Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5861/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2021-cı il tarixli, 2(006)-344/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən ona vurulmuş maddi zərərə görə 17.500 manat və vəkilin xidmətinə görə ödənilmiş 200 manat pulun və mənəvi zərərə görə 2000 manat məbləğində pulun tutularaq onun nəfinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus "Mercedes E-270" markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirməklə bağlı 11.09.2017-ci il tarixdə Binəqədi rayonu, K.Rəhimov 31a ünvanda yerləşən və Cavabdeh məxsus olan "Dərnəgül Servis"ə aparmış, servisin işçisi Kamal adlı usta avtomobilə baxış keçirərək 300 manat xərcinin olmasını bildirmişdir. Həmin vaxt tələb edilən məbləğ tərəfindən servisə ödənilmiş və usta saat 5-də gəlib avtomobili aparmağı bildirmişdir. O, 11.09.2017-ci il tarixdə saat 5 radələrində servisə gələrək maşını təhvil almaq istədikdə usta bildirdi ki, 2-3 hissədə nasazlıq var, ona görə də avtomobil servisdə qalmalıdır və sabah gəlib aparmağımı bildirmişdir. Səhəri gün axşam saat 12 radələrində bildirmişdir ki, avtomobildə qısa qapanma baş verib və saat 01 radələrində bildirmişdir ki, avtomobil yanıb, avtomobilin qabaq hissəsindən alov tutub bütöv yanaraq tam yararsız hala düşmüşdür. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən avtomobil söndürülmüş və şifahi bildirdiklərinə görə avtomobilin çöl tərəfdən alovlanaraq yanmışdır. 29.09.2017-ci il tarixdə yanğın haqqında akt tərtib edilmişdir. Qeyd olunmalıdır ki, avtomobil söndürüldükdən sonra yük yerinin işığı yanırdı və qısa qapanma olsaydı avtomobilin enerji təchizatı tamamilə çökmüş olardı, heç bir işıq yanmazdı. Cavabdeh tərəfindən təklif oldu ki, avtomobili sıfırdan yığaq, 60 faiz onlar, 40 faiz onun tərəfindən ödənilmək şərti ilə. Avtomobilə 8000 manatlıq hissə alınıb və təmir olunmasına 9500 manat pul xərclənib, ümumilikdə 17500 manat xərc çəkilib. Avtomobilin hissələri ordan burdan yığılma hissələrdir və gələcəkdə avtomobilin tam yararlı olması mümkün deyildir, avtomobil yanmış vəziyyətdə olduğu halda hal-hazırda servisin həyətindədir. Yenidən xərc çəkməyinə baxmayaraq avtomobil yararlı hala salınmamışdır. AR FHN Əməliyyat-istintaq İdarəsi tərəfindən 31.01.2018-ci il tarixdə "cinayət işinin başlanılmasının rədd edilməsi haqqında" qərar çıxarılmışdır, belə ki, həmin vaxt cavabdeh tərəf avtomobili tam yararlı hala salaraq ona təhvil verəcəyi barədə vəd vermiş və o, da onlara inanaraq hadisə ilə əlaqədar şikayətinin olmadığını bildirmişdir. Lakin sonda yanıldığını anlamış, cavabdeh tərəf verdiyi sözə əməl etməmişdir. O, dəfələrlə cavabdeh tərəfə müraciət edərək avtomobilin tam yararlı hala salınaraq ona təhvil verilməsini və ya vurulmuş maddi zərəri ödəmələrini tələb etmiş, lakin cavabdeh tərəf buna əhəmiyyət verməmişdir. Cavabdehin təqsiri ucbatından o, xeyli miqdarda maddi ziyana məruz qalmış, avtomobildən məhrum olmuş, cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanın əvəzi olaraq 17.500 manat məbləğində pul tutularaq ona ödənilməlidir. Həmçinin, o, hüquqi yardım göstərilməsi ilə bağlı 11 saylı Vəkil Bürosu ilə 01.08.2018-ci il tarixdə müqavilə bağlamış və 200 manat məbləğində pul köçürmüşdür. Bu vəsait də cavabdehdən tutularaq ona ödənilməlidir. Qeyd olunmalıdır ki, o, bu hadisə ilə bağlı dəfələrlə əsəb gərginliyi keçirmiş, nəticədə çox ciddi stress və əsəb gərginliyi baş vermişdir, avtomobilin sıradan çıxması, xeyli miqdarda maddi zərərə məruz qalmağı və avtomobildən istifadə edə bilməməyi səbəbindən sarsıntı keçirmiş, mənəvi zərərə məruz qalmış və sağlamlığı pozulmuşdur. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 2000 manat məbləğində dəyərləndirir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2021-cı il tarixli, 2(006)-344/2021 saylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh maddi zərərə görə 17500 (on yeddi min beş yüz) manat və vəkilin xidmətinə görə ödənilmiş 200 (iki yüz) manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edimişdir. Qətnaməsdən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, mülki iş araşdırılan zaman prosessual hüquq normalarının tələbləri pozularaq iştrakı təmin edilməmişdir. Həmçinin birinci instansiya məhkəməsi mülki işi tam, hərtərəfli araşdırmamış və hətta iddiaçının təqdim etdiyi sübutlara düzgün qiymət verməmişdir. Belə ki, mülki iş materiallarından da göründüyü kimi, birinci instansiya məhkəməsi işə bir tərəfli qaydada yalnız, iddiaçının təqdim etdiyi natamam sübutlar əsasında baxaraq qətnamə qəbul etmişdir. Eyni zamanda qətnamə qəbul edilərkən müqavilə bağlanandan sonra tərəflər arasındakı münasibətlərin davam edib-etməməsi, öhdəliklərin icra edilib-edilməməsi məhkəmə tərəfindən tam, hərtərəfli araşdırılmayıb. Belə ki, X10 ilə 15 fevral 2017-ci il tarixdə İcarə müqaviləsi bağlanmışdır. Müqavilənin 11-ci bəndinə əsasən icarə obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunması vəzifələri “İcarəçi” tərəfindən həyata keçirilir. Odur ki, vurulmuş maddi ziyanın ondan tələb edilməsi əsassızdır. İş materiallarına əlavə edilmiş İcarə muqaviləsindən də aydın görünürki, o obyekti icarəçiyə icarəyə vermişdir. Azərbaycan Respublikası FHN Əməliyyat İstintaq İdarəsi tərəfindən 31 yanvar 2018-ci il tarixli “Cinayət işinin başlanılmasınm rədd edilməsi haqqında” qərarda izahatı alınmış İddiaçı hadisə ilə əlaqədar şikayətinin olmadığını qeyd etmişdir. Həmçinin, birinci instansiya məhkəməsi iddia tələbi əsassız olduğu üçün qətnaməsini əsaslandıra bilməmişdir. Mülki işin hallarından da göründüyü kimi, MM-nin 21.3-cü maddəsinin tətbiq edilməsi üçün heç bir əsas yoxdur, yəni, 15 fevral 2017-ci il tarixli icarə müqaviləsinə əsasən o, həmin obyekti X7 icarəyə vermişdir və həmin müqavilənin 11-ci bəndinə əsasən, icarə obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunması vəzifəsini də icarəçi - Elman Mikayılov həyata keçirmişdir. Belə olan halda hazırkı iddia tələbinə MM-nin 21.3-cü maddəsinə istinad edilərək pulun ondan tutulması qənaətinə gəlməsi tamamilə əsassızdır. İddiaçı maddi ziyanın vurulmasında onun hansı təqsirinin olmasını iddiaçı sübut etmədən maddi ziyanın ondan tutulması əsassızdır. Mülki iş materiallarından da göründüyü kimi, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırarkən də işin faktiki hallarına uyğun olmayan maddi hüquq normalarına istinad etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz təqdim edərək təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə isə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 31 yanvar 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilir: “12 sentyabr 2017-ci il tarixdə saat 01 radələrində ünvan 2 ünvanda yerləşən “Dərnəgül Servis”in həyətində saxlanılmış, İddiaçı məxsus “Mercedes Benz 270 CDİ” markalı ** HG *** dövlət qeydiyyat nişanlı minik avtomobilində yanğın hadisəsi baş vermişdir”.; “Hadisə ilə əlaqədar izahatı alınmış "Dərnəgül Servis"in sahibi Cavabdeh göstərmişdir ki, 12.09.2017-ci il tarixdə, saat 02 radələrində Binəqədi rayonu, K.Rəhimov 31a ünvanda yerləşən ona məxsus "Dərnəgül Servis"in həyətində saxlanılmış avtomobildə baş vermiş yanğın barədə telefon vasitəsi ilə xəbər tutmuşdur. Dərhal hadisə yerinə gedərək yanğının artıq söndürüldüyünü görmüşdür. Ehtimalına görə, yanğın qısaqapanmadan baş vermişdir. Yanğın nəticəsində ona heç bir maddi ziyan dəyməmiş, hadisə ilə əlaqədar şikayəti yoxdur. Cavabdeh ərizə ilə müraciət edərək 12.09.2017-ci il tarixdə Binəqədi rayonu, K.Rəhimov 31a ünvanda yerləşən ona məxsus "Dərnəgül Servis"in həyətində saxlanılmış avtomobildə baş vermiş yanğınla əlaqədar şikayəti olmadığını, yanğın zamanı ona maddi ziyan dəymədiyini bildirmişdir.”; “İddiaçı ərizə ilə müraciət edərək 12 sentyabr 2017-ci il tarixdə ünvan 2 ünvanda yerləşən “Dərnəgül Servis”in həyətində saxlanılmış ona məxsus “Mercedes Benz 270 CDİ” markalı ** HG *** dövlət qeydiyyat nişanlı minik avtomobilində baş vermiş yanğın nəticəsində ona 16000 manat məbləğində maddi ziyan ödədiyini, avtomobilin “Dərnəgül Servis” tərəfindən tamamilə bərpa edildiyini, hadisə ilə əlaqədar heç bir tələb və şikayəti olmadığını bildirmişdir”. İş materiallarına əlavə edilmiş 15 fevral 2017-ci il tarixli İcra Müqaviləsindən görünür ki, X2 icarəyə verən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 1003 kv.m olan qeyriyaşayış sahəsinin tam mülkiyyəti üzrə ona məxsus (40 kv.m ) hissəsini icarəçi X7 15.02.2027-ci il tarixədək icarəyə verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2 və 217.3-cü maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İddia tələbindən müəyyən olunur ki, İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən ona vurulmuş maddi zərərə görə 17.500 manat və vəkilin xidmətinə görə ödənilmiş 200 manat pulun və mənəvi zərərə görə 2000 manat məbləğində pulun tutularaq onun nəfinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi X8 cavabdeh qismində cəlb edilməsini müzakirə etmədən tələbə mahiyyəti üzrə baxaraq iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iş üzrə iddiaya cavab verməli şəxs cavabdeh X2 deyil, əsl cavabdeh olaraq icarəçi X9r. Belə ki, 15 fevral 2017-ci il tarixli İcra Müqaviləsinin 11-ci bəndindən görünür ki, icra obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunması vəzifələri “İcarəçi” tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (50.3). Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər (51.3). Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər (57.1). İşə birinci instansiya məhkəməsində baxılarkən X5 əlavə cavabdeh qismində cəlb olunması barədə ərizə verilməmiş, bu məsələ müzakirə predmeti olmamışdır. MPM nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1). Mülki prosessual qanunvericiliyə əsasən şəxsin cavabdeh qismində cəlb edilməsi birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək mümkün olduğundan hazırkı icraat çərçivəsində həmin məsələnin müzakirəsi və həlli mümkün olmamışdır. Əks yanaşma işə yeni qoşulan cavabdehi bir sıra mühüm prosessual hüquqlardan, o cümlədən üçpilləli məhkəmə müdafiəsi hüququnda məhrum etmiş olmaqla, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinə zidd olardı. Bu, həmçinin apelyasiya instansiya məhkəməsinin əsas təyinatı olan birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının yoxlanılması baxımından da yolverilməzdir. Belə olan halda, apelyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2021-cı il tarixli, 2(006)-344/2021 saylı qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2021-cı il tarixli, 2(006)-344/2021 saylı qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5861/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5861/2021
16.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver