Məhkəmə qərarları › İş №2(103)-5837/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5837/2025

27.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5837/2025 27.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3766/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar tərəfindən qoyulmuş 50.000 ABŞ dollarının Əmanətlərin Sığortalanması Fondu tərəfindən onlara qaytarılacağı tarixin dəqiq müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3766/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanətin onlara qaytarılacağı tarixin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmış, iddiaçıya müvafiq tələblə əlaqədar inzibati orqana və ya məhkəmə aidiyyəti üzrə müraciət etmək hüququ izah edilmişdir. İddiaçılar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2(006)- 3766/2025 saylı qərardadından şikayət vermişlər. Şikayət onunla əsaslandırılmışdır ki, hüquqi dövlətdə yaşayır və məhkəmə ikinci dövlət olaraq xalqa xidmət etməlidir, Reket dövlətə yox. Qanunlarda olan boşluqları heç olmasa məhkəmə yolu ilə bərpa etməlidir. 10 ildir ki ƏSF ilə müharibə aparır. Bu 10 ildə o, 50.000 dollarının dövlətdə olduğuna görə, o puldan gələn daha bir 50.000 dollar gəlirdən də məhrum olmuşdur. Atası cərrahiyə əməliyyatı olmalıdır. Pulu dövlətdə ola-ola o, necə atasınıı sağaltsın, oğurluqmu etsin? Bu boyda ədalətsizlik, haqsızlıq olarmı? Hüquqları tapdalanır, yardım istəyir. İnsaf dinin yarısıdır. Standard kommersiya bankı olub, sual olunur. Niyə dövlət onunla kommersiya bankı arasında olan müqaviləyə müdaxilə edib. Əgər dövlət müdaxilə etməsəydi o, artıq pulumu bankdan məhkəmə yolu ilə almışdı, məsələ də çoxdan həllini tapmışdı. Dəfələrlə dövlət əmlakının talan olunmasını eşitmişlər, lakin vətəndaşın əmanətinin dövlət tərəfindən mənimsənilməsi bu dövlətə ləkədir. Bank Standard bağlanan vaxtı Xalid Əhədov həmin bankın direktoru idi. Onun əmanəti daxil 460 milyon dolları xarici ofşor banklara köçürtdü. Dövlət səviyyəsində bankda mütəşəkkil əməliyat aparılıb. O, neftçidir və o pulda 1 qəpik haram varsa, ondan imtina edər. Sığorta haqqında qanunda onun pulunun qaytarılması üçün sığorta fondu qarşısında heç bir öhdəlik, deadline qoyulmadığına görə ƏSF da pulun qaytarılmasında maraqlı deyil. Bu doğru-düzgün yazılmayan qanundan məharətlə istifadə edib onları ələ salırlar. Deyirlər fondun pulu yoxdur, yəni dövlətin pulu yoxdur onun borcunu qaytarsın. Onun dövlətə borcu olsa idi, evini müsadirə edərdilər. Xahiş edir onların məsələsinə sadəcə bir əmanət davası kimi yox, daha böyük prizmadan baxılsın. Dövlət tərəfindən vətəndaşın halal zəhmət haqqı talan olunmuşdur. ƏSF mafioz bir qurum kimi cəmiyyətdə tanınmışdır. Bu cür hallar həqiqətən vatəndaşların dövlətə qarşı müxalifətdə olmasına zəmin yaradır. O, hətta ƏSF binasının partladılması kimi cinayətə əl atmağa məcbur olmuşdur. Buna dövlətin vətəndaşa qarşı reketlik etməsindən başqa ad vermək olmaz. Onsuz gərgin ictimaiyyətdə əlavə narazıçılıqlar yaranmışdır. Rica edir bunlar nəzərə alınsın. 10 il səbr etdi bəsdir, ƏSF ona pulunun qaytarılacağı tarixi versin. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin e-2(006)-3766/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Həmin qərardaddan görünür ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələb kim qiymətləndirmiş və bu səbəbdən MPM-in 261.0.1-ci maddəsini rəhbər tutaraq işin icraatına xitam vermişdir. Kollegiya işin faktiki hallarını və aşağıdakı qanunvericilik normalarını nəzərdən keçirərək hesab edir ki, məhkəmə iş üzrə göstərilən qənaətə gəlməkdə haqlı olmuşdur. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi hazırki iddia tələbi iddiaçılar tərəfindən qoyulmuş 50.000 ABŞ dollarının Əmanətlərin Sığortalanması Fondu tərəfindən onlara qaytarılacağı tarixin dəqiq müəyyən edilməsi barədədir. İş materiallarında olan QSC “Bank Standard” Kommersiya Bankı ilə İddiaçı2 arasında bağlanmış LD********** nömrəli xx.xx.2014-cü il tarixli bank əmanəti müqaviləsinin surətindən görünür ki, bank əmanətçidən 50.000 ABŞ dolları məbləğində pul vəsaitini ******************** nömrəli hesaba qəbul edərək, xx.xx.2017-ci il tarixində, illik 12,50% gəlirlə əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün fazilər ödəməyi öhdəsinə götürmüşdür. QSC “Bank Standard” Kommersiya Bankının əmanətçiləri qarşısında öhdəliklərin reyestrindən çıxarışın surətindən görünür ki, əmanətçi İddiaçı2 kompensasiya olunmayan əmanət məbləği 50.156,24 ABŞ dolları təşkil edir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-4498/2016 saylı qərarı ilə QSC “Bank Standard” KB müflis elan olunmuş, barəsində iflas proseduruna başlanmış və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Bildirir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76.1-ci maddəsinə uyğun olaraq qeydə alınmış kreditor tələbinizin ödənilməsi həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəkdir. Məlumat üçün qeyd edir ki, hazırda ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən “Banklar haqqında’’ Azərbaycan Respublikası Qanununun 82.1.2-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fondunun reqres hüququ üzrə tələbləri ödənilməkdədir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-817/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı2 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «pul» tələbi irəli sürərək 50000 ABŞ dolları (85000 manat) və 5 il ərzində toplanmış 42500 manat faizin ödənilməsi barədə qətnamə əbul edilməsini xahiş etmiş və iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4650/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı2 apellyasiya şikayətinin təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-817/2021 nömrəli saylı işi üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Tərəflər arasında qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilir ki, iddiaçının banka qoyduğu əmanət “qorunmayan əmanət” statusunda olmuş cavabdeh tərəfindən iddiaçının tələbi qanunvericiliyə uyğun olaraq kreditor tələb kimi qeydə alınmış və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 82-ci maddəsində həmin tələbin növbəlilik daxilində ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2.9-cu maddəsinə əsasən, İnzibati məhkəmə icraatı qaydasında “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankın ərizələrinə baxılır. 131.1-ci maddəsinə əsasən, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, lisenziyasının ləğvi, məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. “Banklar haqqında” Qanunun: 81.4-cü maddəsinə əsasən, təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilir. 87.1-ci maddəsinə əsasən, bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləş-dirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Beləliklə, yuxarıda qeyd edilmiş işin hallarından görünür ki, İddiaçı2 əmanət qoyduğu 50.000 ABŞ dolları əmanətlə bağlı tələbi kreditor tələbi kimi Fond tərəfindən qeydə alınmışdır. Kollegiya hesab edir ki, iddiaçının qorunmayan əmanətinin qaytarılacağı tarixin dəqiqləşdirilməsi ilə bağlı hazırki tələbi kreditor tələbi xüsusiyyəti daşıdığından və belə tələblərə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan birinci instansiya məhkəməsinin işin icraatına xitam verilməsi barədə mövqeyi qanuni və əsaslı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3766/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar