Məhkəmə qərarları › İş №2(103)-5845/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5845/2022

13.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5845/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Mehdiyev Emin Əlixan oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-248/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı, eləcə də "xxxx" MMC-yə və "xxxx" ASC, Bakı şəhəri üzrə İxtisaslaşdırılmış "xxxx" MMC üçüncü şəxslər qismində cəlb edilməklə qiymətləndirmə hesabatının və protokolun etibarsız hesab edilməsi və əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi və ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən 2013-cü il buraxılışlı, ağ mirvari rəngli, Kia Cerato markalı, 90-VR- 826 dövlət nömrə nişanlı avtomaşına dair verilən əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi, Bakı şəhəri üzrə İxtisaslaşdırılmış "xxxx" MMC-də açıq hərracda keçirilən həmin avtomaşının satılmasına dair xx.xx.2017-ci il tarixli, 10/09 saylı protokolun etibarsız hesab edilməsi və həmin avtomobilinin yenidən qiymətləndirilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-248/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi V.Qaracayev apellyasiya şikayəti ilə razılaşmayaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası üçüncü şəxin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, qətnamə ləğv edilməli və mülki iş aidiyyəti üzrə baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, İddiaçı hazırkı iddia ərizəsindən məlum olur ki, o, məhkəməyə təqdim etdiyi ərizəsində cavabdeh kimi Cavabdeh göstərmiş, onu cavabdeh müəyyən etmişdir. MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Prosessual qanunvericiliyin ümumi prinsipinə əsasən aidiyyət qaydalarının dəyişdirilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Kollegiya qeyd edir ki, hazırkı halda iddia ərizəsi aidiyyyət qaydaların uyğun olaraq, Sabunçu Rayon Məhkəməsinə verilsə də, sonradan Sabunçu Rayon Məhkəməsi tərəfindən 2(008)-4271/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadla Nərimanov Rayon Məhkəməsinə göndərilmiş, həmin rayon məhkəməsi də prosessual qanunvericiliyin müəyyən etdiyi (maddə 44.1 və maddə 45.4.) tələblərə əməl etmədən, ərazi aidiyyətinin aşkar pozulmasına əhəmiyyət verməmiş, bununla da ərazi aidiyyəti ilə bağlı prosessual hüquq normalarının tələbləri pozulmaqla hazırkı işə baxılmışdır. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, Sabunçu Rayon Məhkəməsinin hazırkı mülki işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair qərardadının mübahisələndirilməməsi, eləcə də işin göndərildiyi rayon məhkəməsi tərəfindən fikir ayrılığı yaratmaması apellyasiya instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə işin ərazi üzrə aid olduğu rayon məhkəməsinə göndərilməsinə dair qərar qəbul etməsinə əngəl deyildir. Çünki yuxarıda da istinad olunan MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Nəzərdən qaçırmaq olmaz ki, qanunun bu tələbi imperativ xarakter daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən, işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 2(005)-248/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin, mülki iş aidiyyəti üzrə baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Emin Mehdiyev Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar