Məhkəmə qərarları › İş №2(103)-5832/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5832/2020

18.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5832/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh 68000 (altmış səkkiz min) manat pulun, 50000 (əlli min) manat maddi ziyanın, 50000 (əlli min) manat mənəvi ziyanın və 30 (otuz) manat dövlət rüsumu əvəzinin alınaraq İddiaçı verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Ağsu şəhərində yerləşən mebel mağazasında mebellərin satışını təşkil edir. Uzun illərdir dostluq münasibəti olan Cavabdeh “X6” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq istədiyini bildirmişdir. İddiaçı avtomobilə baxmış və onlar aralarında razılaşmışdırlar. Belə ki, “X6” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobili 68000 manata Fuad ona satmağa razılaşmışdır. İddiaçı nağd pulunun olmadığını və onun pulunu hissə-hissə qaytaracağını bildirmişdir. Cavabdeh onunla razılaşmışdır. 2017-ci ilin noyabr 2019-cu ilin iyun ayına kimi 68000 manat pulu poçtla, bank vasitəsilə və bir neçə nəfər şəxslə əlbəəl göndərməklə tam qaydada avtomobilin pulunu ödəmişdir. Lakin X6 markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikində nasazlıq olduğu və düzəldilməsi üçün küllü miqdarda pul tələb edildiyi üçün cavabdehdən avtomobili düzəltdirməsini tələb etmişdir. Belə ki, cavabdeh avtomobildə nasazlıq yaranacağı halda pulunu ödəməyi öhdəsinə götürmüşdür. O, avtomobili cavabdehə təhvil vermiş, lakin bir neçə ay sonra öyrənmişdir ki, cavabdeh avtomobili düzəltdirərək başqa bir şəxsə satmışdır. Sonradan ona məlum olmuşdur ki, cavabdeh onun kimi bir neçə nəfəri aldatmış və onun barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi açılmış və araşdırılma aparılır. O, cavabdehin bu hərəkətləri nəticəsində aylardır avtomobilsiz qalmışdır və taksilərə hər gün küllü miqdarda pul xərcləyir və küçələrdə taksi gözləməklə mənəvi sarsıntılar keçirir. Çünki, o pulunu vaxtında ödədiyi halda cavabdehin bu qanunsuz hərəkətləri nəticəsinə mənəvi iztirablar keçirmiş, dəfələrlə polis orqanlarına çağrılmış, poçtda, bankda saatlarla gözləmişdir. O, ona cavabdeh tərəfindən vurulmuş maddi zərəri 50000 manat və mənəvi zərəri 50000 manat məbləğində qiymətləndirir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Cavabdeh 68000 (altmış səkkiz min) manat pulun, 50000 (əlli min) manat maddi ziyanın, 50000 (əlli min) manat mənəvi ziyanın və 30 (otuz) manat dövlət rüsumu əvəzinin alınaraq İddiaçı verilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalmış İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual huquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması səbəbindən ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini əsassız hesab edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Cavabdeh nümayəndəsi və vəkili X1 izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN BMCMİ tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktuba əsasən müraciətin baxılması üçün aidiyyəti üzrə Ağsu rayon Polis şöbəsinə göndərilmişdir. İş materiallarında olan Nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında xx.xx.2016-cı il tarixli ƏN-İİİ seriyalı 654569 nömrəli Etibarnaməyə əsasən “Mercedes 320” minik markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyətini mülkiyyətçisi Cavabdeh etibar edilən İddiaçı xx.xx.2016-cı il tarixədək etibar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyinin xx.xx.2019cu il tarixli məktubuna əsasən aidiyyəti vergi orqanı tərəfindən aparılmış araşdırmalar zamanı Cavabdeh (VÖEN: **********) ünvan 1 ünvanında avtomobillərə texniki xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. İş materiallarında olan Nizami RPİ-nin İŞ-nin müstəntiqinin xx.xx.2018-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən X2 müraciətinə əsasən X4 ərizə ilə Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək bildirmişdir ki, 2015-ci ildə tanışı Elşən Abbasxanova pul lazım olduğu üçün onun idarə etdiyi Chysler-C 300 markalı **-LE-*** d.q.n. avtomaşını sonuncunun tanışı Cavabdeh girov qoyaraq pul götürməyə təklif edərək əldə etdiyi puldan hərəsinə 1000 ABŞ dolları qazanc olduğunu bildirmişdir. E.Abbasxanov maşını girov qoyduqdan sonra bir ay müddətində pulu bağlayacağını qeyd etmişdir. O, razılaşaraq pula ehtiyacı olduğu üçün 1000 ABŞ dolları pulu alan kimi ona qaytaracağını demiş və qarşı tərəf E.Abbasxanovda onunla razılaşmışdır. Onlar birlikdə gederək Chysler-C 300 markalı **-LE-*** d.q.n. avtomaşını Cavabdeh qardaşı Faiq Əliyevin adına keçirdikdən sonra birlikdə Cavabdeh ofisinə getmiş, sonuncu onlara 1500 ABŞ dolları verərək bir həftəyə də 1500 ABŞ dollar verməyi söz vermişdir. Sonradan onun həmin puldan xəbəri olmamışdır. Bir ay sonra Cavabdeh ona zəng edərək kredit cədvəlinə uyğun olaraq pulun ödənilmədiyini qeyd etmişdir. O da E.Abbasxanova zəng edərək pulu ödəməyi xahiş etmişdir. E.Abasxanov 3 ay pulu ödədikdən sonra sonuncu Porşe markalı avtomaşını alaraq Cavabdeh adına keçirərək özü üçün 4.000 ABŞ dolları götürmüşdür. Bir ay sonra isə həmin maşını sataraq yerdə qalan 900 ABŞ dolları borcunu onun üstünə yazmaq istəmiş lakin o razılıq verməmişdir. Sonradan E.Abbasxanov toyunu etdikdən sonra borcunu bağlayacağını desə də, sonradan vədinə əməl etməmişdir. Sonradan E.Abbasxanov Cavabdeh yanına gedərək ödəmədiyi pullar üçün yenidən qrafik açdırmış və hər ay üçün 351 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Sonradan o borcu olduğu üçün Doce markalı **-SA-*** d.q.n. avtomaşını Cavabdehlə danışaraq girov qoyaraq müqavilə bağlamış və 7000 ABŞ dolları pul almışdır. Həmin pulun ödənişi qrafikə bölünmüş və o da müqavilə ilə razılaşaraq imzalamışdır. Sonradan E.Abbasxanovun və öz yerinə pul ödədiyi üçün çatdıra bilməmiş və Doce markalı avtomaşını dostunun xalası oğluna verərək 4.000 pul almış və Cavabdeh ödəmişdir. Sonradan yenə də borcunu bağlaya bilmədiyindən Cavabdeh olan borcu artırmaqa başlamışdır. Cavabdeh onun üçün yeni ödəniş qrafiki açaraq ödəməyə başlamışdır. Sonradan başına gələnlərdən Elşən Abbasxanovu günahkar bildiyi üçün onun barəsində şikayət etmişdir. Elşən Abbasxanov barədə şikayət etdikdən sonra sonuncunun yaxın qohumları ondan üç ay vaxt istəyərək borcu bağlayacağına söz vermişlər. Həmin vaxtdan sonra E.Abbasxanov 2000 manat pul ödəmiş və yenidən yayınmağa başlamışdır. Qeyd edilən müraciətlə bağlı toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Ağsu Rayon Polis şöbəsinin xx.xx.2020-ci il tarixli məktubuna və ona əlavə edilmiş TP-616006, TP-533748 nömrəli qərarlara, xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında protokollar və xx.xx.2018-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı toplanmış materialların surətinə əsasən xx.xx.2018-ci il tarixdə İddiaçı etibarnamə ilə idarə etdiyi “BMW-X-6” markalı 90-ZM545 dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu-Kürdəmir yolunun 7-ci km-də yol nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzlərinə əsasən İddiaçı tərəfindən Cavabdeh müxtəlif vaxtlarda ödəniş məqsədi göstərilmədən, 26528 manat məbləğində pul ödənilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı birinci instansiya məhkəməsində iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, göstərmişdir ki, cavabdehdən mübahisə predmeti olan avtomaşından başqa digər iki avtomobil də satın almışdır. Həmin avtomobillərə görə ödənişləri hissə-hissə etmiş və sonradan cavabdeh avtomobilləri iddiaçının adına keçirmişdir. Lakin məhkəməyə təqdim etdiyi qəbzlər həmin avtomobillərin dəyərinin ödənilməsi ilə bağlı deyil, “BMW-X-6” markalı avtomobilə görə edilmişdir. Həmin avtomobili il yarımdır ki, avtomobil ustasına təhvil verilmişdir. Avtomobildə olan nasazlıq aradan qaldırıldıqdan sonra , avtomobil ona qaytarılmalı idi, lakin cavabdeh avtomobili digər şəxsə satmış və avtomobilə görə ödənilən pulu mənimsəmişdir. Cavabdehin nümayəndəsi və vəkili həm birinci instansiya məhkəməsində, həm də apellyasiya icraatında iddianı qəbul etməmiş və bildirmişdir ki, tərəflərin arasında maşın alqı-satqısı ilə bağlı münasibətlər olmuş, cavabdeh iddiaçıya “BMW-X-6” markalı avtomobil satmamış, iddiaçı təqdim etdiyi ödəniş qəbzləri isə əvvəlki avtomobillərin alqısatqısına görə olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 məhkəmə iclasında ifadə verərək, bildirmişdir ki, o Cavabdeh avtomobili almışdır. İddiaçı daha sonra tanımışdır. Cavabdeh ona satan avtomobili təkrar İddiaçı satmışdır. Lakin hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra həmin avtomobil İddiaçı alınaraq özünə geri qaytarılmışdır. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qaydada həll edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və X5 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarda izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Göründüyü kimi, əsassız varlanma nəticəsində öhdəlik o halda yaranır ki, şəxs əmlak əldə etsin, həmin əldə etmə başqa şəxsin hesabına olsun və əldə etmənin hər hansı bir qanuni və ya müqavilə əsası olmasın. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin verdikləri izahatlarından da görünür ki, iddiaçı ilə cavabdehin arasında avtomobillərin alqı-satqısı ilə bağlı münasibətləri olmuş, iddiaçı cavabdehdən müxtəlif dövrlərdə, dəyərlərini hissə-hissə ödəməklə avtomobillər almışdır. Həmin avtomobillərin dəyəri tam ödənildikdən sonra avtomobillər cavabdeh tərəfindən iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçı cavabdehdən “BMW X6 markalı” 90- ZM-545 dövlət qeydiyyat nişanlı avtomobilli satın aldığına və həmin avtomobilin dəyərinə görə 68000 manat məbləğində pul ödədiyinə istinad etsə də, məhkəməyə istinad etdiyi halları təsdiq edəcək, yəni tərəflər arasında “BMW-X-6” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı hər hansı bir razılaşmanın mövcud olduğunu, təqdim edilmiş qəbzlərin ödəniş təyinatını təsdiq edəcək kifayət qədər mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin iddianın 50000 manat məbləğində maddi və 50000 manat məbləğində mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində araşdıraraq hesab edir ki, iddia həmin hissələrdə də təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən iddianın əsasını təşkil edən hallarla bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı”iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən, birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq təmin edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Həmin dəlillər məhkəmə kollegiyası tərəfindən yoxlanmış, lakin öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki iş üzrə qətnamənin ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar