Məhkəmə qərarları › İş №2(103)-5842/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5842/2025

17.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5842/2025 17.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və X1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə Açar sözlər: vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və X1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-2715/2025 saylı qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Binəqədi RPİ DYPŞ-nin YPX inspektoru X1 tərəfindən tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərara əsasən İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 60 manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(010)- 3145/2024 saylı qərarı ilə iddiaçının şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Dövlət X11 iddiaçının Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilməsinə dair İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (X1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(010)-3145/2024 saylı qərarı ilə Bakı şəhəri Binəqədi RPİ DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edildiyinə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verildiyinə görə, ona dövlət orqanlarının vəzifəli şəxslərinin günahı üzündən vurulmuş ziyanın 4 ay ərzində dövlət orqanlarına və məhkəməyə gedib-gəlmək üçün çəkdiyi 560 manat xərcin, rabitədən (poçt, teleqram, telefon və s.) istifadəyə çəkdiyi 300 manat xərcin, sahibkarlıq fəaliyyətindən itirdiyi qazanca görə (əldən çıxmış fayda) 6.000 manat ziyanın və 4.000 manat fiziki-mənəvi ziyanın, cəmi 10.860 manatın dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, qanunsuz tərtib edilmiş İXP-yə əsasən əsassız qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın məhkəmə qaydasında ləğv edilməsi üçün xeyli vaxt sərf edərək çox əziyyət çəkmiş, maddi və mənəvi ziyan çəkmişdir. Bakı şəhəri Binəqədi RPİ DYPŞ-nin YPX inspektoru X1 tərəfindən barəsində tərtib edilmiş qanunsuz inzibati xəta haqqında protokola görə 4 ay ərzində 9 dəfə Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nə, 12 dəfə (hazırda da gedib-gəlir) Binəqədi Rayon Prokurorluğuna və Bakı Şəhər Prokurorluğuna, 7 dəfə Suraxanı Rayon Məhkəməsinə gedib-gəlməsindən və bu 4 ay müddət ərzində çoxlu sayda telefon danışığına, “Azərpoçt” vasitəsilə etdiyi müraciətlərə və eyni zamanda elektron müraciətlərə sərf etdiyi vaxt və çəkdiyi xərclərə görə xeyli miqdar maddi və mənəvi ziyan çəkmişdir, psixoloji sarsıntı keçirmişdir. Bu qərarın ləğv edilməsi üçün 4 ay müddət ərzində iş-gücünü atıb ancaq vaxtını bu qanunsuzluqların aradan qaldırılması üçün məhkəməyə, Bakı şəhəri Binəqədi RPİ DYPŞ-nə, Binəqədi Rayon Prokurorluğuna və Bakı Şəhər Prokurorluğuna gedib-gəlməyə sərf etmişdir. Hansı ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan həmin vaxt ərzində xeyli miqdar qazanc əldə edə bilərdi. Bundan başqa, bu cür qanunsuzluqlara görə sağlamlığı pozulub, çoxlu əsəb keçirmiş, psixoloji sarsıntıya məruz qalmış, onu tanıyıb-bilənlər, dost-tanışlar, həmkarlar, qonşular arasında hətta onu qınayanlar da olmuşdur. Onların “sən bu ölkə məmurlarının qanunsuzluqlarını düzəldən deyilsən. get cəriməni ödə” demələrinə görə mənəvi cəhətdən sarsılmışdır. Həmçinin, dəymiş maddi-mənəvi zərərin ödənilməsi üçün mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həll edilməsi məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanladığı xx.xx.2025-ci il tarixli müraciətinə cavab verilməmiş və məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır.

4. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iddia etdiyi məbləğlərin hər hansı bir əsası sübut olaraq işin materiallarında göstərilməmişdir. İddiaçının iddia edərək təzminat qismində tələb etdiyi məbləğlərin reallığı isbat olunmadığı təqdirdə şübhəli və ağlabatan olmayan kimi qəbul edilə bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının iddia etdiyi maddi və mənəvi zərərlərin ona tətbiq edilmiş inzibati tənbeh tədbiri ilə birbaşa əlaqəsi yoxdur. İş materiallarından göründüyü kimi, İddiaçı Bakı şəhəri Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş inzibati protokol haqqında qərarını əsas göstərərək maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi Maliyyə Nazirliyinə münasibətdə 3-cü şəxs qismində deyil, hüquq pozuntusunu törədən qurum qismində cavabdeh olaraq yönəltmişdir. Dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.

5. Məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-2715/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 200 manat məbləğində mənəvi və 70 manat məbləğində maddi zərərin əvəzinin ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X9)

7. Məhkəmə mülki qanunvericiliyin müddəalarına və Avropa Məhkəməsinin bir sıra qərarlarına istinad edərək, iddia tələbinin maddi ziyanın əvəzinin ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdiyi qazancı barədə məlumatı məhkəməyə təqdim etməmiş, əldən çıxmış fayda olaraq ona dəymiş 6.000 manat ziyanı heç bir əsasla sübuta yetirə bilməmişdir. İddiaçı inzibati cərimənin aradan qaldırılması üçün iddiada qeyd etdiyi müddət ərzində onun qazanc əldə edə bilməsi üçün maneə və məhdudiyyətlərin nədən ibarət omasına dair əsaslı sübutlar təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının dəlillərini tamamilə əsassız hesab etmiş və belə qənaətə gəlmişdir ki, bu hissədə iddia təmin edilə bilməz.

8. Məhkəmə iddiaçı tərəfindən rabitə xərclərinə görə vurulmuş ziyanın 300 manat dəyərində qiymətləndirməsini əsaslı saymamış və qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, iddiaçı tərəfindən poçt xidmətinə cəmi 11.95 manat xərc çəkilmişdir. Telefon danışıqlarının məsrəfi barədə sübutlar təqdim edilmədiyindən, məhkəmə mübahisənin xarakterini inzibati xəta üzrə icraat və məhkəmə icraatının prosessual qaydalarını nəzərə alaraq ümumilikdə rabitə xərclərinin əvəzi olaraq vurulmuş maddi ziyanın 20 manat qiymətləndirilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddia tələbinin dövlət orqanlarına gediş-gəliş məsrəfi kimi 560 manat tutulmasını da əsaslı saymamışdır. İddia ərizəsində iddiaçı Suraxanı Rayon Məhkəməsinə 7 dəfə, Binəqədi RPİ-yə 9 dəfə, Binəqədi Rayon Prokurorluğuna 12 dəfə getməsini qeyd etmiş, buna dair sübut isə yalnız onun izahatından ibarət olmuşdur. Məhkəmə sözügedən məsələ ilə bağlı konkret sübutun mövcud olmamasını və iddiaçının tələb etdiyi məbləğin real olmamaqla, həmin məbləğin hesablanmasının yalnız onun mülahizələrindən ibarət olmasını nəzərə alaraq hesab etmişdir ki, hüquqlarını qorumaq məqsədi ilə 7 dəfə (məhkəmə iclasında ifadə etdiyi izahına əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə 3 dəfə getmişdir, hazırkı icraat üzrə 4 dəfə gəlmişdir) Məhkəməyə gediş-gəliş üçün ümumilkidə 50 manat hesablanması ədalətli və ağlabatan olması qənaətinə gəlmişdir.

9. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçıya vurulmuş mənəvi zərərin məbləğinin ağlabatan və ədalətli sayılması üçün 200 manat məbləğində müəyyən olunmalıdır.

10. Müəyyən edilmiş məbləğın hansı mənbədən ödənilməsinə dair cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, polisin fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiyindən polis əməkdaşlarının qanuna zidd hərəkətləri nəticəsində vurulmuş ziyanın mənbəyi kimi “dövlət büdcəsinin vəsaiti” çıxış edir. “Azərbaycan Respublikası” dövlətin adıdır, bu ifadə ilə dövlət nəzərdə tutulur, dövlətin maliyyə sahəsində səlahiyyətlərini isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.

11. Məhkəmə öz mövqeyini “İnsan hüquqları haqqında Ümumi bəyannamənin 3-cü, 9-cu, Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü, 14.2-ci, 77-ci, 217-ci maddələrinə, “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci, 7-ci, 39-cu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarlarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin istinad etdiyi xx.xx.2023-cü il tarixli qətnaməni məhkəməyə o təqdim etmişdir. Bununla yanaşı əlavə olaraq, daha 2 qətnamə təqdim etmişdir. Təqdim etdiyi qətnamələrin hər 3-ü təzminat ödənişi ilə bağlı eyni mahiyyətli qətnamələrdir. Həmin qətnamələrin 2-sində həm mənəvi ziyanın, həm maddi ziyanın (dövlətin inzibati orqanlarına və məhkəməyə gedib-gəlmə xərci) ödənilməsi, həm poçt, teleqram, telefon, həm də çəkilmiş xərclərin (maddi ziyan) ödənilməsi, 3-cüsün də (hakim Nail Abbasovun özünün bundan əvvəl qəbul etdiyi qətnamə) isə yalnız mənəvi ziyanın ödənilməsi təmin edilmişdir (4.500 manat məbləğində). Lakin nədənsə hakim Nail Abbasov qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamədə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərildiyi kimi, “məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır” (səh.6, 1-ci abzas) göstərişinə istinad etsə də, ona əməl etməmişdir. Heç bir amili nəzərə almamış, yalnız təqdim etdiyi 3 ədəd qətnamənin içərisində ən az məbləğdə təzminat ödənilməsi qət edilən məbləğləri, hakim kimi daxili inamına əsaslanmayaraq, formal (şəxsi) mülahizələrə əsaslanıb azaldaraq “yeni” qətnamə qəbul etmişdir. Qeyd edir ki, ümumiyyətlə, bu cür iddialar üzrə qətnamə qəbul edilən zaman mənəvi zərərin ödənilməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsaslanma doğru deyil. O, məhkəməyə təsisçisi və direktoru olduğu MMC-nin 2024-cü il üçün mənfəət vergisinin bəyannaməsini və VÖEN-in surətini təqdim etmişdir. Təqdim etdiyi sənədlər onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının sübutudur. Əlavə olaraq məhkəmədə fəaliyyəti ilə bağlı izahat vermişdir. Məhkəmə tərəfindən bu halla bağlı ekspertiza təyin edilməli idi. 2024-cü il ərzində sahibkarlıq fəaliyyətinin nəticəsinə görə dövlət büdcəsinə mənfəət vergisi kimi 14.290 (11.000 + 3.290) manat məbləğində ödəniş etmişdir. Mənfəət vergisi göstəricisinin 20 % olduğu nəzərə alındığı təqdirdə belə nəticəyə gəlmək olur ki, o, 2024-cü il ərzində 71.450 manat, hər aya 5.954 manat məbləğində mənfəət əldə etmişdir. Tərtib edilmiş qanunsuz İXP-yə görə qəbul edilmiş əsassız inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və hüququnun müdafiəsi uğrunda sərf etdiyi 4 ay ərzində yaxşı işləyə bilməmiş, yaxşı işləyəcəyi halda aylıq mənfəəti 7.000-8.000 manat ola bilərdi. O, isə itirilmiş mənfəətin (əldən çımış fayda) əvəzi kimi hər aya 1.500 manatın ödənilməsini tələb edir. O, RPİ DYPŞ-nə 9 dəfə gedib-gəlmiş, ikincisi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə 3 dəfə yox, 7 dəfə gedib-gəlmiş (zaldakı audio-video cihaz yəqin ki, qeydə alıb), pul tələbi ilə bağlı elə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə 5-6 dəfə gedib-gəlmiş, iddia qaldırandan sonra Binəqədi Rayon prokurorluğuna əlavə olaraq 7 dəfə gedib-gəlmişdir. Məhkəmənin gedib-gəlmək üçün ümumilikdə 50 manat hesablanmasının ədalətli və ağlabatan hesab etməsini qəti şəkildə qəbul etmir. Hər dəfə gedib-gəlməyə 1,3 manat xərc düşür ki, bu da gülüncdür, avtobusla yalnız getməyə çatar, gəlməyə yox. Əlavə olaraq, bu cür xərcin sübutu yanacaq və sürtkü materiallarına çəkilən xərc qəbzlərindən ibarət olduğundan, 1 il əvvəlki yanacaq çekləri indiyə qalmır, solur, oxunmur, sürtkü materialına çəkilən xərcin sənədini də məhkəməyə təqdim etmiş, məhkəmə həmin sənədi qəbul etməmişdir.

14. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Bu səbəbdən sözügedən məhkəmə işinə cavabdeh qismində Maliyyə Nazirliyi deyil, pozuntunu törədən aidiyyəti orqan cəlb olunmalıdır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. Məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 200 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda hesab edirlər ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir (ona qarşı xüsusilə ağır cinayət törədildikdə - üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə - yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə - əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə - on bir manat). Məhkəmə tərəfindən iddiaçıya dəymiş maddi ziyanın əvəzi olaraq 71 manat məbləğində pul vəsaitinin ödənilməsi ağlabatan və ədalətli deyildir. İddia olunan zərərlə zənn edilən pozuntu arasında aydın səbəb-nəticə əlaqəsinin olması zəruri şərt olmasına baxmayaraq tərəflərindən mübahisələndirilən qətnamədə sadəcə dolayı sübutlara istinad edilərək səthi şəkildə araşdırma aparılmışdır. Məhkəmənin zərərə görə kompensasiya verməsinin məqsədi pozuntu nəticəsində baş vermiş faktiki zərərin əvəzinin iddiaçıya ödənilməsidir. Məhkəmə təcrübəsində adətən maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənir. Lakin iddiaçı tərəfindən ona dəymiş mənəvi ziyanla bağlı konkret sübutlar təqdim edilməmişdir. Bu baxımdan mənəvi ziyanın miqdarı ilə bağlı birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edirlər ki, məhkəmə tərəfindən iddiaçıya ödənilməli olan məbləğ bu kateqoriyadan olan işlər üzrə artıq formalaşmış məhkəmə təcrübəsinə uyğun deyil və həddən artıq yüksəkdir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı barəsində hər hansı cinayət işi başlanılmamış, həbs qətimkan tədbiri seçilməmiş, yalnız inzibati məsuliyyətə cəlb olunmuşdur. Bununla bağlı bildirilir ki, inzibati xəta işləri ilə bağlı analoji məhkəmə proseslərində mənəvi ziyanla bağlı iddia tələbləri rədd edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, cavabdehin apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi və üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, üçüncü şəxs X1 isə məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

22. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin 8-ci hissəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir; 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ inzibati xəta haqqında işə xitam verildikdə yaranır; 5-ci maddəsinin 5-ci hissəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir; 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir; 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir; 12-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur.

23. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.13-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

24. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

26. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının: 2-ci bəndində izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər; 4-cü bəndində qeyd edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir; 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir; 8-ci bəndində isə izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur; 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

28. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Apellyasiya şikayətində iddiaçı qətnamənin ləğv edilib, iddianın tam təmin edilməsini, cavabdeh isə qətnamənin ləğv edilib, iddianın rədd edilməsini xahiş etsə də, hüquqi nəticə etibarı ilə iddiaçı tərəfindən qətnamə iddianın təmin edilməyən, cavabdeh tərəfindən isə təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası iddiaçını dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Apellyasiya şikayətləri əsassızdır.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, Bakı şəhəri Binəqədi RPİ DYPŞ-nin YPX inspektoru X1 tərəfindən tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərara əsasən İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində töqsirli bilinərək, 60 manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(010)-3145/2024 saylı qərarı ilə iddiaçının şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Dövlət X11 iddiaçının Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilməsinə dair İXP ******* saylı, xx.xx.2024cü il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdır.

32. Hazırda iddiaçı daxili işlər orqanının əməkdaşının qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər vurulduğunu iddia edir, cavabdeh isə iddia tələbinin ona qarşı yönləndirilməsinin ümumiyyətlə qanunsuz olması mövqeyindən çıxış edir, həmçinin, maddi zərərlə bağlı sübutların olmamasını bildirir və mənəvi zərərin əvəzi kimi tutulan məbləği də yüksək hesab edir.

33. İddiaçının maddi zərərin tutulması ilə bağlı mövqeyi onun fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına, barəsində tərtib olunmuş inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi məqsədilə məhkəmə və hüquq mühafizə orqanlarına müraciət etməsinə, həmin orqanlara getməsinə və orada saatlarla vaxt keçirməsinə, nəticədə həmin müddət ərzində gəlirdən məhrum olmasına, habelə müraciətlər etməsinə və hüquq mühafizə orqanlarına gedib gəlməsinə görə pul vəsaiti sərf etməsinə söykənir.

34. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, barəsində tərtib edilmiş inzibati tənbehvermə haqqında qərar əsasında iddiaçı cərimə edilmiş, barəsində cəmiyyətdən təcrid olunması ilə bağlı başqa heç bir məhrumiyyət (inzibati həbs, müəyyən fəaliyyət məşğul olmasına qadağa və s.) tətbiq edilməmişdir. İddiaçı hazırda "xxxx" MMC-nin təkbaşına təsisçisidir, eyni zamanda, fərdi sahibkar kimi vergi orqanlarında qeydiyyata alınmışdır. Lakin həmin qərarın qüvvədə olduğu, habelə məhz həmin qərarın ləğv edilməsi istiqamətində iddiaçının tədbirlər gördüyü müddət ərzində onun sahibkarlıq fəaliyyətində maddi zərərə məruz qalması müəyyən edilmir. İddiaçının onun barəsində qəbul edilmiş qərarın ləğv etdirilməsinə sərf etdiyi vaxtın məşğul olduğu sahibkarlıq sahəsinə yönəldəcəyi halda nəinki konkret məbləğdə, hətta hər hansı məbləğdə gəlir əldə edə biləcəyini təsdiq edən hər hansı sübut mövcud deyil.

35. İddiaçının istinad etdiyi 4 aylıq müddət qeyd edilən qərarın qəbul edildiyi tarixdən (xx.xx.2024-cü il) onun məhkəmə qaydasında ləğv edildiyi (xx.xx.2024-cü il) tarixədək dövrü əhatə edən ümumi müddətdir. İddiaçı bütün bu müddət ərzində hər gününü bu məsələnin həllinə sərf etməyib, sərf etdiyi müddət ərzində gəlirdən məhrum olması barədə isə hər hansı sübut təqdim edilmir. Başqa sözlə, iddiaçı bir sahibkar, habelə cəmiyyət təsisçisi olaraq (təkbaşına təsisçi olduğu cəmiyyətin fəaliyyəti) həmin müddət ərzində hər hansı gəlir əldə etmişdirsə də, qeyd edilən məsələyə sərf etdiyi müddəti də həmin istiqamət üzrə sərf etdiyi halda, daha yüksək məbləğdə gəlir əldə etməsinin mümkün olduğu müəyyən edilmir. Ümumiyyətlə 2024-cü ilin digər ayları ilə müqayisədə göstərilən 4 ay ərzində iddiaçının gəlirlərində azalmanın olması aşkar deyil. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti üzrə bu tələblə bağlı irəli sürdüyü dəlilləri əsassız hesab edir.

36. Məhkəmə kollegiyası iş materiallarında olan sübutları nəzərdən keçirib, iddia tələbinin dövlət orqanlarına və məhkəməyə gedib-gəlməyə, habelə rabitədən (poçt, teleqram, telefon və sair) istifadəyə çəkilmiş xərcin əvəzi olaraq tutulmuş məbləğlə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və həmin məbləğin artırılması üçün də hər hansı əsas görmür. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti üzrə bu tələblərlə bağlı dəlillərini də əsassız hesab edir.

37. Məhkəmə kollegiyası vurulmuş mənəvi zərərin əvəzi olaraq, nəticə etibarı ilə iddiaçının xeyrinə pulun tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, buna uyğun olaraq, 200 manat məbləğində pul vəsaitinin ödənilməsini ağlabatan və ədalətli hesab edir. Həmin hissədə də məbləğin hər hansı formada dəyişdirilməsinə hər hansı əsas görmür.

38. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsində konkret halda zərərin əvəzinin Azərbaycan Respublikası tərəfindən ödənilməsi, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6cı maddəsində isə vurulmuş ziyanın ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi təsbit olunmuşdur.

39. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyana görə Azərbaycan Respublikası məsuliyyət daşıdığından və “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən dövlət büdcəsinin kassa icrasını təmin edən mərkəzi icra hakimiyyəti orqanı kimi Maliyyə Nazirliyi nəzərdə tutulduğundan, belə kateqoriyadan olan işlər üzrə dövlətin adından cavabdeh kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur.

40. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin belə kateqoriyadan olan işlərdə cavabdeh kimi cəlb olunması həmin dövlət orqanının delikt törədən şəxs kimi qəbul olunması anlamını vermir. Məhz bu səbəbdən də vurulmuş mənəvi zərərin əvəzinin Maliyyə Nazirliyindən deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyinin vasitəsi ilə ödənilməli olması qənaətinə gəlinir.

41. Məhkəmə kollegiyası mübahisənin mahiyyətini və apelyasiya şikayətinin məzmununu nəzərə alaraq onu da qeyd edir ki, bu kateqoriyadan olan işlərə baxılarkən ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməsi də məhkəmənin vəzifəsi deyildir.

42. Məhkəmə kollegiyası ödənilməli olan kompensasiya məbləği ilə bağlı cavabdehin apellyasiya şikayətində sərgilədiyi mövqelə bağlı onu da qeyd edir ki, cavabdehin əsaslandığı Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinin hazırkı işlə heç bir hüquqi bağlılığı yoxdur. Belə ki, həmin maddə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərər çəkmiş şəxsin kompensasiya almaq hüququnu və kompensasiyanın miqdarını müəyyən edir. Hazırkı işdə isə iddiaçı cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə görə deyil, qanunsuz olaraq inzibati qaydada cərimə olunması nəticəsində mənəvi ziyan çəkmişdir. Qeyd edilənlər də öz növbəsində cavabdehin apellyasiya şikayətinin əsassız olduğunu təsdiq edir.

43. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas yaratmır. Bu səbəbdən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

44. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın təmin edilən hissəsində qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi qətnamədən kassasiya şikayəti verə bilməz.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-2715/2025 saylı qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar