Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5878/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Binəqədi Rayon Məhkəməsinin e-2(001)-234/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra isə tələblərini dəqiqləşdirməklə, məhkəmədən Cavabdeh 23000 manat borcun, 2875 manat illik faizin, vəkilə ödənilmiş 320 manat və 161 manat məbləğində dövlət rüsumunun tutulub, onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (bundan sonra – cavabdeh) cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 və İddiaçı1 müştərək qaydada ona 10250 manat maddi ziyan, 10000 manat mənəvi ziyan və 151 manat dövlət rüsumunun, cəmi 20401 manat pulun alınaraq, onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
3. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-234/2025 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, Cavabdeh 25300 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat, dövlət rüsumunun əvəzi kimi 155 manat olmaqla, ümumilikdə 25775 manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı1 ödənilməsi, cavabdeh İddiaçı1 3200 manat və dövlət rüsumunun əvəzi kimi 25 manat məbləğində pul vəsaitinin tutularaq, iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir.
4. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-234/2025 saylı qətnaməsi qanuni qüvvəyə minmiş, xx.xx.2025-ci il tarixdə icra edilməsi üçün Binəqədi rayon İcra şöbəsinə göndərilmiş və hazırda Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ruslan Məmmədovun icraatındadır.
5. Cavabdeh “icra sənədinə izah verilməsi” barədə ərizə ilə rayon məhkəməsinə müraciət etmişdir.
6. Binəqədi Rayon Məhkəməsinin eyni nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir.
7. Həmin qərardaddan verilən şikayət Məhkəmənin eyni nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
10. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
11. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmə qətnaməsi haqqında xx.xx.2005-ci il tarixli qərarının 14-cü bəndində qeyd olunmuşdur ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir.
13. Normanın məzmunundan göründüyü kimi, qətnamənin izah olunması üçün məhkəməyə o halda müraciət edilə bilər ki, qətnamə aydın və ya dəqiq olmasın.
14. Hazırkı icra sənədində aydın olmayan bir hal müəyyən olunmamışdır. Hazırda izah verilməsi üçün müraciət olunan qətnamə qanunvericiliyin tələblərinə uyğun olaraq məcburi icraya yönəldilmiş və tam aydın olduğundan qanunamüvafiq qaydada icra olunmalıdır.
15. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, izah verilməsi barədə ərizənin məzmunundan göründüyü kimi, ərizədə izah verilməsi tələb edilən məsələlər məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin qanuniliyinin mübahisələndirilməsinə aid olan məsələ olmaqla məhkəmə qətnaməsi aydın və səlis ifadə edilmişdir, ərizədə borc və ya podrat müqavilələrinin mənası, onların tətbiqinin düzgünlüyü məsələsi məhkəmə qətnaməsinə izah verilməsi üçün əsas deyil.
16. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşaraq hesab edir ki, ərizənin təmin edilməsindən imtinaya dair qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
18. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
19. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
20. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin e-2(001)-234/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, hazırda qüvvədə olan prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutlmamışdır.