Məhkəmə qərarları › İş №2(103)-5840/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5840/2022

24.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5840/2022 24.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X5 və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı)"Ailə Park” MMC-nin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh qarşı "qeyri-qanuni tikilinin sökülməsi, mənzilin boşaldılaraq təhvil verilməsi və kirayə haqqının ödənilməsi" tələbinə dair ilk, iddiaçı Cavabdeh "Ailə Park” MMC-yə qarşı (Bakı Şəhəri İcra Hakimiyyəti və Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) "maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizələri barədə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3974/2021 saylı mülki iş üzrə 03 sentyabr 2021-ci il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı "Ailə Park” MMC-nin Cavabdeh qarşı iddia ərizəsi (iddia tələbinin həcminin artırılması barədə ərizə) ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 97 kv.mdən ibarət olan mənzil boşaldılaraq "Ailə Park” MTK-ya təhvil verilməsi və həmin mənzil "Ailə Park” MTK tərəfindən sökülməsi, "Ailə Park” MTK tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 97 kv.m-dən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada təmirli 1 ədəd 4 otaqlı 100 kv.m. mənzil və veteran olmasını nəzərə alaraq, əlavə olaraq təmirli 1 ədəd 4 otaqlı 100 kv.m. mənzil, ümumilikdə 2 ədəd təmirli 4 otaqlı 100 kv.m. mənzil 2 il müddətinə Cavabdeh təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin "Ailə Park” MTK-ya təhvil verildiyi gündən başlayaraq, yeni yaşayış sahəsi ilə təmin olunan günədək "Ailə Park” MTK tərəfindən Cavabdeh hər ay 1300 manat məbləğində kirayə haqqı ödənilməsini xahiş etmişdir.

2. Cavabdeh "Ailə Park” MMC-yə qarşı (Bakı Şəhəri İcra Hakimiyyəti və Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi və Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilindən istifadəsinə qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK və başqa şəxslər tərəfindən əmlakından istifadə etməsinə maneələr yaradılmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3974/2021 saylı iş üzrə 03 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 71; Mənzil Məcəlləsinin 1.1, 3.1, 10.0.10, 10.0.11, 10.0.12, 28.6; Mülki Məcəllənin 560.1, 560.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-ci maddələrinə; Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarına; Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə; Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun "Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2021-ci il tarixli qərarına; Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarına; Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarına istinadən) ilk iddia tələbinin təmin olunması, qarşılıqlı iddia ərizəsinin rədd olunması, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh tərəfindən həmin mənzilin binaya bitişik sahədə artırılmış və özbaşına inşa edilmiş qeyri-qanuni tikili (50 kv.m) onun öz hesabına sökülməsi, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 97 kv.m-dən ibarət olan mənzil "Ailə Park” MTK-ya təhvil verilməsi, həmin mənzilin "Ailə Park” MTK tərəfindən sökülməsi, "Ailə Park” MTK tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 97 kv.m-dən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada təmirli 1 ədəd 4 otaqlı 100 kv.m. mənzil və əlavə olaraq təmirli 1 ədəd 4 otaqlı 100 kv.m. mənzil ümumilikdə 2 ədəd təmirli 4 otaqlı 100 kv.m. mənzil 2 il müddətinə Cavabdeh təhvil verilməsi, mənzilin "Ailə Park” MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək "Ailə Park” MTK tərəfindən Cavabdeh hər ay 1300 manat məbləğində kirayə haqqının ödənilməsi və ödənilmiş dövlət rüsumlarının tərəflərə aid edilməsi qət edilmişdir.

4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 173701 nömrəli qeydiyyat vəsiqəsinin surətinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12a saylı evin, 62 nömrəli mənzili Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 309 saylı reyestr kitabında 44710 nömrəli vərəqində 30/26397 saylı reyestr nömrəsi ilə xx.xx.2003-cü il tarixdə qeydiyyat aparılmışdır; - Azərbaycan Respublikası Bakı Şəhər Nərimanov Rayonu İcra Hakimiyyəti başçısı 55 nömrəli xx.xx.2020-ci il tarixli “Yeni yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin icarə əsasında “Ailə Park" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında” Sərəncamının surətinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixli, 018 saylı müraciətini, Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2019cu il tarixli, 1/1418 saylı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli, **********94 saylı, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, 02/07-635 saylı razılıq məktublarını və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun xx.xx.2020-ci il tarixli rəyini nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu Təbriz və Həsənoğlu küçələrinin Kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 27520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri; ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında "Ailə Park” MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi qərara alınmışdır; - Bakı şəhəri, N.Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarının texniki vəziyyəti haqqında xx.xx.2020-ci il tarixli rəyə əsasən Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin "Azerinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və X3 şöbəsinin qrup rəhbəri Abbas Rzayev, şöbənin mühəndisi Ədalət Nəcəfov və Nərimanov Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin baş məsləhətçisi Azər Güləmmədovla birlikdə Tikintidə X6 Agentliyinin 03.03. 2020ci il tarixli 34/02300 nömrəli tapşırığına əsasən Bakı səhəri, N.Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarına vizual texniki baxış keçirilmiş, Həsənoğlu küçəsi, bina 12A: Beşmərtəbəli yaşayış binası təqribən 1960-cı illərdə, kürsülü, dördgirişli inşa olunmuşdur, bina uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmalara məruz qalmışdır. Xarici və daxili yükdaşıyan divarların bəzi yerlərində suvaq qatı qopub tökülmüşdür. Pilləkən qəfəsəsində son mərtəbədə yan divarlara metal tirlər bərkidilmiş və üzərinə su çənləri qoyulmuşdur. Pilləkən marş və meydançalarında armaturların beton mühafizə qatları aşınmış və yararsız hala düşmüşdür. Eyvan tavalarının alt hissələrinin bəzi yerlərində armaturların mühafizə qatları qopub töküldüyündən, armaturlar korroziyaya uğramışdır. Binanın demək olar ki, bütün mərtəbələrində əlavə eyvanlar artırılmışdır, bu da nəticədə yükdaşıyan konstruksiyalarda əlavə yüklərin yaranmasına səbəb olmuşdur. Binanın arxa fasad divarında binanın xaricinə 2 (iki) yerdən qapı boşluğunun açılması xarici yükdaşıyan divarın yükgötürmə qabliyyətinin azalmasına səbəb olmuşdur. Binanın bəzi girişlərində, pilləkən qəfəsələrində tikinti norma və qaydalarına əməl edilmədən xaotik quraşdırılmış elektirik xətləri sakinlərin həyatı üçün təhlükə mənbəyidir. Dam örtüyündə atmosfer sularını istiqamətləndirən suötürücü xətlərin və suaxıdıcı boruların nasaz vəziyyətdə olmasından, bəzi yerlərdə asbest-sement şiferlərin çatlaması, qopub düşməsi nəticəsində divarların nəmlənməsi, suvaq qatının qopub tökülməsi halları müşahidə olundu. Damda nizamsız şəkildə yerləşdirilmiş su çənləri örtükdə əlavə yük yaratmaqla yanaşı, atmosfer yağıntılarının binanın daxilinə sızmasına şərait yaratmışdır. Binanın mişarlanmış əhəngdaşından olan yükdaşıyan divarlarda hörgü üçün istifadə edilmiş sement-qum məhlulu öz keyfiyyətini itirərək ovulub tökülmələrə məruz qalmışdır; -"Exspress Lisding” MMC-nin 29/10-20 nömrəli, xx.xx.2020-ci il tarixli rəyinə əsasən Azərbaycan Respublikası, Bakı Nərimanov rayonunun, Həsənoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişməsində yerləşən binalarda olan birotaqlı, ikiotaqlı, üçotaqlı və dördotaqlı orta təmirli mənzillərin bir kv.metrinin bazar dəyəri və belə mənzillərin kirayə haqqlarının bu günə yəni oktyabr 2020-ci il tarixi vəziyyətinə qədər olması müəyyən edilmiş, "Yaxşı və Orta təmirli, yumşaq və bərk mebellə təchiz olunmuş, Televizor, Kondisoner, Soyuducu və Paltaryuyan qoyulmuş” mənzillərin Kirayə haqqıları 2020-ci ilin aprel - sentyabr aylarında otaqlı mənzillər üçün aylıq kirayə haqqı-300,0-320,0 manat, otaqlı mənzillər üçün aylıq kirayə haqqı-380,0-450,0 manat, otaqlı mənzillər üçün aylıq kirayə haqqı-500,0-620,0 manat, otaqlı mənzillər üçün aylıq kirayə haqqı 650,0-700,0 manat civarında təklif olunduğu müəyyən edilmişdir; -Azərbaycan Respublikası Bakı Şəhər Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısının müavini 1/412 nömrəli xx.xx.2020-ci il tarixli "Ailə Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin binaların bir qrup sakini tərəfindən artırmaların inşasına icazə verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, 0035 saylı müraciətinə cavab olaraq "məktubunuzda qeyd olunmuş Nərimanov Rayon Xalq Deputatları Sovetinin icraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 5 №-li Qərarının surəti Nərimanov Rayon İcra Hakimiyyətinin arxiv sənədlərində deyil, Bakı Şəhər Arxiv İdarəsində saxlanılır. Bununla yanaşı nəzərinizə çatdırırıq ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 642 №-li Sərəncamı ilə Bakı şəhəri ərazisində yerləşən çoxmənzilli yaşayış binalarına bitişik artırmaların inşa edilməsi və mövcud eyvanların genişləndirilməsi sağlamlığından, müavinətindən və ailə tərkibindən asılı olmayaraq bütün vətəndaşlar üçün qəti qadağan olunmuşdur. Həmçinin qeyd edirik ki, hazırki tarixə bu sahəyə aid verilmiş, lakin müxtəlif səbəblərdən icra olunmamış sərəncamlar hüquqi qüvvəsindən düşmüş hesab olunur” göstərilmişdir; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli "FEMİDA” Vəkil Bürosunun sorğusuna cavab məktubuna əsasən ünvan 2 ünvanının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 42.1 kv.m, yaşayış sahəsi 29.0kv.m olan 2 otaqlı 62 saylı mənzil 9 saylı DNK-nın xx.xx.2002-ci il tarixli 4Ə-4/513 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına (AZE- 0*******/xx.xx.2003, qeydiyyat ünvanı-ünvan 3dir (iş.səh.41-83,103)

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10563/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3974/2021 saylı iş üzrə 03 sentyabr 2021-ci il tarixli qətnaməsi - ilkin iddia tələbinin təmin edilən-sökülməli olan tikilinin sahəsinin müəyyən edilməsi və həmin tikilinin kim tərəfindən sökülməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 42.1 kv.m olan mənzil və həmin mənzilin binaya bitişik sahədə artırılmış və özbaşına inşa edilmiş qeyri-qanuni 50 kv.m olan tikili, cəmi 92.1 kv.m olan sahə Cavabdeh tərəfindən "Ailə Park” MTK-ya təhvil verilməsi və həmin sahə "Ailə Park” MTK tərəfindən sökülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. 6.Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)- 2466/2022 saylı Qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10563/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Qərarda Azərbaycan Respublikası Konstitusiyasının 13-ci maddəsinin 1-ci hissəsi, 29-cu maddəsinin 4-cü hissəsi; Mənzil Məcəlləsinin 3.1, 28.6; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 407.2, 416.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Konstitusiyanın 13cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Bununla belə, bu toxunulmazlıq mütləq deyildir və məhdudlaşdırıla bilər. Mülkiyyət hüququ məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. İşə baxan birinci instansiya məhkəməsi ilk iddianı təmin edərkən cavabdeh tərəfin təqdim etdiyi sübutlara tam, hərtərəfli və obyektiv baxmamış, cavabdehə məxsus əmlakın təyinatını, əmlakdan məhrum olmasının onun maddi vəziyyətinə nə dərəcədə təsir edə biləcəyini nəzərə almamış, habelə cavabdehin faktiki istifadəsində olan sahənin də müəyyən edilməli olmasını diqqətdən qaçırmış, apellyasiya instansiyası məhkəməsi də eyni səhvi təkrarlamışdır. İddiaçının izahatı və onun tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, cavabdehin mülkiyyətində olan ümumi sahəsi 42,1 kv metr mənzil yaşayış binasının birinci mərtəbəsindədir, mebel satışı üzrə ixtisaslaşmış mağaza binası kimi istifadə olunur.Həmin binaya bitişik inşa edilmiş 50 kv metr əlavə artırma da eyni məqsədlərlə istifadə olunur, bu artırmaya cavabdehin mənzilindən qapı açılmasına Nərimanov Rayon İcra Hakimiyyəti başçısınnın 23 may 1996-cı il tarixli 244 saylı sərəncamı ilə hələ mənzilin əvvəlki mülkiyyətçisinə razılıq verilmiş, bununla da icra hakimiyyəti 50 kv metr artırmanın mövcudluğuna və kommersiya məqsədləri üçün istifadə olunmasına etiraz etməmiş, əksinə yanakı olaraq razılıq vermişdir. İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırma Bürosu tərəfindən mənzilə dair 21 dekabr 1994-cü il tarixdə işlənmiş Texniki pasportdan görünür ki, binanın zirzəmisinin 60 kv metr hissəsi cavabdehin mülkiyyətində olan 42,1 kv metrlik mənzilin bir hissəsi kimi işlənmişdir, iddiaçının izahatına görə həmin zirzəmi hazırda onun istifadəsindədir.Məhkəmələr tərəfindən Cavabdeh kompensasiya kimi "Ailə Park” MTK tərəfindən yeni tikiləcək binada hər birinin ümumi sahəsi 100 kv metr olan 2 ədəd təmirli 4 otaqlı mənzilin verilməsi qət olunsa da, həmin mənzillərin hansı binadan, neçənci mərtəbədən verilməli olması, mənzillərin nömrələri göstərilməmiş, bu məsələnin həllində də məhkəmələr qeyri-müəyyənliyə yol vermişdir. Qeyd olunan halları və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda göstərilən nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

7. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Bundan əlavə həmin mənzilin Texniki Pasportuna əsasən 5 mərtəbəli binanın zirzəmisinin bir hissəsi, yəni 60 kv.m. qeyri-yaşayış sahəsi (ticarət obyekti) də onun xüsusi mülkiyyətindədir. Texniki pasportda obyektə girişin yaşayış sahəsindən olduğu qeyd edilmişdir. Eyni zamanda Nərimanov rayon İcra Hakimiyyətinin Başçısının 23 may 1996-cı il tarixli 2/44 nömrəli məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilinin əvvəlki mülkiyyətçisi V.Q.Məmməd-Vəliyev tərəfindən həmin mənzilə bitişik olmaqla təxminən 50 kv.m. artırma edilmişdir. O, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilini 2003-cü il tarixində hazırki vəziyyətdə almış və onun tərəfindən hər hansı bir əlavə artırma edilməyib. Həmin əmlakda aldığı tarixdən bu günədək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Hal-hazırda həmin əmlakda mebellərin satışı ilə məşğul olur və aylıq orta hesabla 5000 - 7000 manat arasında gəlir əldə edir(gəlirini təsdiq edən rəsmi sənədlər məhkəməyə təqdim edilib). Əgər onun obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq olmazdırsa hansı səbəbdən heç bir dövlət orqanı tərəfindən ona bu günədək irad bildirilməyib və bu müddət ərzində o, sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərindən dövlətə külli miqdarda vergi ödəmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında "Ailə Park” MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında "Ailə Park” MMC-nin istifadəsinə verilmişdir. Göründüyü kimi sərancamın və qanunvericiliyin tələblərinə əsasən "Ailə Park” MTK tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə qarşılıqlı razılıq əldə etdikdən sonra yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşasına başlamalı idi. Lakin çox təəssüf ki, "Ailə Park” MTK tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə razılıq əldə etmək əvəzinə onlara təzyiq göstərmək məqsədilə qanunsuz olaraq 4 aydan çoxdur ki, ərazini hasara alıb və tikililərin istifadəçilərinin (mülkiyyətçilərinin) köçürülməsini təşkil etmədən qanunsuz olaraq söküntü işlərinə başlayıb. "Ailə Park” MTK-nın məqsədi tikililərin istifadəçilərinə (mülkiyyətçilərinə) heç bir kompensasiya ödəmədən onların əmlaklarını qanunsuz olaraq ələ keçirməkdir. 4 aydan çoxdur ki, "Ailə Park” MTK-nın qanunsuz hərəkətləri nəticəsində o, sahibkarlıq fəaliyyətini davam etdirə bilmir. Bu səbəbdən hətta o, işçilərin maaşlarını belə verə bilmir. "Ailə Park” MTK-nın qanunsuz hərəkətləri nəticəsində ona həmçinin maddi və mənəvi zərər dəymişdir. Həmçinin külli miqdarda vəsait tələb edən belə bir layihənin nizamnamə kapitalı cəmi 10 manat təşkil edən bir MTK-ya həvalə edilməsi də onda layihənin icra olunması ilə əlaqədar olaraq əsaslı şübhələr yaradır. Bundan əlavə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binalar yaşayış üçün yararsız vəziyyətdə deyildir və şəhərin eləcə də ərazinin ümumi görünüşünə heç bir xələl gətirmir. Həmin binaların yaşayış üçün yararsız vəziyyətdə olub-olmamasının müəyyən edilməsi üçün ekspertizanın keçirilməsi barədə məhkəməyə şifahi formada vəsatət təqdim etməyinə baxmayaraq, məhkəmə vəsatətini təmin etməmişdir. Eyni zamanda onun xüsusi mülkiyyətində olan əmlakının bir hissəsi birinci mərtəbədə, bir hissəsi isə zirzəmi mərtəbəsində yerləşdiyindən onun əmlakının əvəzinə ona verilməli olan əmlak da qanunvericiliyin tələblərinə uyğun olaraq təyinatının nə olmasından asılı olmayaraq, binanın birinci və zirzəmi mərtəbəsində olmalıdır. Məhkəmə qanunsuz və ədalətsiz qərar qəbul edərkən çox təəssüf ki, bu halı da nəzərə almamışdır. Bundan əlavə həmin obyekt onun yeganə gəlir mənbəyidir. X2 oğlu 44 günlük Vətən Müharibəsində torpaqların azad olunması uğrunda rəşadətlə vuruşmuşdur. X11 və Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanmışdır və hal-hazırda 1-ci qrup Vətən Müharibəsi əlilidir. X12 Prezident tərəfinizdən "İgidliyə görə”, "Xocavəndin azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Həmçinin o, Əfqanıstan müharibəsi veteranıdır. Məhkəmə qanunsuz və ədalətsiz qərar qəbul edərkən çox təəssüf ki, bu halların da heç birini nəzərə almamışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətinə uyğun izahat verməklə, qarşı tərəfdən heç bir təklif olmadığından barışığın əldə olunmadığını, cavabdehin öz fəaliyyətini davam etdirməsi üçün 150 kv.m sahəsi olan mebel avadanlığı satılan obyekti ilə eyni ölçüyə malik, yola baxan, birinci mərtəbədə yerləşən sahənin verilməsini və 2500 manat kirayə haqqı tələb etdiyini və əgər layihədə belə bir yer yoxdursa obyektin dəyərinin verilməsini istədiyini bildirmiş, hal-hazırda obyektdən istifadə edə bildiklərini, buna birbaşa maneələrin olmadığını, lakin qarşı tərəfin basdırdığı dəmir turbaların gediş-gəlişə maneə yaratdığını qeyd etmiş,ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 həmin mənzilin istismar müddətinin bitdiyini və sökülməli olduğunu qeyd etmiş, layihədə qarşı tərəfin istədiyi formada qeyri-yaşayış sahəsinin olmadığını, iki ədəd dörd otaqlı mənzil verə biləcəklərini və mənzillərin ünvanlarının müəyyən edilməsinin mümkün oluğunu bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini, rayon məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: 10.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

11. Məcəllənin 419.4 və 420-ci maddələrinin tələblərinə görə: Qərar qəbul edildiyi andan qüvvəyə minir və kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 fevral 2012-ci il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.

13. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə və kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun yenidən yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 6, 16, 139- 166, 324, 385-390, 560; Azərbaycan Respublikasında mülkiyyət haqqında Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Qanununa; İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 20 mart 1952-ci il tarixli Protokolun 1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 76, 77, 80-82, 106, 217.4, 385-390, 420-ci maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə qismən səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan və qətnamədə göstərilmiş nəticələr işin faktiki hallarına uyğun gəlmədiyindən qətnamə ilk iddiaya aid hissədə ləğv edilməli, müəyyən edilmiş hallar əsasında həmin hissədə yeni qətnamə qəbul edilməlidir. Diqqətə çatdırılmalıdır ki, kassasiya instansiya məhkəməsinin bu göstərişləri nəzərə alınaraq, habelə mənzilin (sahibkarlıq məqsədləri üçün və qeyri-yaşayış sahəsi kimi ) istismar mümkünlüyü və digər vətəndaşların yeni mənzil (əmlak) gözləntiləri bu hüquqların ictimai mənafelər naminə aradan qaldırmaq üçün sakinlərlə fərdi yanaşmanı və münasibətlərin qarşılıqlı razılıq əsasında qurulmasını ehtiva edir.

15. Diqqətə çatdırılmalıdır ki, cavabdehə məxsus əmlakın təyinatını, əmlakdan məhrum olmasının onun maddi vəziyyətinə nə dərəcədə təsir edə biləcəyi, habelə cavabdehin faktiki istifadəsində olan sahənin də müəyyən edilməli olması,mənzilin yaşayış binasının birinci mərtəbəsində olaraq mebel satışı üzrə ixtisaslaşmış mağaza binası kimi istifadə olunması, binaya bitişik inşa edilmiş 50 kv. metr əlavə artırmanın da eyni məqsədlərlə istifadə olunması, bu artırmaya cavabdehin mənzilindən qapı açılmasına Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 23 may 1996-cı il tarixli 244 saylı sərəncamı ilə hələ mənzilin əvvəlki mülkiyyətçisinə razılığı əsasında işlədilməsi, İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırma Bürosu tərəfindən mənzilə dair 21 dekabr 1994-cü il tarixdə işlənmiş Texniki pasportuna uyğun binanın zirzəmisinin 60 kv. metr hissəsinin cavabdehin mülkiyyətində olan 42,1 kv. metrlik mənzilin bir hissəsi kimi istifadəsi, kompensasiya kimi "Ailə Park” MTK tərəfindən yeni tikiləcək binada mənzilin verilməsi təklif edildiyi təqdirdə belə, həmin mənzillərin yerləşmə koordinatları və rekvizitləri müəyyən edilməklə, hansı binadan və neçənci mərtəbədən olmasının göstərilməsi, cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərindən dövlətə ödənilən vergi nəzərə alınmaqla aylıq gəlirinin nə qədər olması,əmlakının əvəzləşdirilməsi və ya digər formada kompensasiyanın verilməsi zamanı mütənasibliyin nəzərə alınması kimi amillər nəzərə alınmamışdır.

16. Qeyd edilməlidir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında keçirilməsinin müəyyən edildiyi nəzərə alınaraq, istifadəçiləri (mülkiyyətçiləri) ilə qarşılıqlı razılıq əldə etdikdən sonra, hər hansı sakinin mülkiyyət və istifadə hüququqlarının maneəsiz həyata keçirilməsi və ədalətli kompesasiya haqları gözlənilərək tikintinin işlərinin başlanması mümkündür.

17. Birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarı 17 dekabr 2019-cu il tarixli ( № 482) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə ləğv edilmişdir. Ləğvetmə qərarında qeyd edilmişdir ki, Bakı şəhərinin müvafiq rayon icra hakimiyyətləri ləğv edilmiş qərarda göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə aşağıdakıları həyata keçirsinlər: 4.1.mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; 4.2. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini; 4.3. ərazidə sosial təyinatlı obyektlər mövcud olduqda, həmin obyektlərin yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin təmin edilməsini; 4.4. görülmüş işlər barədə ayda 1 (bir) dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilməsini; 4.5. bu Qərar qüvvəyə mindiyi gündən 7 (yeddi) iş günü müddətində 4-cü hissədə qeyd edilən tikintiyə icazə icraatına başlanılmış (layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş) tikinti layihələri barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məlumatın təqdim edilməsini.

18. İlk iddianın həcminin artırılmasının və ya tələbin dəyişdirilməsinin apellyasiya icraatı zamanı baxılma həddi üzrə prosessual mümkünsüzlüyü müəyyən etdiyindən, tam təmin edilən iddianın fərqli (tələbdən kənar) həll edilməsi yolverilməzliyini müəyyən edir. Ona görə, iddia tələbinin hədləri və qarşılıqlı iddianın tam təmin edilməsi apellyasiya baxışı üzrə səlahiyyətlər həddində tələbdən artıq ola bilən təqdimatların prosessual cəhətdən yalnız barışıq yolu ilə həll edilməsi imkanlarının müzakirəsini mümkün edir ki, tərəflər bu növ iradə ifadəsinin real əsaslarını nümayiş etdirməmişlər.

19. Kollegiya hesab edir ki, kompensasiya tələbin irəli sürülməsindən öncə onun ədalətliliyi barədə tərəflər arasında mövcud ola bilən münasibətlər, bütün mülki hüquqi ləvazimatlar barədə əhatəli təsəvvürlərin yarandığı tərzdə, müqavilə münasibətlərinə daxil olmaq imkanlarını istisna edən mötəbər və təkzibedilməz sübutlar əsasında mümkün ola bilər. Hazırki mübahisəli münasibətlərin razılaşması üzrə ümumiyyətlə tələb-təklif təfərrüatların rəsmi ifadəsi mülkiyyətçiyə təqdim edilməmişdir. Kollegiya Mülki Məcəllənin 560-cı maddəsində təsbit edilmiş əsaslara istinadən hesab edir ki, mülki hüquq münasibətlər zamanı: - qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; -müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; -digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; -alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə; - qiymətlərin və ya əqdlərin digər şərtlərinin birbaşa və ya dolayısı ilə təyin edilməsi hüquqdan suiistifadədir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməli, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

20. Qeyd edilənlərdən əlavə nəzərə alınmalıdır ki, müvafiq razılaşma əldə edilmədən binanın söküntüsü ilə bağlı görülən işlər nəticəsində mülkiyyətçi və kənar şəxslərin sahəyə girişi-çıxışı,ümumilikdə əmlakın təyinatı üzrə istifadəsinin mümkün olmasının sübuta yetirməsinə gərək yoxdur. Belə ki, hamıya bəlli olan haldır ki, sökülən binada yerləşən əmlakdan mülkiyyət hüquqlarının təyinatı üzrə maneəsiz həyata keçirilməsi mümkün deyil və bu sübut edilməsinə zərurət olmayan haldır. Lakin qarşılıqlı iddiaya dair hissədə kassasiya instansiya məhkəməsinin göstərişləri olmadığından, habelə maneələrin təffərrüatı dəqiq müəyyən edilmədiyindən, bu hissədə iddianın təmin edilməsinə əsaslar müəyyən edilmir.

21. Qeyd edilənlərə əsasən iddiaçı (qarşlıqlı iddia üzrə cavabdeh) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3974/2021 saylı mülki iş üzrə 03 sentyabr 2021-ci il tarixli qətnaməsi qismən –İddiaçı MMC-nin Cavabdeh qarşı ""qeyri-qanuni tikilinin sökülməsi, mənzilin boşaldılaraq təhvil verilməsi və kirayə haqqının ödənilməsi" tələbinə dair ilk iddia ərizəsinin təmin olunması hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbi rədd edilməlidir. Diqqətə çatdırılmalıdır ki, mülki hüquqi pozuntuların aradan qaldırılması yönəmində tərəflər birgə hərəkət etməli, dövlətin, cəmiyyətin (digər şəxslərin) və tərəflərin özlərinin mülki hüquqlarının cəmində danışıqlar apararaq, mülki dövriyyənin və subyektiv hüquqların mütənasibliyi baxımından onların tarazlığı-ədalətli kompesasiya müzakirə edilməlidir. Müzakirələrin rəsmi təkliflər səviyyəsində baş tutmadığı və ya müsbət nəticə vermədiyi təqdirdə (razılığa gələrək müqavilə bağlamaq mümkün olmadıqda) tərəflər mübahisələrin məhkəmə müstəvisində müzakirə etmək hüquqlarına malikdirlər. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hazırkı iş üzrə məhkəmələrə müraciətlə əlaqədar ödənilmiş dövlət rüsumları üzrə xərclər tərəflərin özlərinə aid edilməlidir.

22. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3974/2021 saylı iş üzrə 03 sentyabr 2021-ci il tarixli qətnaməsi qismən-ilk iddia tələbinin təmin olunan hissəsində ləğv edilsin. İddiaçı "Ailə Park” MMC-nin Cavabdeh qarşı "qeyri-qanuni tikilinin sökülməsi, mənzilin boşaldılaraq təhvil verilməsi və kirayə haqqının ödənilməsi" tələbinə dair iddia tələbi rədd edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar