Məhkəmə qərarları › İş №2(103)-5865/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5865/2022

13.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5865/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Mehdiyev Emin Əlixan oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə Vasif oğlunun iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3018/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdeh Smile by Dr.Bakhtiyar MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli 12 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsinə, bu barədə onun əmək kitabçasında qeydin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə, xx.xx.2021-ci il tarixdən məcburi iş buraxmaya görə 7 ay x 450 =3150 manat əmək haqqının, hüquqi xidmətə görə 120 manatın, dövlət rüsumuna görə 100 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).

2. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3018/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir.

3. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanan əmək müqaviləsinə əsasən, işçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələri və əmək müqaviləsi ilə müəyyən edilən əmək funksiyalarını vaxtında, keyfiyyətlə yerinə yetirməyi, Smile by Dr.Bakhtiyar MMC-nin xx.xx.2020-ci il tarixli personal üçün müəyyən olunan daxili qaydalarına əməl etməyi öhdəsinə götürsə də, 2021-ci ilin iyul-sentyabr aylarını əhatə edən dövr ərzində iddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarına, müəssisədaxili intizam qaydalarına əməl etmədiyindən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğundan Smile by Dr.Bakhtiyar MMC-nin İddiaçı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli 12/X saylı əmri qanuni və əsaslıdır, ona görə də iddia tələbləri təmin edilə bilməz. Apellyasiya şikayəti və onun dəlilləri:

4. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək bildirmişdir ki, məhkəmənin gəldiyi mövqe əsassız və qanunsuzdur. Belə ki, iddiaçı intizam tənbehi ilə tanış olmamışdır. Hesab edir ki, tətbiq edilən intizam tənbeh tədbiri əsassız olmuşdur. Bu səbəbdən, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdi.

6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq, bildirdi ki, işçi əmək müqaviləsi və müəssisədaxili intizam qaydalarını kobud şəkildə pozduğundan əmək müqaviləsinə xitam verilmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

7. İşəgötürən Smile by Dr.Bakhtiyar MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətsiz əmək müqaviləsindən müəyyən olunur ki, işçi aylıq əmək haqqı 260 manat olmaqla tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən işçi əmək müqaviləsinin ayrılmaz tərkib hissəsi olan vəzifə təlimatındakı öhdəlikləri yerinə yetirir. Əmək müqaviləsinin 3.3-cü bəndinə əsasən işçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir. Əmək müqaviləsinin 3.7-ci bəndinə əsasən işçi işəgötürənin əmlakına qayğı ilə yanaşmalı, əmək funksiyalarını yerinə yetirdiyi zaman işəgötürənin maraqlarını sədaqətlə qorumalı, işəgötürənin maraqlarını hər hansı şəxsin maraq və üçüncü tərəflərin maraqlarından üstün tutmalı, özünün bütün hərəkətlərini istinasız olaraq işəgötürənin xeyrinə olmasını təmin etməlidir.

8. İddiaçı xx.xx.2000-ci il tarixdə tanış olaraq etiraz etməməsini öz imzası ilə təsdiq etdiyi Smile by Dr.Bakhtiyar MMC-nin xx.xx.2020-ci il tarixli personal üçün daxili qaydalarının 1-ci bəndindən müəyyən olunur ki, tibb bacılarının klinikanın tibbi sahəsində, yəni 1-ci və 2-ci mərtəbələrdə kalpak (baş örtüsü), uniformada tam olması, pasientlə iş aparılan zaman maska, əlcək və kaskanın olması şərtdir.

9. Smile by Dr.Bakhtiyar MMC-nin personal üçün daxili qaydalarının 3-cü bəndindən müəyyən olunur ki, kliniki sahədə, yəni 1-ci və 2-ci mərtəbələrdə tibb bacılarına şəxsi mobil telefonlardan istifadə etmək qadağandır.

10. Smile by Dr.Bakhtiyar MMC-nin mühasibi X3, həkimləri X4, X1, X5 və X6 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan müəyyən olunur ki, klinikanın tibb bacısı İddiaçı iş vaxtı ona verilən vəzifə öhdəliyini düzgün yerinə yetirməmiş, bundan əlavə pasientlə işlədiyi zaman maska və kaskadan düzgün istifadə etməyərək Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini kobud şəkildə pozmuşdur.

11. İddiaçı Smile by Dr.Bakhtiyar klinikasının direktoru Nümayəndə yazdığı izahatdan müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə 1-ci otaqda kondisioner işləmədiyi üçün isti olduğundan kaska taxmamışdır.

12. Smile by Dr.Bakhtiyar MMC-nin xx.xx.2021-ci il tarixli 1T saylı əmrindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini kobud şəkildə pozduğuna görə Smile by Dr.Bakhtiyar klinikasının tibb bacısı İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-ci maddəsinin 1-ci hissəsinin "xxxx" bəndinə əsasən, töhmət verilmişdir.

13. İddiaçı Smile by Dr.Bakhtiyar klinikasının direktoru Nümayəndə yazdığı xx.xx.2021-ci il tarixli izahatdan müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə soyunma otağına ehtiyacı olan əşyanı götürmək üçün enmişdir.

14. İddiaçı Smile by Dr.Bakhtiyar klinikasının direktoru Nümayəndə yazdığı xx.xx.2021-ci il tarixli izahatdan müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə xəstə ilə işləyib alətləri götürərək sterilizasiya otağında düşmüş, cədvələ baxmadığından növbədə xəstənin olduğunu bilməmiş, otağı təmiz vəziyyətdə qoyub sterilizasiya otağına düşmüşdür.

15. Smile by Dr.Bakhtiyar MMC-nin mühasibi X3, həkimi Nümayəndə, qeydiyyatçısı X7 və tibb bacısı X8 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktdan müəyyən olunur ki, klinikanın tibb bacısı İddiaçı xx.xx.2021-ci il tarixində iş vaxtı ona verilən vəzifə öhdəliyini düzgün yerinə yetirməmiş, heç bir məlumat vermədən və yerinə əvəzedici tibb bacısı qoymadan iş yerini tərk etmişdir.

16. Smile by Dr.Bakhtiyar MMC-nin xx.xx.2021-ci il tarixli 2T saylı əmrindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə heç bir məlumat vermədən və yerinə əvəzedici tibb bacısı qoymadan əsassız olaraq iş yerini tərk etdiyindən Smile by Dr.Bakhtiyar klinikasının tibb bacısı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinin "xxxx" bəndinə əsasən, töhmət verilmişdir.

17. Smile by Dr.Bakhtiyar MMC-nin mühasibi X3, həkimləri X4, X1, X5 və X6 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan müəyyən olunur ki, klinikanın tibb bacıları İddiaçı, Fatimə Quliyeva, Aygün Cəfərova və Zemfira İbrahimova direktor Nümayəndə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimləri ilə əlaqədar personalın və pasientlərin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar xx.xx.2021-ci ildə tərtib etdiyi daxili nizamintizam qaydalarını pozmuşlar.

18. Smile by Dr.Bakhtiyar MMC-nin mühasibi X3, həkimləri Nümayəndə, X4, tibb bacıları X8 və X2 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan müəyyən olunur ki, klinikanın tibb bacısı İddiaçı iş vaxtı ona verilən vəzifə öhdəliyini düzgün yerinə yetirməmiş və klinikaya aid telefondan öz şəxsi işləri üçün istifadə etmişdir.

19. Smile by Dr.Bakhtiyar MMC-nin xx.xx.2021-ci il tarixli 3T saylı əmrindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixində iş vaxtı klinikaya aid telefondan öz şəxsi işləri üçün istifadə etdiyinə görə Smile by Dr.Bakhtiyar klinikasının tibb bacısı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinin "xxxx" bəndinə əsasən, töhmət verilmişdir.

20. Smile by Dr.Bakhtiyar MMC-nin xx.xx.2021-ci il tarixli 12/X saylı əmrindən müəyyən olunur ki, Smile by Dr Bakhtiyar klinikasının tibb bacısı İddiaçı əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallara yol verdiyi üçün onunla bağlanan əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, xx.xx.2021-ci il tarixdə ləğv edilmiş, İddiaçı istifadə etmədiyi 17 məzuniyyət gününə görə pul əvəzinin və son haqq-hesabının ödənilməsi qərara alınmışdır.

21. Smile by Dr.Bakhtiyar MMC-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli 6 saylı məktubdan müəyyən olunur ki, işəgötürən Smile by Dr.Bakhtiyar klinikasının işçisi İddiaçı son zamanlar ona verilən tapşırıqları düzgün və vaxtında yerinə yetirməyə etiraz etdiyi üçün dəfələrlə ona şifahi xəbərdarlıq etməsini, şifahi xəbərdarlıq nəticəsində işçi ərizə yazıb işdən çıxmaq istədiyini bildirmiş və ərizə yazmaq istəyirsə bununla bağlı heç bir etirazın olmayacağı ona bildirilmiş, daha sonra işçi yaxınlaşaraq ərizə yazmaq istəmədiyini, kollektivdən və işindən razı olduğunu, işini düzgün və vaxtında yerinə yetirəcəyini bildirmişdir. Lakin işçi 23 iyul tarixdən başlayaraq işinə qeyri-ciddi yanaşaraq müəyyən səhvlərə yol vermişdir. Bu səhvlərindən sonra işçi ƏM-nin 186-cı maddəsinin 1-ci hissəsinin "xxxx" bəndinə əsasən 2 dəfə, 186-cı maddənin 1-ci hissəsinin "xxxx" bəndinə əsasən 1 dəfə intizam tənbehi almışdır. İşçinin intizam tənbehi almasının əsas səbəbləri pandemiya qaydasını pozaraq pasientlə iş zamanı qoruyucu vasitədən (üzü qoruyan kaskadan) istifadə etməməsi, işlədiyi yeri heç bir məlumat vermədən tərk etməsi və sonuncu dəfə sterilzasiyada alətlərin şəkillərini çəkmək üçün istifadə olunan klinikaya məxsus telefondan öz şəxsi işləri üçün istifadə etməsi olmuşdur. Klinika daxili qaydalara əsasən tibb bacıları tibbi sahədə, klinikanın 1-ci və 2-ci mərtəbəsində öz şəxsi telefonlarından istifadə edə bilməzlər. İddiaçı bu qaydanı bildiyi üçün öz şəxsi instagram və whatsapp hesabını sterilzasiyada alətlərin şəkillərini çəkmək üçün istifadə olunan iş telefonunda aktivləşdirərək istifadə etmişdir. İşçi İddiaçı ilə birlikdə digər işçi A.F.Cəfərova da eyni səhvi etdiyi üçün töhmət almışdır. xx.xx.2021-ci il tarixdə tibb bacılarının iclası zamanı həftəlik iş gedişatının nəzarətinə baxış üçün kamera sistemi açıldıqda, işçinin sterilzasiya otağında telefon ilə nəsə yazdığı görünmüş və bununla əlaqədar direktor telefonun ona gətirilməsini tələb etmişdir. Direktor Nümayəndə telefona baxmaq üçün açdıqda, işçiyə Kamran adlı şəxsdən ard-arda zəng və mesajlar gəlməyə başlamışdır. Klinika daxilində işçinin belə bir hərəkəti yolverilməzdir və klinikanın nizam-intizam qaydalarına tamamilə ziddir. Səhvlərinin dəfələrlə güzəştə gedilməsinə baxmayaraq işçinin son davranışı nəticəsində onunla xx.xx.2020-ci il tarixində bağlamış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşçi işlədiyi dövr üçün 15 gün əmək məzuniyyətindən istifadə etmiş, istifadə etmədiyi 17 məzuniyyət gününün ödənişi son-haqq hesabı zamanı ona ödənmişdir.

22. X10 Xidmətinin Bakı şəhər idarəsinin inzibati xəta haqqında xx.xx.2021-ci il tarixli MN № ******* saylı protokolundan müəyyən olunur ki, İddiaçı müraciətinə baxılarkən işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinin 5-ci bəndinin tələblərinin pozulması müəyyən edildiyindən Nümayəndə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi aşkar olunmuşdur.

23. İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli MN № ******* saylı qərardan müəyyən olunur ki, Smile by Dr.Bakhtiyar MMC tərəfindən İddiaçı əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verildiyindən Nümayəndə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinib 700 manat cərimə olunmuşdur.

24. Elektron sistemdən çıxarışdan müəyyən olunur ki, İddiaçı Luxen Dent MMC-də aylıq əmək haqqı 350 manat olmaqla kiçik tibb bacısı vəzifəsində işləyir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsi:

25. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

26. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

27. Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər:

2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

28. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;

29. Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri.

1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

30. Maddə 187. İntizam tənbehinin verilməsi qaydaları.

1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

31. Maddə 189. İntizam tənbehinin verilməsi şərtləri:

1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.

2. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

38. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

39. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

40. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Belə ki, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları, düzgün tətbiq olunmuşdur.

42. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kollegiya qeyd edir ki, İddiaçı işəgötürənin xx.xx.2021-ci il tarixli 12/X saylı əmrində qeyd olunan əsasın mövcud olmadığını, yəni onun tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallara yol verdiyini bildirsə də, məhkəmə araşdırması zamanı bu halı sübuta yetirə bilməmişdir. Belə ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixli 12/X saylı əmr qəbul edənədək cavabdehin iddiaçı barədə qəbul etdiyi və qüvvədə olan intizam tənbehinin verilməsinə dair daha üç əmri vardır. Bu əmrlər iddiaçı tərəfindən mübahisələndirilməmiş, iddiaçı həmin əmrlərin verilməsinə əsas olan halların baş verməsini izahatında təsdiq etmiş, bu əmrlər verilərkən işəgötürənə öz izahatını yazıb vermiş, iddiaçının izahatı ilə yanaşı cavabdehin digər işçilərinin tərtib etdikləri aktlarla da həmin əmrlərdə qeyd olunan işçinin əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallara yol verməsi öz təsdiqini tapmışdır. Belə ki, Smile by Dr.Bakhtiyar MMC xx.xx.2021-ci il tarixli 1T saylı əmri ilə xx.xx.2021-ci il tarixdə epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini kobud şəkildə pozduğuna görə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-ci maddəsinin 1-ci hissəsinin "xxxx" bəndinə əsasən, intizam tənbehi olaraq töhmət vermiş, daha sonra xx.xx.2021-ci il tarixli 2T saylı əmrlə xx.xx.2021-ci il tarixdə heç bir məlumat vermədən və yerinə əvəzedici tibb bacısı qoymadan əsassız olaraq iş yerini tərk etdiyinə görə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinin "xxxx" bəndinə əsasən, intizam tənbehi olaraq ikinci dəfə töhmət verilmiş, daha sonra xx.xx.2021-ci il tarixli 3T saylı əmrlə xx.xx.2021-ci il tarixdə iş vaxtı klinikaya aid telefondan öz şəxsi işləri üçün istifadə etdiyinə görə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinin "xxxx" bəndinə əsasən, intizam tənbehi olaraq töhmət verilmişdir.

44. Kollegiya hesab edir ki, tərəflər arasında bağlanan əmək müqaviləsinə əsasən, işçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələri və əmək müqaviləsi ilə müəyyən edilən əmək funksiyalarını vaxtında, keyfiyyətlə yerinə yetirməyi, Smile by Dr.Bakhtiyar MMC-nin xx.xx.2020-ci il tarixli personal üçün müəyyən olunan daxili qaydalarına əməl etməyi öhdəsinə götürsə də, 2021-ci ilin iyul-sentyabr aylarını əhatə edən dövr ərzində iddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarına, müəssisədaxili intizam qaydalarına əməl etmədiyindən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğundan Smile by Dr.Bakhtiyar MMC-nin İddiaçı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli 12/X saylı əmri qanuni və əsaslıdır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı əmrin qanunsuz olması ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir.

45. Beləliklə, iddiaçı apellyasiya şikayətinin dəlili ilə bağlı hər hansı sübut təqdim etmədiyindən apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:

46. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

47. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3018/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Emin Mehdiyev Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar