Məhkəmə qərarları › İş №2(103)-5858/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5858/2023

26.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5858/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (X6, X7 və X8 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: yaşayış sahəsinə köçürülmə) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X9, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X2 və X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X6, X7 və X8 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)-1336/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində yerləşən 80,10 kv.m. sahəsi olan 26 saylı fərdi yaşayış evi İddiaçı (xx.xx.2019-cu il, 38/80), Cavabdeh (xx.xx.2020-ci il, 14/80) və üçüncü şəxslər X4 (xx.xx.2020-ci il, 3/80), X5 (xx.xx.2020-ci il, 11/80) və X2 (xx.xx.2020-ci il, 11/80) ümumi paylı mülkiyyətindədir. XXX Gülnisa Novruz qızının 3/80 hissədə payı isə açıq saxlanmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, onun ünvan 1 evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahış etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən **********73-10301 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alaraq 38/80 hissədə paylı mülkiyyət hüququ əldə etmişdir. Hazırda paylı mülkiyyətçilərdən biri olan cavadeh Cavabdeh həmin evdə öz ailə üzvləri ilə birlikdə yaşayır və onun həmin evdən mülkiyyətçi kimi istifadə etməyinə suni maneələr yaradır, heç bir səbəb olmadan həmin evdə yaşamağına icazə vermir. Onun mülkiyyətçi kimi həmin evdən istifadə etmək və evə dair sərəncam vermək hüququndan istifadəsinə məhdudiyyət yaradır. Bununla bağlı o, dəfələrlə mülkiyyətində olan mənzilə köçmək istəsə də, cavabdeh ciddi cəhdlə buna mane olmuşdur. Nəticədə məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

4. Cavabdeh iddiaya qarşı yazılı ərizə təqdim edərək, bildirmişdir ki, mübahisəli ev mülkiyyət hüququ ilə onun anası Gülnisa Novruz qızına məxsus olmuşdur. İddiaçı 1994cü ildə ailə həyatı quraraq Gəncə şəhərinə köçmüşdür. Lakin onun həyat yoldaşı sonradan azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və iddiaçı tək qalmaması üçün mübahisəli evə gətirilmişdir. Hazırda iddiaçı ümumi evdən əlavə tikilmiş tikilidə yaşayır. Mübahisəli evdə isə daim onun ailəsi və anası yaşamışdır. Bir müddət sonra bacısı X8 həyat yoldaşından boşanmış və o da həyətdə yerləşdirilmişdir. Sonradan nikahı pozulmuş digər bacısı X6 da həmin həyətə köçmüşdür. Lakin bu hal iddiaçıya xoş gəlməmiş, nəticədə bacılarının arasında mübahisə yaranmışdır. Bir müddət sonra bacıları Nailə və Səbinə onun köməkliyi ilə həyətin digər tərəfində bir otaq tikdirib, oraya köçmüşdülər. Hazırda iddiaçının yaşadığı tikilidə qaz, su, işıq, rabitə və kanalizasiya sistemi, habelə ayrı giriş-çıxışı var. Tikili bir neçə otaqdan ibarətdir. Bu bölgü hələ onun anasının sağlığında aparılmışdır. Əgər iddiaçı öz yaşadığı yerdən əlavə onun yaşadığı evin 80/38 hissəsinə də yiyələnmək istəyirsə, o zaman yaşadığı tikili sökülməli və ümumi istifadəyə verilməlidir.

5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)- 1336/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ünvan 1 mənzilə köçürülməsi qət edilmişdir. (hakim X12)

6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, hazırki tələb üzrə iddiaçının mübahisəli mənzilə dair 38/80-hissədə mülkiyyət hüququ olduğundan həmin paydan istifadə ilə bağlı subyektiv hüququ vardır, həmin əmlaka sahibliyini itirmiş mülkiyyətçidir, sahiblikdən məhrum edilmişdir və ona məxsus pay hazırda faktiki olaraq cavabdehin istifadəsindədir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulduğundan, onun evə köçürülməsinə dair iddiası təmin edilərək, İddiaçı ünvan 1 ünvanında olan evə köçürülməlidir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 33cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 157-ci, 215-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokoluna, “Broniovski Polşaya qarşı” işdə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini iddia qarşı etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, bu illər ərzində mübahisəli evin qapıpəncərəsi, tavanı və döşəməsi çürümüş, otaqların divarlarının suvağı keyfiyyətini itirmiş, uçularaq yerə tökülmüşdür. O, bütün bacıların razılığı ilə borc götürərək həmin evi də təmir etdirmişdir. Hazırda ünvanları eyni olsa da, həmin həyətdə ayrı-ayrı vərəsələrə məxsus bir neçə tikili mövcuddur. Hər kəs öz payına münasib hissədə öz ailəsi ilə birlikdə bütün kommunal xətlər ayrıca olmaqla yaşayırlar. Hesab edir ki, iddiaçının tamahı güc gəldiyindən digər vərəsələrin də payından özünə almaq istəyir. Məhkəmə iddiaçının mübahisəli evə 38/80 hissədə paylı mülkiyyət hüququna işin faktiki hallarına uyğun olmayan hüquqi qiymət vermişdir. Qeyd edilən mübahisəli ev tərəflərin anası olan Gülnisa Novruz qızına məxsus olmuş və o, sağlığında həmin evlə eyni həyətdə tikilmiş digər evləri (otaqları) qızlarına vəsiyyət etmişdir. Onun ölümündən sonra hər bir vərəsə özünə məxsus payı qəbul etməklə, özlərinə aid olan hissədə yaşamağı davam etdirmişlər. Bununla bağlı məhkəmə qətnaməsi mövcuddur. O, hətta həmin yaşayış evinə baxış keçirilməsi ilə bağlı dəfələrlə vəsatət vermiş, ekspertizanın keçirilməsini tələb etmişdir. Amma məhkəmə işi hərtərəfli araşdırmaqda maraqlı olmamışdır. İşin halını tam əks etdirməyən sənədlərə əsaslanaraq iş üzrə yekun nəticə vermişdir. Məhkəmə araşdırma apararkən iddiaçının həmin ünvana köçürülməsini qət etmiş, onun həmin ünvanda hansı tikiliyə köçürüləcəyini qeyd etməmişdir. Bunu müəyyən etmək üçün isə məhkəmə tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilməli və mövcud real vəziyyət yerində müəyyən edilməli idi. O, məhkəmə iclaslarında məhkəməyə tərəflərin qaz, işıq və digər kommunal sistemlərinin, habelə həyətə giriş-çıxışlarının tamamilə ayrı olması barədə məlumat vermiş və iddiaçı bunu inkar etməmişdir. Lakin məhkəmə bu halı da nəzərə almamışdır. Bunun nəticəsində də qeyri-dəqiq və əsassız qətnamə qəbul edilmişdir. İddiaçı ona mülkiyyətçi kimi evdən istifadə və sərəncam hüquqlarını həyata keçirməsində onun tərəfindən icazə verilmədiyini bildirsə də, bunun nədə ifadə olunduğunu bildirməmiş və bu halın mövcudluğunu məhkəmədə sübut edə bilməmişdir. Məhkəmənin isə heç bir mötəbər sübut olmadan iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulması və onun həyata keçirməsinə maneələr olması qənaətinə gəlməsi əsassız və qanunsuzdur. Həmçinin mübahisə predmeti olan əmlak paylı mülkiyyətdə olduğundan və mülki qanunvericiliyə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirildiyindən, iddiaçının pay hüququ olduğu əmlakda digər mülikiyyətçilər nəzərə almadan təkbaşına mülkiyyət hüquqlarını həyata keçirmək niyyəti ağlabatan deyildir. İddiaçının isə bu niyyətinin həyata keçirməsinin mümkünsüzlüyünü istifadə və sərəncam hüququnu həyata keçirməsində onun tərəfindən maneə yaradılması kimi qələmə verməsi əsassız və qanunsuzdur. Məhkəmə yerli baxış və ya ekspertiza keçirmədən, payların naturada bölünməsinin mümkünlüyünü araşdırmadan iddiaçıya məxsus payın onun istifadəsində olmasını qeyd etməsi də qətnamənin əsassız və qanunsuz olduğununun göstəcisidir. Belə ki, mübahisəli mənzil tək onun istifadəsində deyil və həmin mənzildə digər 3 ailə yaşayır. Məhkəmə həmin şəxsləri də üçüncü şəxslər kimi cəlb etməli idi. Beləliklə, məhkəmə tərəfindən gələcəkdə icrası mümkün olmayan qeyri-dəqiq və əsassız qətnamə qəbul edilmişdir. Onun də qeyd edilən əmlaka pay hüququnun olması və digər paylı mülkiyyətçilər kimi qabaqcadan müəyyən edilmiş ona aid hissədə ailəsi ilə birlikdə yaşaması, iddiaçının cavabdehin və digər bacılarının payını ələ keçirmək niyyəti ilə belə bir əsassız iddia qaldırması məhkəmə tərəfindən nəzərə alınmamışdir. O, qeyd edilən əmlaka öz pay hüququ əsasında sahiblik etməklə mülkiyyət hüququnu həyata keçirir və digər payçıların mülkiyyət hüquqlarını həyata keçirməsinə heç bir maneə yaratmır. Hazırki işdə görünür ki, tərəflərin mübahisəli əmlakda payları mövcuddur. Yəni cavabdeh özgə şəxs deyil, əmlakın paylı mülkiyyətçilərindən biridir. Həmçinin əmlak üzərində mülkiyyət hüquqlarını həyata keçirərkən digər payı olan şəxslərin hüquqlarını pozmur. Məhkəmə qərar qəbul edərkən əmlakın paylı mülkiyyətdə olmasını və onun da mülkiyyətçi olmasını nəzərə almamışdır. Mübahisəli ünvanda tərəflərlə birgə, digər paylı mülkiyyət sahibləri də vardır. Hazırki işdə tərəflərin su, işıq, qaz və telekomunikasiya xətlərinin və onlara aid hissələrə giriş və çıxışlarının tamamilə ayrı olmasından paylı mülkiyyətdə olan əmlakın mülkiyyətçilər arasında faktiki bölünməsi ilə bağlı razılaşma olduğu aydın olur. Lakin məhkəmə bu hala nəzər yetirməmişdir. Məhkəmə təqdim edilmiş sübutlardan yalnız iddiaçının sübutlarını araşdıraraq onlardan istifadə etmişdir. İddiaçı tərəf məhkəməyə təqdim etdiyi iddia ərizəsində və izahatlarında istinad etdiyi halları sübut edə bilməsə də, məhkəmə onlara əsasən qətnamə qəbul etmişdir. Bu səbəbdən də məhkəmə iddiaçının evə köçürülməsi barədə qəbul edilmiş qətnaməni kifayət qədər əsaslandıra bilməmişdir. Halbuki verilmiş vəsatətləri təmin etməklə yerində baxışa gedib, məhkəmə ekspertizası keçirib, əsaslı və qanuni qətnamə qəbul edə bilərdi. Qətnamədən və apellyasiya şikayətinin dəlillərindən də aydın olur ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılmamış, bu hallar sübut olunmamış və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlməmişdir. İddiaçı tərəfin izahatları məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və məhkəmə iddiaçı tərəfin izahatlarına münasibətdə obyektivlik və qərəzsizlik nümayiş etdirə bilməmişdir. Halbuki bu izahatlar iş üzrə digər sübutlarla birlikdə yoxlanılaraq qiymətləndirilməli idi. Lakin məhkəmə onun təqdim etdiyi arqumentlərini və iddiaçının etiraf etdiyi halları nəzərə almamışdır. Həmin əmlakın texniki pasportundan da görünür ki, A, B və V tikililərindən ibarətdir və onun digər qardaşı və bacısı öz vərəsəlik payından imtina etdiklərinə görə onun payı digərlərinə nisbətdə çoxalmışdır. Təqdim edilən sübutlar iddia tələbinin əsassız olmasını təsdiq etsə də, məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, qeyd etmişdir ki, onun mübahisəli mənzilə 38/80 hissədə pay hüququ olduğundan həmin paydan istifadə ilə bağlı subyektiv hüququ vardır, o, həmin əmlaka münasibətdə sahibliyini itirmiş mülkiyyətçidir. Ona məxsus pay hazırda cavabdehin istifadəsindədir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi məsələnin iddia predmeti ilə heç bir əlaqəsi yoxdur. Cavabdeh ailə-məişət məsələlərinə məhkəmənin diqqətini çəkməklə iddianın təmin edilməməsinə nail olmaq istəyir. Anasının ona vermiş olduğu vəsiyyətnamə üzrə aralarında uzun müddətli məhkəmə çəkişməsi olmuş və **********73-10301 nömrəli reyestr çıxarışında qeyd olunduğu paylar üzrə qətnamə çıxarılmışdır. Cavabdeh özü də məhkəmə iclasında etiraf etmişdir ki, ailəsi ilə birlikdə həmin mənzildə yaşayır və verilmiş suallara cavab olaraq bildirmişdir ki, iddiaçı orda yaşaya bilməz. Cavabdeh onun həmin mənzilə köçərək yaşamasına maneəçilik yaratmış və digər payçıların da həmin evdə paylarına uyğun yaşamalarına maneəçilik törətmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməlidir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onlar həmin sahənin texniki pasportunu təqdim etmişdilər. Həmin yerdə 3 ədəd tikili var və hamısı tikiliyə daxildir. Tərəflər öz aralarında bölgü etmişdilər və hər kəsin ayrıca kommunal sayğacları var. Nailə və Səbinə birgə, iddiaçı isə ayrı yaşayır. Cavabdeh də öz ailəsi ilə ayrı yaşayır. Bu halı müəyyən etmək üçün yerində müayinə keçirilməli və ya tikinti-texniki ekspertiza keçirilməlidir. Texniki pasportda olan “A”, “B” və “V” tikilisi mübahisəli 80 kv.m. daxildir. Halbuki, bütün tikililəri hesablayanda 80 kv.m. əmələ gəlmir. İddiaçının mübahisəli evə köçürülməsi qeyri-mümkündür. Onun yaşayış yeri mövcuddur. Ümumiyyətlə 80 kv.m. ölçüdə sahə mövcud deyil. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin və apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X7 hazırda mübahisəli evdə və ya onun həyətində yaşamadığını, digər bacısı X5 da başqa ünvanda yaşadığını, cavabdehin onlara həmin həyətdə yaşamağa imkan vermədiyini, iddiaçının isə hazırda həmin evin həyətində yerləşən tikilidə yaşadığını və bu tikilinin çıxarışda göstərilən 80 kv.m. sahəsi olan evə hər hansı aidiyyətinin olmadığını bildirmişdir.

15. Məhkəmə kollegiyasının təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X6 hazırda mübahisəli evin həyətində yerləşən bir otaqlı tikilidə yaşadığını, həmin tikilini qardaşının köməkliyi ilə düzəldiyini, iddiaçının həyətdə yerləşən 3 otaqlı tikilidə qaldığını, bu tikililərin 80 kv.m. ölçüdə olan mübahisəli tikiliyə daxil olmadığını bildirmişdir.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X8 hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə bu üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6-cı maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərinə aid edilmişdir; 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirirb, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı, cavabdeh və üçüncü şəxslər bacı-qardaşdır. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində yerləşən 80,10 kv.m. sahəsi olan 26 saylı fərdi yaşayış evi onların ümumi paylı mülkiyyətindədir və ölçü (sahə) etibarı ilə iddiaçı digər payçılara münasibətdə daha cox payın mülkiyyətçisidir. İddiaçı mübahisəli fərdi yaşayış evinin həyətində yerləşən tikilidə yaşayır. Həmin tikili mülkiyyət kimi dövlət qeydiyyatına alınmamış, o cümlədən onun mübahisəli fərdi yaşayış evinin tərkib hissəsi olması, yəni dövlət reyestrində göstərilən 80,10 kv.m. sahəyə daxil olması müəyyən edilmir. Eyni zamanda, ümumi paylı mülkiyyətdə olan mübahisəli fərdi yaşayış evinin paylara uyğun naturada bölgüsü aparılmamış, habelə cavabdehin istinad etdiyi “A”, “B” və “V” tikilisi çıxarışda öz əksini tapmamışdır.

24. İddiaçının da mülkiyyətçi olduğu mübahisəli fərdi yaşayış evində hazırda öz ailəsi ilə birlikdə cavabdeh yaşayır. Cavabdeh bu halı həm iddiaya qarşı yazılı izahatda, həm də apellyasiya şikayətində etiraf edir. Belə ki, cavabdehin həmin sənədlər üzrə konkret fikirləri, o cümlədən “əgər İddiaçı öz yaşadığı yerdən əlavə bizim yaşadığımız yerin 80/38 yiyələnmək istəyirsə, o zaman yaşadığı yer sökülüb ümumi istifadəyə verilməlidir” cümləsi məhz bu qənaətə gəlməyə əsas verir, eyni zamanda, onun iddiaçının hazırda yaşadığı tikilinin mübahisəli evin sahəsinə daxil olması barədə dəlillərinin əsassız olmasını təsdiq edir.

25. Bununla belə, mübahisəli fərdi yaşayış evi mülkiyyət kimi dövlət qeydiyyatına alınmışdır və onun ümumi sahəsi 80,10 kv.m-dir. Həmin sahənin 38/80 hissəsi məhz iddiaçının mülkiyyətindədir. Nəticə etibarı ilə onun mülkiyyətində olan sahə digər 4 payçının, o cümlədən cavabdehin mülkiyyətində olan hissənin ümumi ölçüsü (14 + 3 + 11 + 11 = 39/80) ilə eynilik təşkil edir.

26. Hüquqi nəticə etibarı ilə iddiaçının paylı mülkiyyətində olan evdən maneəsiz istifadə və ona sahiblik etmək imkanı bu mənzilin digər paylı mülkiyyətçisi olan cavabdehin hüquqazidd hərəkətləri ilə məhdudlaşdırılmış, bununla da iddiaçının öz əmlakından maneəsiz istifadəsinə və sahibliyinə müdaxilə baş vermiş, nəticədə iddiaçı mülkiyyətçi olaraq bu əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri etmək hüququndan məhrum edilmişdir. Bu səbəbdən iddiaçıların mülkiyyətçi olaraq pozulmuş hüquqları bərpa edilməli, bu məqsədlə onun həmin mənzilə köçürülməsi təmin edilməlidir.

27. İddiaçının həmin fərdi yaşayış evinin həyətində olan tikilidə maneəsiz yaşaması, o cümlədən həmin tikilinin bütün kommunal xidmətlərlə təchiz edilməsi iddiaçının bir mülkiyyətçi kimi öz mülkiyyət hüquqlarını həyata keçirməsinə, o cümlədən bu hüququn təminatı olaraq evə köçürülməsinə əngəl törədən hal kimi qiymətləndirilə və qəbul edilə bilməz.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. İş üzrə yerində müayinənin keçirilməsinə, habelə məhkəmə tikinti-texniki ekspertizanın təyin edilməsinə hər hansı hüquqi zərurət yoxdur. Birinci instansiya məhkəməsi haqlı olaraq, iddiaçını paylı mülkiyyətçisi olduğu fərdi yaşayış evinə köçürmüşdür. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)- 1336/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar