Məhkəmə qərarları › İş №2(103)-5887/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5887/2021

31.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5887/2021 31.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı "hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-522/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi qismində Vəkil tərəfindən verilmiş şikayətin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı "hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasi Maliyyə Nazirliyindən dövlət büdcəsi hesabına 142532.5 manat maddi zərərin, 150 000 manat mənəvi zərərin əvəzinin, cəmi 292 532,5 manatın tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-522/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 5000 manatın alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamdən İddiaçı nümayəndəsi qismində Vəkil apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını, şikayəti nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, apellyasiya şikayəti İddiaçı nümayəndəsi qismində Vəkil tərəfindən imzalanmış, iş materiallarına iddiaçı tərəfindən ona verilmiş etibarnamə (səh.10) əlavə edilsə də, həmin etibarnamə ilə Vəkil İddiaçı adından verilmiş hüquqlar inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasını nəzərdə tutmuş, etibarnamədə MPM-də nəzərdə tutulmuş qaydada məhkəmə aktından şikayət verilməsi səlahiyyəti verilməmişdir. Başqa sözlə, apellyasiya şikayəti faktiki olaraq İddiaçı səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikasının MPM-nin 74.2-ci maddəsinə əsasən İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-522/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi qismində Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti səlahiyyətli şəxs tərəfindən imzalanmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Ona görə də şikayət qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1-ci maddəsində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayət vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə eyni zamanda cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətini və mülki iş materiallarını nəzərdən keçirib, apellyasiyanın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti MPM-nin tələblərinə uyğun olaraq tərtib edilmiş, apellyasiya şikayəti buna hüququ olan şəxs tərəfindən və qanunda nəzərdə tutulmuş müddətdə verilmişdir. İşə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar vardır. Belə olan halda hesab edilməlidir ki, apellyasiya icraatı cavabdehin apellyasiya şikayətinə münasibətdə mümkün olsa da, iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyri-mümkündür. Apellyasiya iddiaçıya münasibətdə qeyri-mümkün olduğundan işin apellyasiya baxışına təyin edilməsi hazırki mərhələdə mümkün deyil. Buna görə də, iddiaçının apellyasiya şikayətinin qaytarılması üçün iş Nərimanov Rayon Məhkəməsinə göndərilməli, bu qərardadda göstərilən nöqsan iddiaçı tərəfindən aradan qaldırıldıqdan sonra və yaxud nöqsan aradan qaldırılmadığı halda şikayətin qaytarılması barədə qərardad qanuni qüvvəsini aldıqdan sonra iş, cavabdehə aid hissədə apellyasiya şikayətinə əsasən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Odur ki, Kollegiya hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-cimaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-522/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi qismində Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar