Məhkəmə qərarları › İş №2(103)-5880/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5880/2024

13.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5880/2024 13.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4199/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 108000 ABŞ dolları (ödəniş gününə ABŞ dolların Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) məbləğində pul vəsaitinin, Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq illik 5 faiz hesabı ilə 22950 manat pulun, həmçinin ödənilmiş 497 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdır ki, tərəflər qohumluq münasibətində olmuşlar. Təxminən 2021-ci lin yay aylarında cavabdeh iddiaçıya müraciət edərək ona 125.000 ABŞ dolları məbləğində borc pul vəsaitinin verilməsini xahiş etmişdir. İddiaçı həmin dövrlərdə Böyük Britaniyada olduğundan dostu X4 vasitəsi ilə 125.000 ABŞ dolları məbləğində pul vəsaitini cavabdehə vermişdir. Cavabdeh qısa müddət sonra iddiaçıya sms yazaraq pul vəsaitini aldığını təsdiq etmişdir. Onlar “X9”da yerləşən istirahət mərkəzinin yaxınlığında yanaşı bağ sahələri almışlar. Bundan sonra həmin torpaq sahəsinin bir qismi əvəzləşdirilmiş, cavabdehin sahibliyində və istifadəsində olan torpaq sahəsindən müəyyən bir hissə iddiaçının sahibliyi və istifadəsində olan torpaq sahəsinə qatılmışdır. Bundan sonra iddiaçı və cavabdeh razılaşmışdır ki, cavabdehin iddiaçıya olan qalıq borc məbləği 108.000 ABŞ dolları təşkil edir. İddiaçının bacısı və cavabdeh arasında olan ailə münasibətləri korlandığı ərəfədə 2023-cü ilin mart ayında tərəflər arasında olan e-mail yazışmaları ilə bu tam sübut olunur. Cavabdeh özü də iddiaçıya 108.000 ABŞ dolları məbləğində pul vəsaiti borclu olduğunu qəbul etmişdir. Həmin borcu ödəyəcəyini qəbul etsə də, öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh öz öhdəliyini icra etməmiş və iddiaçı ondan dəfələrlə pulunu qaytarmasını tələb etməyinə baxmayaraq pul vəsaitini qaytarmamış və bununla da iddiaçıya maddi ziyan vurmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunması xahiş edilmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, tərəflər arasında borcun götürülməsi ilə bağlı heç bir müqavilə və razılaşma olmamışdır. Cavabdehin iddiaçı qarşısında heç bir öhdəliyi yoxdur. 2021-ci ildə cavabdeh tərəfindən hər hansı torpaq sahəsi alınmamış və ya kiminsə xeyrinə torpaq sahəsindən imtina etməmiş və ya güzəştə getməmişdir. Cavabdehin iddiaçıdan borca pul istəməsi, iddiaçının ona borca pul verməsi, eləcə də torpaq sahəsinin 17.000 dollara istifadəyə verilməsi kimi iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyildir, tam şəkildə uydurmadır. İddiaçının anası X3 2020-ci ildə “X9”da ümumi sahəsi 220 kvadrat metr olan kottec almış, 2021-ci ilin yanvarından onun təmirinə başlamaq qərarına gəlmişlər. İddiaçı xaricdə yaşadığına və yaxın qohumluq münasibətlərndə olduqlarına, həm də təmir işlərində təcrübəsini nəzərə alaraq, təmirin aparılmasını və nəzarət etməsini cavabdeh ondan xahiş etmişdir. Kottecin təmiri 8 ay davam etmiş və buna rəsmən qeydə alınmış uçota görə 284000 manat vəsait xərcləmişdir. Bütün xərcləri iddiaçı qarşılamış, təmir işləri onun vəsaiti hesabına aparılmışdır. Təmir işlərinin təşkili və nəzarətini cavabdeh həyata keçirdiyindən, həmin vəsaitin çox hissəsinin alınması və xərclərin ödənilməsinə sərf edilməsi də onun tərəfindən aparılmışdır. İddiaçının bacısı cavabdehin keçmiş həyat yoldaşıdır. İddiaçı Azərbaycanda yaşamadığına və burada maliyyə vəsaitinin olmadığına görə, tikinti-təmir işlərinə xərclərin bir hissəsini xarici bank hesablarından, bacısının Azərbaycandakı bank hesablarına köçürmüşdür. Bu vəsaitləri hərdən iddiaçının bacısı özü bankdan çıxarmış, hərdən cavabdeh gedib ofisdən götürmüşdür. İddiaçı pulları cavabdeh üçün deyil, onun anasının adına olan, əslində ona məxsus “Seabreez”də yerləşən kottecin təmiri üçün bacısına göndərmişdir. O, bunu cavabdehin xahişi ilə və ya cavabdeh üçün göndərməmişdir. Cavabdeh tərəfindən torpaq sahəsi isə 2022-ci ilin sentyabr ayında alınmışdır və dəyəri cəmi 20.000 manat təşkil edir. Bu torpaq sahəsindən heç bir hissə iddiaçıya hər-hansı bir borca görə satılmamış və ya bağışlanmamışdır. Elektron poçt və SMS-lərin heç birində cavabdehin iddiaçıdan ona borc verilməsini xahiş etməsi, eləcədə ona borclu olduğunun qəbul etməsi (borcun etirafı) və borcu qaytaracağını öhdəsinə götürməsi kimi qeydlər mövcud deyildir. Həmin yazışmalarda ailə borcu və boşanmadan sonra borcların ərarvada aidliyi barədə qeydlər edilmişdir. Tərəflərin arasında qohumluq münasibətləri yetərincə uzun müddət davam etmişdir və bu müddətlər ərzində bir-birinə hədiyyələr edilmiş, işlərində bir-birinə dəstək olmuşlar. Ən çox da 2020-ci ildə Covid-19 pandemiyası ilə bağlı iddiaçının bacısının təsis etdiyi və qardaşı ilə birgə idarə etdikləri firmaların fəaliyyətində durğunluq yarandığından və yaranmış borcların aradan qaldırılması üçün hər ikisi (yəni həm iddiaçı, həm də cavabdeh) Səbinəyə maliyyə dəstəyi etmişlər. Birgə bizneslərdə iştirakları olmuşdur. Pandemiyanın yaratdığı maliyyə çətinliklərini aradan qaldırmaq ücün iddiaçı 2021-2022-ci illərdə bacısı X2 hesabına külli miqdarda vəsait köçürmüşdür. Məhkəməyə təqdim olunan məktublarda bu maliyyə vəsaitinin məhz 108000 dollar olmasının cavabdeh tərəfindən təsdiq edilməsi xahiş edilir və qeyd edilir ki, bu ümumi ailə borcudur və məhkəmə zamanı aidiyyəti olaraq bölüşdürüləcək. Elektron yazışmaların mətnləri məhkəməyə tam deyil, natamam təqdim edilmişdir və yazışmalarda gedən 108000 dollar ailə borcu olaraq, boşanmada razılaşdırılan sazişdə ona aid öhdəlikdə şərtləndirilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4199/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən (hakim Pərviz Zamanlı) iddia qismən təmin olunmuş, 108000 ABŞ dolları məbləğində pulun (Mərkəzi Bankın ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla), 4050 ABŞ dolları məbləğində illik 5 faiz məbləğində pulun və 497 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdeh qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmaması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini birinci instansiya məhkəməsində təqdim etdiyi iddiaya etirazda göstərilənlərə uyğun əsaslandırmış, həmçinin qətnamənin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, tərəflər arasında olan faktiki münasibətlərə düzgün hüquqi qiymətin verilməməsini, nəticədə məhkəmə tərəfindən yanlış nəticəyə gəlinməsini, tərəflər arasında borc münasibətlərinin yaranmamasını, cavabdehin iddiaçıdan borc istəməməsini, eləcə də iddiaçının cavabadehə 125000 ABŞ dolları borc verməməsini, bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübutun təqdim olunmamasını, iddiaçının təqdim etdiyi sübutlardan isə borc münasibətlərinin mövcudluğunun müəyyən olunmamasını, iddiaçının xaricdə yaşamasını, cavabdehin iddiaçının bacısı ilə ailəli olmasını, hazırda nikahlarının pozulmasını, əvvəllər münasibətlərinin yaxşı olduğu dövrdə iddiaçının anasının özü üçün “X9”da kottec tikdirdirib təmir etdirməsini, iddiaçının xaricdə yaşaması və qohumluq münasibətlərinin olması nəzərə alınaraq, həmin təmir işlərinə cavabdeh tərəfindən nəzarət olunmasını, iddiaçının bu məqsədlə xaricdən müəyyən pullar göndərməsini, lakin iddiaçı ilə cavabdeh arasında pulun borc verilməsi istiqamətində münasibətlərin yaranmamasını, birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin pulun borc verilməsini görmədiklərini, bunu bilavasitə iddiaçının özündən eşitdiklərini bildirmələrini, ifadələrinin ziddiyətli olmasını, şahidlərin iddiaçının yaxın adamlarının olmasını, məhkəmə tərəfindən bu hallara tənqidi yanaşılmamasını və s. göstərmiş, apellyasiya şikayətinin təmin olunaraq qətnamənin lğv olunması və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Apellyasiya baxışında iştirak etmiş cavabdeh və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, cavabdehin iddiaçı tərəflə uzun müddətli qohumluq münasibətləri olmuş, bu səbəbdən birbirinin işlərinin həll olunması üçün qarşılıqlı yardımlaşmalar olmuşdur. Lakin, iddiaçı tərəfindən cavabedhə heç vaxt borc məqsədilə pul verilməmiş, bu barədə aralarında hər hansı razılaşma, danışıqlar olmamışdır. Buna görə də, hazırda ona qarşı qalıdırılan iddia tələbini səbəbini anlamır. İddiaçının məhkəməyə təqdim etdiyi yazışmalarda onun iddiaçıdan hər hansı məbləğdə borc pul istəməsi və ya aldığı borcu qaytaracağına dair hər hansı vəd yoxdur. Həmçinin, email hesablarından yalnız mailto:farhad@parvizi.orgElektron ünvan 1 cavabdehə məxsusdur, digəri yəni, Elektron ünvan 2 email hesabının isə cavabdehə heç bir aidiyyatı yoxdur. Vatsap yazışmalarında borc və onun məbləği ilə bağlı hər hansı qeyd yoxdur. Əgər tərəflər arasında həqiqətən borc münasiğətləri olmuş olsaydı o zaman bu hal yazışmalarda görünərdi. İddia olunan pul vəsaiti kiçik məbləğ olmamaqla, onun şifahi formada verilməsi məntiqli deyildir. Qanunvericliyə görə bu halda mütləq yazılı müqavilə bağlanmalı idi. Lakin, tərəflər arasında nəyinki bu cür müqavilə bağlanmamış, ümumiyyətlə hər hansı yazılı və şübhədən kənar sübut yoxdur. Keçən uzun müddət ərzində iddiaçı borcun mövcudluğu ilə bağlı hər hansı yazışmanı və ya digər sübutu təqdim edə bilməmişdi. Çünki, həqiqətdə borc olmamışdır. Cavabdehin iddiaçının bacısı ilə nikahları pozulan dövrdə qarşılıqlı razılıqla əmlak aktivlərini və passivlərini bölmüşlər. İşdə olan Sazişdən də göründüyü kimi, cavabdeh yüksək məbləğlərdə olan əmlakları həyat yoldaşında saxlamışdır. Yəni, cavabdehin maddi imkanı yaxşı olmuş, iddiaçıdan borc almağına ehtiyacı olmamışdır. Həqiqətdə borc məsələsi olsaydı onu da yazılı qaydada rəsmiləşdirərdilər. Hesab edirlər ki, iddiaçı bacısının cavabdehlə ailə münasibətlərinin pozulmasından istifadə edərək qərəzli olaraq belə bir iddia qaldırmışdır. Bundan başqa, şahid kimi dindirilmiş şəxslərin heç biri tərəflər arasında borc münasibətlərinə bilavasitə şahid olmadığını, yalnız sonradan iddiaçının sözlərindən eşitdiklərini bildirmişdir. Şahidlərdən biri iddiaçının ofisində çalışan işçi, digəri Şahid isə iddiaçının ailəvi dostu olmaqla, münasibətləri çox yaxşıdır. Belə olan halda, birinci instansiya məhkəməsi şahid ifadələrinə tənqidi yanaşmalı və digər sübutlarla birgə onları qiymətləndirməli olduğu halda, bunları etməmişdir. Bundan başqa torpaq sahəsi ilə bağlı tərəflərin münasibətinə gəldikdə, məhkəmə nəzərə almalı idi ki, daşınmaz əmlakla bağlı bütün əqdlər notariat qaydasında rəsmişləşdirilməli idi. Lakin, bu istiqamətdə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bütün bu qeyd olunanlara əsasən, apellyasiya şikayətinin təmin olunması, qətnamənin ləğv olunması və iddianın rədd olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlər və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, tərəflər arasında 125000 ABŞ dolları pulun borc verilməsi ilə bağlı hər hansı müqavilə və ya digər yazılı sənəd tərtib olunmamışdır. Lakin votsapp və email yazışmaları, eləcə də şahid ifadələri ilə təsdiq olunur ki, həqiqətən tərəflər arasında borc münasibətləri yaranmışdır. Düzdür, tərəflər arasında yazışmalarda birbaşa cavabdeh tərəfindən borcun istənilməsi, onun qaytarılacağı və ya borcun etirafını göstərəcək hərəkətlər edilməmiş, lakin yazışmalarda cavabdeh dolayı yolla bunu etiraf edir. Borcla bağlı isə tərəflər arasında danışıqlar əsasən şifahi telefon vasitəsilə aparılmışdır. İşin faktiki və təzkib olunmayan halı odur ki, iddiaçı cavabdehə həmin pul vəsaitini vermişdir. Tərəflərin həqiqətən “X9”da müvafiq sahələri vardır və orada təmir işləri aparılmışdır. Lakin, 125000 ABŞ dolları cavabdehə məhz borc kimi verilmiş, təmir-tiiknti işlərinə aidiyyəti olmamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, apellyasiya şikayəti əsassızdır, odur ki şikayətin təmin edilməməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv ediməli, iddia rədd edilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı tərəflər arasında borc münasibətlərinin olduğuna istinad edərək, məhz həmin borc münasibətləri üzrə cavabdehin ona 108000 ABŞ dolları borcu qaytarılmalı olduğunu iddia etmişdir. İddiaçı tələbinin əsası kimi məhkəməyə yalnız fotsapp və email yazışmalarını, habelə şahid ifadələrini təqdim etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi ilə bağlı müəyyən edilməli olan hallar aşağıdakılardır: 1) iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara (tələb hüququna) malik olub-olmaması, yəni tərəflər arasında iddia olunan pulun borc verilməsi istiqamətində mülki hüquqi münasibətlərin (eləcə də, etibarlı borc müqaviləsinin mövcudluğu, iddia olunan pul vəsaitinin məhz borc kimi cavabdehə verilməsi, borcun qaytarılması müddətinin bitməsi və s.) yaranması; 2) əgər yuxarıda göstərilən hallar mövcuddursa, cavabdehin etirazları da nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması. İşin qeyd edilən ilkin hallarının müəyyən olunmaması sonrakı tələblərin yoxlanılmasını istisna edir. Məhkəmə kollegiyası qeyd edilən halların mövcudluğunu ardıcıllıqla yoxlamağı (araşdırmağı) zəruri hesab edir. Məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi qanunla ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbayjan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləjə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilməlidir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (Mülki Məcəllənin 389, 390 və s. maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də borc (kredit) müqaviləsidir. Tərəflər arasında münasibətlərin yarandığı zaman qüvvədə olan MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 740.1 və 740.2-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçının özünün bildirməsindən (iddia tələbindən) açıq-aşkar görünür ki, cavabdehlə aralarında 125000 ABŞ dollarına dair yazılı müqavilə bağlanmamışdır, eyni zamanda cavabdeh də iddianı etiraf etməyərək iddiaçı ilə ümumiyyətlə borc münasibətlərinin yaranmadığını bildirmişdir. Bununla yanaşı, borc müqaviləsinin qanunla müəyən edilmiş formasına riayət edilməməsi onun predmeti olan pulun tələb olunmasını istisna etmir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.... Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarı). Lakin belə olan halda, iddiaçı ilkin olaraq iddiasının faktiki əsaslarının mövcudluğunu, yəni cavabdehlə həqiqətən aralarında 125000 ABŞ dolları pul vəsaitinin borc verilməsi sahəsində mülki hüquqi münasibətlərin yaranmasını sübut etmək yükünü daşıyır. İddiaçı qeyd edilən halları sübut etdiyi təqdirdə, cavabdehin etirazları da nəzərə alınmaqla tərəflər arasından borc münasibətlərindən irəli gələn hazırki iddia tələbinin əsaslılığına (borc müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun formada bağlanması, borcun qaytarılma müddətinin başa çatması, öhdəliyn tam və ya qismən icra olunması, qalıq borcun məbləği, yaxud müqavilənin formasına riayət edilmədiyi təqdirdə əsassız varlanmadan irəli gələn tələb hüququnun mövcudluğu və s.) qiymət verilə bilər. Əks halda iddia özü-özlüyündə əsassızdır. Qeyd edilməlidir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bunun davamı olaraq hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (istisnanı yalnız MPM-in 82 və 106.3cü maddələrində göstərilən hallar təşkil edir). Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). İşə baxan birinci instansiya məhkəməsi işdə olan sübutlara (yazışmalara), eləcə də şahid ifadələrinə istinad etməklə tərəflər arasında borc münasibətlərinin yaranmasını, yəni iddiaçı tərəfindən həqiqətən cavabdehə 125000 ABŞ dolları borc verilməsini, qalıq borcun 108000 ABŞ dolları olmasını müəyyən etməklə iddianı qeyd edilən hissədə qismən təmin etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri də nəzərə alaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlardan tərəflər arasında 125000 ABŞ dollarının borc verilməsi istiqamətində mülki hüquqi münasibətlərin yaranması görünmür. Məhkəmə kollegiyası işdə olan sübutlara ardıcıllıqla hüquqi qiymət verməyi zəruri hesab edir. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçının təqdim etdiyi votsap yazışmalarının mətnindən tərəflər arasında borc münasibətlərinin yaranması, iddia olunan pul vəsaitinin borc verilməsi və s. bu istiqamətdə hər hansı qeyd müəyyən edilmir. Doğrudur, həmin yazışmalarda hansısa qeyri-müəyyən pul vəsaitindən söhbət açılır, lakin bunun məhz cavabdehə borc olaraq verilməsi müəyyən edilmir. Bununla yanaşı, həmin yazışmada pul vəsaitinin əldə olunmasında sonra Sea Breeze-də işlərin tezləşdirilməsi ilə bağlı qeyd də vardır. Halbuki, cavabdeh də etirazında iddiaçı tərəfindən müvafiq ərazidə tikinti işləri ilə bağlı bəzi pul vəsaitlərinin göndərilməsi hallarının mövcudluğunu bildirmişdir. Ümumiyyətlə, iddiaçının qeyd edilən yazışmaları məhz borcla bağlı sübut kimi təqdim etməsi fonunda, orada bir dəfə də olsun birbaşa və ya dolayı olaraq bu istiqamətdə (pulun borc olaraq istənilməsi və verilməsi, onun miqdarı, qaytarılma müddəti və s.) hər hansı ifadənin işlədilməməsi ağlabatan olmamaqla, sadə məntiqə sığmır. Xüsusilə, keçən uzun müddət ərzində tərəflər arasında borc münasibətlərinin olmasını təsdiq edən digər votsap yazışmalarının da olmaması (iddiaçı tərəf bu istiqamətdə məhkəməyə hər hansı əlavə yazışma təqdim etməmişdir) cavabdehin etirazlarının əhəmiyyətini daha da artırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təqdim etdiyi votsap yazışmaları tərəflər arasında iddia olunan borc münasibətlərinin yaranmasını və mövcudluğunu sübut etmir. İddiaçı sübut kimi həmçinin e-mail yazışmalarını da təqdim etmişdir. Həmin yazışmaların ümumi mətnindən və mahiyyətində, eləcə də tərəflərin bildirməsindən aydın olur ki, Şahid adlı şəxs cavabdehlə onun həyat yoldaşı Səbinə Pərvizinin nikahının pozulması prosesi zamanı onların əmlak bölgüsü məsələsinin qarşılıqlı razılıq yolu ilə həll olunması istiqamətində tərəflərin e-mail ünvanlarına müəyyən təkliflər göndərmiş, eləcə də tərəflərin əks münasibəti yer almışdır. Məsələn, Şahid xx.xx.2023-cü il tarixdə, saat 16:31-də tərəflərin adı göstərilmiş epoçt ünvanlarına aşağıdakı məzmunda məktub göndərmişdir:

1. Borc (125000-5500-X) USD a. Sea Breeze-də daşınmaz əmlakın tiikntisi üçün 125000 ABŞ dolları b. Mənfi 5500 USD (9400 azn) Fərhad tərəfindən təmir zamanı Dima c-a ödənilib. Torpaq sahəsinin yenidən hesablanması üçün minus X USD (məbləğ Emin tərəfindən ölsmələr nəticəsində təsdiqlənməlidir, ilkin hesablama 7000 ABŞ dollarıdır)

2. Yuxarıdakı borc Fərhad və Səbinə Pərvizinin ailəsinə verilmişdir və şərikli ailə borcudur və boşanma prosesi nəticəsində başqa cür razılaşdırılmadıqda, Səbinə ilə Fərhad arasında 50 : 50 nisbətində bölünür. Zəhmət olmasa, nəyisə səhv başa düşmüşəmsə, təsdiq edir və ya düzəldir. Cavabdeh tərəfindən 26 mart 2023-cü il tarixdə saat 20.15-də Şahid və iddiaçının adı göstərilmiş e-poçt ünvanlarına aşağıdakı məzmunda məktub göndərmişdir: “Sağ ol Nurin. Qeyd edim ki, bizim ailə olaraq ortaq borcumuz da anama olan 360.000 azn və banka olan 200.000 azn borcdan ibarətdir. Bütün bu borclar may ayından başlayacaq və tərəflərin (və ya məhkəmənin) qərarından asılı olaraq, borc tərəflər arasında bölünəcək vasitəçilik prosesi ilə həll olunacaq”. Qeyd olunan yazışmalardan görünür ki, cavabdehə göndərilən e-maildə ümumi formada 125.000 dollar borcun mövcudluğu qeyd edilsə də, bunun mahiyyəti açıqlanmır, cavabdeh isə cavab məktubunda ailə borcu kimi (cavabdeh özü ilə keçmiş arvadı Pərvizi Səbinəni nəzərdə tutur) 360.000 manat və 200.000 manatı qeyd etmiş, məhz iddiaçıya 125.000 ABŞ dolları borcunun olması (istər tək, istərsə də ailə borcu kimi) təsdiq etməmiş, bu barədə hər hansı fikir bildirməmişdir. İddiaçı isə sonrakı e-mail yazışmalarında məsələyə aydınlıq gətirməyə cəhd belə etməmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunan xx.xx.2023-cü il tarixli digər email yazışmalarına əsasən cavabdeh iddiaçıya, Şahid və Səbinə Pərviziyə e-poct vasitəsilə göndərdiyi yazısında qeyd edir: “Salam Emin. Hesablaşmalara görə balans 108k USD təşkil edir. Səbinə, zəhmət olmasa ümumi ailə borcunu öz tərəfinizdən təsdiq edin, çünki bu hər ikimizə aiddir və bölünmə predmeti olacaq 360 min azn, 200 min azn, 108 min usd” İddiaçının nümayəndəsi qeyd edilən e-mail yazışmasında cavabdehin 108000 ABŞ dollarını yazmaqla, məhz hazırki iddiada göstərilən borcunu etiraf etməsini bildirmişdir. Cavabdeh isə həmin yazısında söhbətin iddiaçının iddia etdiyi 125000 ABŞ dolları borcdan (və ya onun qalığından) deyil, həyat yoldaşı ilə boşanma prosesində birdə ailə borclarından getdiyini, elə həmin ərəfədə həyat yoldaşı ilə aralarında birgə nikah zamanı əldə olunmuş əmlakların (aktiv və passiv) bölünməsi barədə barışıq sazişinin bağlanmasını və sazişdə müvafiq pul vəsaitlərinin də yer aldığını bildirmişdir. İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli qərardadından görünür ki, cavabdehlə onun həyat yoldaşı Səbinə Pərvizi arasında bağlanmış barışıq sazişi təsdiq olunmuş, tərəflər həqiqətən həmin sazişlə bir çox mübahisəli məsələləri (əmlakların bölünməsi, pul vəsaitlərinin ödənilməsi, uşaqlarla bağlı məsəllər və s.) qarşılıqlı razılıq yolu ilə həll etmişlər. İddiaçının təqdim etdiyi digər e-mail yazışmasında cavabdehin adından xx.xx.2023cü il tarixdə aşağıdakı məzmunda məktub göndərmişdir: “Salam Emin. Boşanma prosesi çərçivəsində razılaşdıq ki, üzərimizə götürdüyümüz borclar ailə borcları kimi deyil, fərdi borclar kimi qəbul edilsin. Çıxardığım borcları mən, Səbinənin çıxardığı borcları Səbinə ödəyəcəyək”. Lakin, cavabdeh qeyd olunan email hesabının ona məxsus olmamasını (cavabdeh mailto:farhad@parvizi.orgElektron ünvan 1 hesabının ona məxsus olduğunu bildirsə də, mailto:pfarhad@gmail.comElektron ünvan 2 hesabının ona aid olmadığını bildirmşdir) bildirmişdir. Həqiqətən e-mail poçt ünvanlarından görünür ki, onlar fərqli olmaqla, sonuncunun əvvəli “p” hərfi ilə başlayır. Lakin, hətta həmin sonuncu yazışmanın məhz cavabdeh tərəfindən göndərildiyi şərti olaraq qəbul edilsə belə, yenə də orada birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi istiqamətində ifadələr yer almış, söhbətin məhz hazırki iş üzrə tərəflər arasında iddia olunan borc münasibətlərindən getməsi (onun həllindən və s.) birmənalı müəyyən edilmir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı votsap yazışmalarında olduğu kimi e-mail yazışmalarında da cavabdehə 125000 ABŞ dolları şəxsi borc verməsini, borcunu tələb etməsini və s. bu kimi halları aydın və anlaşılan formada ifadə etməmişdir. Ümumiyyətlə, e-mail yazışmaları əsasən ər-arvad arasında boşanma prosesi çərçivəsində əmlak bölgüsü ilə bağlı məsələlərin bir hissəsini əhatə etmiş, bunun məntiqi nəticəsi olaraq tərəflər arasında məhkəmədə müvafiq barışıq sazişi bağlanmışdır. Sonuncu e-mail yazışması iddiaçı tərəfindən 12 iyun 2023-cü il tarixdə, saat 12.43də birtərəfli qaydada cavabdehin təsdiq etmədiyi mailto:pfarhad@gmail.comElektron ünvan 2 e-mail ünvanına - 108000 ABŞ dolları pulun ailə borcu, yoxsa şəxsi borc olması ilə bağlı məktub göndərilmiş, həmin məktubda yenə qeyd edilən borcun mahiyyəti aydın göstərilməmiş, hazırki iddia ilə bağlılığı müəyyən olunmamışdır. Lakin, həmin məktuba cavabdeh tərəfindən ona hər hansı təsdiqedici cavabın verilməsi barədə məhkəməyə sübut da təqdim olunmamışdır (yuxarıda da qeyd edildiyi kimi, cavabdeh həmin e-mail ünvanın ona məxsus olmamasını bildirmişdir). Xüsusilə qeyd edilməlidir ki, iddiaçının həmin e-mail ünvanın cavabdehə məxsus olmasını zənn etməsi fonunda, sonradan ona cavab verilməməsinin səbəblərini aydınlaşdırmaması, borcla bağlı məsələyə aydınlıq gətirməyə cəhd göstərməməsi (bu istiqamətdə sübut təqdim olunmamışdır) ağlabatan olmamaqla, sadə məntiqə sığmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təqdim etdiyi e-mail yazışmaları da tərəflər arasında iddia olunan borc münasibətlərinin mövcudluğunu sübut etmir. İddiaçı məhkəməyə sübut kimi həmçinin şahidləri (X4 və Şahid Akif oğlu) təqdim etmiş, lakin şahidlər tərəflər arasında borc münasibətlərinin yaranmasından əvvəldən məlumatlı olmamalarını, bunu sonradan məhz iddiaçıdan eşitmələrini bildirmişlər. Bununla yanaşı, şahid X4 cavabdehə 125000 ABŞ dolları verməsini bildirsə də, cavabdeh bu halı təsdiq etməmiş, həmin şahidin iddiaçının işçisi olmasını, iddiaçının mənafeyi naminə belə ifadə verməsini bildirmişdir. Həqiqətən, işdən görünür ki, həmin şahid ifadəsində məhz iddiaçı ilə birlikdə işləməsini bildirmiş (iddiaçı tərəf bu halı təsdiq etmişdir), ümumi cümlələrdə pulun cavabdehə verilməsini deməklə kifayətlənmişdir (bununla yanaşı, şahid pulun borc olaraq verilməsini deyil, “X9”da bağ evinin inşası üçün verdiyini qeyd etmişdir). Göründüyü kimi, şahidlər iddiaçının yaxınlığı ilə tanınan şəxslər olmaqla yanaşı, heç biri tərəflər arasında borc münasibətlərinin yaranmasının bilavasitə şahidi olmadıqlarını bildirməmişlər. Belə olan halda şahidlərin ifadələri də vəziyyəti dəyişdirməməklə, tərəflər arasında borc münasibətlərinin yaranması istiqamətində mötəbər sübut növü kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla tərəflər arasında konkret borc münasibətlərinin yaranması müəyyən olunmur. Bu səbəbdən də iddia tam əsassızdır. İddiaçı tələbinin faktiki əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Qeyd edilməlidir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçı tərəfin izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında başqa mülki hüquq münasibətlərindən irəli gələn (məsələn, podrat, tapşırıq və s.) tələblər mövcud ola bilər. Lakin, məhkəmə kollegiyası hazırki vəziyyətdə tələbdən kənara çıxmağı mümkün hesab etmir. Bir daha vurğulanmalıdır ki, dispotizivlik prinsipinə uyğun olaraq məhz iddiaçı iddianın predmetini və tələbinin faktiki əsaslarını təqdim və sübut edir. İddianın predmetinin və ya faktiki əsasının məhkəmə tərəfindən dəyişdirilməsinin mümkünlüyü mülki mühakimə icraatının əsas prinsiplərindən olan dispozitivlik və çəkişmə prinsiplərinin pozulmasına səbəb olar. Belə ki, şəxslər bir-biri ilə müxtəlif mülki hüquq münasibətlərinə girərək, ondan rəli gələn hüquq və vəzifələr daşıyır, üzərlərinə öhdəliklər götürürlər. İstər müqavilələrdən, istərsə də qanundan irəli gələn öhdəlikdən yerinə yetirilmədikdə hüquqları pozulmuş şəxslər məhkəmə müdafiəsindən istifadə edərək, müvafiq tələblərini irəli sürürlər. Bu zaman isə iddiaçı tələbinin predmetini və faktiki əsasını dəqiq göstərməli, məhkəmə isə dispotizivlik prinsipinə uyğun olaraq iddiaçının istinad etdiyi faktlardan və əsaslardan çıxış edərək mübahisəni həlli edir. İddianın irəli sürülən faktiki əsasları mövcud deyilsə (hazırki vəziyyətdə tərəflər arasında borc münasibətləri) məhkəmə özünün xidməti vəzifəsinə görə başqa faktiki əsaslardan (məsələn, podrat, tapşırıq, delikt və s.) çıxış edərək iddianı həll edə bilməz. Çünki, iddiaçı cavabdehlə başqa hüquq münasibətlərində olmasından və digər faktiki əsaslardan çıxış etməmişdir. Beləliklə, dispozitivlik prinsipi baxımından, pozulmuş maddi hüququn müdafiəsinin üsulu iddiaçı tərəfindən müəyyən edilir və iddianın predmeti və ya əsası yalnız Mülki Prosessual Məcəllənin 53-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada iddiaçı tərəfindən dəyişdirilə bilər. Bu zaman məhkəmənin diskresiyası istisna edilir. İddianın predmetinin və əsasının yalnız iddiaçı tərəfindən dəyişdirilməsinə dair qayda həm də mülki prosesin digər fundamental prinsipi olan çəkişmə prinsipinin təmin olunmasına yönəlmişdir. Mülki Prosessual Məcəllənin 9.2-ci maddəsinə görə, işdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Beləliklə, iş üzrə cavabdeh müdafiəsini təşkil etmək, etirazlarını bildirmək, əks sübutlarını təqdim etmək, habelə iddia müddətinin tətbiq edilməsini istəmək (burada nəzərə almaq lazımdır ki, ayrı-ayrı tələblərə görə iddia müddəti də fərqlənə bilər) imkanına malik olmaq üçün qarşı tərəfin ona yönəlmiş tələbinin əsası barədə aydın ifadə edilmiş məlumata malik olmalıdır. Məhkəmənin iddianın predmetini və ya əsasını dəyişdirmək imkanının mövcud olması eyni zamanda bərabərlik prinsipinin pozuntusu kimi qiymətləndirilə bilər. Bu halda cavabdeh işə baxılması zamanı nəinki iddia ərizəsində irəli sürülən əsas və dəlillərə qarşı, həmçinin hüquq münasibətlərinin məhkəmə tərəfindən müəyyən edilən fərqli tövsiflərinə qarşı müdafiə olunmaq məcburiyyəti ilə üzləşəcək ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərarı.) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasının hazırki iddia ilə bağlı gəldiyi nəticə, tərəflərin başqa əsaslardan çıxış edərək müvafiq tələb hüquqlarını istisna etmir. İşə baxan birinci instansiya məhkəməsi isə qeyd edilənləri nəzərə almamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. Apellyasiya şikayətinin dəlilləri MPM-in 385.1.1, 385.1.2, 385.1.4cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ji maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə mürajiət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti dəlilləri əsaslı olduğundan şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası iddianın təmin olunmaması nəticəsinə gəldiyindən, iddiaçının dövlət rüsumu kimi ödədiyi və cavabdehdən tələb etdiyi 497 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4199/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4199/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iddia təmin olunmasın. Məhkəmə xərci (iddiaçı tərəfindən ödənilmiş 497 manat dövlət rüsumu) iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar