Məhkəmə qərarları › İş №2(103)-5874/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5874/2021

28.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5874/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, X1, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-515/2020 saylı, 09 iyun 2020-ci il tarixli qətnaməsindən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 259.299,76 ABŞ dollar, 73799.928 ABŞ dollar maddi ziyanın və ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC cavabdeh İddiaçı qarşı “vicdansızcasına əsassız iddia qaldırılması ilə əlaqədar pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı "xxxx" MMC-yə qarşı vicdansızcasına heç bir hüquqi əsasa söykənməyən pul tələbinə dair iddia qaldırdığı üçün ondan Şirkətin və dövlətin xeyrinə ümumilikdə 100.000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMCnin direktoru X8 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, hazırki işə iddia müddəti tətbiq edilərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat: İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin təsisçisi olmuş X5 ilə dostluq münasibətləri olmuşdur. X5 ona bildirmişdir ki, "xxxx" MMC-də maliyyə çətinliyi var, cəmiyyətin fəaliyyətini genişləndirmək istəyir, bunun üçün də ona külli miqdarda vəsait lazımdır. Ona görə də ona təklif etmişdir ki, Cəmiyyətə pul vəsaiti qoysun və buna görə ona qazancdan pul verəcəkdir. Onu da bilirmişdir ki, evini və qeyri-yaşayış sahəsini satmışdır və külli miqdarda pul vardır. Onu da qeyd edir ki, ondan dəfələrlə borca pul almış və vaxtında qaytarmışdır. Ona görə də ona inanırmış və həmçinin də yuxarıda qeyd etdiyi kimi ailəvi dost olmuşlar. Beləliklə, 02.12.2013-cü il tarixdən başlayaraq 03.11.2014-cü il tarixədək "xxxx" MMC-nin kassasına 412.066 ABŞ dolları mədaxil etmişdir. Pul vəsaitini manatla versə də, ABŞ dolları ilə hesablanmışdır. Həmin pul vəsaitinin Cəmiyyətin kassasına mədaxil edilməsi Cəmiyyətin kompüterindən çıxarışla, həmçinin həmin çıxarışın üzərində Cəmiyyətin hazırkı direktoru Raminə xanım və o cümlədən Cəmiyyətin baş mühasibi Rəşidov Mehman tərəfindən təsdiq edilmişdir. Həmin pul vəsaitinin "xxxx" MMCnin kassasına mədaxil etməyi və hal-hazıra kimi pul vəsaitinin ona qaytarılmaması Cəmiyyətin baş mühasibi X17, Cəmiyyətin baş direktoru vəzifəsində işləmiş X21 və Cəmiyyətin direktor müavini işləmiş X3 rayon 22-ci Polis Bölməsində verdikləri izahatlarında bir daha təsdiq etmişlər. Belə ki, "xxxx" MMC-nin təsisçisi olmuş X5 öldükdən sonra onun həyat yoldaşı Əyyubova Sevda və qızları pulunun qaytarılması barədə vəd versələr də, pulunun bir qismini qaytarmış, lakin 259.299,76 ABŞ dollar hissəsini qaytarmamışdır. Həmin pul vəsaitini Cəmiyyətə mədaxil edəndə pulunun təminatı kimi onu cəmiyyətdə işçi kimi qeydiyyata da almışlar. Göründüyü kimi külli miqdarda pul vəsaiti cavabdehdə qalmış və onun mülkiyyəti olan pul vəsaiti hal-hazıra kimi geri qaytarılmamışdır. Cavabdeh ona məxsus olan vəsaiti əsassız istifadə etmiş və ondan fayda götürmüşdür. Ona görə də hesab edir ki, cavabdeh ona məxsus olan 259.299,76 ABŞ dolları, həmin pula hesablanmış bank faiz uçot dərəcəsinə uyğun faizləri, (259.299,76x5%=12299.988x6=73799.928), cəmi: 333099.688 ABŞ dolları pul vəsaitini və ödədiyi 30 manat dövlət rüsumu ona qaytarılmalıdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı rəhbəri olduğu MMC-yə qarşı qaldırdığı iddia tam əsassız, qanunsuz olmaqla şər və böhtan başqa bir şey deyildir. cavabdeh onun mərhum həyat yoldaşının ölümündən sui istifadə edərək iddiasında göstərmişdir ki, guya ərinin sağlığında 02.12.2013-cü il tarixindən başlayaraq 03.11.2014cü il tarixinədək MMC-nin kassasına 412.066 ABŞ dolları mədaxil etmişdir. Hətta iddiada göstərir ki, əri öləndən sonra, guya o və qızları onun pulunun qaytarılıması barədə vəd vermişlər və hətta pulun bir qismini də qaytarmışlar. İddiaçının göstərdikləri yalan olmaqla həqiqətə uyğun deyil və heç bir sübutla öz təsdiqini tapmır. Belə ki, MMC-nin kassa sənədlərini məhkəmə tələb edərsə, onda görər ki, iddiaçının qeyd etdiyi kimi, 02.12.2013cü il tarixindən 03.11.2014-cü il tarixinədək 412.066 ABŞ dollar məbləği mədaxil olmamışdır. Bundan əlavə, nə o, nə də qızları iddiaçıya heç bir pul qaytarmamışlar. Cavabdehin ərizəsində iddia etdiyi pul vəsaitini MMC-nin kassasına mədaxil etməsinin təsdiqi kimi təqdim etdiyi Cəmiyyətin kompüterindən çıxarışa istinad etməsi tam absurddur. Belə ki, MMC-nin kassasına iddia edilən məbləğ mədaxil olmadığı halda, bu necə kompüterdən çıxarışla təsdiq oluna bilər? Cavabdeh yazır ki, guya bu çıxarışı MMCnin direktoru Ramina xanım və baş mühasib Rəşidov Mehman təsdiq edir. İddia ərizəsinə əlavə olunmuş həqiqətə uyğun olmayan kompüter çıxarışında olan imza və yazılar onun qızı Raminanın imzası və xətti deyil və ola da bilməz. Belə ki, onun qızı MMC-yə aid olmayan, kassasına mədaxil edilməyən məbləğlər üzrə əsas borcun qalığını heç vaxt heç bir formada təsdiq edə bilməzdi, çünki o, 2013-2014-cü illərdə MMC-də maddi-məsul vəzifəli şəxs deyildi. O, 2014-2015-ci illərdə menecer vəzifəsində işləmişdir və o, səlahiyyətinə aid olmayan belə bir ağlasığmaz, məsuliyyətsiz addım ata bilməzdi. Bunu onu şahid kimi dindirərək tam əmin ola bilərsiniz. O, MMC-nin 2019-cu illərdə direktoru olmuş və bu müddət ərzində borc barədə heç bir kompüter çıxarışı tərtib etməmiş və onu hər hansı formada təsdiq etməmişdir. Bu kompüter çıxarışının nə vaxt tərtib edilməsi aydın deyildir və MMC-nin direktorunun imzası və möhürü ilə təsdiq edilmədiyi üçün rəsmi sənəd hesab edilə və sübut kimi qiymətləndirilə bilməz. O ki qaldı, həmin kompüter çıxarışında olan imza və yazılara, bunların kimin tərəfindən icra olunması onlara məlum deyil. Əgər iddiaçı bu xətt və imzanın mühasib olmuş Mehmana aid olması kimi təqdim edirsə, belə halda qeyd etməlidirlər ki, Mehman 16.04.2014-cü ildən öz ərizəsi ilə işdən azad olunmuşdur. Sual yaranır ki, belə olan halda, o, necə kompüter çıxarışında göstərilən 30.05.2014-cü il tarixindən 03.11.2014-cü il tarixə qədər olan müddət ərzində guya MMCnin kassasına mədaxil olan məbləğləri təsdiq edə bilər? Bu bir daha göstərir ki, iddiaçı heç bir rəsmi sübut olmadan, həqiqətə uyğun olmayan sənədlər düzəldərək, məhkəməyə sübut kimi təqdim edir və MMC-ni borclu çıxarıb məhkəməni yanlış yola çəkərək iddiasının təmin olunmasına nail olmaq istəyir. Hesab edir ki, bu yolverilməzdir. Onun bu vicdansızcasına əsassız olaraq qaldırdığı iddiasına qanunvericiliyin tələblərinə əsasən düzgün qiymət verilməlidir. Həmçinin, qeyd edir ki, əgər MMC-nin iddiaçıya borcu var idisə, niyə o, bu illər ərzində, o, borcla bağlı heç bir yerə rəsmi olaraq müraciyət etməyib, o cümlədən onlara. İddia ərizəsindən görünür ki, o, hazırkı iddianı 02.08.2019-cu il tarixində qaldırmışdır. Onun polisə müraciət etməsi və orada guya araşdırma aparması da sübut deyil. Çünki polis orqanı onları dəvət etməmiş, bu araşdırma barədə məlumatları olmamışdır. Obyektiv araşdırma olsaydı onları da dəvət edərdilər və izahatlarını alardılar. Ona görə iddiaçının polisdə aparılmış araşdırmaya istinad etməsi tam əsassızdır və orada alınmış izahatlar sübut növü kimi qiymətləndirilə bilməz. Bu bir daha onu göstərir ki, iddiaçı onlara qarşı əsası olmayan və hətta iddia müddəti keçmiş iddia qaldırmışdır. Qanunvericiliyə görə isə iddia müddəti keçmiş iddialar rədd olunur. Bir məqamı da qeyd etmək istəyirlər ki, iddiaçı MMC-də işçi olaraq aylıq əmək haqqı almış və onunla aralarında sırf işçi münasibətləri olmuşdur. O işin öhdəsindən gələ bilmədiyinə görə 2019-cu ilin mart ayında işdən çıxarılmış və MMC-yə məxsus “Honda City” markalı ** AB *** dövlət nömrə nişanlı avtomobil ondan geri alınmışdır. Bundan sonra o, MMC-yə vurduğu ziyanla bağlı tərəflərindən məhkəməyə müraciət olunmuşdur. Güman edirlər ki, məhz bu hallara görə iddiaçı onlara qarşı qərəzli mövqedə olmaqla, onlara rəqib olan firmaların rəhbərlərini, yəni “X34 Company” MMC-nin rəhbəri X21 və "xxxx" MMC-nin rəhbəri X6 vasitəsi və iştirakı ilə MMC-yə qarşı bu iddianı qaldırmaqla onlara ziyan vurmağa və rəqib kimi onları iqtisadi cəhətdən sıradan çıxarmağa çalışırlar. Yəni bu şəxslər hazırki iş üzrə maraqlı şəxslər olduğu üçün onların izahatları və ola bilsin ki, məhkəmədə verəcəkləri ifadələri də sübut növü kimi qiymətləndirilə bilməz. Hesab edir ki, İddiaçı vicdansızcasına əsassız iddia verməklə bu halın, onların iş vaxtlarının mənasız yerə itirilməsinə və məhkəmənin onsuzda ağır olan iş yükünü artırılmasına səbəb olduğu üçün, ondan onların və dövlətin xeyrinə ümumiliklə 100.000 AZN tutulmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-515/2020 saylı, 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Musayeva) ilk və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi iddiaçı cavabdehə pul verdiyini və həmin məbləğdən cavabdeh tərəfindən 259.299,76 ABŞ dolları məbləğində pulun qaytarılmadığını iddia etsə də, buna dair heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, cavabdeh şirkətin iddiaçıya qeyd edilən məbləğdə borclu qaldığını təsdiq edən yeganə sübut İddiaçı adına “excel” kompüter proqramı vasitəsilə Eiubova Ramina tərəfindən tərtib edilmiş və şirkətin baş mühasibi vəzifəsində işləyən Mehman Rəşidov tərəfindən imzalanmış sənəd isə məhkəmə tərəfindən qiymətləndirilmiş, həmin sənədin iddiaçının istinad etdiyi halın, yəni tərəflərin arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasının sübuta yetirilməsi üçün kifayət etmədiyi müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sənəd qüsurlu olduğundan, yəni qanunvericiliklə bu cür sənədlərin tərtibatı üçün nəzərdə tutulan qaydalara uyğun olmadığından, tərəflərin faktiki borc münasibətlərinə girdiklərini təsdiq edən sübut kimi məhkəmə tərəfindən qəbul edilə bilməz. Məhkəmə gəldiyi qənaəti həmçinin onunla əsaslandırır ki, iddiaçının istinad etdiyi sənədin tərtib edildiyi zaman (27.01.2015-ci il) sənədin tərtibatında və imzalanmasında iştirak etmiş şəxslər Eiubova Ramina və Mehman Rəşidovun şirkətin adından hər hansı hüquqi hərəkətin edilməsinə, xüsusilə də şirkətin hesabına pulun mədaxil və məxaric edilməsinə səlahiyyətli olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə işdə olan materiallara əsasən müəyyən edildiyi kimi, 27.01.2015-ci il tarixində Eiubova Ramina və Mehman Rəşidovun şirkətə hər hansı aidiyyəti olmamış, 01.10.2010-cu il tarixdən 15.11.2016-cı il tarixədək şirkətin fəaliyyətinə cari rəhbərlik etmək səlahiyyətinə malik olan cəmiyyətin direktoru vəzifəsini icra edən X21, 01.10.2011ci il tarixdən 04.02.2019-cu il tarixədək şirkətin baş mühasibi vəzifəsində çalışan isə X12 idi. Məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş X21 və X7 tərəflər arasında pulun verilməsi və qaytarılmasına dair münasibətlərin olduğunu bildirən ifadələrə məhkəmə tənqidi yanaşır və onları mötəbər sübutlar hesab etmir. Çünki şahidlər tərəfindən göstərilən hallar iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmamış, istinad etdikləri cavabdeh şirkətin borclu qaldığını təsdiq edən yeganə sənədin isə "xxxx" MMC-nin qeyri-rəsmi sahibi ilə iddiaçı arasında etibarlılıq münasibətlər olduğundan qanunvericilikdə göstərilən formada tərtib edilməməsinə dair ifadələri də inandırıcı görünmür. Beləliklə, borc müqaviləsi real müqavilədir, əşya bir şəxsdən digərinə verildiyi halda bağlanmış hesab olunur, tərəflərin hüquq və vəzifələri əşyaların verilməsi anına qədər yarana bilməz. Yəni real müqavilənin əsasını real hərəkət - əşyanın verilməsi təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə borc pul verildiyi və bunun nəticəsi olaraq tərəflər arasında borc müqaviləsinin bağlandığı sübuta yetirilmədiyindən, öhdəliklərin yaranması üçün Mülki Məcəllənin 386.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslardan hər hansı biri müəyyən olunmadığından iddiaçının cavabdehə münasibətdə tələb hüququ, cavabdehin isə iddiaçının qarşısında borc müqaviləsindən irəli gələn pulun qaytarılmasına dair öhdəliyi də yaranmamışdır. Məhkəmə cavabdeh "xxxx" MMC tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizə ilə əlaqədar qeyd edir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. Məhkəmə həmçinin qarşılıqlı iddia ilə bağlı qeyd edir ki, qanunvericilkdə hüquqdan aşırı yararlanmanın üç formasını nəzərdə tutulur: vicdansızcasına əsassız iddia qaldırılması; iddiaya qarşı vicdansızcasına əsassız mübahisə edilməsi; işə düzgün və tezliklə baxılmasına və həllinə ardıcıl surətdə maneçilik törədilməsi. Məhkəmə işin araşdırması zamanı müəyyən edilmiş hallara əsasən hesab edir ki, yuxarıda qeyd edilən xüsusatlardan hazırki işdə mövcud deyildir. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəməyə müraciət etməsi isə onun pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını qorumaq məqsədilə öz məhkəmə müdafiəsi hüququndan istifadə etməsi kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hər iki iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 377.1, 385.1, 386.1, 739.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, ilk iddianın tam təmin edilməsi və qalan hissədə dəyişdirilmədən saxlanması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat: Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər - Xumar Mərdanova sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) 2(103)-7707/2020 saylı, 17 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-515/2020 saylı, 09 iyun 2020-ci il tarixli qətnaməsinin ilkin iddia üzrə İddiaçı münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən "xxxx" MMC-yə pul vəsaitinin verilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı cavabdehə pul verdiyini və həmin məbləğdən cavabdeh tərəfindən 259.299,76 ABŞ dolları məbləğində pulun qaytarılmadığını iddia etsə də, buna dair heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh şirkətin iddiaçıya qeyd edilən məbləğdə borclu qaldığını təsdiq edən yeganə sübut İddiaçı adına “excel” kompüter proqramı vasitəsilə tərtib edilmiş sənəddir. Həmin sənəd isə ciddi hesabat blankı olmamaqla hər-hansı hüquqi nəticələr yaratmır. Beləliklə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənəd qüsurlu olduğundan, yəni qanunvericiliklə bu cür sənədlərin tərtibatı üçün nəzərdə tutulan qaydalara uyğun olmadığından, tərəflərin faktiki borc münasibətlərinə girdiklərini təsdiq edən sübut kimi məhkəmə tərəfindən qəbul edilə bilməz. Bundan başqa işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının istinad etdiyi sənədin tərtib edildiyi zaman sənədin tərtibatında və imzalanmasında iştirak etmiş şəxslər Eyyubova Ramina və Mehman Rəşidovun şirkətin adından hər hansı hüquqi hərəkətin edilməsinə, xüsusilə də şirkətin hesabına pulun mədaxil və məxaric edilməsinə səlahiyyətli olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Ümumiyyətlə, həmin sənəddə Eyyubova Raminanın və Mehman Rəşidovun nə adları, nə də imzaları mövcud deyil. Bundan başqa kollegiya qeyd edirki, birinci instansiya məhkəməsi şahid ifadələrinə haqlı olaraq tənqidi yanaşaraq, ifadələrini mötəbər sübut kimi qiymətləndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Kasasiya şikayətinin dəlilləri. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (vəkili Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi və apelyasiya kollegiyasının qətnaməsi tərəflərin qarşılıqlı münasibətlərinə uyğun deyil, işdə olan sübutlar obyektiv, qərəzsiz və hərtərəfli araşdırılmamış, işdə olan sübutlara düzgün qiymət verilməmiş və o cümlədən sübutetmə vəzifələrinin tərəflərin arasında bölüşdürülməsi prinsipinə əməl edilməmişdir. Belə ki, Cəmiyyətin baş direktoru vəzifəsində işləmiş X21 məhkəmə iclasında təsdiq etmişdir ki, həqiqətən də onun tərəfindən həmin pul vəsaiti X13 verilmiş və o, həmin pul vəsaitini Cəmiyyətin kassasına mədaxil etmişdir. İş materialları ilə sübut olunur ki, pul vəsaiti cəmiyyətin kassasına mədaxil olunan zaman X21 Cəmiyyətin baş direktoru vəzifəsində işləmişdir. Onun pul vəsaitinin cavabdeh şirkətdə olmasını həmin cəmiyyətdə çalışan hər bir işçi bilmişdir. O cümlədən onun və mərhum İlhamın qohumlarının hamısı onun pulunun şirkətində olmasını bilmişlər. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, 27.01.2015-ci il tarixində Eyyubova Ramina və Mehman Rəşidovun şirkətə hər hansı aidiyyəti olmamış, iddiaçının istinad etdiyi sənədin tərtib edildiyi zaman sənədin tərtibatında və imzalanmasında iştirak etmiş şəxslər Eyyubova Ramina və Mehman Rəşidovun həmin sənəddə Eyyubova Raminanın və Mehman Rəşidovun nə adları, nə də imzaları mövcud deyildir. Bununla bağlı qeyd edir ki, 16.04.2014-cü il tarixdə X7 əmək müqaviləsinə xitam verilmişdir. Şirkətə onun tərəfindən 89.172 ABŞ dolları 02.12.13-cü il tarixdə mədaxil edilmişdir. Yəni, göstərilən məbləği mədaxil edərkən X7 əmək müqaviləsinə xitam verilməmiş və o, həmin pul vəsaitini qəbul edə bilərdi. Həmçinin həmin sənəddə Mehman Rəşidovun adı soyadı qeyd edilmiş və həmin sənədi imza etmişdir. Bundan başqa ümumiyyətlə Eiubova Raminanın və Mehman Rəşidovun şirkətə hər hansı aidiyyəti olmamasını müzakirə edərkən, buna diqqət yetirmək lazımdır ki, pul vəsaitini qəbul etmək səlahiyyətini və göstərişini onlara kim vermişdir. Çünki o, onların hansı səlahiyyətə malik olmasını bilə bilməzdi. Həmçinin məhkəmə qeyd edir ki, “onun tərəfindən təqdim edilmiş və cavabdeh tərəfindən ona verilmiş kompüterdən çıxarış borc öhdəliklərinin təsdiq olunması üçün yetərli deyil və həmin sənəd ciddi hesabat blankı deyildir.” Qeyd edilməlidir ki, həmin sənədi ona cavabdeh vermiş və həmin sənədin ciddi hesabat blankı olmaması onun tərəfindən cavabdehə həmin məbləğin verilməməsi anlamına gələ bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apelyasiya Məhkəməsi Mülki Kolegiyasının 17 noyabr 2020-ci il tarixli qətnaməsi qismən-ilk iddia hissəsində ləğv edilməli və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, müəyyən edildi ki, işə mahiyyəti üzrə baxmış apelyasiya instansiya məhkəməsi şahid qismində dindirilmiş X9 və X7 ifadəsinə tənqidi yanaşmış, nəzərə almamışdır ki, o, 2010-2016-cı ilədək həmin MMC-də direktor vəzifəsində işləmişdir. Şahid qismində dindirilmiş X9 ifadəsindən görünür ki, İddiaçı şirkətə 350.000 ABŞ dolları pul vəsaiti qoymuş və həmin pulun 90.000 ABŞ dolları mənzilə hesablanaraq ona verilmişdir. İddiaçı şirkətdə 259.000 ABŞ dolları pulu qalmışdır. İddiaçı verilmiş mənzil onun adına olmuşdur. İşə mahiyyəti üzrə baxmış məhkəmələr isə bununla bağlı hər hansı araşdırma aparmamışdır. Yəni məhkəmələr obyektiv həqiqətə nail oluna bilinməsi üçün şirkətə verilmiş pul qarşılığında İddiaçı mənzil verilib-verilmədiyini araşdırmamışdır. Bundan başqa, şahid X21 ifadəsində göstərmişdir ki, Eiubova Ramina şirkətdə kassir olmuşdur. Pullar onun tərəfindən kassaya mədaxil edilirdi. Kassaya mədaxil olunan zaman Mehman və Ramina tərəfindən blanklar tərtib olunurdu. Digər sənədlər və hesabatlar Ramina tərəfindən aparılırdı. Şahid qismində dindirilmiş X17 da ifadəsində pul alınması ilə bağlı sənədin Ramina tərəfindən tərtib edildiyini, onun tərəfindən də imzalandığını göstərmişdir ki, bu hal iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş kassaya mədaxili və qalıq borcu özündə əks etdirən maliyyə sənədinin də Mehman Rəşidov və Ramina Eiubova tərəfindən imzalanması ilə öz təsdiqini tapmış olur. Qarşılıqlı iddiaçı isə kompyuterdən çıxarışdakı imzanın Eiubova Raminaya məxsus olmamasını, onun xətti olmadığını bildirmişdir. İşə baxmış məhkəmələr isə şahid ifadələrinə qiymət vermədikləri üçün bu xüsusatlara da diqqət yetirməmiş, Ramina Eiubova məhkəməyə şahid qismində dəvət edilib dindirilməmiş, kompyuter çıxarışında olan xəttin və imzanın Eiubova Raminaya məxsus olub-olmadığını, həmin çıxarışın kim tərəfindən verildiyini araşdırmamışdır. Halbuki, işdən də görünür ki, həmin ərəfədə Ramina müəyyən fasilələrlə müəssisədə işləmişdir. Məhkəmə isə onun və Mehman Rəşidovun müəssisəyə aidiyyəti olmadığı qənaətinə gəlmişdir. Digər tərəfdən qarşılıqlı iddiaçı şahid Mehman Rəşidovun 16.04.2014-cü il tarixində işdən azad olunduğunu, onun 30.05.2014-cü il tarixdən 03.11.2014-cü il tarixədək olan müddət ərzində MMC-nin kassasına mədaxil olan məbləğləri təsdiq etməsinin qeyri mümkün olmasını, buna görə həmin şahid ifadəsinin qeyri-mötəbər olmasını göstərmişdir. X23 işlədiyi müddətdə, yəni 02.12.2013-cü il tarixdə şirkətə 89.172 ABŞ dolları mədaxil edilməsi nəzərə alınmamış, işə baxmış məhkəmələr də bu hala hər hansı münasibət bildirməmişlər. Məhkəmələr həmçinin pul vəsaitlərinin köçürülməsi ərəfəsində MMC-də kassir vəzifəsində kimin işləməsini araşdırmamış, həmin şəxsin şahid qismində işə cəlb edilərək dindirilməsini təmin etməmişdir. Qeyd olunanlarla yanaşı bildirilməlidir ki, kasasiya yoxlaması zamanı kompyuter çıxarışı və ilk iddia üzrə cavabdeh tərəfdən məhkəməyə təqdim edilmiş aylar üzrə memorial orderləri qarşılıqlı tədqiq edilərkən müəyyən olunur ki, kompyuterdən çıxarışa əsasən 06.06.2014-cü ildən 25.06.2014-cü il tarixinədək şirkətə cəmi 147.388 ABŞ dolları mədaxil edilmişdir ki, 2014-cü ilin iyun ayına olan şirkətin memorial orderindən də görünür ki, şirkətə həmin ay cəmi 148.695,48 ABŞ dolları (manat) mədaxil olmuşdur. Qeyd olunan məbləğlərin bir-birinə yaxın olması da məhkəmə araşdırması tələb etdiyi halda, məhkəmələr bununla bağlı məhkəmə-mühasibatlıq ekspertizası və ya digər araşdırma aparmamış və hər hansı mövqe nümayiş etdirməmişdir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmələr ilk iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilə bilinməməsinə istinad etsələr də nəzərə almamışlar ki, ilk iddiaçıya şirkətə vermiş olduğu pul vəsaitinin cəminə dair cədvəl şəklində kompyuterdən çıxarış təqdim edilmişdir ki, iddiaçı da sübut kimi yalnız həmin sənədi məhkəməyə təqdim edə bilmişdir. Bu cür hallarda isə, yəni pul vəsaitinin şirkətin hesabına daxil olub-olmaması barədə maliyyə və digər sənədləri tələb irəli sürən şəxs deyil, pul vəsaitinin verilmədiyini və ya hesabına köçürülmədiyini bildirən tərəf təqdim etməli, təqdim edilmədiyi təqdirdə məhkəmə tərəfindən tələb edilməli və tədqiq edilərək nəticəyə gəlinməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilən normanın tələbindən də aydın olur ki, işə mahiyyəti üzrə baxan məhkəmələr qətnamə qəbul edərkən işin həqiqi halları ilə qətnaməni əsaslandırmalıdırlar. Lakin, işə mahiyyəti üzrə baxmış məhkəmələr işin həqiqi hallarını, yəni ilk iddiaçı tərəfindən tələb edilən vəsaitin ilk iddia üzrə cavabdeh şirkətin hesabına keçirilibkeçirilmədiyini, bu xüsusatın müəyyən edilməsi üçün yuxarıda sadalanmış halları araşdırmamışdır. Beləliklə, işdən görünür ki, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına, sübutlara və apelyasiya şikayətlərinin dəlillərinə düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsiplərini pozmuşdur. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin yuxarıda göstərilmiş hallarının tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7707/2020 saylı, 17.11.2020-ci il tarixli qətnaməsi qismən - ilk iddia hissəsində ləğv edilməli və mülki iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat: Apelyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsini xahiş etdilər. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Sübutların tədqiqi: İşin materialları ilə müəyyən edilir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı tələbini iddia ərizəsində, apelyasiya şikayətində, birinci və apelyasiya icraatı zamanı məhkəmədə verdiyi izahatlarında onunla əsaslandırmışdır ki, cavabdeh müəssisənin faktiki sahibi olan X5 ilə dostluq münasibətləri olmuş və onun təklifi ilə müəssisənin fəaliyyətinin genişləndirilməsi üçün və həmin müəssisənin fəaliyyətindən gəlir əldə etmək üçün 02.12.2013-cü il tarixdən başlayaraq 03.11.2014-cü il tarixə kimi cəmiyyətə 412066 (dörd yüz on iki min altmış altı) ABŞ dolları sərmayə qoymuşdur. Cəmiyyətin faktiki sahibi X2 cəmiyyətə qoyduğu vəsaitin təminatı kimi Cəmiyyətdə işə qəbul edilmiş və 2019-cu ilə kimi həmin müəssisədə işləmişdir. Cəmiyyətə qoyduğu pulun bir hissəsi ona qaytarılsa da, iddia tələbində göstərdiyi məbləğ ona qaytarılmamış, İlham rəhmətə gedəndən sonra 2016-cı ildən Cəmiyyətə faktiki sahibliyi, sonradan rəsmi idarə edən onun arvadı Eyyubova Sevda və qızı həyata keçirmişlər.İlham Eyyubov rəhmətə gelənlən sonra onun arvadı pulunun qaytarılması barədə vədlər versə də, pulun bir hissəsini qaytarılsa da, 259299,76 (iki yüz əlli doqquz min iki yüz doxsan doqquz dollar 76 sent) ABŞ dolları hissəsi qaytarılmamışdır. 2019-cu ildə isə onu qanunsuz olaraq işdən azad etmişlər və hazırda işdən azad edilməsi barədə əmri məhkəmə qaydasında mübahisələndirmiş, məhkəmə qətnaməsi ilə işinə bərpa olunmuş, lakin hələlik qətnamə qanuni qüvvəsini almamışdır. Bu səbəblərdən də o, məcbur olub Cəmiyyətdə qalan və ona qaytarılmayan pulunun cavabdehlərdən tutulub ona ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı əlavə olaraq göstərmişdir ki, Cəmiyyətə onun tərəfindən pul vəsaiti verilməsi, həmin puldan qalan qalığı təsdiq edən Cəmiyyət tərəfindən tərtib edilən kompüterdən çıxarışla da təsdiq edilir və həmin kompüterdən çıxarışı Cəmiyyətin faktiki sahibi olan İlhamın qızı Ramina xanım tərtib etmiş və Cəmiyyətin baş mühasibi Rəşidov Mehman tərəfindən təsdiq edilmişdir. İddiaçı ikinci apelyasiya icraatı zamanı iddia ərizəsində və əvvəlki məhkəmələrdə verdiyi izahatlarına uyğun izahatlar verərək, əlavə olaraq göstərdi ki, o, mərhum İlhamın təklifi ilə Cəmiyyətə pul verərkən, həmin pul İlhamın göstərişi əsasında Cəmiyyətdə kassir vəzifəsində işləyən qızı Ramina tərəfindən qəbul edilərək, kassaya mədaxil edilmiş, lakin İlhamla dost olduğu, aralarında inam və etibar olduğu üçün pulun verilməsi barədə hər hansı bir mühasibatlıq sənədi almamışdır. Cəmiyyətə bu cür pul vəsaiti başqa şəxslər tərəfindən də qoyulmuş və həmin şəxslər də İlhamın göstərişi əsasında pul vəsaitini onun qızı Raminaya vermiş və o da pulu kassasya mədaxil etsə də, pulun qəbul edilməsi barədə hər hansı bir sənəd verməmişdir. Cəmiyyətə verdiyi pulun müəyyən hissəsi ona 90000 (doxsan) min manat dəyərində verilmiş iki otaqlı mənzillə kompensasiya edilmiş, bir hissəsi isə nağd şəkildə verilmişdir. Onun Cəmiyyətdə qalmış pulunun məbləğini kassir vəzifəsini yerinə yetirən mərhum İlhamın qızı tərəfindən tərtib edilmiş və Cəmiyyətin baş mühasibi Mehman Rəşidov tərəfindən imzası ilə təsdiq edilmiş Cəmiyyətin kompüterindən çıxarışla təsdiq edilir. İddiaçı apelyasiya məhkəməsinin iclasında istinad etdiyi kompüterdən çıxarışın Cəmiyyətin möhürü ilə təsdiq edilmiş nüsxəsini məhkəməyə təqdim etdi və bu sənədin birinci instansiya məhkəməsinə təqdim etməmə səbəbini, həmin sənədin sonradan sənədlərin arasından tapdığını və bu səbəbdən hazırda təqdim etdiyini bildirdi. İş üzrə birinci instansiya məhkəməsində iddiaçı tərəfindən təqdim edilmiş və dindirilmiş şahid X21 göstərmişdir ki, o, uzun müddət şirkətin təsisçisi olmuşdur. O, həm də "xxxx" MMC-də baş direktor vəzifəsində işləmiş 2016-cı il tarixdə isə işdən çıxmışdır. İddiaçı İlham Eyyubov vasitəsilə tanımışdır. İddiaçı şirkətə 350.000 ABŞ dolları pul vəsaiti qoymuş və həmin pulun 90.000-i mənzilə hesablanaraq ona verilmişdir. İddiaçı şirkətdə 259.000 pulu qalmışdır. İddiaçı verilmiş mənzil onun adına olmuşdur. İddiaçı şirkətdə pul vəsaitinin olmasını və pulun qaytarılmasını şirkətdə çalışan hər bir şəxs bilmişdir. Həm də bilir ki, Şakirin pulu hələ də ona qaytarılmamışdır. Pullar mərhum İlhama ödənilir, daha sonra onun tərəfindən kassaya mədaxil edilirdi. İddiaçı və İlham dost olmuşdurlar. İlhamın adından pul kassaya mədaxil edilə bilməzdi, çünki onun xarici vətəndaş olduğundan rəsmi olaraq şirkətə aidiyyəti olmayıb. Pulların hansı məbləğlərdə şirkətə verilməsini xatırlamır. Eyubova Ramina şirkətdə kassir olmuşdur. Pullar onun tərəfindən kassaya mədaxil edilirdi. Kassaya mədaxil olunan zaman Mehman və Ramina tərəfindən blanklar tərtib olunurdu. Dəqiq sənədlər və hesabatlar Ramina tərəfindən aparılırdı. Pullar İddiaçı tərəfindən adətən onun, İlhamın, Mehmanının və qeyrilərinin yanında verilirdi. Hazırki apelyasiya icraatı zamanı şahid qismində dindirilən X21 birinci instansiya məhkəməsində verdiyi izahatı təsdiq edərək, əlavə olaraq göstərdi ki, Cəmiyyətin faktiki sahibi olan İlham rəhmətə gedəndən sonra o, Cəmiyyətin təsis payını onun arvadının adına keçirmiş, bir müddət Cəmiyyətin direktoru kimi işləmiş və İddiaçı və digər şəxslərin borclarının qaytarılması barədə Əyyubova Sevda və İlhamın qızı Ramina ilə dəfələrlə söhbətləri olmuş, əvvəllər pulun qaytarılmasına söz versələr də, sonradan imtina etdiklərindən aralarında narazılıq yaranmış və bu səbəbdən də o, Cəmiyyətdən işdən çıxmışdır. X33 daha sonra göstərdi ki, mərhum İlham Cəmiyyəti yaradanda Cəmiyyətin fəaliyyətinin genişləndirilməsi üçün yaxın dostlarından, tanışlarından Cəmiyyətə pul qoymalarını təklif etmiş, bu təklifə o da razılaşaraq Cəmiyyətə 30000 manata yaxın pul vəsaiti qoymuş, həmçinin İddiaçı, Cəmiyyətin direktor müavini işləyən Tağıyev Şahin və digər şəxslər də Cəmiyyətə pul vəsaiti qoymuşlar. İlham rəhmətə gedəndən sonra onun Rusiyada yaşayan dostu Fərhad Azərbaycana gələrək, Cəmiyyətin fəaliyyəti ilə maraqlanmış və onun tövsiyyəsi və məsləhəti ilə o, Cəmiyyətdə fəaliyyətini davam etdirmişdir. Rusiyadan gələn mərhum İlhamın dostu Fərhad İlhamın arvadı və qızına tövsiyyə etmişdir ki, Cəmiyyətin borclu olduğu şəxslərin vəsaitlərinin qaytarılmasını təmin etsinlər. Lakin mərhum İlhamın arvadı Sevda və qızı bu tövsiyyələrə əməl etməmiş və Cəmiyyətə özlərinin rəhbərlik edəcəklərini bildirərək onu Cəmiyyətin fəaliyyətindən uzaqlaşdırdıqları üçün o, işdən çıxmışdır. İş üzrə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, İddiaçı tanıyır. "Şərq Kimya ŞirkətiBakı" şirkətində baş mühasib vəzifəsində çalışıb, şirkətin maliyyə işlərini aparmışdır. İlhamın ona etibarı olmuşdur. Şirkətə vəsait lazım olduğundan əlavə pullar cəlb olunurdu. İddiaçı şirkətə pul qoymuşdur. Pullar Şakir tərəfindən şirkətə müxtəlif məbləğlərdə verilmişdir. Şakir həmin şirkətin faktiki rəhbəri olan İlham Eyyubov ilə dost olmuşlar. Şakiri İlham vasitəsi ilə tanımışdır. Şakir həmin şirkətə 259.600 manat vəsait qoymuşdur. Şakir şirkətə bir neçə dəfə pul vəsaiti qoymuşdur. Son hesablamada onun şirkətin kassasında 259.600 manat pulu qalmışdır. Bu faktı o və rəhmətlik İlhamın qızı Raminə şirkətin kassasının kompüter çıxarışında imzaları ilə təsdiq etmişlər. Pullar banklara qoyulmuşdur. Pulların verilməsində müxtəlif vaxtlarda iştirak etmişdir. Kassaya pul İlhamın adından daxil edilirdi. Sonradan baş mühasib vəzifəsindən səhhətinə görə işləyə bilməmişdir. Lakin şirkətin maliyyə əməliyyatlarına rəhbərlik etmişdir. İddiaçı adına Ramina tərəfindən tərtib edilmiş sənəd onun tərəfindən imzalanmışdır. Hazırki apelyasiya icraatı zamanı şahid qismində dindirilən şahid X17 birinci instansiya məhkəməsində verdiyi izahatı təsdiq edərək, əlavə olaraq bildirdi ki, o, Cəmiyyətdə baş mühasib vəzifəsində işləmiş və müəssisənin maliyyə işlərinə rəhbərlik etmişdir. Cəmiyyətin faktiki rəhbəri İlhamın göstərişi ilə İddiaçı və digər şəxslər tərəfindən verilən pullar onun tərəfindən qəbul edilərək, Cəmiyyətdə kassir vəzifəsini icra edən mərhum İlhamın qızına verilmiş, o da kassaya mədaxil edərək, banklara qoymuşdur. Lakin pullar qəbul edilərkən pul verən şəxslərə hər hansı bir rəsmi kassa sənədləri verilməmişdir. Çünki, həmin şəxslərin mərhum İlhamla etibarlı münasibətləri var idi. Cəmiyyətə pul qoymuş şəxslərin qoyduğu məbləğlər barədə hesablaşmalar aparılır və aparılmış hesablaşmalar nəticəsində kompüterdə tərtib edilmiş blanklar kassir vəzifəsini yerinə yetirən Ramina tərəfindən kompüterdən çıxarılıb və onun imzası ilə təsdiq edilərək, Cəmiyyətin borclu olduğu şəxslərə verilirdi. O, həmçinin göstərdi ki, səhhəti ilə əlaqədar 2014-cü ildə Cəmiyyətdə baş mühasib vəzifəsindən azad olunmuş və Cəmiyyətin baş mühasibi vəzifəsinə X12 təyin edilsə də, Cəmiyyətin maliyyə məsələlərinə o özü rəhbərlik etmişdir. İddiaçı Cəmiyyətə qoyduğu pul vəsaitinin bir hissəsi pul şəklində, bir hissəsi isə 90000 manat məbləğində iki otaqlı evlə əvəz edilib qaytarılsa da, kompüterdən çıxarışda qeyd olunan, özünün imzası ilə təsdiq edilən 259600 manat pul vəsaiti Şakirə qaytarılmamışdır. Cəmiyyətin faktiki rəhbəri olan İlham rəhmətə gedəndən sonra özünün və Cəmiyyətin direktoru olan Emil tərəfindən aparılmış danışıqlar zamanı mərhum İlhamın arvadı və qızı tərəfindən Şakirə olan borcun qaytarılması barədə söz versələr də, sonda pulu qaytarmaqdan imtina etmişlər. Hazırki apelyasiya icraatı zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, Cəmiyyətdə baş mühasib vəzifəsində işləmişdir. Özündən əvvəl baş mühasib vəzifəsində işləmiş Rəşidov Mehman müəssisədə rəsmi işləməsə də, maliyyə məsələlərinə köməklik etmişdir. İddiaçı müəssisədə işlədiyi vaxtdan tanıyır və onun Cəmiyyətə müəyyən məbləğdə pul vəsaiti qoyması barədə məlumatı olmuşdur. Müəssisədə işlədiyi vaxtlarda Şakir və digər şəxslər tərəfindən müəssisənin fəaliyyətinə köməklik üçün müxtəlif vaxtlarda pul vəsaitləri qoyulmuşdur. Həmin pullar müəssisənin sahibi İlhamın göstərişinə və tapşırığına əsasən qəbul edilirdi. Qəbul edilən pul vəsaitləri kassir vəzifəsini icra edən Raminaya verilirdi və o da kassaya mədaxil edirdi. Sonradan pul verən şəxslərin pulları barədə hesabat aparılırdı və aparılmış hesabat nəticəsində kompüterdə qalıq borcu təsdiq edən çıxarış hazırlanır və həmin çıxarışlar mühasib tərəfindən təsdiq edilərək verilirdi. Hazırda Şakirin də Cəmiyyətə qoyduğu pullardan müəyyən hissəsi qaytarılmamış, bu barədə müəssisənin sahibliyini həyata keçirən mərhum İlhamın arvadı və qızı ilə söhbətlər edilmiş, əvvəl Cəmiyyətin borclu olduğu şəxslərə pulun qaytarılmasına söz verilsə də, sonradan imtina edilmişdir. Hazırki apelyasiya icraatı zamanı şahid qismində dindirilmiş X11 izahatında göstərmişdir ki, o, Cəmiyyətdə direktor müavini vəzifəsində işləmiş, Cəmiyyətin faktiki sahibi Eyyubov İlham olmuş, lakin o, Cəmiyyətdə rəsmi olaraq hər hansı bir vəzifə tutmamışdır. Cəmiyyətin direktoru Emil Quliyev olmuş və Cəmiyyətin 100% təsisi payı Emilin adına olmuşdur. Lakin, Cəmiyyətə faktiki rəhbərliyi İlham həyata keçirmişdir. İddiaçı İlhama görə tanımış, Şakir İlhamla dost olmuş, demək olar ki, hər gün bir yerdə olurdular. Cəmiyyətin fəaliyyətini genişləndirmək üçün İlhamın təklifinə əsasən İddiaçı, direktor Emil, o özü Cəmiyyətə pul vəsaitləri qoymuşlar. İddiaçı də müxtəlif vaxtlarda Cəmiyyətə 400000 manatdan çox pul qoymuşdur. Verilən pullar İlhamın göstərişinə və tapşırığına əsasən Cəmiyyətdə kassir vəzifəsini icra edən İlhamın qızı Raminaya verilir və o da pulları kassaya mədaxil edərək, banka köçürdürdü. Şakir və digər şəxslərə Cəmiyyətə qoyduqları pullar barəsində hər hansı bir maliyyə sənədi verilmirdi. Çünki, bunun səbəbi İlhama olan inama və etibara əsaslanırdı. Cəmiyyətin gəliri və çıxarı barədə hesabatlar aparıldıqdan sonra Cəmiyyətə pul vəsaiti qoymuş şəxslərin qoyduğu, qaytarıldığı və qalıq borcunun məbləği barədə mühasibatlıq tərəfindən kompüterdə tərtib edilmiş çıxarış hazırlanıb həmin şəxslərə təqdim edilirdi. Həmin çıxarışlar kassir vəzifəsini icra edən Ramina tərəfindən hazırlanıb, baş mühasibin imzası ilə təsdiq edildikdən sonra həmin şəxslərə verilir, bir nüsxəsi isə mühasibatlıqda saxlanılırdı. Cəmiyyət onun da müəssisəyə qoyduğu pul vəsaitinin qalığı barədə ona da çıxarışlar vermiş və həmin çıxarışların hazırda özündə olan nüsxələrinin kserosurətini məhkəməyə təqdim edir. Təqdim etdiyi çıxarışda olan imzanı kassir vəzifəsini icra edən Ramina imzası ilə təsdiq etmişdir. İddiaçı də Cəmiyyətə qoyduğu pulun qalığı barədə çıxarış hazırlanaraq, ona təqdim edilmişdir. Cəmiyyətin faktiki rəhbəri İlham rəhmətə gedəndən sonra (2016-cı ildə) Cəmiyyətə rəhbərlik onun arvadı və qızına keçmiş, Onun, Emilin Cəmiyyətdə olan pulları qaytarılsa da, Şakirin pulu qaytarılmamışdır. Sonra pulun qaytarılması barədə mərhum İlhamın arvadı və qızı ilə dəfələrlə söhbətlər edilmiş, onlar əvvəllər pulu qaytaracaqlarına söz versələr də, sonradan imtina etmişlər. Hazırki apelyasiya icraatı zamanı şahid qismində dindirilmiş X18 məhkəməyə verdiyi izahatında bildirdi ki, o, Cəmiyyətdə heç vaxt kassir vəzifəsində işləməmişdir. O, Cəmiyyətdə müxtəlif zamanlarda menecer vəzifəsində işləmişdir. İddiaçı və şahidlərin onun haqqında dedikləri həqiqətə uyğun deyil. İddiaçı və ya digər şəxslərin Cəmiyyətə pul verməsi, Cəmiyyətin onlara pul borclu olması barədə hər hansı bir məlumatı olmamışdır. Hazırki apelyasiya icraatında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətini əsassız hesab edərək, iddia tələbinə münasibətdə bildirdi ki, iddiaçının məhkəməyə təqdim etdiyi kompüterdən çıxarış borcun mövcudluğunu tsədiq etmir, həmin sənədin harada, kim tərəfindən tərtib olunması müəyyən deyil və sübut kimi qəbul edilə bilməz. İddiaçı və onun tərəfindən təqdim edilmiş şahidlərin ifadələri həqiqəti əks etdirmir və iddiaçını müdafiə xarakteri daşıyır. Rəsmi sənədlərlə müəyyən edilir ki, Ramina Eyyubova həmin müəssisədə heç vaxt kassir vəzifəsində işləməmiş, ümumiyyətlə müəssisədə kassir vəzifəsi olmamışdır. 2013-2014-cü illərin mühasibatlıq sənədlərində İddiaçı müəssisəyə pul vəsaiti qoyması və ya müəssisənin ona borcunun olması barədə hər hansı bir məlumatı yoxdur. Belə olan halda iddiaçı borcun məbləğini sübuta yetirə bilmədiyindən, iddia rədd edilməlidir. X9 Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Şöbəsində verdiyi izahatından görünür ki, "xxxx" MMC-də baş direktor vəzifəsində işləmiş 2016-cı il tarixdə isə işdən çıxmışdır. İddiaçı yaxından tanıyır. İddiaçı şirkətə 350.000 ABŞ dolları pul vəsaiti qoymuş və həmin pulun 90.000-i mənzilə hesablanaraq ona verilmişdir. İddiaçı şirkətdə 259.000 pulu qalmışdır. İddiaçı verilmiş mənzil onun adına olmuşdur. İddiaçı şirkətdə pul vəsaitinin olmasını və pulun qaytarılmasını şirkətdə çalışan hər bir şəxs bilmişdir. Həm də bilir ki, Şakirin pulu hələ də ona qaytarılmamışdır. Mərhum İlhamın həyat yoldaşı və hal-hazırda həmin şirkətin mülkiyyətçisi olan Sevda dəfələrlə Şakirin pulunun qaytarılması barədə söhbət etmişlər. O isə bildirmişdir ki, İddiaçı ilə bu məsələni özü həll edəcəkdir. X7 Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Şöbəsində verdiyi izahatdında bildirmişdir ki, o, İddiaçı tanıyır. O, onun əvvəllər işlədiyi "Şərq Kimya Şirkəti" şirkətində payçı olmuşdur. Şakir həmin şirkətin faktiki rəhbəri olan İlham Eyyubov ilə dost olmuşlar. Şakir həmin şirkətə 259.600 manat vəsait qoymuşdur. Şakir şirkətə bir neçə dəfə pul vəsaiti qoymuşdur. Son hesablamada onun ŞKŞ-nin kassasında 259.600 manat pulu qalmışdır. Bu faktı o və rəhmətlik İlhamın qızı Raminə şirkətin kassasının kompüter çıxarışında imzaları ilə təsdiq etmişlər. Şakirin pul vəsaitinin çirkətdə olmasını mərhum İlhamın ailə üzvləri də bilmişlər. Bu barədə İlhamın həyat yoldaşı Sevda ilə söhbət etmişlər. Sevda isə evlərin satılmasından sonra Şakirin borcunu verəcəyini bildirmişdir. Hazırda Şakirin pulu verilməmişdir. Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, "xxxx" MMC-nin (VÖEN **********) qanuni təmsilçisi Sevda Yusubovadır. İddiaçı adına “excel” kompüter proqramı vasitəsilə tərtib edilmiş sənəddən görünür ki, “Şərq Kimya Şirkəti - Bakı" MMC-nin ona olan borc qalığı 259.299,76 ABŞ dolları təşkil edir. “Şərq Kimya Şirkəti - Bakı" MMC-nin təsisçisi E.F.Quliyev tərəfindən imzalanmış 1 saylı, 01.10.2010-cu il tarixli əmrdən görünür ki, X21 01 oktyabr 2010-cu il tarixindən “Şərq Kimya Şirkəti - Bakı" MMC-nin direktor vəzifəsinə təyin edilir. “Şərq Kimya Şirkəti - Bakı" MMC-nin təsisçisi Yusubova S. tərəfindən imzalanmış 37 saylı, 15.11.2016-cı il tarixli əmrdən görünür ki, 15.11.2016-cı il tarixdən Baş direktor X21 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən xitam verilmişdir. “Şərq Kimya Şirkəti - Bakı" MMC-nin təsisçisi Quliyev E.F. tərəfindən imzalanmış 12 saylı, 16.04.2014-cü il tarixli əmrdən görünür ki, 16.04.2014-cü il tarixdən X17 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. “Şərq Kimya Şirkəti - Bakı" MMC-nin təsisçisi Yusubova S. tərəfindən imzalanmış 24 saylı, 24.05.2018-ci il tarixli əmrdən görünür ki, 24 may 2018-ci il tarixindən Eiubova Ramina “Şərq Kimya Şirkəti - Bakı" MMC-nin direktor vəzifəsinə təyin edilir. “Şərq Kimya Şirkəti - Bakı" MMC-nin təsisçisi Yusubova Sevda tərəfindən imzalanmış 41 saylı, 22.07.2019-cu il tarixli əmrdən görünür ki, 22.07.2019-cu il tarixdən X19 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. “Şərq Kimya Şirkəti - Bakı" MMC-nin direktoru Eiubova Raminanın H/010-12-02 nömrəli, 27.03.2019-cu il tarixli əmrindən görünür ki, cəmiyyətin baş mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə 28 mart 2019-cu il tarixindən xitam verilmişdir. Hazırki apelyasiya icraatı zamanı iddiaçı tərəfindən təqdim edilmiş İddiaçı adına “excel” kompüter proqramı vasitəsilə tərtib edilmiş sənəddən görünür ki, 02.12.2013- 03.11.2014-cü illər üzrə dövrdə kassaya 412166,00 ABŞ dolları pul vəsaiti mədaxil olunmuş, həmin məbləğdən 152866,24 ABŞ dolları ona ödənilmiş, qalan məbləğ isə 259299,76 ABŞ dolları təşkil edir. Həmin sənəd "xxxx" adlı müəssisənin dairəvi möhürü ilə təsdiq edilmişdir. Hazırki apelyasiya icraatı zamanı şahid qismində dindirilmiş X11 tərəfindən məhkəməyə təqdim edilmiş və Şahin müəllimin adına ortaq vəsait qoyuluşu barədə “excel” proqramında tərtib edilmiş iki ədəd sənədin kserosurətindən görünür ki, 30.04.2014- 14.07.2014-cü illər üçün olan dövrdə onun tərəfindən müəssisəyə 484.913, ABŞ dolları pul vəsaiti mədaxil etmiş, həmin vəsaitdən cəmi 34913,00 ABŞ dolları qaytarılmış, 453000, 00 ABŞ dolları borc qalığı qalmışdır və həmin sənədin 07.04.2015-ci ildə iki şəxsin imzası ilə təsdiq edilmişdir. (şahid həmin imzaların kassir Albina və baş mühasib tərəfindən imzalanmasını bildirmişdir) İkinci sənəddə eyni məzmunlu olmaqla borc qalığının 450000 ABŞ dolları olduğu qeyd olunmuş və həmin sənəd 27.07.2015-ci il tarixdə bir nəfərin imzası ilə təsdiq edilmişdir. (şahid həmin imzanın kassir Albinaya aid olduğunu bildirmişdir) Hazırki apelyasiya icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş 09 avqust 2021-ci il tarixli 39 saylı məhkəməyə ünvanlanmış, direktor Sevda Yusifova tərəfindən imzalanmış məktubun məzmunundan müəyyən olunur ki, "xxxx" MMC-də 2011-ci ildən hal-hazıradək xəzinədar-kassir vəzifəsi (ştatı) olmamış və xəzinədar-kassir vəzifəsi üzrə hər hansı işçi çalışmamışdır. Hazırki apelyasiya icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş 24 (iyirmi dörd) vərəqdən ibarət 2013-cü il dekabr 2014-cü il dekabr dövrü üçün "xxxx" MMC-nin maliyyət fəaliyyətini əks etdirən mədaxil və məxaric barədə məlumatları əks etdirən sənədlərin məzmununda iddiaçı tərəfindən müəssisəyə hər hansı bir pul vəsaitinin mədaxil edilməsi müəyyən edilmir. Hazırki apelyasiya icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışlarla (cəmi 10 vərəqədə) müəyyən edilir ki, cavabdeh "xxxx" MMC 30.09.2010-cu ildə qeydiyyata alınmış və hazırki vaxtda reyestrdə qeydiyyatda olmaqla fəaliyyət göstərir. Həmçinin müəyyən edilir ki, Cəmiyyətin təsisçisi 100% payla X21 olmuş və o, eyni zamanda həmin Cəmiyyətin qanuni təmsilçisi olmuşdur. 30.03.2016-cı ildən isə Cəmiyyətin təsis payının 75%-i Yusifova Sevdaya, 25%-i isə X14 məxsus olmaqla reyestrdə qeydiyyat aparılmış, 23.11.2016-cı ildən isə Cəmiyyətin təsis payı 100 % Yusifova Sevdaya məxsus olmaqla, qeydiyyata alınmışdır. Təbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Konstitusiyanın 125.7-ci maddəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 331.2-ci maddəsinə əsasən tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 10.1-ci maddəsinə əsasən məhkəmələrdə işlərə aşkarlıq prinsipi əsasında baxılır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən məhkəmənin tələbi ilə şahid öz ifadəsini yazılı tərtib edə bilər. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi: Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia üzrə mübahisənin həllinə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, işdəki sübutları mülki prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirməmiş, buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi qismən, ilk iddianın təmin edilməyən hissəsində ləğv edilməli, işdəki sübutlar əsasında ilk iddiaya münasibətdə yeni qətnamə qəbul edilməlidir. Kollegiya həmçinin qeyd edir ki, qarşılıqlı iddianın təmin olunmaması barədə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən, qətnamə həmin hissədə yoxlanılmır. İşin hallarına qiymət verməmişdən öncə kollegiya hazırki apelyasiya icraatı zamanı əlavə olaraq araşdırılmış sübutların qiymətləndirilməsinin mümkünlüyünə münasibət bildirməyi zəruri hesab edir. Kassasiya məhkəməsinin göstərişlərinin icrasının təmin edilməsi üçün hazırki apelyasiya icraatında cavabdeh müəssisədə baş mühasib vəzifəsində işləmiş X12, həmin müəssisədə direktor müavini işləmiş X11, həmin müəssisədə müxtəlif vəzifələrdə işləmiş X15 əlavə şahid qismində dindirilmiş, eyni zamanda birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X21 və X17 təkrar dindirilmişlər. Həmçinin İddiaçı tərəfindən hazırki apelyasiya icraatında təqdim edilmiş İddiaçı adına "xxxx" kompüter proqramı vasitəsilə tərtib edilmiş və cavabdeh cəmiyyətin möhürü ilə təsdiq edilmiş sənədin əsli, hazırki apelyasiya icraatında şahid qismində dindirilmiş X6 təqdim etdiyi və adına olan "xxxx" kompüter proqramı vasitəsilə tərtib edilmiş sənədin kserosurəti, habelə cavabdeh tərəfin vəkilinin təqdim etdiyi sənədlər hazırki apelyasiya icraatı zamanı məhkəmə araşdırmasında tədqiq edilərək, iş materiallarına əlavə edilmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən sübutlar birinci instansiya məhkəməsinə təqdim edilir. Lakin prosessual qanunvericilik sübutların apelyasiya isntansiyası məhkəməsinə təqdim edilməsini də mümkün hesab edir. Nəzərə alınmalıdır ki, apelyasiya instansiyası məhkəməsi isə işdəki və əlavə təqdim edilmiş sübutlar əsasında mahiyyəti üzrə baxır. Bu baxımdan iş üzrə hazırki icraatda əlavə araşdırılmış sübutlar kassasiya məhkəməsinin göstərişinə əsasən aparılmışdır və əlavə araşdırılmış sübutlar mübahisənin faktiki hallarının düzgün müəyyənləşdirilməsi, qanuni və ədalətli qərar qəbul edilməsinə xidmət etmişdir. Ona görə də əlavə olaraq dindirilmiş şahidlərin ifadələri və tərəflərin əlavə olaraq təqdim etdikləri sənədlərin sübut kimi qəbul edilib qiymətləndirilməsi mülki prosessual qanunvericiliyin prinsiplərinə görə əsaslı hesab edilməlidir. Məhkəmə kollegiyası işdəki sübutları və şahid ifadələrini prosessual qanunvericiliyin tələblərinə uyğun bir-biri ilə qarşılıqlı təhlil edib qiymətləndirərək, aşağıdakıları qeyd edir: İş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdehə pul verdiyini və verdiyi puldan 259.299,76 ABŞ dolları məbləğində pulun qaytarılmamasını iddia edir və iddiasının təsdiqi kimi birinci instansiya məhkəməsinə iddiaçının adına "xxxx" kompüter proqramı vasitəsilə Eyyubova Ramina tərəfindən tərtib edilmiş və Şirkətin baş mühasibi vəzifəsində işləyən Mehman Rəşidov tərəfindən imzalanmış sənədin əslini və kserosurətini təqdim etmiş, hazırki apelyasiya icraatına isə həmin sənədin cavabdeh təşkilatın möhürü ilə təsdiq edilmiş nüsxəsini təqdim etmişdir. Təqdim edilmiş həmin sənədin məzmunundan görünür ki, iddiaçı 02.12.2013-cü ildən 03.11.2014-cü il tarixə kimi cavabdeh müəssisəyə 412166,00 ABŞ dolları məbləğində pul vəsaiti qoymuş, həmin məbləğdən 152866,24 ABŞ dolları qaytarılmış, 259299,76 ABŞ dolları borc qalmış və həmin borc cavabdeh müəssisənin baş mühasibinin imzası ilə, digər nüsxəsi isə cavabdeh müəssisənin möhürü ilə təsdiq edilmişdir. İddiaçının təqdim etdiyi həmin sənədin cavabdeh müəssisədə kassir vəzifəsini icra edən Eyyubova Ramina tərəfindən tərtib edilməsi, İddiaçı cavabdeh müəssisəyə pul vəsaiti qoyması, qoyduğu pul vəsaitinin bir hissəsinin qaytarılması, bir hissəsinin qaytarılmadığı, müəssisənin faktiki rəhbəri İlham Eyyubovun ölümündən sonra müəssisəyə rəhbərliyi və idarəçiliyi həyata keçirən mərhum İlhamın arvadı və qızı tərəfindən əvvəl pulun qaytarılmasına söz verdikləri, lakin sonradan bundan imtina etmələri iş üzrə şahid qismində dindirilmiş, cavabdeh təşkilatda direktor müavini işləmiş X11, cavabdeh təşkilatda baş mühasib vəzifəsində işləmiş X12, həm birinci instansiya məhkəməsində, həm də hazırki apelyasiya baxışında şahid qismində dindirilmiş, cavabdeh təşkilatda direktor vəzifəsində işləmiş X21 və həmin müəssisədə baş mühasib vəzifəsində işləmiş X17 da həmin faktları təsdiq etmişlər. Bundan əlavə hazırki apelyasiya baxışında şahid Tağıyev Şahinin təqdim etdiyi kserosurət sənəd olan və məhkəmədə tədqiq olunan sənədlərdə göstərilən faktlar qismən öz təsdiqin tapır. İş üzrə hazırki apelyasiya baxışında şahid qismində dindirilmiş X15 iddiaçı və yuxarıda adları qeyd olunan şahidlərin ifadələrində onun barəsində göstərilənlərin həqiqətə uyğun olmadığı, tərəfindən iddiaçıya və digər şəxslərə borcları barədə hər hansı bir sənəd tərtib edib vermədiyi və heç bir sənəd verməyə səlahiyyəti olmadığını bildirsə də, kollegiya onun dediklərini inandırıcı hesab etmir. Cavabdeh tərəf məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsində, həmçinin həm birinci, həm də apelyasiya icraatında verdiyi izahatlarında iddia tələbini qəbul etməmiş, iddiaçının iddia tələbində göstərdiyi halların hər hansı faktiki və hüquqi əsası olmadığı, cavabdeh müəssisədə olan mühasibatlıq sənədlərində iddiaçı tərəfindən hər hansı bir məbləğdə pul vəsaiti verməsi, borcunun qalması öz təsdiqini tapmadığı və bunun məhkəməyə təqdim edilmiş mühasibatlıq sənədləri ilə təsdiq edildiyini bildirərək, məhkəmədə dindirilmiş şahidlərin ifadələrində göstərilmiş fikirlərin subyektiv mülahizələr olduğunu göstərsə də, məhkəmə kollegiyası cavabdehin göstərdiklərini həqiqətə uyğun olmayan dəlillər hesab edərək, iddianın rədd edilməsi üçün əsaslı hesab etmir. Göstərilənləri ümumiləşdirib qiymətləndirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Cəmiyyətə pul verməsi və verdiyi pul vəsaitinin bir hissəsi qaytarılsa da, iddia tələbində göstərilən hissəsinin qaytarılmaması sübuta yetirilmiş və bu səbəbdən də tərəflər arasında borc münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Borc münasibətlərini tənzimləyən mülki qanunvericiliyin (Mülki Məcəllənin 739-cu maddəsi) normalarına əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) verməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Qeyd edilən mülki qanunvericiliyin normalarına görə borc müqaviləsi real müqavilədir, əşya bir şəxsdən digərinə verildiyi halda bağlanmış hesab edilir. Yəni, real müqavilənin əsasını real hərəkət - əşyanın verilməsi təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən cavabdehə borc pul verildiyi və bunun nəticəsi olaraq tərəflər arasında borc müqaviləsinin bağlanması sübuta yetirildiyindən, tərəflər arasında Mülki Məcəllənin 386-cı maddəsi ilə nəzərdə tutulan öhdəlik münasibətləri yaranmış və bu səbəbdən də iddiaçının cavabdehə münasibətdə tələb hüququ, cavabdehin isə iddiaçının qarşısında borc müqaviləsindən irəli cələn pulun qaytarılmasına dair öhdəliyi yaranmışdır. Kollegiya bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, iddiaçının təqdim etdiyi "xxxx" kompüter proqramı vasitəsilə tərtib edilmiş, Şirkətin baş mühasibi tərəfindən imzalanmış və Şirkətin möhürü ilə təsdiq edilmiş sənəd (Mülki Məcəllənin 882.5-ci maddəsi) borcun etirafı barədə müqavilə kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" kompüter proqramı vasitəsilə tərtib olunmuş sənədi “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq hesabat blanklarının tərtibi və tətbiqi qaydaları”na uyğun tərtib olunmadığından qüsurlu olması barədə qənaəti və iş üzrə şahid ifadələrinə tənqidi yanaşaraq gəldiyi nəticəsi işin həqiqi hallarına uyğun olmamış və tərəflər arasında yaranmış mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etməmiş və sübutları prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirməmiş və bu səbəbdən ilk iddia tələbinə münasibətdə nəticəsi qanuni və əsaslı olmamışdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, ilkin iddia tələbi əsas borca münasibətdə sübuta yetirilmiş hesab olunduğundan, iddia tələbi həmin hissədə təmin olunmalıdır. Kollegiya ilk iddia üzrə əsas borcu sübuta yetirilmiş hesab etdiyindən, hesab edir ki, iddia tələbinin əsas borc məbləğinə münasibətdə əldən çıxmış fayda hissəsində iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə mənasına görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməkləvə ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd edilən maddi hüquq normasında göstərilənləri nəzərə alan kollegiya hesab edir ki, cavabdeh iddiaçıya məxsus olan pul vəsaitini uzun müddət özündə saxlayıb istifadə etməklə faydalandığından, iddia tələbi əldən çıxmış fayda hissəsində də təmin olunmaqla, cavabdehdən 259299,76 ABŞ dolları əsas borca münasibətdə 73799,928 (259299,76x5%=12299,998x6=73799,928) ABŞ dolları, cəmi 333099,688 ABŞ dolları pul vəsaiti tutulub iddiaçıya ödənilməlidir. Kollegiya cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəni müzakirə edib hesab edir ki, ərizə əsaslı hesab edilə bilməz. Belə ki, iddia müddətlərini müəyyənləşdirən mülki qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında borc müqaviləsi münasibətlərindən irəli gələn mübahisə olduğundan, həmin münasibətlər üçün üç illik iddia müddəti müəyyənləşdirilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdehə pul vəsaitini 2013-2014-cü illərdə versə də, həmin pul vəsaitinin qaytarılması üçün davamlı olaraq cavabdehlə danışıqlar aparmış və cavabdeh əvvəllər həmin pul vəsaitini qaytarmağa söz versə də, sonda cavabdeh tərəfindən pulun qaytarılmasından yayındığına əmin olduqdan sonra hazırki iddia ilə 2019-cu ilin avqust ayında məhkəməyə müraciət etmişdir. Bu baxımdan kollegiya iddiaçı tərəfindən iddia məddətini buraxılmamış hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilən prosessual qanunvericiliyin göstərişlərinə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilib, müəyyən edilmiş hallar və əlavə təqdim edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edilməli, ilk iddia təmin edilib cavabdeh "xxxx" MMC-dən 259299,76 ABŞ dolları əsas borc, 73799,928 ABŞ dolları əldə çıxmış fayda olmaqla, cəmi 333099,688 ABŞ dolları (ödəniş günü Azərbaycan manatına məzənnə ilə) pul vəsaiti tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405- ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-515/2020 saylı, 09 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair ilk iddiası təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 259299,76 (iki yüz əlli doqquz min iki yüz doxsan doqquz dollar, yetmiş altı sent) ABŞ dolları əsas borc, 73799,928 (yetmiş üç min yeddi yüz doxsan doqquz dollar, 0,928 sent) ABŞ dolları əldə çıxmış fayda olmaqla, cəmi 333099,688 (üç yüz otuz üç min doxsan doqquz dollar, 0,688 sent) ABŞ dolları (ödəniş günü Azərbaycan manatına məzənnə ilə) pul vəsaiti tutulub İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar