Məhkəmə qərarları › İş №2(103)-5888/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5888/2021

14.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5888/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasındakı fikir ayrılığının həll edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» barədə iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, maddi ziyana görə 3460 manat, mənəvi ziyana görə 10000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(003)-1791/2021 saylı qərardadı ilə (hakim Zaur Tağıyev) mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(010)- 2918/2021 saylı qərardadı ilə (hakim Səlimə Miriyeva) qeyd edilən işin məhkəmələr arasında məhkəmə aidiyyətinə görə fikir ayrılığı olduğundan hansı məhkəmədə baxılmalı olmasının müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı teleqramla müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlərə qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi məsələsinə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 45.4-cü maddəsinə əsasən aidiyyət məsələsi ilə bağlı məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Oxşar normalar həmçinin, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddələrində də nəzərdə tutulmuşlar. Qeyd olunan normaların mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. Məhkəmə kollegiyası aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bakı şəhər Xəzər Rayon Məhkəməsi mülki işin ərazi aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qənaətinə gələrkən cavabdehlərdən Cavabdeh2 cəza çəkdiyi müəssisənin yerinin Sabunçu rayonunun inzibati ərazisində yerləşməsi kimi əsaslandırmışdır. Halbuki, cavabdehin faktiki çəzaçəkmə müəssisəsində cəza çəkməsi hazırki iddiaya məhz həmin yerin məhkəməsi tərəfindən baxılmalı olması anlarına gələ bilməz. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Həmçinin qeyd edilməlidir ki, işdə olan sənədlərə əsasən cavabdehlər müvafiq olaraq Masallı və Bakı şəhərinin Binəqədi rayonunda qeydiyyatdadırlar. MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 36.2-ci maddəsinə görə isə rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi mülki işin ərazi aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsinə göndərməkdə haqlı olmamış, prosessual hüquq normalarının tələbləri pozulmuş, ərazi aidiyyəti məsələsinə düzgün qiymət verməmişdir. Bu səbəbdən də, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(003)-1791/2021 saylı qərardadı ləğv olunmalı, mülki iş ərazi aidiyyətinin düzgün müəyyənləşdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, məhkəmə MPM-in 36.2-ci maddəsinə əsasən (iddiaçının seçiminə əsasən) ərazi aidiyyəti məsələsini qiymət verə bilər. Şərh olunanlara əsasən və MPM-in 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərardadı ləğv edilsin, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Xəzər Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar