Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5848/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əşyanın geri qaytarılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 avqust 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1 və cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, qiyməti 3.859,48 manat olan və ona məxsus olan “İphone 14 Pro 128 GB BL Space Black” markalı smartfonun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı həmin smartfonu xx.xx.2023-cü il tarixdə "xxxx" mağazasından dəyərini hissə-hissə (24 ay müddətinə) ödəmək şərti ilə 1 illik zəmanətlə almışdır. İddiaçı, cavabdeh ilə qeyri-rəsmi nikah münasibətində olduğu zaman cavabdehə məxsus smartfon istifadəyə yararsız vəziyyətə düşmüş və iddiaçı bunu nəzərə alaraq özü üçün aldığı smartfonu müvəqqəti istifadə üçün cavabdehə vermişdir. Lakin cavabdehlə münasibətləri pozulmuş və smartfon cavabdehin istifadəsində qalmışdır. İddiaçı, smartfonun qaytarılmasını cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh smartfonu qaytarmamışdır. Bununla bağlı iddiaçı xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə müraciət edərək smartfonun İMEİ kodunun bağlanmasını xahiş etmişdir. Cavabdeh həm Azərbaycan Respublikasının, həm Rusiya Federasiyasının, həm də X2 vətəndaşı olaraq ölkə hüdudlarından kənara çıxması və smartfonu da özü ilə aparması ehtimalı böyükdür. Cavabdeh smartfonun kredit öhdəliyinin adına rəsmiləşdirilməsi təklifini də qəbul etmir. Bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddiaya etirazı barədə məlumat
3. İş üzrə cavabdehin vəkili (nümayəndəsi) iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, tərəflər qeyri-rəsmi, lakin faktiki nikah münasibətində olduğu zaman iddiaçı smartfonu cavabdeh üçün almış və cavabdehə hədiyyə etmişdir. Smartfon 2024-cü ilin yanvar ayında cavabdeh tərəfindən ABŞ-a getməzdən əvvəl satılmış və bu satışdan iddiaçının məlumatı olmuş və etirazı olmamışdır. Cavabdeh, ABŞ-dan qayıtdıqdan sonra tərəflər ər-arvad münasibətlərini davam etdirmişlər. 2024-cü ilin fevral ayının sonlarında tərəflər arasında dava-dalaş baş vermiş və bunun nəticəsində iddiaçı cavabdehə xəsarət yetirmişdir. Bununla bağlı cavabdeh, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin “102” Qaynar xəttinə zəng edərək olanlar barədə məlumat vermişdir. Artıq 2024-cü ilin mart ayından tərəflər arasında münasibətlər pozulmuş və onlar kirayəyə götürdükləri mənzili geri qaytarmışlar. İiddiaçının bağışladığı əşyanı onu cavabdehə verdikdən 9 ay sonra geri tələb etməsi qəbuledilməzdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi qəbul etmiş olduğu xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olmadan ər-arvad münasibətində olması, onların birgə yaşadıqları və birgə təsərrüfat aparmaları müddətində iddiaçının həmin smartfonun onun tərəfindən iddiaçıya verilməsi işin mübahisəsiz halıdır. İddiaçı bildirir ki, o, həmin smartfonu cavabdehə müvəqqəti istifadə üçün vermişdir. Cavabdeh isə bildirir ki, iddiaçı həmin smartfonu ona hədiyyə vermişdir. Smartfonunun iddiaçı tərəfindən cavabdehə verilməsi zamanı onların rəsmi nikaha daxil olmadan ər-arvad münasibətində olmaları, onların birgə yaşamaları və birgə təsərrüfat aparmaları nəzərə alındıqda müəyyən edilir ki, smartfonun hədiyyə deyil, müvəqqəti istifadə üçün cavabdehə verilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür, lakin o, bu halı təsdiq edə biləcək sübutları təqdim etməmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilərək, rədd edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
7. İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və onların verdikləri izahatlar barədə məlumat
8. Apellyasiya baxışının iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
9. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış BL970855 saylı, xx.xx.2023cü il tarixli “Alğı-satqı” müqaviləsindən, “Müqaviləyə 1 saylı əlavədən” və işdə olan digər sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsində qeyd edilən və qiyməti 3.859,48 manat olan smartfonu, onun dəyərinin 24 ay müddətində hissə-hissə ödənilməsi şərti ilə MMCdən almışdır.
12. İş üzrə tərəflərin məhkəmələrə verdikləri şifahi və yazlı məlumatlardan bəlli olur və tərəflər arasında mübahisə doğurmur ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olmadan ər-arvad münasibətində olmuşlar. Onların birgə yaşadıqları və birgə təsərrüfat aparmaları müddətində iddiaçı həmin smartfonu iddiaçıya vermişdir.
13. Yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçı bildirir ki, o, həmin smartfonu cavabdehə müvəqqəti istifadə üçün vermişdir. Cavabdeh isə bildirir ki, iddiaçı həmin smartfonu ona hədiyyə vermişdir.
14. İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, MMC-dən xx.xx.2023-cü il tarixdə aldığı smartfonun “İMEİ kodunun” bağlanmasını xahiş etmişdir.
15. İş üzrə tərəflərin məhkəmələrə verdikləri şifahi və yazlı məlumatlardan bəlli olur və tərəflər arasında mübahisə doğurmur ki, iddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış “İMEİ kodunun” bağlanması barədə xx.xx.2024-cü il tarixdə ərizə verilən zaman iş üzrə tərəflərin münasibətləri təxminən 2 ay əvvəl artıq pozulmuşdur və hətta cavabdeh iddiaçıdan polisə də şikayət etmişdir. Yalnız tərəflər arasında münasibət pozulduqdan sonra iddiaçı cavabdehdən telefonu geri tələb etməyə başlamışdır.
16. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər (maddə 732.). Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur (maddə 736.1.). Əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər (maddə 736.2.). Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər (maddə 736.3.).
18. Bundan başqa qeyd edilməlidir ki, Mülki Məcəllənin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1.).
19. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin tələblərinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər (maddə 152.5.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.).
20. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən işin müəyyən edilmiş və yuxarıda qeyd edilmiş hallarına yanaşdıqda müəyyən edilir ki, iddiaçı, ona məxsus və onun tərəfindən cavabdehə verilmiş smartfonun cavabdehdən alınaraq ona qaytarılmasını tələb edirsə, o, sübuta yetirməlidir ki smartfon onun mülkiyyətindən çıxmamış və cavabdehin mülkiyyətinə keçməmiş, smartfon onun tərəfindən cavabdehə məhz müvəqqəti və əvəzsiz olaraq istifadəyə verilmişdir. Lakin o, bu halı sübuta yetirə bilmir. Belə olan halda hesab edilməlidir iddia əsassızdır və işə baxmış Rayon Məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. g) apellyasiya baxışının nəticəsi
21. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
22. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
23. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Apellyasiya şikayəti təmin edilmədiyindən, onun verilməsi üçün ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə iddiaçının özünə aid edilməlidir.
25. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki hazırkı iş üzrə mübahisə predmeti olan smartfonun qiyməti 3.859,48 manatdır. MPM-in 402-ci maddəsinin mənasına görə isə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
26. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 avqust 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.