Məhkəmə qərarları › İş №2(103)-5869/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5869/2021

16.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5869/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məhərrəmova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Hümbətova Mahirə Müseyib qızının iştirakı ilə, İddiaçı Hümbətova Mahirə Müseyib qızının cavabdeh Abdullayeva Elmira Ərəstunovnaya qarşı “maddi və mənəvi ziyan tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1066/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Hümbətova Mahirə Müseyib qızı cavabdeh Abdullayeva Elmira Ərəstunovnaya qarşı – Abdullayeva Elmira Ərəstunovnadan maddi ziyan olaraq 5000 manat və mənəvi ziyan 10000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırkı mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsindəki 7 saylı evin sahibi Elmira Abdullayevanı tanıyır. İddiaçı bu evin yaxınlığında yerləşən əczaxanada işləyir. İşlədiyi ildən də Elmira xanımı və onun mərhum həyat yoldaşı Abdullayev Arif Əlipaça oğlunu tanıyır. İddiaçı bildirir ki, mərhum Arif müəllim xroniki prostatit, Elmira xanım isə ürək xəstəsi olduqlarından əczaxanaya tez-tez müraciət edirdilər. İddiaçı hər ikisi ilə çox səmimi və həm də ixtisasına uyğun olaraq yaşlı xəstələrlə daha diqqətli davranırdı. İddiaçı əlindən gələn mənəvi köməyi edirdi. 12.10.2010-cu il tarixində Arif müəllim vəfat etdikdən sonra Elmira xanım tək qaldı və əsəbləri çox gərgin oldu. Təbii ki, həyat yoldaşını itirib tək qalmışdı. İddiaçı bildirir ki, bu zamanlar Elmira xanım üçün çox çətin anlar idi. İddiaçı ağlından heç bir maddi maraq keçirtmədən sadəcə insanlıq naminə bu qadına maddi və mənəvi dəstək olurdu. Xəstə yorğan-döşəkdə qızdırma içində yatanda və digər çətin zamanlarda iddiaçı tez yanında olmuşdur. İddiaçı düşünür ki, tam arxayın olub güvənməsə heç kim evini heç kimə bağışlamaz, 2016-cı ildə Elmira xanım iddiaçıya evini vəsiyyət etməyi təklif etmişdi. İddiaçı ona etrizanı bildirmişdir. Çünki hazırki vəziyyətdə iddiaçının onun qarşısında heç bir məcburiyyəti yox idi. Sadəcə iddiaçı insanlıq xatirinə vaxtı olanda imkanı çatdığını edirdi, ağır məsuliyyəti üzərinə götürməkistəmirdi. 2017-ci ildə Elmira xanım bu təklifi yenidən irəli sürmüşdür. Artıq o ərəfələrdə mənzili, ayrı-ayrı vaxtlarda başqalarının adına yazmışdı. Buna baxmayaraq, iddiaçının evdə marağı olmadığı üçün yenə də kömək edirdi və bu təklifə etiraz edirdi. Elmira xanım iddiaçıya bildirmişdir ki, evini vəsiyyət etdiyi Gülnarə xanım onu döyüb, saçından tutub divara vurub başını yarıb. Həmin vaxt Elmira xanım məhkəməyə müraciət edib Gülnarə xanımı mənzil qeydiyyatından çıxarmışdı. 2018-ci ildə artıq 3-cü dəfə iddiaçıya müraciət etmişdir. İddiaçı evdə yoldaşı ilə məsləhətləşmiş və onlar bu qadına ana kimi baxmağa, arxa dayaq olmağa qərar vermişlər. Onlar notarius kontoruna gedərək vəsiyyətnamə yazdırmışlar. İddiaçı qeyd edir ki, yoldaşı 20 ildir ki, televiziyada işləyir və media 4-cü hakimiyyət olduğu üçün qanunlardan xəbəri var. O, Elmira xanıma təklif etmişdi ki, evə renta müqaviləsi bağlayaq, həm onun rahatlığı üçün həm də ona baxmaqları qarşılığında veriləcək mənzil ilə bağlı gələcəkdə heç bir problem ilə üzləşməsinlər. Onların həftədə sadəcə bir gün istirahət günləri olur. Həftənin 6 günü hər gün ərzaqlarla dolu zəmbillərlə iddiaçı işə gəldikdə və işdən çıxdıqda Elmira xanıma dəyirdi. Bazar günlərini isə iddiaçı yoldaşı ilə evin çatmayan və təmirə ehtiyacı olan işlərinə həsr edirdi. İddiaçı qeyd edir ki, bir otaqlı mənzil çox təmirsiz idi. Yerdə döşəmə əvəzinə taxta qırıqları düzülmüşdü. Elmira xanım iddiaçının yoldaşının renta təklifinə razılaşdı və Asan-2-yə gedərək, ilk dəfə onlar Hüseyn Məmmədovun qəbulunda oldular. İddiaçı heç bir sual vermədi, Elmira xanım isə istədiyi sualı verib ətraflı da cavab alırdı. Sadəcə onlara bildiriləndə ki, evin çıxarışı iddiaçının adına keçiriləcək Elmira xanım narazılıq etmiş və onlar geri qayıtmışlar. Bundan sonra Elmira xanım evdə həm onlardan, həm də başqa yerlərdən renta haqqında ətraflı maraqlanmış və iddiaçını çağırıb demişdir ki, bir kağız parçası orda şkafda yatıb, ona nə qarın doyuracaq, nə də isti saxlayacaq, gedib imzalayacaq. Beləliklə iddiaçı yenə taksi tutmuş və onlar ASAN-2 yə gəlmişlər. Bu dəfə Hikmət müəllimin qəbulunda olmuşlar. Renta müqaviləsi istədiklərini Elmira xanım şəxsən bildirmişdir. Hikmət müəllim rentanın nə olduğunu izah etməyə başlamış və dönə-dönə vurğulamışdır ki, nə sual istəyirsiniz verin qaranlıq qalmasın, evdə də düşünün, yaşlı xanımsınız, birdən sonra fikirinizi dəyişərsiniz. Elmira xanım milliyətcə azərbaycanlı olsa da, təəsüf ki, doğma dilimizdə dediyinə görə heçnə bilmir və tərcüməçi tələb etdik də, Hikmət müəllim yüksək səviyyədə rus dilində danışmış və bütün sualları cavablandırmışdır. Sualları ancaq Elmira xanım verirdi. Yaşlı adamdır, mənzilin sahibidir və onun həyatı ahıl yaşlarında kiməsə tapşırılır. Ona görə iddiaçı istəmişdir ki, onun qəlbində iddiaçıya qarşı heçnə qaranlıq qalmasın. Elmira xanım bir sual vermişdi ki, “moya kupça u menya ostanetsya?” Hikmət müəllim bildirdi ki, xeyr renta müqaviləsinin şərtlərinə əsasən, yeni çıxarış çıxacaq Mahirə xanımın adına və bu çıxarışın arxasında möhürün üzərində renta sözü qeyd ediləcək, əvvəlki çıxarış isə dövlətə veriləcək. Elmira xanım razılaşdı və dedi “Ya staraya, kakava razniça u koqo imya tam napisano, samaya qlavnaya ya ne budu odna, zaklyuçayte kontrakt.” Hikmət müəllim bildirdi ki, bu müqaviləyə maddi vəsait gedəcək nə sual varsa versin. Elmira xanım tərəddüd içində demişdir ki, Ya tolko odnovo boyus posle ctoqo kontrakta, ya na ulice ili v sumashedshom dome ne budu?. Hikmət müəllim isə dedi “ Eto ne v ix interesax”. Bu xanım sizin dediyinizə görə evi vəsiyyət etməmişdən də əvvəl sizə baxıb, indi isə müqavilənin bəndlərinə əsasən, o sizə maddi və mənəvi dayaq olmağa borcludur və həqiqətəndə iddiaçı ona qızdan artıq olmuşdur. İllərin təkliyini ona unutdurmaq üçün iddiaçı və həyat yoldaşı ona əllərindən gələni edirdilər, evinə döşəmə, xırda təmir işləri, həftəlik pullar verirdilər. Otağın döşəməsini yenilədikdən sonra onlar kafel-metlax almışlar ki, mətbəx bərbad gündədir, təmir etsinlər. Elmira xanım birdirmişdi ki, indi toz olar buna görə iddiaçı aldıqları təmir materiallarını yaşadıqları evə yığmışdır. Təbii qazdan qorxduğu üçün iddiaçı ona ariston almış, çox təəsüf ki, o daiddiaçının evində qalmışdır. Evdə karniz, pərdə və s. şeylər yeniləndi. Çox təəsüf ki, iddiaçının qırmızı diplomu sadəcə elmi savad, valideyinlərinin verdiyi tərbiyə isə dürüstlüyə, məsuliyyətə və hörmətə çatırdı. İddiaçının ona qarşı qurulan tələdən və hiylədən xəbəri yox idi. İddiaçı gündəlik ərzaqları ayırıb, ehtiyat ərzaqlarını isə ayrı qablaşdırırdı. Həmin vaxtlar iddiaçının ağlına gəlməzdi ki, o aldıqlarının hamısının qəbzlərini yığmalıdır, həm də iddiaçı əti, balığı, toyuğu marketlərdən deyil, rayonlardan aldığına görə qəbzləri yoxdur. Tək olduğu üçün Elmira xanım çoxdandı doğmalarının məzarı üstünə getmədiyini iddiaçıya bildirmiş və növbəti istirahət günlərində iddiaçı onu doğmalarının məzarı üstünə aparmışdır. İddiaçı düşünür ki, xanım hər yaşında gözəldir və diqqətə layiqdir, yaşlı olsa da, onda həyat eşqi sönməsin deyə iddiaçı yoldaşı ilə ona ayrılıqda ətirlər və digər kosmetik vasitələr, dərman preparatları, ərzaq, gündəlik tələbat və bunlardan əlavə həftəlik pullar verirdilər. İllərdi ona baxmağına baxmayaraq iddiaçı bu yayda ona daha məhsuliyyətlə yanaşmış, çünki dövlətimizin qayda-qanunlarına əsasən iddiaçıya bir yaşlı xanımın həyatı əmanət edilmişdir və iddiaçı bu şərtlərə vicdanla riayət etmişdir. İddiaçı renta müqaviləsinin heç bir bəndini pozmamış, əksinə artıqlaması ilə yerinə yetirmişdir. İddiaçı hazırki çətin dövürdə həftənin bir istirahət gününü evdə iki uşağa, birdə xəstəyə deyil, bu yaşlı xanıma həsr edirdi, ona görə bu iddiaçıya mənəvi zərbə olmuşdur. Bütün bunlara əsasən dövlətimizin qanunlarına inanıb güvənərək, iddiaçı bu məsələyə obyektiv yanaşmasına və araşdırılmasına inanır. İddiaçının hələ də onun yanına mütəmadi şəkildə gedib qayğısına qalmağına baxmayaraq məhkəməyə iddia ərizəsi ilə müraciət edərək renta müqaviləsinin ləğvini tələb etmişdir. İddiaçının həmin ərizədən xəbəri olduğunu öyrəndikdən sonra, Elmira xanım həmin ərizəni geri götürəcəyini deyərək, iddiaçının köməklərindən istifadə etməyə çalışmışdır. Lakin sonradan iddiaçı iddia qaldıraraq, renta müqaviləsinin ləğv olunmasını tələb etmişdir. Suraxanı rayon məhkəməsinin qətnaməsi ilə iddia rədd olunsa da, sonradan iddiaçı tərəfindən verilmiş, apelyasiya və kassasiya şikayətləri təmin olunmamışdır. Bununla belə iddiaçıya xeyli ziyan dəymişdir. Belə ki, iddiaçı mənzilin təmirinə xeyli məbləğdə pul xərcləmiş, döşəməsini dəyişdirmişdir. Evə çilçıraq almışdır. Renta müqaviləsinin rəsmiləşdirilməsi və çıxarışın alınması, eyni zamanda iddiaçının Elmira Abdullayevaya bazarlıq etdiyi əşyalar olmuşdur. Həmin qəbzləri iddiaçı iş materiallarına əlavə etmişdir. Ümumilikdə Elmira Abdullayevanın iddiaçıya vurduğu maddi ziyanın ümumi məbləği 5000 manat təşkil edir. İddiaçı ən yüksək məbləği evin döşəməsinin dəyişdirilməsinə, usta xərci ilə birlikdə 1600 manata yaxın pul xərcləmişdir. Bundan əlavə cavabdeh ev üçün iddiaçıya ariston aldırmış, çilçıraqlar aldırmışdır. Müqavilələrin rəsmiləşdirilməsinə də kifayət qədər pul xərcləmişdir. Eyni zamanda iddiaçının ona elədiyi bazarlıqlar da xeyli məbləğ təşkil etmişdir. Əvvəl iddiaçının ona etdiyi köməkliklər nəzərə alınmadan 17.11.2018-ci il tarixdə renta müqaviləsi bağlanan sonrakı zaman üçün iddiaçıya 5000 manat maddi, 10000 manat mənəvi ziyan dəymişdir. İddiaçıya mənəvi ziyan ona görə vurulmuşdur ki, cavabdehin hərəkətləri nəticəsində ağır stress və həyacan keçirmişdir. Eyni zamanda sağlamlığında çox ciddi problemlər yaranmışdır, sağlamlığını itirmişdir. İddiaçı mənəvi iztirab keçirmişdir. Çünki iddiaçı ona hansısa bir ananın övladlarından gördüyü yaxşılıqları etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1066/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddianın isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməklə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində, 7 nömrəli evin 32 saylı mənzili üzərində Hümbətova Mahirə Müseyib qızının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 26.11.2018-ci il tarixdə renta müqaviləsi əsasında qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin ******* saylı 29.06.2019-cu il tarixli arayışının surətindən görünür ki, Abdullayeva Elmira Ərəstunovna Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, 7 nömrəli evin 32 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş renta alan Abdullayeva Elmira Ərəstunovna ilə renta ödəyicisi Hümbətova Mahirə Müseyib qızı arasında bağlanmış 17.11.2018-ci il tarixli Renta müqaviləsindən görünür ki, renta ödəyicisi yəni Hümbətova Mahirə Müseyib qızı renta alana yəni Abdullayeva Elmira Ərəstunovnaya onu aylıq zəruri qida, geyim, dərman, tibbi və sair xərclər və xidmətlərlə təmin etməyi, lazım olduqda şəxsi və məişət qulluğu ilə təmin etməyi və zərurət yarandığı halda pul məbləği verməyi öhdəsinə götürür və renta alan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29.1 kv/m, yaşayış sahəsi 16.1 kv/m, yardımçı sahəsi 13 kv/m olan 1 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsində “Renta ödəyicisinin” yəni Hümbətova Mahirə Müseyib qızının mülkiyyətinə verir. İş materiallarında olan notarius tərəfindən təsdiq olunan 30.09.2018-ci il tarixli vəsiyyətnamədən görünür ki, Abdullayeva Elmira Ərəstunovna ölən günədək ona məxsus olan bütün əmlakını Hümbətova Mahirə Müseyib qızına vəsiyyət edir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 14.10.2019-cu il tarixli 2(103)-12050/2019 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18.06.2019-cu il tarixli 2(010)-2993/2019 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, iddiaçı Abdullayeva Elmira Ərəstunovna ilə cavabdeh Hümbətova Mahirə Müseyib qızı arasında 2 saylı “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu Vəliyev Hikmət Yusif oğlu tərəfindən təsdiq edilmiş Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsindəki 7 saylı evin 32-ci mənzilinə dair 17.11.2018-ci il tarixli renta müqaviləsi və həmin müqaviləyə əsasən Hümbətova Mahirə Müseyib qızının adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının (reyestr №**********77-05101- 093017; qeydiyyat № **********; qeydiyyat tarixi: 26.11.2018) ləğv edilməsi qət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 10.02.2020-ci il tarixli 2(102)-716/2020 saylı qərarından görünür ki, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.10.2019-cu il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi Babayeva Tatyana Anatolyevna ifadəsində göstərmişdir ki, o, Elmira Abdullayevanın qonşusudur. Mahirə xanım hər zaman cavabdehin qayğısına qalmış, ona yemək vermiş və tibbi baxımdan qulluq göstərmişdir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi Bunyatov Elbrus Hüsü oğlu ifadəsində göstərmişdir ki, Mahirə Hümbətova onların qonşuluğunda işləyir. O, Mahirə xanımın Elmira Abdullayevaya daima qulluq etməsi, onu ərzaqla və digər tibbi preparatlarla onu təmin etməsinin şahidi olmuşdur. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi Atakişiyeva Səmayə İslamovna ifadəsində göstərmişdir ki, o, iddiaçı Mahirə Hümbətovanın xəstəsidir. İddiaçının dediklərinə və öz gördüklərinə əsasən o bilir ki, Mahirə Hümbətova daima cavabdeh Elmira Abdullayevanın evində ona baxmış, ərzaq və digər lazımı avadanlıqlarla onu təmin etmişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə də uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Mülki Məcəllənin 864.1-ci maddəsinə əsasən renta müqaviləsinə görə bir tərəf (renta alan) əmlakı digər tərəfin (renta ödəyicisinin) mülkiyyətinə verir, renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 864.2-ci maddəsinə əsasən renta müqaviləsinə görə rentanı müddətsiz ödəmək (daimi renta) və ya renta alanın ömrü boyu ödəmək (ömürlük renta) vəzifəsinin müəyyənləşdirilməsinə yol verilir. Həmin Məcəllənin 869.3-cü maddəsinə əsasən isə renta ödəyicisi bu Məcəllənin 869.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə renta şərtlərinin təminatı renta alanın cavabdeh olmadığı hallara görə itirildikdə və ya pisləşdikdə renta alanın renta müqaviləsini ləğv etmək və müqavilənin ləğvi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək ixtiyarı vardır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında renta müqaviləsi bağlanmış, sonradan cavabdehin iddiasına əsasən renta müqaviləsi məhkəmə tərəfindən ləğv edilmiş və həmin məhkəmə aktı qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı renta müqaviləsi üzrə ödədiyi vəsaiti geri tələb edir. Lakin daha öncə renta müqaviləsinin ləğvi tələbinə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Mahirə Hümbətova renta müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərinin yerinə yetirməsini sübuta yetirə bilməmişdir. Hazırkı iddia üzrə iddiaçı ona dəymiş maddi zərəri cavabdehə daima ərzaq, tibbi və kosmetik məhsullar alması, cavabdehin evində bəzi təmir işləri aparması ilə əsaslandırsa da, lakin məhkəmə hesab edir ki, iddia ərizəsinə əlavə edilmiş alış-veriş qəbzlərinin məhz iddiaçı tərəfindən cavabdehin saxlanması üçün çəkilən xərclər olması öz təsdiqini tapmır. Həmçinin iddiaçının cavabdehin evində təmir işləri aparması, mənzildə təmir işlərin üçün alınmış materialların, işin görülməsi üçün verilmiş haqqın və digər xərclərin nədən ibarət olması iş materialları ilə müəyyən edilmir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Yuxarıda şərh olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin iddia tələbinin mənəvi ziyanla bağlı hissəsi üzrə gəldiyi nəticəni də əsaslı hesab edir və həmin tələblə bağlı geniş əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayaraq özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlar və hallar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1066/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar