında bölünməsinə istinad etmişdir.

38. Onun iddiasına görə AR Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının ##.##.2010-cu il tarixli,(***)-****/** saylı qərarı ilə mübahisənin predmeti olan Bakı şəhəri Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ** saylı ünvanda yerləşən fərdi yaşayış evin “A” tikilinin paylı mülkiyyətçilər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, X7, X1 ilə ilkin iddiaçı İddiaçı İbrahim qızına aid olması müəyyən edilmişdir.

39. İddiaçı qeyd edir ki, DƏDRX-nin * saylı Bakı ərazi idarəsindən tələb edilmiş mübahisə edilən evə dair ##.##.2021-ci il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, evin ”A” tikilisinin ümümi sahəsi 231,55 kv.m, yaşayış sahəsi 148, yardımçı 67,15, zirzəmi 16,4 kv.mdən ibarət olmuşdur. Məlum məsələdir ki, 4 paylı mülkiyyətçinin arasında “A” tikilinin 231,55 kv.m bölündükdə hər birinin payına düşən (231,55x4=57,88) pay 57,88 kv.m.onun da üstünə həmin kv.m 20 faizi gəldikdə İddiaçı İbrahim qızının paylı mülkiyyətdə olan hissəsinin sahəsi cəmi 75,76 kv.m olması müəyyən olunur.

40. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, iş materiallarında olan AR Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının ##.##.2010-cu il tarixli,(***)-****/** saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin MİÜK-nın ##.##.2010cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2009-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı İbrahim qızının iddiası təmin edilmiş, Bakı şəhəri * saylı Notariat Kontoru tərəfindən N.İ.Cəlilovadan miras qalmış mülk evinin 5/24 hissəsinə X6 və X19 vərəsəlik hüququ əldə etməsinə dair verilmiş şəhadətnamə və onun əsasında verilmiş ##.##.1992-ci il tarixli, 30/1137 sayla qeydə alınmış qeydiyyat vəsiqəsi və X1 adına verilmiş şəhadətnamə və onun əsasında verilmiş ##.##.1992-ci il tarixli, 30/3595 sayla qeydə alınmış qeydiyyat vəsiqəsi miras mülkə dair paylar düzgün müəyyən edilmədiyindən qismən ləğv edilmiş, Bakı şəhəri, Sereteli küçəsi, ** saylı mülk evinin 1/16 hissəsinə İddiaçı İbrahim qızının, 1/16 hissəsinə X6, 1/16 hissəsinə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, 1/16 hissəsinə X1 mülkiyyət hüququ tanınmış və bu barədə hüquqların qeydə alınmasına dair reyestrdən çıxarışın verilməsi DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə tapşırılmışdır.

41. AR Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının ##.##.2010-cu il tarixli,(***)- ****/** saylı qərarı Bakı Apellyasiya Məhkəməsinin MİÜK-nın ##.##.2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

42. Göründüyü kimi ilkin iddia üzrə iddiaçının istinad etdiyi məhkəmə aktlarında mübahisəli ev üzərində iddiaçının iddia etdiyi kimi 1/4 hissədə deyil, 1/16 hissədə paylar müəyyən edilmişdir.

43. O cümlədən iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışın surətindən göründüyü kimi ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 494,9 kv.m. təşkil edən fərdi yaşayış evi paylı mülkiyyət üzrə İddiaçı İbrahim qızı və digər 11 nəfərin mülkiyyətində olmaqla Cəlilova Nail İbrahim qızının payı 1/16 hissədir (494.9 : 16 = 30,93 kv.m.).

44. Göründüyü kimi ##.##.2011-ci il tarixli reyestr çıxarışı birmənalı olaraq təsdiq edir ki, iddiaçının mülkiyyət hüququ ümumi sahəsi 494.9 kv.m. olan bütün daşınmaz əmlak kompleksində 1/16 paydan ibarətdir. 45.Belə olan halda kollegiya hesab edir ki, Cəlilova Nail İbrahim qızının mülkiyyətində olan sahənin 30,93 kv. m olması, iddiaçının 40 ildən çoxdur ki, həmin mənzildə yaşamaması ilə bağlı işin fakikti halları nəzərə alınmaqla, cavabdeh Cavabdeh MMC tərəfindən təklif edilən Bakı şəhəri, Yasamal rayonu, İ.Vəliyev, M.F.Axundov və F. İbrahimbəyov küçələrinin kəsişməsində yeni tikiləcək G binasının, 3-cü mərtəbəsinədə 40 m² sahəsi olan 1 otaqlı * saylı mənzilin verilməsi işin halları və qanunvericilyin müddəaları bağımından ədalətli və məqsədəmüvafiqdir.

46. Belə ki, qarşılıqlı iddia üzrə cavabdehə yeni tikiləcək binada 40 kv.m. sahəsi olan mənzilin verilməsi onun mülkiyyət payının həcminin (30.93 kv.m.) 20%-dən artıq hissədə kompensasiyasını əhatə edir. 47.İş materiallarından görünür ki, digər paylı mülkiyyətçilərlə onların orada yaşaması və artırmalar etməsi nəzərə alınmaqla faktiki sahəyə uyğun olaraq kompensasiyanın verilməsi barədə razılığa gəlinmişdir. 48.İlkin iddia üzrə iddiaçının isə qeyd edilən evdə son 40 ildə yaşamaması işin mübahsisəsiz halıdır.

49. “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli qərarında qeyd edilir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il ## #### tarixli ***IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # ######## tarixli *** nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

50. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı söküləcək fərdi yaşayış evlərinin sakinlərinə yeni tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillər təmin ediləcəyi barədə öhdəlik götürmüşdür. Sökülən evlər üzrə razılığa gəlmiş sakinlər alacaqları yeni mənzillər ilə bağlı gözlənti hüquqları yaranmış lakin cavabdeh ilə razılıq əldə edilməməsi, cavabdehin öz mülkiyyət hüququndan sui-istifadə etməsi onların bu gözlənti hüquqlarını məhdudlaşdırır. Qarşılıqlı iddia üzrə iddiaçı cavabdehin mülkiyyət hüquqlarını pozmur, əksinə, onun mülkiyyətlərini ədalətli şəkildə qoruyur və mütənasib şəkildə kompensasiya edir. Cavabdehə, onların mövcud mənzilinin sahəsindən daha geniş olmaqla, müasir tələblərə cavab verən yeni tikilən binada mənzil verilir. Bu, onların mülkiyyətinin daha yaxşı və daha dəyərli bir şəkildə yenilənməsini təmin edir, həmçinin cavabdehin yaşayış şəraitinin yaxşılaşmasına imkan verir. Qarşılıqlı iddia üzrə iddiaçı, cavabdehə məxsus, şəhərin müasir tələblərinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırılması və yaşıllaşdırılması ilə əlaqədar münasib təklif irəli sürmüşdür. Bu təklif, müasir şəhər planlaşdırması çərçivəsində mülkiyyət dəyərlərinin artırılması və yaşayış standartlarının yüksəldilməsi məqsədinə xidmət edir. Lakin, cavabdehlə razılıq əldə edilə bilməməsi nəticəsində, həmin şəxsin yaşayış sahəsini tərk etməməsi yeni və standartlara uyğun yaşayış binasının tikintisini gecikdirir və bu prosesi maneə törədir. Qəzalı vəziyyətdə olan evlərin sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin məzil-məişət şəraitinin yaxşılaşdırılması, şəxslərin mənafeyinə və ümumi maraqlara xidmət edir. Bu, həmçinin yaşayış şəraitinin təhlükəsiz və sağlam bir mühitə çevrilməsini təmin edir. Belə bir yanaşma, mülkiyyət hüquqlarının əsassız və ədalətsiz şəkildə məhdudlaşdırılması kimi dəyərləndirilməməlidir, çünki burada məqsəd mülkiyyət hüquqlarını pozmaq deyil, əksinə, yaşayış standartlarını qaldırmaq və mənzil şəraitini daha yaxşı, müasir və təhlükəsiz hala gətirməkdir. Bu proses, mülkiyyətçilərin mənafelərinin qorunması və ictimai maraqların təmin edilməsi prinsipləri ilə uyğunlaşdırılaraq həyata keçirilməlidir.

51. Kollegiya həmçinin qeyd edir ki, qarşılıqlı iddianın qanuniliyini və əsaslılığını şərtləndirən işin fakitki və hüquqi xüsusatları ilkin iddianın əsassızlığı ilə bağlı hüquqi nəticəyə səbəb olduğundan məhkəmə ilkin iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir.

52. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilməlidir.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392,402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İlkin iddia üzrə iddiaçı İddiaçı İbrahim qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar