Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5881/2024 21.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə qarşı ( Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(011)-5455/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı Şəhər Baş Polis İdarəsi X5 idarəsinin İnzibati tənbeh vermə haqqında İQ nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 60 manat miqdarında cərimə edilmişdir. İddiaçı qeyd olunan qərardan məhkəməyə şikayət edərək onun ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2408/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə şikayət təmin edilmiş, Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 23 fevral 2023-cü il tarixli inzibati tənbeh vermə barədə qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Hazırda iddiaçı ona dəymiş olan maddi və mənəvi zərəri tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehin səlahiyyətli vəzifəli şəxsləri tərəfindən ona vurulmuş maddi zərərə görə 1150 manat, mənəvi zərərə görə isə, 600 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə şəxsi istifadəsində olan avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, "3-cü mikrorayon" adlanan ərazidə hərəkətdə olarkən, **-YP-*** dövlət qeydiyyat nişanlı yol-patrul xidmətinə məxsus avtomobilin sürücüsü, yol-patrul xidmətinin əməkdaşı Emin Süleymanov tərəfindən saxlanılaraq, inzibati xəta törətdiyinə görə barəsində inzibati protokol tərtib ediləcəyi bildirdi. Lakin, öz növbəsində, buna etirazını bildirməyinə və inzibati qayda pozuntusu etmədiyini vurğulamağına baxmayaraq, sonuncu onun iştirakı olmadan, həmçinin, inzibati protokola heç bir sübut (video görüntü və s.) əlavə edilmədən, barəsində xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə barədə qərar qəbul edilərək, 60 manat məbləğində cərimə edilmişdir. Sözügedən inzibati tənbeh vermə barədə qərardan narazı olduğu üçün, müvafiq qaydada məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qərarı ilə şikayəti qismən təmin edilərək, işin yenidən baxılması üçün həmin quruma göndərilməsi qərara alınmışdır. Daha sonra, məhkəmə qərarında qeyd olunan nöqsanlar aradan qaldırılmadan və inzibati araşdırmada təkrar onun iştirakı təmin edilmədən, işə baxılmış və 23 fevral 2023-cü il tarixdə inzibati cərimə olunmağı barədə müvafiq qərarı qəbul edilmişdir. Əlavə olaraq, qeyd edir ki, sözügedən zaman kəsiyində ona inspektor tərəfindən müvafiq bildiriş göndərilmiş və bildirişdə inzibati işə 04 mart 2023-cü il tarixdə baxılacaqdır, lakin artıq 23 fevral 2023-cü il tarixdə artıq işə baxılaraq, inzibati tənbeh vermə barədə qərar qəbul edilmişdir. Daha sonra, həmin qərardan məhkəməyə şikayət ərizəsi verilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli qərarı ilə 23 fevral 2023-cü il tarixli inzibati tənbeh vermə barədə qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Hazırda isə Bakı şəhər BPİ-nin DYPİ-nin səlahiyyətli şəxsləri tərəfindən inzibati xəta üzrə işi qanunvericilikdə nəzərdə tutulmuş qaydada tam, obyektiv və hərtərəfli araşdırmadan, qərəzli olaraq, barəsində inzibati tənbeh verilməsinə dair qərar qəbul edildiyindən və sözügedən qərarların məhkəmədə ayrı-ayrı icraatlarda, 2 dəfə mübahisələndirmək məcburiyyətində qaldığından, o cümlədən, cavabdeh tərəfin nümayəndəsinin dəfələrlə məhkəmə iclaslarına gəlmədiyinə bir növ süründürməçiliyə yol verdiyinə görə, ona maddi və mənəvi zərər dəymişdir. Qeyd olunanlarla bağlı zaman zaman öz işindən və qayğılarından uzaq durmaq məcburiyyətində qalmış, həmçinin, sözügedən proseslərdə iştirak etmək üçün nəqliyyat, telefon, poçt və digər zəruri xərclərin sərf edilməsinə məruz qalmışdır. 4 dəfə Yasamal Rayon Məhkəməsinə gedibgəlmək üçün 16 manat, 6 dəfə Bakı şəhəri BPİ-nin DYPİ-yə gedib-gəlmək 30 manat, 72 manat məbləğində cərimə ödəmiş, 8 dəfə Nəsimi Rayon Məhkəməsinə gedib-gəlmək 32 manat, usta kimi fəaliyyət göstərdiyindən, tapşırıq əsasında görüləcək bir işindən kənarda qalmış və həmin işi icra edə bilmədiyinə görə, itirdiyi iş günlərinə (14 günlük) münasibətdə 1100 manat, mənəvi ziyana görə isə 600 manat zərər dəymişdir. Bakı şəhər BPİ-nin DYPİ-nin səlahiyyətli şəxslərinin yuxarıda qeyd olunan qanunsuz və qərəzli əməlləri nəticəsində çox böyük əsəb, stress və sarsıntı keçirmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(011)-5455/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki iş üzrə tələb dövlət orqanı olan Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən iddiaçıya vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsindən ibarətdir. Belə olan təqdirdə iddiaçı, cavabdeh qismində isə tanına bilər. Cavabdeh hazırki tələb üzrə tərəf olması isə istisna təşkil edir. Məhkəmə hesab etmişdir ki, iddiaçı iddiaya cavab verməli olmayan şəxsə qarşı iddia tələbi qaldırmışdır. İddia ərizəsindən göründüyü kimi iddiaya cavab verməli olan şəxs kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi qeyd edilmişdir. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsində də qeyd edildiyi kimi, dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın əvəzi Azərbaycan Resublikası tərəfindən ödənilməlidir. Hazırki işdə isə iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi barədə tələb Azərbaycan Respublikası Maliyyə Nazirliyinə yönəldilməlidir. Məhkəmə iclasında iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif edilsə də, o, bundan imtina etmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələblərinin tam təmin edilməsi barədə müvafiq qətnamə qəbul edilməsin xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın səlahiyyətli nümayəndəsi tərəfindən ona vurulmuş mənəvi ziyanın əvəzi ödənilməli və bu barədə iddia tələbi tam təmin edilməlidir. Bundan başqa məhkəmə hansı hüquqi əsasa, dövlət orqanlarının fiziki şəxsə vurduğu ziyanın əvəzinin Azərbaycan Respublikası adından məhz Maliyyə Nazirliyinin cavab verməli olduğunu əsaslandırmamışdır. Hesab edir ki, həm cavabdeh, həm də Maliyyə Nazirliyi Azərbaycan Respublikasının müvafiq orqanlarıdır və sözügedən maddi və mənəvi ziyanın ödənilməsi məhz ziyan vuran dövlət orqanı tərəfindən ödənilməlidir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər nümayəndələrinin məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etmədiklərindən işə onların nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının: 68-ci maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Mülki Məcəllə: 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin 4-cü hissəsinə əsasən barəsində islah işləri, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. 4-cü maddəsinin 3-cü hissəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ inzibati hüquqpozma haqqında işə xitam verildikdə yaranır. 5-ci maddəsinin 5-ci hissəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə vurulmuş mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 12-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mübahisənin əsasında iddiaçı barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokulun və inzibati tənbehvermə haqqında qərarın Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2408/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edilməsi və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi dayanır və bu hal işin mübahisə edilməyən halını təşkil edir. Hazırda iddiaçı qeyd olunan hala istinad edərək ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb edir və iddia birbaşa olaraq onun barəsində qanunsuz olaraq inzibati xəta haqqında icraat aparan və yekunda bu istiqamətdə qanunsuz qərar qəbul edən Bakı Şəhər Baş Polis İdarəsi X5 idarəsinə qarşı qaldırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, ilk növbədə iddia tələbinin cavabdeh quruma qarşı qaldırılmasının əsaslılığına qiymət verilməsini və bu prosessual əsas təsdiq olunacağı təqdirdə, bundan sonra iddia tələbinə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Qanunvericiliyin yuxarıda göstərilən müddəaları da nəzərə alınaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddiaçının iddia tələbinin əsasını maddi və mənəvi zərərin vurulmasına səbəb kimi onun barəsində qanunsuz olaraq inzibati tənbehvermə haqqında qərarın qəbul edilməsi təşkil edir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyana görə Azərbaycan Respublikası məsuliyyət daşıdığından və “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən dövlət büdcəsinin kassa icrasını təmin edən mərkəzi icra hakimiyyəti orqanı kimi Maliyyə Nazirliyi nəzərdə tutulduğundan, belə kateqoriyadan olan işlər üzrə dövlətin adından cavabdeh kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin belə kateqoriyadan olan işlərdə cavabdeh kimi cəlb olunması həmin dövlət orqanının delikt törədən şəxs kimi qəbul olunması anlamını vermir. Məhz bu səbəbdən də vurulmuş maddi və mənəvi zərərin əvəzinin Maliyyə Nazirliyindən tutulması deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyinin vasitəsi ilə ödənilməli olması qənaətinə gəlinir. Göründüyü kimi, iddia tələbinə cavab verməli qurum Azərbaycan Respublikasının Maliyyə Nazirliyi olduğu halda, iddiaçı hazırki tələbini Bakı Şəhər Baş Polis İdarəsi X5 idarəsinə qarşı irəli sürmüş və ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin həmin qurumdan tutulmasını tələb edir. Sözügedən qurumun iddiaçıya vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi məsələsini həll etmək səlahiyyətinə malik olmaması, hüquqi nəticə etibarı ilə cavabdehin mövcud vəziyyətdə ümumiyyətlə hazırki iddiaya cavab verməli olan qurum olmaması, bunun da öz növbəsində iddia tələbinə mahiyyəti üzrə qiymət verilmədən məhz qeyd edilən əsasla iddianın rədd edilməsini şərtləndirməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə apellyasiya instansiyası məhkəməsi razılaşır. İddiaçının birinci instansiya məhkəməsinin qətnamədə hansı hüquqi əsasa, dövlət orqanlarının fiziki şəxsə vurduğu ziyanın əvəzinin Azərbaycan Respublikası adından məhz Maliyyə Nazirliyinin cavab verməli olduğunu əsaslandırmamasına dair dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. İddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə kollegiyası hesab edir ki, zərərin ödənilmə mənbəyi "dövlət büdcəsinin vəsaiti", zərəri ödəməli olan subyekt isə "Azərbaycan Respublikası" kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, "Azərbaycan Respublikası" dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət və inzibati təqibi dövlətin adından həyata keçirildiyindən bu təqiblərə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(011)- 5455/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə