Məhkəmə qərarları › İş №2(103)-5834/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5834/2022

09.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5834/2022 09.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: öhdəlik müqaviləsinə əsasən ödənilmiş behin, əldən çıxmış faydanın və faizlərin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “öhdəlik müqaviləsinə əsasən ödənilmiş behin, əldən çıxmış faydanın və faizlərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli 2(009)-2844/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 09 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. “Satıcı” qismində Cavabdeh ilə “Alıcı” qismində İddiaçı arasında bağlanılmış xx.xx.2014-cü il tarixli öhdəçilik müqaviləsindən görünür ki, Cavabdeh ******* nömrəli çıxarışa əsasən öz adına olan A.Cəlilov küçəsində yerləşən 26 saylı evin 101 saylı mənzili 300.000 ABŞ dollarına satır, mənzili satmaq üçün ilkin olaraq alıcıdan 100.000 ABŞ dollar beh almışdır. Alıcı tərəfindən 24 ayın tamamına və yaxud 24 aya qədər etiraz (rədd) olarsa, satıcı verilən 100.000 ABŞ dolları geri qaytarıb işə xitam vermə hüququna malikdir.

2. 25 dekabr 2019-cu il tarixdə Cavabdeh ilə X2 arasında həmin mənzilə dair notarial qaydada alqı-satqı müqaviləsi bağlanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 151.000 ABŞ dolları və 65.000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə arasında bağlanmış xx.xx.2014-cü il tarixli öhdəlik müqaviləsinə əsasən A.Cəlilov küçəsi, ev 26-da yerləşən 101 saylı mənzilin satılması üçün tərəfindən 100.000 ABŞ dolları beh ödənilmiş, 6 aydan sonra 16 aya qədər 1000 manat ödəmək şərti ilə istifadə hüququ əldə edilmişdir. Satıcı Cavabdeh 24 ayın tamamına və yaxud 24 aya qədər imtina olacağı təqdirdə verilmiş behi qaytararaq öhdəliyə xitam vermək hüququ müəyyən edilmişdir. Lakin, müqavilədə göstərilən 24 ay bitdikdən sonra Cavabdeh mənzili alqı-satqı etməmiş, verilmiş behi geri qaytarmamış, bu müqavilənin tələblərini pozaraq mənzili digər müqavilə əsasında ipoteka ilə yüklü etmişdir. Bununla da o, öhdəlik müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. 2014-cü ilin avqust ayından 2019-cu ilin avqust ayınadək 100.000 ABŞ dolları pul vəsaiti qanunsuz olaraq cavabdeh tərəfindən saxlanılaraq qaytarılmamışdır. Cavabdehin beh kimi verilmiş pulu qaytarmamasına görə uçot faiz dərəcəsi (illik 8,5% olmaqla) üzrə - 51.000 ABŞ dolları, əldən çıxmış faydaya görə 65.000 manat pul öhdəliyi yaranmışdır.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2844/2019 nömrəli 04.12.19-cu il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh iddiaçının xeyrinə 100.000 ABŞ dolları məbləğində pul vəsaitinin tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması və iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Öhdəçilik Müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən cavabdeh özünə məxsus Bakı şəhəri, A.Cəlilov küçəsində yerləşən 26 saylı evin 101 saylı mənzili 300.000 ABŞ dollarına satmağı öhdəsinə götürmüşdür. Mənzilin alınması ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə ilkin olaraq 100.000 ABŞ dolları beh verilmişdir. Həmin müqaviləyə əsasən iddiaçı 24 ayın tamamına və yaxud 24 aya qədər əmlakın alınmasına etiraz edərsə (əmlakı almaqdan imtina edərsə), satıcı verilən 100.000 ABŞ dollarını qaytarıb müqaviləyə xitam vermə hüququna malikdir. İddiaçı müqavilə qüvvədə olduğu müddətdə (müqavilə bağlanılan vaxtdan 24 ay ərzində) cavabdehlə razılaşdırılmış daşınmaz əmlakı (mənzili) almaqdan imtina etməmiş və bununla bağlı satıcıya hər hansı etiraz verməmişdir. Əksinə olaraq cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmiş və mənzili iddiaçıya satmamışdır. Cavabdeh tərəfindən əsas öhdəliyin (mənzilin satılması barədə) pozulması baş verdiyindən, iddiaçı öhdəlik müqaviləsinə əsasən beh kimi ödənilmiş pulu cavabdehdən tələb etməkdə tam haqlı olmuş və hazırkı tələb üzrə iddia müddəti ötürülməmişdir

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən əsas öhdəliyin yerinə yetirilməməsi müəyyən edildiyindən, iddia tələbi 100.000 ABŞ dolları məbləğində pulun tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. İddia tələbinin əldən çıxmış faydaya görə 65000 manat pulun tutulması hissədə tələb təmin edilməməlidir.

8. Məhkəmə öz mövqeyini i Mülki Məcəllənin 375.2, 377.1, 442, 443.1, 443.7, 491.1 və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apelyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apelyasiya şikayətində göstərilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən görünür ki, cavabdeh tərəfindən əsas alqı-satqı müqaviləsinin mənzilin ipoteka ilə yüklülükdən azad edildikdən sonra bağlanması öhdəliyi götürülməmişdir. Müqavilədən də göründüyü kimi, tərəflər mənzilin alqı-satqısına dair müqaviləni 5 gün ərzində bağlamağı öhdələrinə götürmüşlər. Lakin müqavilədə göstərilməsinə baxmayaraq, məhkəmə həmin müddətin 5 gün olmasına diqqət yetirməmişdir. Həmçinin məhkəmə, iddia müddətinin axımının başlanması ilə bağlı iddiaçının hüquqlarının pozulduğunu bildiyi günü məhkəmə bildirişinə istinad edərək, cavabdeh tərəfindən ipoteka predmetinin qiymətləndirilməsinə dair məhkəmədə qaldırılmış iddiaya dair verilmiş bildirişin vaxtından hesab etmişdir ki, bu da tamamilə əsassızdır. Müqavilənin icra müddəti konkret olaraq 5 gün ərzində nəzərdə tutulduğundan iddiaçının hüquqları pozulmuş olsaydı, həmin 5 gündən sonrakı gün onu hüqquqlarının pozulduğu gün hesab edilməli idi. Hətta, müqavilənin icrası müddətini 24 ay hesab etsək belə, müqavilənin icrası xx.xx.2016-cı il tarixdə başa çatmışdır. Belə olan halda, müqavilə üzrə iddia müddəti 3 il təşkil etdiyindən iddia müddəti ötürülməklə iddia qaldırılmışdır. Bundan başqa, birinci instansiya məhkəməsində proses zamanı aralarında şifahi barışığa dair razılaşma olmuşdur ki, iddiaçı tərəfindən 255.000 manat ödənilərək, mübahisəli mənzil onun istədiyi şəxsin adına alqı-satqı ediləcəkdir. Şifahi razılaşmaya uyğun olaraq, həmin məbləğdə banka olan borc bağlandıqdan sonra mənzil X1 adına rəsmiləşdirilmiş və alıcı qismində etibarnamə əsasında iddiaçının oğlu çıxış etmişdir. Nəticə etibarilə, cavabdeh artıq üzərinə götürdüyü bütün öhdəliklərini, o cümlədən əsas alqı-satqı müqaviləsini bağlamaq öhdəliyini də yerinə yetirmişdir. Hazırda iddiaçının ondan yenə də, 100.000 ABŞ dolları tələb etməsi isə, həm öhdəçilik müqaviləsinin, həm də qanunvericiliyin tələblərinə ziddir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6417/2020 nömrəli 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışınski, R.Eyvazov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2844/2019 saylı iş üzrə 04 dekabr 2019-cu il tarixli qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçının Cavabdeh qarşı 100.000 ABŞ dolları məbləğində behin onun xeyrinə tutulması barədə iddia tələbinin təmin edilməməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, sözügedən mənzilin alqı-satqı müqaviləsinin bağlanmasına dair Cavabdeh öhdəliyi İddiaçı qalan 200.000 ABŞ dollarını ödəmək öhdəliyinin onun tərəfindən icrası nəticəsində yaranır. Başqa sözlə, iddiaçı tərəfindən müqavilə üzrə şərtləşdirilmiş qalan məbləğin ödənilmədiyi təqdirdə cavabdehin mənzilin alqı-satqısına dair müqavilə bağlamaq öhdəliyi yaranmır. İddiaçı isə, öhdəçilik müqaviləsinin bağlandığı xx.xx.2014-cü il tarixdən sonra 24 ay müddətində qalan 200.000 ABŞ dollarını cavabdehə ödəməmişdir. Bu fakt işin mübahisəsiz halı olmaqla, iddiaçının nümayəndəsinin etirafi ilə də təsdqilənir. Belə olan halda, cavabdehin mənzilin alqısatqısına dair müqavilə bağlamaq öhdəliyi ümumiyyətlə yaranmamışdır ki, olmayan öhdəliyin pozulması da mümkün deyil.

14. Kollegiya onu da vurgulamışdır ki, iddiaçı, qalan 200.000 ABŞ dollarını cavabdehə ödəməməsini, həmin məbləğin mənzilin ipotekadan azad olunması üçün cavabdehin bank qarşısında olan öhdəliyinin icra edilməsinə kifayət etməməsi və bu barədə sonradan xəbərdar olması ilə əsalandırsa da, bu dəlil əsaslı hesab edilə bilməz. Əvvəla ona görə ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədə bununla bağlı hər hansı şərt nəzərdə tutulmamış, yəni qalan məbləğin ödənilməsi hər hansı halın baş veribverməməsindən asılı edilməmişdir. Digər tərəfdən, iddiaçı, bu fakt barədə yanılmasını və ya aldadılmasını təsdiq edən mötəbər və kifayətedici sübutları məhkəməyə təqdim edə bilməmişdir

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı hüququnun pozulmasını cavabdeh tərəfindən mübahisəli mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmaması ilə əsaslandırmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli öhdəçilik müaviləsində isə mənzilə dair alqı-satqı müqaviləsinin 24 ayın tamamında bağlanması şərtləşdirilmişdirmişdir. Bu isə, ona dəlalət edir ki, iddiaçı həmin müddətin bitdiyi xx.xx.2016-cı il tarixdən sonrakı gün, yəni xx.xx.2016-cı il tarixdə cavabdehin öhdəliyi icra etməyərək, onun hüququnu pozduğunu bilmişdir. Buna baxmayaraq o, iddia ərizəsini xx.xx.2019-cu il tarixdə məhkəməyə verməklə qanunla müəyyənləşdirilmiş üç illik iddia müddətini ötürmüşdür.

16. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 386.1, 372.1, 372.2, 377.1, 377.3-cü maddələri ilə əsaslandırmışdır.

c)Kassasiya instansiya məhkəməsində birinci icraat

17. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 aprel 2021-ci il tarixli qərarı ilə hakimlər (İ.Dəmirov, Ə.Əhmədov və V.Həsənov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 6417/2020 nömrəli iş üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

19. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi tərəflərin imzaladığı 05 avqust 2014-cü il tarixli “Öhdəçilik müqaviləsi”ndə aşağıdakılar qeyd olunmuşdur: “... Alıcı tərəfindən 24 ayın tamamına və yaxud 24 aya qədər alıcı tərəfindən etiraz (rədd) olarsa, satıcı verilən 100.000 dolları geri qaytarıb işə xitam vermə hüququna malikdir...”. Həmin müqaviləyə əsasən 200.000 dollar ödənildikdən sonra 5 gün ərzində alqı-satqı müqaviləsi rəsmiləşdirilməlidir (Alıcı “... Alqı-satqıdan 5 gün əvvəl qalan məbləğ 200.000 dollar ödəyir”.). Həmin müqavilə şərtindən göründüyü kimi alıcı 24 ay ərzində mənzili almağa etiraz etdiyi halda satıcı 100.000 dolları geri qaytarmaqla işə xitam vermə hüququna malikdir. İş materiallarından göründüyü kimi satıcı həmin hüquqdan istifadə etməmişdir. Müqavilə bağlandığı andan 24 ay keçəndən sonra satıcının həmin hüquqdan istifadə etməməsi həmin vaxtdan 100.000 ABŞ dollarının qaytarılmaması ilə bağlı alıcının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Buna görə apellyasiya instansiyası məhkəməsi tərəflər arasında münasibətlərin davam edən olmasını nəzərə almadan iddia müddəti ilə bağlı maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Yuxarıda qeyd olunanlardan əlavə iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə qətnamə çıxarıldıqdan sonra 25 dekabr 2019-cu il tarixdə Cavabdeh ilə X2 arasında məhz həmin mənzilə dair notarial qaydada alqı-satqı müqaviləsi bağlanmışdır. Bununla əlaqədar cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı ilə şifahi razılaşma əsasında 255.000 AZN məbləğində pul banka ödənilməklə mənzil iddiaçının istədiyi şəxsin adına keçmiş və bunun nəticəsi olaraq cavabdeh üzərinə götürmüş olduğu bütün öhdəlikləri, yəni əsas alqı-satqı müqaviləsi bağlamaq öhdəliyini yerinə yetirmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin həmin dəlilinə hüquqi qiymət verməmişdir.

v)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6279/2021 nömrəli 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), F.Talışınski, R.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2844/2019 saylı iş üzrə 04 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Təkrar apellyasiya baxışı zamanı mülki iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş və təqdim edilmiş "xxxx" MMC-nin 22 oktyabr 2021-ci il tarixli rəyinə əsasən A.Cəlilov küçəsində yerləşən 26 saylı evin 101 saylı mənzilin 2014-cü ilin avqust ayına bazar dəyəri 165 000 manat, 2019-cu ilin dekabr ayına 186 000 manat və hazırki tarixə real bazar qiyməti 217 000 manat təşkil etməsi müəyyən edilmişdir.

22. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər ilkin razılığa gəlməklə mənzilin qiymətini müəyyən etmişlər və müqavilədə nəzərdə tutulmuş şərtlərlə gələcəkdə əmlaka dair müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürmüşlər. Həmçinin qeyd olunan ilkin razılığa əsasən müqavilənin müddəti kimi də 24 ay müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda tərəflər arasında olan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402-ci maddəsi tətbiq edilməlidir. Belə ki, tərəflər arasında olan razılıq ilkin müqavilə kimi qiymətləndirilməli və həmin maddənin tələləblərinə əsasən də cavabdeh əsas müqavilə bağlamağı da öhdəlik kimi götürmüşdür. Lakin işin faktiki hallarından göründüyü kimi iddiaçı ilkin razılığa əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, nəzərdə tutulmuş 100.000 ABŞ dollar vəsaiti cavabdehə versə də, cavabdeh ilkin razılığa əsasən üzərinə götürdüyü öhdəliyi həyata keçirməyərək, müqavilədə nəzərdə tutulmuş 24 ay müddətinə mənzilə dair alqı-satqı müqaviləsi bağlanmamışdır.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin, eləcə də Ali Məhkəmənin qərarında göstərilənlərlə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, 25 dekabr 2019-cu il tarixdə Cavabdeh ilə X2 arasında məhz A.Cəlilov küçəsində yerləşən 26 saylı evin 101 saylı mənzilə dair notarial qaydada alqı-satqı müqaviləsi bağlansa da həmin müqavilə cavabdehin iddiaçı ilə ilkin razılığına əsasən üzərinə götürdüyü öhdəlikləri icrası kimi qiymətləndirilməməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi tərəflər arasında ilkin razılığa əsasən mənzilə dair alqı-satqı müqaviləsi 24 ay müddətinə bağlanmalı idi, lakin ilkin 05 avqust 2014-cü il tarixdə bağlansa da, cavabdehin istinad etdiyi müqavilə 25 dekabr 2019cu il tarixdə bağlanmışdır, buna qədər artıq tərəflərin müəyyən etdikləri müddət bitmişdir. Digər tərəfdən cavabdeh iddiaçı ilə şifahi razılaşma əsasında alqı-satqının bağlanmasını qeyd etsə də, həmin hala dair mötəbər sübut təqdim etməmiş, iddiaçı isə belə bir razılaşmanın olmasını qəbul etməmişdir.

24. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 402, 442, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 385.2-ci maddələri ilə əsaslandırmışdır.

d)Kassasiya instansiya məhkəməsində ikinci icraat

25. Cavabdeh kassasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2022-ci il tarixli 2(102)-2718/2022 saylı qərarı ilə hakimlər (İ.Xələfov, Z.Əliyev və Ə.Nurməmmədov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 15 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

27. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında hazırkı mübahisə onlar arasında bağlanmış 05 avqust 2014-cü il tarixli öhdəlik müqaviləsinin şərtlərinə əməl edilməməsinin iddia olunması ilə yaranmışdır. İşdən görünür ki, həmin müqavilə tərtib olunarkən “öhdəlik müqaviləsi” adlandırılmış, iddia ərizəsində beh kimi ödənilmiş məbləğ və dəymiş ziyanın ödənilməsi tələb edilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə həmin müqavilə “mənzilin ilkin alqı-satqısı müqaviləsi” hesab edilərək mübahisənin həllinə həmin münasibətləri tənzimləyən Mülki Məcəllənin 402-ci maddəsinin müddəaları baxımından yanaşılmışdır. Həmin müqavilə “öhdəlik müqaviləsi” adlandırılsa da, əslində göstərilən müqavilədə tərəflərdən heç birinin konkret öhdəliyi və öhdəliyin pozulması ilə əlaqədar məsuliyyəti müəyyən olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi göstərilən müqaviləni mənzilin ilkin alqı-satqı müqaviləsi hesab etsə də, kollegiya hesab edir ki, həmin müqavilə Mülki Məcəllənin 402-ci maddəsinin tələblərinə əməl edilməklə bağlanmadığından ilkin müqavilə sayıla bilməz. Cavabdehin öz müqavilə öhdəliyini icra etməməsi barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi əsaslı sayıla bilməz. Təkrar işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının G.Hüseynova ilə hansı münasibətdə olmasını, həmin müqavilənin onunla bağlanma səbəblərini araşdırmamış və cavabdehin iddiaçı qarşısında öhdəliyini icra etməsi ilə əlaqədar göstərdiklərini yoxlamamışdır. İşə yenidən baxılarkən kollegiya hesab edir ki, “öhdəlik müqaviləsi”nin əhəmiyyətsiz əqd olubolmamasına qiymət verilməli və yuxarıda göstərilən normaların tətbiq edilməsinin mümkünlüyü araşdırılmalıdır.

Proses iştirakçılarının izahatı

28. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

29. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

30. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

31. Maddə 389.1, 389.2, 389.3. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.

32. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

33. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

34. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

35. Maddə 337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

36. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya baxışının hədləri

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

42. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

43. Qətnamə bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir. 45.Tərəflər arasında bağlanmış 05 avqust 2014-cü il tarixli müqavilə “öhdəlik müqaviləsi” adlandırılsa da, əslində göstərilən müqavilədə tərəflərdən heç birinin konkret öhdəliyi və öhdəliyin pozulması ilə əlaqədar məsuliyyəti müəyyən olunmamışdır.

46. Müqavilədən görünür ki, əgər alıcı 24 ay ərzində mənzili almaqdan imtina edərsə, satıcı 100.000 ABŞ dollarını geri qaytarıb işə xitam vermək hüququna malikdir. Göründüyü kimi, həmin müqavilə ilə mənzili almaq hüququ alıcının ixtiyarına buraxılmışdır. Müqaviləyə görə alıcı etiraz etdikdə alqı-satqı müqaviləsi bağlanmır, ödənilmiş beh geri qaytarılır.

47. Tərəflər arasında bağlanmış müqavilə, onun məzmunundan göründüyü kimi, qanunun tələbinə uyğun bağlanmamışdır.

48. Həmçinin qanunvericiliyin tələbinə əsasən daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməli olduğu halda, hazırki mübahisə predmeti olan müqavilə notariat qaydasında təsdiq edilməmişdir. Yəni, müqavilənin qanunla müəyyən olunmuş forma tələbinə də əməl olunmamışdır.

49. İşdən həmçinin görünür ki, həmin müqavilə bağlanarkən cavabdehə məxsus mübahisəli mənzil onun "xxxx" ASC-dən götürdüyü kreditin təminatı kimi bank qarşısında yüklü edilmişdir. Belə ki, cavabdehlə bank arasında 31 mart 2014-cü il tarixdə 120 ay müddətinə kredit xətti müqaviləsi bağlanmışdır. Göstərilən vəziyyətdə öhdəlik müqaviləsinin bağlanması qanunun tələbinə uyğun olmamışdır.

50. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə forma və məzmuna aid tələblərə uyğun bağlanmadığından, həmin əqd əhəmiyyətsizdir və heç bir hüquqi nəticə doğurmur. Əqd əhəmiyyətsiz olduqda isə onun nəticələrinin tətbiqi həyata keçirilir.

51. Əhəmiyyətsiz əqdlərdə tələb hüququ üçün əsas əhəmiyyətsiz əqdin özü yox, onunla bağlı tərəflərin və üçüncü şəxslərin hüquqi vəziyyətində yaranmış qeyri-müəyyənlik hesab olunur. Bu qeyri-müəyyənliyin həll edilməsi isə əhəmiyyətsiz əqdin nəticələrinin tətbiq edilməsi, yəni icra edilənlərin qaytarılması yolu ilə mümkündür. Məhkəməyə müraciət edən iddiaçı özünün öhdəliklə (vədlə) yox, hərəkət - icra ilə bağlı pozulmuş hüququnu müdafiə edir. Buradan da belə aydın olur ki, iddiaçının hüququnu tərəflərin bağladıqları əqd yox, əqdin icrası pozur.

52. Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik müddətlə bağlı isə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında ətraflı şərh verilmişdir.

53. Həmin şərhdən də belə aydın olur ki, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir (iddia müddətidir). Lakin əhəmiyyətsiz əqd üzrə əldə edilənlərin geri qaytarılması ilə bağlı müddətin tətbiqi həmin əqdin predmetindən, yəni əqdin predmetinin əvəz edilən (pul, qələm, sement və s.) və ya əvəz edilməyən (daşınmaz əmlak, qeydə alınmalı olan daşınar əşya və digər fərdi xüsusiyyətlərə malik olan əmlak) əşya olmasından asılıdır. Əvəz edilməsi mümkün olmayan əşyalarda məhrum olan həmin əşyaya mülkiyyət hüququnu itirmir və onun tələbi mülkiyyətin müdafiəsi ilə bağlı olduğundan, bu tələbə müddət tətbiq oluna bilməz. Əvəz edilən əşyanın geri tələb edilməsinin qanuni əsasını isə əsassız varlanma təşkil edir və məhz həmin tələb üzrə Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddəti tətbiq oluna bilər.

54. Hazırda iddiaçının tələbi pulun ödənilməsi ilə bağlıdır, ona görə də hazırki tələb üçün Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddəti tətbiq olunur ki, cavabdeh də iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.

55. Baxılan iş üzrə «öhdəlik müqaviləsi» 05 avqust 2014-cü il tarixdə bağlandığı halda hazırkı iddia tələbi ilə İddiaçı məhkəməyə 2019-cu ilin sentyabr ayında müraciət etmişdir.

56. İddiaçı tərəfindən nəzərdə tutulmuş 1 illik iddia müddəti ötürülmüşdür.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2844/2019 saylı iş üzrə 04 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “öhdəlik müqaviləsinə əsasən ödənilmiş behin, əldən çıxmış faydanın və faizlərin ödənilməsi tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar