Məhkəmə qərarları › İş №2(103)-5867/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5867/2022

07.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5867/2022 07.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc pulun ödənilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-593/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “borc pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 37.648 ABŞ dolları məbləğində əsas borcun, borcun gecikdirilməsinə görə illik 5%-lə hesablanmış 7.529 ABŞ dolları olmaqla, cəmi 45.177 ABŞ dolları məbləğində pul vəsaitinin və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 323 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2012-ci il tarixdən 2014-cü il tarixədək işləmək üçün Rusiya Federasiyasının Moskva şəhərində bizneslə məşğul olmuşdur. 2015- ci ilin may ayının əvəllərində ünvan 1 ünvanda yerləşən “BARON” adlanan restoranda yemək yeyərkən Cavabdeh ilə orada tanış olmuşdur. Ramiz ona həmin restoranı icarəyə götürdüyünü bildirmişdir. Bundan sonra bir neçə dəfə həmin restoranda dostları ilə yemək yemişdir. Bu münasibətlə o, Ramizlə daha yaxın münasibətdə olaraq onunla dostluq etmişdir. Təxminən 2015-ci ilin iyun ayının əvəllərində o, “BARON” restoranında olarkən Ramiz ona həmin restoranın daha da genişləndirilməsi üçün maliyyə vəsaitinin lazım olduğunu bildirmişdir. Bundan sonra Ramiz ona təklif edərək restoranın genişləndirilməsi üçün 50.000 ABŞ dolları pul lazım olduğunu və hər ay ona 2.500 manat pul verəcəyini bildirmişdir. O isə Ramizə bir neçə gündən sonra nəticəsi barədə məlumat verəcəyini bildirmişdir. 2015-ci ilin iyun ayının ortalarında o, “BARON” adlanan restoranda Ramizlə görüşərək, onun şərtləri ilə razılaşaraq ona həmin yerdə hamısı 100 dollarlıq pul əskinasları, 05 ədəd bağlamada olmaqla 50.000 ABŞ dolları pulu sayıb vermişdir. Bundan sonra, Ramiz onu bir daha əmin edərək 2015-ci ilin sentyabr ayının əvvəlindən ona 2.500 manat pul verəcəyini bildirdi. 2015-ci ilin sentyabr ayının ortalarında o, Ramizlə əlaqə saxlayaraq, ondan onun dediyi kimi 2.500 manat pulu istədikdə ona hazırda restoranın tam təmirinin başa çatdığını və növbəti aydan pulu verəcəyini bildirdi. Lakin o, 2015-ci ilin oktyabr ayında Ramizlə yenidən əlaqə saxlamış, cavabdeh ona müxtəlif bəhanələr gətirərək şirkətlərə və həmin restoranın sahibi Vüqar adlı şəxsə borclu olduğunu bildirərək ondan bir qədər vaxt istəmişdir. O da ona inanaraq onun dediyi vaxta kimi gözləmişdir. Lakin buna baxmayaraq 2015-ci ilin noyabr ayının sonundan 2018-ci ilin may ayının əvvəlinədək ona heç bir məbləğdə pul məbləği verməmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh, onu aldadaraq, ondan aldığı pulu öz şəxsi mənafeyi üçün sərf etmişdir. 2018-ci ilin may ayının sonunda o, Ramizlə “BARON” restoranında görüşmüş və ondan 50.000 ABŞ dollarının qaytarılmasını tələb etmişdir. Ramiz isə ona söz verərək, hər ay 1.000 manat pul verəcəyini bildirmişdir. Təxminən 2018-ci ilin sonundan başlayaraq hissəhissə hər ay 100, 50, 30 və 20 manat pulları müxtəlif vaxtlarda 2020-ci ilin iyun ayının sonunadək Ramiz ona ümumilikdə 20.000 manat məbləğində pul vermişdir. Lakin, Ramizdən 2020-ci ilin sentyabr ayında borclu olduğu pulunun qalan hissəsini tələb etdikdə o, ona yenidən müxtəlif bəhanələr gətirərək yayınmağa başlamışdır və sonra isə ona pulu verməkdən qəti şəkildə imtina etmişdir. O da məcbur olub, 2020-ci il tarixdə pulun qaytarması barədə Yasamal Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdeh istintaqda izahat verərək, ondan 50.000 manat pul almasını və 2015-ci il tarixdən 2020-ci ilin mart ayınadək hissəhissə olmaqla pulun bir hissəsini qaytarmasını bildirmişdir. Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X3 tərəfindən 25 noyabr 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş və həmin qərarda mübahisənin mülki xarakter olması göstərilərək, ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. O, Yasamal rayon Polis İdarəsinə müraciət etdikdən sonra Ramiz ona borclu olduğu puldan 1.000 manatını da qaytarmışdır. Cavabdeh ümumilikdə ona 21.000 manat pul qaytarmışdır. Halhazıradək cavabdeh ona 12.352 ABŞ dolları qaytarmış və 37.648 ABŞ dolları borcu qalmışdır. Bundan sonra dəfələrlə cavabdehə pulun qaytarılması barədə müraciət etməyinə baxmayaraq hər dəfə ona pulun qaytarılması barədə vədlər versə də pulu qaytarmamışdır. O da məcburiyyət qarşısında qalaraq borc pulun ödənilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Göründüyü kimi, cavabdeh aralarında olan müqavilə üzrə öhdəliyi vaxtında yerinə yetirməmiş, əksinə həmin müqavilənin yerinə yetirməməsinin əsası kimi pul vəsaitinin olmamasını bildirməklə kifayətlənmişdir. Halbuki, tərəflərin müqavilə üzrə üzərlərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi üçün əsas gətirdiyi pul vəsaitinin olmaması tərəfin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin yerinə yetirməməsinin əsası kimi çıxış edə bilməz. Çünki qanunvericilik müqavilə tərəfinin müqavilə üzrə öhdəliyin yerinə yetirilməsinə maneə yaradan və müqavilə üzrə öhdəliyi təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməklə yanaşı tərəflərin hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olmalarını nəzərdə tutmuşdur. Bundan əlavə, cavabdeh öhdəliklərini vaxtında ica etmədiyindən onun cavabehdən gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində, yəni 7.529 ABŞ dolları pul vəsaitini tələb etmək hüququ yaranmışdır.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-593/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 29.000 (iyirmi doqquz min) manat əsas borc, 6.525 (altı min beş yüz iyirmi beş) manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği, cəmi 35.525 (otuz beş min beş yüz iyirmi beş) manat pul vəsaitinin və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 149 (bir yüz qırx doqquz) manatın tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir (Hakim: Fərid Hətəmzadə).

4. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçı ilə arasında hər hansı borc müqaviləsi olmayıb. Tərəflər arasında birgə işləmək barədə şifahi razılaşma olub. Cavabdeh iddianı qəbul etmir. Çünki heç kim 50 min dolları uzun müddətli faizsiz verməz. Cavabdeh iddiaçı ilə təxminən 2012-ci ildə tanış olmuşdur. Bundan sonra o dəfələrlə cavabdehin işlədiyi “BARON” adlanan kafeyə gəlib. Bir dəfə o uzun müddət Rusiyada yaşadığını, oradan bir az pul gətirdiyini və bu pulları burada hansısa biznes sahəsinə qoymaq istədiyini demişdir. O cavabdehin işlədiyi sahə barədə və bunun hansı xeyiri gətirəcəyi barədə suallar vermişdir. 2015-ci ilin aprel ayında Ramin cavabdehin yanına gələrək birgə işləməyi təklif etmişdir. Cavabdeh də ona işlədiyi kafenin 15000 (on beş min) manat vergi borcunun, işıq və su borclarının olduğunu demişdir. Həmçinin kafenin şəraitini yaxşılaşdırmaq lazım olduğunu bildirmişdir. Ramin də ona 50000 (əlli min) ABŞ dolları vermiş və onlar işə başlamışlar. 2015-ci ilin avqust ayının axırına qədər bir yerdə işləmişlər. İşlədikləri müddətdə gəlirləri yarı bölmüşlər. Yalnız bundan sonra Ramin cavabdehə bildirdi ki, gəlir çox azdır, ona görə ayrılmaq istəyir. Cavabdeh də ona bildirmişdir ki, onlar xeyirə də ziyana da şərikdirlər. Onlar iş üçün qoyulmuş pulun yarısının cavabdeh tərəfindən ödənilməsi barədə razılaşmışlar. Çünki aralarında qarşılıqlı razılaşma olmuşdur. Bundan sonra cavabdeh həmin pulları Raminə ödəmişdir. Bu günkü günə qədər cavabdeh iddiaçıya 32000 (otuz iki min) manat ödəmişdir. Bundan sonra Ramin cavabdeh haqqında onu aldatması barədə polisə şikayət vermiş, polis materialı cinayət tərkibi olmadığı üçün rədd etmişdir. Cavabdeh polisdə olanda da Raminlə söhbət etmiş və razılaşmışlar. Ona görə onun cavabdehin barəsində məhkəmədə iddia qaldırması başa düşülən deyil. Cavabdehin Raminə hər hansı borcu yoxdur. Həmçinin qətnamədə göstərilir ki, məhkəmənin yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də o məhkəməyə heç bir üzürlü səbəb olmadan gəlməmişdir. Halbuki cavabdeh məhkəmə barədə heç bir bildiriş almamışdır. Qətnamə barədə yalnız icra şöbəsinə çağırılarkən xəbəri olub. Tərəflərin izahatları:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

7. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq o kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:

10. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, iddiaçının dostudur. İddiaçı tərəfindən cavabdehə borc verilən zaman onların yanında olmamışdır. Lakin, bir neçə dəfə iddiaçı ilə birlikdə gedib cavabdehdən borc pulu tələb etmişlər. Cavabdeh borcdan 50 manat, 25 manat olmaqla hissə-hissə qaytarmışdır. Hazırda borc məbləğinin ödənilməmiş hissəsindən məlumatlı deyildir.

11. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X3 tərəfindən qəbul edilmiş 25 noyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində İddiaçı şikayəti ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

12. Həmin qərarın təsviri hissəsində istintaq şöbəsində izahatı alınmış Cavabdeh izahatında bildirmişdir ki, o, 2011-ci il tarixdə İddiaçı ilə Bakı şəhərində tanış olmuşdur. O, 2011-ci il tarixdə Eldəniz adlı şəxsin icarəyə götürdüyü ünvan 1 ünvanda yerləşən “BARON” adlanan restoranında adminstrator işləyərkən, həmin vaxt Ramin restorana tez-tez gəlmiş və onunla daha da yaxın münasibəti yaranmışdır. 2015-ci ilin may ayının əvvəllərində o və Ramin belə bir qərara gəlmişdir ki, “BARON” adlanan restoranı Eldəniz adlı şəxsdən icarəyə götürsün. Həmin vaxtı Ramin “BARON” restoranın fəaliyətinin ərzaqla təmin edilməsi və digər xərcilərin ödənilməsi məqsədi ilə 50.000 manat pul vəsatini ona vermişdir. İşə bir müddət başladıqdan sonra, onların əlavə vergi yoxlaması başlamış və restoranın müəyyən çatışmayan sənədləri ilə bağlı vergi tərəfindən 15.000 manat məbləğində cərimələnmişlər. Əlavə olaraq bir necə təşkilatlar tərəfindən də yəni “Azərsu” və "xxxx" ASC tərəfindən müəyyən məbləğlərdə cərimələnmişlər. Həmçinin də Eldənizə 06 aylıq icarə haqqı ödənilmişdir. Ramin 2015-ci ilin sentyabr və oktyabr aylarında işlərin zəif olduğunu görərək, işin gedişatından imtina etmişdir. Lakin buna baxmayaraq, o, İddiaçı 2015-ci il tarixdən 2020ci ilin mart ayınadək hissə-hissə olmaqla, 32.000 manat pul ödəmişdir. Qalan 18.000 manat pulu isə pandemiya ilə əlaqədar ödəməyə imkanı olmadığından, hazırda ödəyə bilməmişdir. Pandemiya bitdikdən sonra o, qalan məbləği Raminə ödəyəcəkdir. O, İddiaçı “BARON” restoranın genişləndirilməsi məqsədi ilə ondan 50.000 ABŞ dolları pul almamışdır. Apellyasiya baxışının hədləri:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Məcəllənin:

17. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür;

18. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər.

19. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

20. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

22. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

23. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

24. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hüquqi dəyərləndirmə:

25. Kollegiya iş materiallarına və apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, İş materiallarından göründüyü kimi, 2015-ci ildə iddiaçı cavabdehə 50.000 manat məbləğində pulu, həmin ilin sentyabr ayından başlamaqla hər ay 2.500 manat olmaqla hissə-hissə qaytarılması şərtilə vermişdir. Qeyd olunan məbləğdə borcun alınmasını Cavabdeh Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində izahat verərkən etiraf etmişdir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

27. Kollegiya işin hallarına və cavabdehin apellyasiya şikayətinin məzmununa əsasən qeyd edir ki, cavabdeh iddiaçıdan aldığı məbləği tam olaraq müəyyən edilmiş müddətdə qaytarmamış və bununla da həm mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini, həm də tərəflər arasında olan müqavilənin şərtlərini pozmuşdur.

28. Buna görə, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidir.

29. Kollegiya cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan əsas borcun məbləği ilə əlaqədar birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı cavabdehə verdiyi borc məbləğinin məzənnəsinin ABŞ dolları olduğunu bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə cavabdeh istintaq şöbəsində verdiyi ifadəsində borcu manat olaraq 50.000 manat məbləğində aldığını etiraf etmişdir. Ona görə də məhkəmə, cavabdeh tərəfindən 21.000 manat məbləğində borcun ödənilməsini nəzərə alaraq iddianı 29.000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin etməkdə haqlı olmuşdur.

30. Kollegiya vurğulayır ki, cavabdeh istintaq şöbəsində verdiyi izahatında və apellyasiya şikayətində iddiaçıya 32.000 manat məbləğində pul vəsaiti ödədiyini bildirsə də, göstərilən hal iş materialları ilə təsdiq olunmur.

31. Qeyd edilən apellyasiya şikayətinin dəlili bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).

32. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir.

33. Cavabdeh həmçinin apellyasiya şikayətində işlədikləri müddətdə gəlirləri yarı böldüklərini və iddiaçının şəriklikdən ayrıldıqdan sonra iş üçün qoyulmuş pulun yarısının cavabdeh tərəfindən ödənilməsi barədə razılaşdıqlarını bildirmişdir.

34. Kollegiya apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, borcun yarısının cavabdeh tərəfindən ödənilməli olmasına dair tərəflər arasında razılaşmanın olduğunu təsdiq edən hər hansı bir sübut iş materiallarında aşkar edilməmişdir.

35. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).

36. Kollegiya həmçinin, iddia tələbinin “gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcun tutulması” hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbinun bu hissədə qismən təmin edilməsinə dair məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur. Belə ki, iddiaçının 2015-ci ildə cavabdehə 50.000 manat məbləğində pulu, həmin ilin sentyabr ayından başlamaqla hər ay 2.500 manat olmaqla hissə-hissə qaytarılması şərtilə verdiyi nəzərə alınarsa, borc öhdəliyinin icra müddəti 2015-ci ilin sentyabr ayından başlamış 2017-ci ilin aprel ayında bitmişdir. Belə olan halda, 2017-ci ilin may ayından 26 oktyabr 2021-ci il tarixə, yəni iddia ərizəsinin verildiyi tarixə qədər əsas borc məbləğinə - 29.000 manata 4 il 6 ay üçün illik 5% dərəcəsi ilə hesablanmalıdır. Yəni, 29.000 manat əsas borc məbləği 4 il üzrə (29.000 x 5 / 100 = 1.450 x 4 = 5.800) 5.800 manat, 6 ay üzrə (1.450 / 12 x 6 = 725) 725 manat olmaqla, cəmi 6.525 manat məbləğində gecikdirilmiş faiz borcu təşkil edir.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.

38. Cavabdehin apellyasiya şikayətinin digər bir dəlili isə birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasının vaxtı barəsində məlumatlandırılmaması ilə bağlıdır.

39. Kollegiya iş materiallarını araşdıraraq qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasının vaxtı barədə cavabdehə SMS bildiriş vasitəsilə məlumat verilmiş və bununla bağlı prosessual pozuntuya yol verilməmişdir.

40. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddia tələbinin qismən təmin edilməsindən ibarət birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

42. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

43. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

44. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-593/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar