Məhkəmə qərarları › İş №2(103)-588/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-588/2021

30.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-588/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi X3 Cavabdeh1 vəkili X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın qəbulu faktının müəyyən edilməsi, evə köçürülmə və evdən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli 2(003)-3368/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ağa oğlu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, daha sonra iddia tələbini dəqiqləşdirərək, mərhum əmisi X2 miras qalmış Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Y.Qasımov küçəsi 21 “A” saylı evin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi, həmin evə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması, onun həmin evə köçürülməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin evdən və yerləşdiyi həyətyanı torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmuşdur. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual huquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı miras əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün hərəkətlər etməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Belə olan halda onların bir müddət miras evdə yaşamaları mirası faktiki olaraq qəbul etmələri kimi dəyərləndirilə bilməz. Buna görə də iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 19 iyun 2019-cu il tarixli 2(103)- 6727/2019 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 06 noyabr 2019-cu il tarixli 2(102)-7117/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 19 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 24 fevral 2020-ci il tarixli 2(103)-1900/2020 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 iyul 2020-ci il tarixli 2(102)- 3859/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 24 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, iş üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli 2(003)- 3368/2018 saylı qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. İş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən dörd otaqlı ev və bir mal tövləsindən ibarət mülk iddiaçının babası İddiaçı Heydər oğluna məxsus olmuşdur. Onun 1944-cü ildə vəfatından sonra birinci növbəli vərəsələr kimi Ağa Əli, Bala Əli və Yaxşıxanım Qəmbərovlar olmuşlar. X8 özünə aid miras əmlakda olan payından digər vərəsə X25 xeyrinə imtina etmişdir. Mübahisəli evin iki otağında iddiaçının atası Ağa Əli ailəsi ilə, digər iki otaqda isə əmisi Bala Əli yaşamışdır. Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsinin 30 iyun 1958-ci il tarixli qətnaməsi ilə miras əmlak iki qardaş arasında bərabər şəkildə bölünməklə, iddiaçının atasına iki otaq və tövlənin yarı hissəsinin verilməsi, digər iki otaqla tövlənin yarı hissəsi və həyətyanı torpaq sahəsinin Bala Əliyə verilməsi, evin mərkəzi tinindən küçə qapısınadək iki hissəyə bölünüb tərəflərin istifadəsinə verilməsi qət edilmişdir. 1991-ci ildə iddiaçının atası Ağa Əli vəfat etdikdən sonra onun birinci növbəli vərəsələri Akif, Nəzakət, Vaqif və İddiaçılar olmuşlar. Mübahisəli evdə vərəsələrdən yalnız Akif Qəmbərov ailəsi ilə yaşamış, sonuncu 2018-ci ilin fevral ayında vəfat etdikdən sonra, cavabdeh Cavabdeh1 ailə üzvləri ilə birlikdə həmin evdə yaşamaqda davam etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbəsi üzrə nümayəndəliyinin 10 aprel 2018-ci il tarixli 51 saylı arayışından görünür ki, ünvan 2 ünvan indiki Y.Qasımov küçəsi 21 saylı ünvan ilə eynidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbəsi üzrə nümayəndəliyinin 09 avqust 2018-ci il tarixli 793 saylı arayışından görünür ki, Cavabdeh1 Bakı şəhəri Şüvəlan qəsəbəsi Y.Qasımov küçəsi 21 saylı ünvanda qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, İddiaçı və X1 Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 28 May küçəsi sahə 1/34-də pasport qeydiyyatındadırlar. İş materiallarında olan fotoşəkildən görünür ki, iddiaçının qeyd etdiyi 21 və 21A saylı evlərin bir darvazası var və evə giriş darvazasının yanındakı divarda evin nömrəsi kimi “21” qeyd olunmuşdur. (i.v.142) İş materiallarında olan “xxxx” ASC-nin 2019-cu ilə dair ödəniş qəbzlərindən görünür ki, ünvan 5 ünvanda yerləşən evin abonenti kimi mərhum X9 qeyd olunmuşdur. (i.v.144- 146) İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 27.09.2018-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Y.Qasımov küçəsi, 21 və 21A saylı (köhnə 356 saylı) ev və torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş materiallarında olan Bakı şəhəri 7 saylı notariat kontorunda təsdiq olunmuş 12 iyun 1990-cı il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X12 ona məxsus olan ünvan 5 ünvanda yerləşən evin sahəsi 28,8 kv.metr olan 2 otağını oğlu Vaqif Qəmbərova vəsiyyət etmişdir. (i.v.147) Məhkəmə iddiaçının miras əmlakın Bala Əli və X21 arasında iki hissəyə bölünməsi və hər bir hissəyə nömrə verilməsi barədə göstərdikləri ilə bağlı qeyd edir ki, məhkəmə qətnaməsi əsasında miras əmlakın iki qardaş arasında bölünməsi qət edilsə də, mülk faktiki olaraq bölünməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş iddiaçının qonşuları X4, X16 və iddiaçının əmisinin gəlini X5 ifadələrində evin faktiki olaraq 21 və 21A saylı hissələrə bölündüyünü, evin 21A saylı hissəsinin Balaəli Həmid oğlu tərəfindən 1973-cü ildə qardaşı oğlu İddiaçı bağışlandığını, İddiaçı arvadı Svetlana Qəmbərovanın 1973-cü ildə həmin evə gəlin gəldiyini göstərmişlər. Birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş 10 sentyabr 2018-ci il və 18 dekabr 2018-ci il tarixli məhkəmə iclaslarında iddiaçının nümayəndəsi qismində iştirak edən iddiaçının arvadı X1 izahatında göstərmişdir ki, qardaşlar yola getmədiklərinə görə hal-hazırda köçmək istədikləri evdən 1982-ci ildə çıxmışlar. (i.v.32, 97) İddiaçı mübahisəli evin 21A saylı hissəsinin 1973-cü ildə əmisi X32 tərəfindən ona bağışlandığını, 18 fevral 2018-ci il tarixədək mübahisəli evdə yaşadığını göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əvvəlki apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş iddiaçının qardaşı X10 ifadəsində göstərmişdir ki, qardaşı İddiaçı 1973-cü ildən həmin evdə 2-3 il yaşamış, 1982-ci ildə qeydiyyatdan çıxmışdır. Qardaşı Akifin arvadı Tamara isə 1984-cü ildən hal-hazırkı dövrə qədər həmin evdə yaşayır. (i.v.155) Məhkəmə belə qənaətə gəlir ki, ünvan 5 ünvanında yerləşən ev vahid əmlak kimi Cavabdeh1 mərhum əri Akif Qəmbərov, onun ölümündən sonra isə Cavabdeh1 tərəfindən idarə edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı miras əmlakı faktiki qəbul edib idarə etdiyini bəyan etsə də, mirası faktiki və ya rəsmi qəbul etmiş olduğuna dair hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının atası X28 vəfat etdiyi dövrdə (yəni onun mirasının açıldığı vaxt) qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552-ci maddəsində, mirası əldə etmək üçün vərəsənin onu qəbul etməli olduğu, vərəsənin, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab edildiyi, bu maddədə göstərilən hərəkətlərin vərəsəlik açılan gündən altı ay müddətində edilməli olduğu təsbit edilmişdir. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının Bakı şəhəri Şüvəlan qəsəbəsi Y.Qasımov küçəsində yerləşən 21 saylı yaşayış evinə münasibətdə atasının vərəsəsi kimi və əmisi X25 miras əmlakda olan hissəsinin ona bağışlanması ilə bağlı hüququnun tanınması üçün iddiaçı yuxarıda qeyd olunan qaydada mirası qəbul etməli idi, hazırkı iş üzrə isə bu hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə 06 noyabr 2019-cu il və 24 iyul 2020-ci il tarixli qərarlarında qeyd olunmuşdur ki, məhkəmə araşdırmaları zamanı Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Y.Qasımov küçəsi 21A saylı evin hüquqi statusu müəyyən edilməməklə onun miras əmlak hesab edilib-edilməməsinə qiymət verilmədən ona münasibətdə tərəflərin vərəsəlik hüququ tanınmışdır. Məhkəmənin sorğusu əsasında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu Şüvəlan qəsəbəsi Y.Qasımov küçəsində yerləşən 21 saylı evə dair 1963-cü ildə tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasportun surətindən görünür ki, pasportda ev sahibi kimi X12 və X26 göstərilmişdir. Pasportda evin əsas tikililərinin tikilmə tarixi kimi 1910-cu il, hamamın tikilmə tarixi 1960-cı il, darvazanın qoyulma tarixi 1920-ci il göstərilmişdir. “Vətəndaşların fərdi yaşayış evləri almaq və tikmək haqqında” SSRİ X29 Heyətinin 26 avqust 1948-ci il tarixli Fərmanını tətbiq etmək qaydası haqqında SSRİ Nazirlər Sovetinin 26 avqust 1948-ci il tarixli, 206 saylı Qərarında göstərilir ki, fərdi yaşayış evləri tikmək üçün torpaq sahələri şəhərlərin, qəsəbələrin, dövlət torpaq fondunun və dövlət meşə fondunun hesabına olaraq müddətsiz istifadəyə ayrılır, bu torpaq sahələrində tikilən evlər isə onları tikdirənlərin şəxsi mülkiyyətidir. Azərbaycan SSRİ Nazirlər Sovetinin 22 aprel 1961-ci il tarixli, 343 saylı qərarı ilə təsdiq edilmiş “Fərdi mənzil tikintisi materilları satmaq qaydası haqqında” Əsasnaməyə əsasən adı çəkilən qərarın qəbul edilməsindən əvvəl səlahiyyətli orqanlar tərəfindən ayrılmış torpaq sahəsində tikilmiş evlər qanunsuz hesab edilə bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Y.Qasımov küçəsi 21 saylı ev vahid əmlak olaraq mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, “Vətəndaşların fərdi yaşayış evləri almaq və tikmək haqqında” SSRİ X29 Heyətinin 26 avqust 1948-ci il tarixli Fərmanını tətbiq etmək qaydası haqqında SSRİ Nazirlər Sovetinin 26 avqust 1948-ci il tarixli, 206 saylı Qərarından əvvəlki dövrdə tikildiyinə görə İddiaçı Heydər oğlunun, onun ölümündən sonra isə mirası qəbul etmiş Ağa Əli və X18 mülkiyyəti sayıla və miras əmlaka aid edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İddiaçı iddia ərizəsinə dəqiqləşdirmədə 1987-ci ildə əmisi X7 vəfat etdikdən sonra əmisinin yaşamış olduğu hissəsinin onun idarəçiliyində olduğunu göstərmişdir. Lakin yuxarıda sadalanan sübutlardan da görünür ki, İddiaçı hələ əmisinin ölümündən xeyli əvvəl həmin evdən köçüb getmiş, mirası nə faktiki, nə də notariat orqanına ərizə verməklə qəbul etməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Y.Qasımov küçəsi 21 saylı evə vahid əmlak kimi texniki pasport verildiyinə görə 21A ünvanı altında ev mövcud olmamışdır. Məhkəmə iddiaçının torpaq sahəsi və əmlaka görə vergi ödəyicisi kimi Şüvəlan Bələdiyyəsində qeydiyyatda olmasına münasibət bildirərək qeyd edir ki, bu hal iddiaçının miras əmlakı faktik qəbul edilməsi üçün əsas deyildir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakı sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsi (bundan sonra Mülki Məcəllə) də bu məsələləri eyni prinsiplə tənzimləyir. Belə ki, Mülki Məcəllənin 1243.1-ci maddəsinin tələbinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246cı maddəsinə uyğun olaraq, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1273-1-ci maddəsinə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, həmin hal vərəsənin susması kimi qiymətləndirilir. Vərəsənin susması isə mülki qanunvericiliyə əsasən mirası qəbul etməkdən imtinaya bərabər tutulur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə istinad edərək hesab edir ki, İddiaçı vərəsə olaraq miras mülkdə yaşamamaqla miras əmlakı qəbul etməmiş və buna cəhd belə göstərməmişdir. İşin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, mirasın qəbulu faktının müəyyən edilməsi, iddiaçının mübahisəli evə köçürülməsi və cavabdehlərin həmin evdən çıxarılmaları barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığına görə apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli 2(003)-3368/2018 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılaraq iddia rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.6, 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli 2(003)- 3368/2018 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın qəbulu faktının müəyyən edilməsi, evə köçürülmə və evdən çıxarılma tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş 5 manat dövlət rüsumu iddiaçıdan alınıb Cavabdeh1 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar